evlilik

Evlənmək istəyənlərin nəzərinə: QAYDA bu gündən qüvvədədir

Baxış sayı: 1. 430

Bu gündən Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər məcburi tibbi müayinədən keçməlidirlər.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, nikaha daxil olmaq istəyən şəxslər hemoqlobinopatiyalar (böyük betatalassemiya, aralıq betatalassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya), İİV-QİÇS, sifilis xəstəlikləri üzrə tibbi müayinədən keçəcəklər. Ailə qurmağa hazırlaşan hər kəs həmin siyahıdakı xəstəliklər üzrə klinik və laborator müayinələrdən keçəcək.

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi Azərbaycanın regionlarında Mərkəzi Rayon xəstəxanaları və ya Şəhər xəstəxanalarının, Şəhər Səhiyyə şöbələrinin əvvəlcədən müəyyən edilmiş tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayonda təyin olunmuş poliklinikalar, Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi tərəfindən həyata keçiriləcək.

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Ona görə də tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir və onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər verilir.

Qaydalara əsasən, nikaha daxil olmaq istəyən tərəf tibbi müayinənin nəticəsi barədə digər tərəfi məlumatlandırır və yalnız yazılı razılıqlarına əsasən cütlüyə birlikdə həkim məsləhəti verilə bilər. Tibbi müayinənin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada təqdim edilməklə rəsmiləşdirilir.

Tibbi müayinənin keçirilməsinə, habelə məsləhətlərin verilməsinə və qeydiyyatın aparılmasına nəzarət tibb müəssisəsinin bilavasitə rəhbəri tərəfindən həyata keçirilməlidir.

Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Nikaha daxil olmaq istəyən şəxslərə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə təqdim edilməsi üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Arayışda müayinənin nəticələri əks olunmur.

Arayış tibb müəssisəsinin rəhbəri və tibbi müayinənin aparılmasına məsul həkim tərəfindən imzalanır və müəssisənin möhürü ilə təsdiq edilir. Tibbi arayış nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonra iki həftədən gec olmayaraq verilməlidir və veriləcək tibbi arayışın etibarlılıq müddəti bir aydır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir