12246995_10153727072402445_3285975806987537654_n (1)

Həkim səhvi – Ginekoloq Rəşad Sultan yazır

Baxış sayı: 381

Xəstələnəndə bir qorxu hakim olur hamımıza. Xəstəliyin irəliləmə qorxusu, şikəst və ya həmişəlik xəstə qalma qorxusu və son olaraq, ölüm qorxusu. Bu qorxuyla həkimə müraciət edirik. Ümid edirik ki, həkimin verdiyi dərman və ya edəcəyi əməliyyatla sağalacağıq. Həkim müayinə edir, diaqnoz qoyur, dərman təyin edir və ya əməliyyat edir. Hamımız bilirik ki, bu edilənlər kifayət etməyə bilər, bir gün bir vaxt gələcək, kifayət etməyəcək və bu xəstəliklərin birindən öləcəyik.

Həkimin müayinəsi, diaqnozu və müalicəsi tamamilə düzgün və yerli yerində olsa belə, yenə də həkimin, tibbin bütün xəstəlikləri yenib insanı ölümsüzləşdirəcəyinə biz də inanmırıq. Yəni düzgün müayinə və müalicə nəticənin istədiyimiz kimi olacağına zəmanət vermir. Hər xəstəliyin proqnozu anlayışı və hər müalicənin effektivliyi anlayışı vardır. Təəssüf ki, xəstəni bu maraqlandırmır. Xəstə və yaxınları ancaq nəticəyə baxır və sağalmayanda mütləq həkimin müayinə və müalicəsində səhv olduğunu düşünürlər. Bu, məsələnin birinci hissəsidir hələ. Yəni həkim hər şeyi düzgün edən hallardan danışdıq.

İkinci məsələ odur ki, həkim müayinə və müalicə də səhv də edə bilər. Çünki müəyyən şikayətlərlə müraciət edən xəstənin müayinə və müalicə taktikasında çoxsaylı yollar vardır və bu taktikanı seçərkən o qədər qarışıq alqoritmlər həkimi gözləyir ki, 6 il oxumuş, 5 il ixtisas keçmiş, illərlə iş təcrübəsi olan həkimin də xəta ehtimalı artır. Nəzərə alsaq ki, həkim də bir insandır və insana səhv etmək xasdır, bu halların olmağına, yəni həkim səhvlərinə təəcüblənmək lazım deyil. Sadəcə olaraq, bu səhvlərin ehtimalını azaltmaq üçün cəmiyyət olaraq nə edə bilərik, ondan danışmaq lazımdır. Edə biləcəklərimiz isə, inanın ki, bir-iki həkimi asıb-kəsmək qədər asan deyil. Edəcəklərimiz tibb təhsilindən səhiyyə islahatlarına qədər çox geniş yelpazəni əhatə edir.

Hə, bir də var həkim səhlənkarlığı. Həkim səhvi ilə həkim səhlənkarlığı anlayışını kiçik bir misalda izah edim: xəstədə qanaxma var, həkimi çağırdılar, həkim gəlmədi. Bu, səhlənkarlıqdır.

Həkim gəldi, yanlış taktika seçdi, ona görə qanaxma dayanmadı, bu isə həkim səhvidir.

Bu ikisi hüquqda çox önəm daşıyır və həkimə verilən cəzanı müəyyən edir.

Ümumiyyətlə, hər hansı bir neqativ hadisə kütləvi hal alanda bunda fərdləri günahlandırmaq cəmiyyətə heç nə verməz.

İctimai qınaq daha qlobal xarakterdə olmalı, hadisələrin kökünə yönəlməlidir.

Həkimin günahı varsa, o əlbəttə ki, müvafiq cəzasını alacaq. Bu işlə hüquq və məhkəmə orqanları məşğul olur, hətta araşdırmanın gedişində ekspertlərin rəyinə müraciət edirlər.

Nə hüquqdan, nə də müvafiq ixtisasdan xəbəri olmayan insanların hər tibbi ağırlaşma zamanı həkimə az qala təhqiramiz ifadələr işlətməsi yıxılana balta çalmağa oxşayır.

Unutmayaq ki, heç bir sənətkar əlindən pis əsər çıxmağını istəməz və inanın ki, o həkim hamıdan artıq üzülür ağırlaşmalara…

Həkim-ginekoloq

Rəşad Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir