cinayet

Məktəbə oxumağa yox, öldürməyə gedən uşaqlar

Baxış sayı: 476

Yanvarın 23-də Gəncə şəhər 8 saylı orta məktəbdə bir məktəbli digər məktəblini qətlə yetirdi. Beynəlxalq Təhsil Hünündən 1 gün öncə… Nəşi Təhsil Günü torpağa veriləcək məktəblinin 16 yaşı vardı. Hər ikisi 2007-ci il təvəllüdlü olan uşaqlar arasında mübahisə birinin ölümü ilə nəticələndi. Şəhər sakini, 2007-ci il təvəllüdlü R. Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi, qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanovun saxlanılması ölkə gündəmini zəbt elədi. Təsəvvür edirsiniz? Hər ikisi məktəbli, hər ikisi yetkinlik yaşına çatmayan uşaq. Biri ölən, biri öldürən…

Bir müddət əvvəl sosial şəbəkələrdə bir video çıxmışdı qarşıma. TV proqramların birinə çıxan bir valideyn məktəblə bağlı ciddi ittihamlar irəli sürdü. Valideynin dediyinə görə, onun qızının tərbiyəsi məktəbdə pozulur. Əksəriyyət bunu inkar etsə də, o qadının dediklərində həqiqət vardı. Məktəblər artıq təlim-tərbiyə verməkdə acizdir. Təhsil verməyin ödəsindən gələ bilməyən təhsil ocaqları tərbiyə məsələsində nə qədər bacarıqlı ola bilər ki?

Böyük təəssüf hissi ilə etiraf edək, məktəblərdə kriminal vəziyyət hökm sürür. Şagirdlər məktəbə təsbehlə, bıçaqla gəlir. “Kəpənək” deyilən bıçaq növü ilə qısnama, hədələmə hərəkətləri etməyə meyilli olan nəsil yetişib. Onlar bıçaqla lovğalıq edirlər, qısnama zamanı hədə-qorxu gəlmək üçün istifadə edirlər. Məktəblilərin üzərindən dəfələrlə beşbarmaq deyilən təhlükəli alət aşkarlanıb.

 

Uşaqlar aqressiya saçır

Uşaqlar saytlardan zorakılıq təbliğ edən oyunların simvolu olan silahlar sifariş edirlər. Daha sonra sifariş edilən silahları məktəbə gətirib sinif yoldaşlarına paylayırlar. Məktəblər və məktəb rəhbərliyi zorakılıq nümayiş etdirən uşaqları asanlıqla müəyyən edə bilir. Bunun üçün sinif rəhbəri, məktəb psixoloqu, məktəblinin dostu var. Xüsusilə də məktəbdə çalışan psixoloqlara çox mühüm vəzifə düşür. Belə uşaqların nəzarətdə saxlanılması, onların ailələrinin məlumatlandırılması, kəsici və deşici, zərərverici alətlərin məktəbə daxil olması ilə bağlı ciddi tədbir görülməsi zəruridir. Hər nə qədər müvafiq nazirlik bununla bağlı tədbir görüldüyünü desə də, baş verən hadisələr sübut edir ki, əslində, vəziyyət təhlükəli həddi çoxdan ötüb.

 

Uşaqları məktəbdən qorumalı olduq

Qızların məktəbdə zorakılığa, təcavüzə məruz qalması məsələsi zaman-zaman media gündəminə çıxır. Bəzən mediadan kənar qalan hadisələr də olur ki, uşaqların təhlükəsizliyi səbəbindən gizli saxlanır. Qızlara qarşı cinsi qısnama edən məktəbli oğlanlar əksər hallarda yaşlarının az olması səbəbindən cəzasız qalırlar. Ən yaxşı halda valideynlər məktəbə çağırılıb xəbərdarlıq edilir, ən pis halda məktəbdən xaric edilərək başqa məktəbə göndərilir. Beləcə ayaqlı bəla məktəb-məktəb dolaşır.

Məktəbli qızların intihar etməsi, bullinqə məruz qalması məsələsi də həmişə aktual olan məsələdir. Məktəblilərin votsap qruplarında hansısa qızın bədən əzasını müzakirəyə çıxaran oğlanlar bu intihara rəvac verirlər. Uşaq ağlı ilə məktəbli sevgilisinə çılpaq fotosunu atan qızların bullinqi elə bu addımdan sonra başlayır. Məktəbdə bütün şagirdlərin smartfonunda həmin fotolar olur, qruplarda paylaşılır, bir neçə dəqiqə ərzində bütün sosial şəbəkələrdə yayılır.

 

Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür

Yeri gəlmişkən, hər il 24 Yanvar Beynəlxalq Təhsil Günü kimi BMT-nin 73-cü Baş Assambleyasının 25-ci maddəsinə uyğun olaraq qeyd edilir. Təhsil hüququ insanın təməl hüquqlarından biridir. İnsan hüquqları, ictimai maraq və ictimai məsuliyyət deməkdir, həmçinin hamı üçün əlçatan olmalıdır.

Beynəlxalq Təhsil Günü, fundamental təhsil hüququnu həyata keçirmək və davamlı, inklüziv və dinc gələcək qurmaq məqsədi ilə elan olunub. Bu beynəlxalq gün diqqəti təhsilin cəmiyyətdəki roluna və əhəmiyyətinə yönəldir, hökumətləri daha parlaq və intellektli gələcək üçün inkişafa səsləyir.

Təhsil əsas hüquq və sosial məsuliyyətdir. YUNESKO-nun məlumatlarına görə, dünyada 262 milyon uşaq hələ də məktəbə getmir, 617 milyon uşaq və böyük savadsızdır, 4 milyon qaçqın isə məktəb hüquqlarından məhrumdur. Bu insanlar təhsil almaq hüququndan məhrum edilib və bu vəziyyət qəbuledilməzdir. UNESKO bütün hökumət və təşkilatlardan keyfiyyətli təhsil vermək üçün səfərbər olmağı tələb edir.

 

Nə təhsil verir, nə tərbiyə…

Uşaq tərbiyəsi və uşaq təhsili bir-biri ilə əlaqəli olan anlayışlardır. Uşaq tərbiyəsi gözəl əxlaq, nümunəvi insan və müsbət insani dəyərlərə aparan prosesdir. Müəyyən bir fənn üzrə bilik, bacarıq və təcrübə əldə etmək isə təhsil anlayışına daxildir. Təhsilin tətbiqi mexanizmi yaxşı ola bilər, amma məzmun qaneedici olmaz. Bu gün təbliğ edilən, qabaqcıl metodlara əsaslandığı iddia edilən təhsil proqramları tərbiyə məsələsini vacib saymır. Qısacası, daha məktəb tərbiyə vermir. Əslində, məktəblər indi heç təhsil də vermir, repetitorluq xidməti olmasa ali məktəblərə qəbul statistikası biabırçı rəqəmlərlə əks olunardı.

Təəssüf ki, hazırda bizim təhsil sistemimiz hər şeydən bir az öyrətmə sistemi üzərində qurulub. Hər tədris ilində bir pilot layihə peyda olur, uşaqlar gah bir sistem üzrə təhsil alır, gah da başqa bir sistem. Daha kobud dillə desək, məktəblər uşaqları savadsız edir. Çünki müəllimlər məktəbdə dərs izah etmək əziyyətinə qatlaşmırlar, enerjilərini repetitorluq üçün saxlayırlar.

Məktəblilər innovativ, rəqəmsallaşmış bir gələcəyə hazır olmalıdırlar, mövcud təhsil sisteminin ən birinci vəzifəsi bu olmalıdır. Bugünkü təhsil sistemi onlara innovativ bir gələcək vəd edirmi? Birmənalı olaraq yox. Onların potensialını üzə çıxaracaq təhsil sistemi yaradılmalı və tətbiq edilməlidir. İnkişaf etmiş ölkələrdə qəbul edilməyən təhsil proqramları ilə şagirdlər üzərində dəlləklik edən təhsil sistemimiz bunu onlara borcludur. Effektiv öyrənmə və imkanları özündə ehtiva edən dinamik özül yaradılmalıdır. Fərqlilik yaratmaq adı ilə naməlum təhsil proqramlarını tətbiq edib uşaqların beynini qarışdırmaq yerinə effektiv üsullar tapılmalıdır.

Elm və texnologiya üzərində hökmranlıq etməyi, yeniliklərdən şüurlu şəkildə istifadə etməyi bacaran, yeni kəşflər edən və eyni zamanda milli kimliyini unutmayan, bütün ixtiraları ilə vətəninə, xalqına xidmət etmək istəyən gənclik yetişdirmək bir ölkənin, bir dövlətin gələcəyə ən böyük yatırımıdır. Amma ölkəmizdəki təhsil sistemində olan çatışmazlıqlar həll edilmədikcə, uşaqlarımız məktəbdə deyil, repetitorlar köməyi ilə ali məktəbə daxil olma statistikasını yüksəldəcəksə o yatırımdan söhbət gedə bilməz.

 

Statistikanı oxuyan utanır

Ötən il açıqlanan statistikada bildrilirdi ki, 2022-ci ilin nəticələrinə görə, 9-c u sinif şagirdləri arasında 21 nəfər, 11-ci sinif şagirdləri arasında 2 nəfər oxuyub-yazmağı bacarmayıb. “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilirdi ki, 9-cu və 11-ci sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub.

Ekspertlər hesab edir ki, ötən illərlə müqayisədə “2” qiyməti alan şagirdlərin sayının artmasına səbəb olan əsas amil pandemiyadır. İki il onlayn təhsil sistemi ilə öyrənən uşaqlar əslində bildiklərini də unutdular. Onlayn təhsil şagirdlərin bilik və bacarıqlarına əksər hallarda mənfi təsir göstərdi. Hazırda orta məktəblərimizdə təxminən 1.6 milyon şagird təhsil alır.

Təhsil millətin gələcəyidir, amma gələcəyimiz olan uşaqlar təhsil dilemması qarşısında aciz qalıblar. İllərlə sərasər qəbul imtahanına hazırlaşan, imtahana girən abituriyentlərin uzun və gərgin hazırlaşma prosesinə görə psixoloji vəziyyəti qaydasında olmur. İllərlə, aylarla hazırlıq prosesi, repetitor köməyi nəticədə bir işə yaramır, uşaqlar qəbul imtahanlarında az bal toplayır.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir