RUHIYYE RUSTEMOVA

Məktəblilərin qorxusu: Bullinq – “QƏBUL OTAĞI”

Baxış sayı: 2. 091

Bullinq nədir? İngilis dilindən tərcümədə “bullying” sözü qorxutma və zəhərləmə mənasını verir. Bu, azyaşlı və yeniyetmə yaşlı kollektivdə kollektivin bəzi üzvlərinin digər üzvlərə qarşı aqressiv davranış və yanaşması nəticəsində yaranmış işgəncənin bir növüdür. Böyük yaşlı kollektivlərdə isə zəhərləyici ünsiyyət, boykot, xəbərçilik, psixoloji işgəncə “mobbinq” adlanır. Bullinqin növləri müxtəlif ortamlara görə fərqli olur. Məsələn, fiziki bullinq itələmələr, təpiklə vurmalar, verbal bullinq hədə qorxu, təhqirlər, lağa qoymaq, alçaltmaq, sosial-psixoloji bullinq isə sosial izolyasiyaya istiqamətlənir və dediqodular, iqnorlar, boykotlar, manipulyasiyalar şəklində olur. Kiber bullinq isə internet bullinqidir sosial şəbəkə, elektron poçtlar vasitəsilə yanlış dediqodular, informasiyalar, neqativ şərhlər vasitəsilə həyata keçirilir. Bullinqin bu növünü dayandırmaq daha çətindir, nəticədə ocağın haradan olmasını tapmaq bəzən mümkün olmur.

ruhiyye 1

Məktəb bullinqi bu gün bütün valideynləri narahat edən mövzudur. Bəs bu gün müasir bullinqin fərqliliyi nədir? Məktəblərdə bullinqin yaranma səbəbi ailəyə, ortama və məktəbə əsaslana bilər. Uşaqlar nümunələri valideynlərindən götürürlər. Sonsuz seyr edilən işgəncənin nümayiş edildiyi filmlər, yaşadıqları yerdə məhəllə etikası, zəiflərə və xəstələrə qarşı hörmətsiz münasibət bullinqi yaradan səbəblərdəndir. Eyni zamanda uşaqların oynadıqları komputer oyunları, oyunlarda verilən “tut və öldür” əmrləri şüuraltında toplanan ən ciddi psixoloji travmalardandır. Məktəblərdə isə kollettiv aqressiyanın məktəb kollektivi tərəfindən qarşısın alınmaması bullinqin yaranması səbəblərindən biridir.  İlk növbədə sosial şəbəkələrdə oturan uşaqlar istənilən mənfi və neqativ məlumatları ala bilir, məktəbli qruplarında aqressiv ünsiyyətlər, yaşa uyğun olmayan videolar, şəkillər paylaşıb təhqir edici şərhlər yazırlar və qarşılıqlı aqressiyaya başlanğıclardan biri buradan qoyulur. Bullinqi hazırda aqressiv psixoloji-fizioloji zəhərlənmə və uşaq qəddarlığı kimi analiz edirlər. Məktəbdə bulliqin iştirakçıları aqressor, zərər çəkənlər və seyr edənlərdir. Bullinq hər zaman bir nəfərin cəmiyyətə aqressiyasının başlaması ilə digərlərinin o şəxsə qoşulması ilə başlayır, bu zaman  işgəncə görən müqavimət göstərmirsə və müəllimə bunu qarşısını almağa cəhd etmirsə zərər çəkən uşağı müdafiə edən olmursa, bullinq daha da qorxulu forma alır. İşgəncə görən məktəbli ilkin yanaşmada tənhalıq, acı, ağrı hiss etdiyi halda susarsa, hədə qorxular nəticəsində böyüklərə etirazlarını bildirməzsə, “böyüklərə desəm, daha çox işgəncə görərəm” deyə düşünərsə, hətta sonu intihara apara biləcək psixoloji travma almış ola bilər. Bu zaman zərər çəkmiş uşağın emosional psixoloji vəziyyətdə qorxular,çarəsizlik, günahkarlıq hissi, utancaqlıq, özgüvən azlığı müşahidə edilir. Bir toplum məktəbli aqressiyası qrup şəklində hətta güclü uşağa belə bullinq təzyiqi göstərə bilər. Bu müəllimin sevimlisi, yaxşı oxuyan, iti yaddaşlı, özgüvənli məktəbli də ola bilər. Bullinqin subyekti onu həyata keçirənlər “buller” adlanırlar. Onlarda daxili nifrət, sevgi azlığı, aqressiya və ya  özgüvən çoxluğu, liderlik arzusu, fiziki gücünə inam, ailədən aldıqları travmalar nəticəsində yarana bilər.

ruhiyye 2

Kimdir bullerlər? Bəzən valideynlərindən kifayət qədər sevgi görməyənlər, ailədaxili münaqişələrin şahidi olanlar, valideyn tərəfindən məişət işgəncəsinə məruz qalanlar, cəmiyyətdə özlərini sübut etmək istəyənlər və özlərinə diqqət cəlb etmək istəyən narsist xarakterli insanlardır. Bullerlər subyekt olaraq kimi seçirlər? Fiziki qüsuru olanları, eynək taxan, zəif eşitmə qabiliyyəti olan, digər yaşıdlarından fiziki cəhətdən zəif olan, davranışların fərqlilik olanlar-özünə qapalı, həssas, utancaq, ağlağan, özgüvən azlığı olanlar, xarici görünüşündə fərqlilik olanlar, fərqli baş quruluşu olan, yerişi və bədən quruluşu ilə fərqli olanları hədəf kimi seçirlər. Psixoloji məktəb bullinqinə psixoloji işgəncə, sözlə psixoloji təhqir, hədə qorxu, izləmə və məqsədə yönlü emosional özgüvən azlığı yaratmaqdan ibarətdir. Verbal bullinqdə uşaqlar biri-birlərinə utancverici adlar qoyur, ələ salırlar, aqressiv səs tonu və bədən dili ilə hədə-qorxu gələrək bullinqə məruz qalmışa göstəriş verirlər, eyni zamanda bu uşaqlar kollektivdən kənarlaşdırırlar, tənha fərd rejiminə keçirlər. Səsini çıxartmayan, qorxan uşağın buller tərəfindən pulu, yeməyi, şəxsi əşyaları əlindən alınır, bəzən isə oğurluğa belə təşviq edilir. Bəzən məktəblilər arasında işgəncə görəni müdafiə edən də tapılır, bəzən isə onlar kütləyə də qoşulub bullinq göstərirlər. Səbəb sürü psixologiyasıdır, “hamı gedir, mən də gedirəm”, “hamı vurur, mən də vururam”, “heç kim danışmır, mən niyə danışım” və bu bəzən liderin sevimli dostuna çevrilmə hissinə, cəmiyyətdən kənarda qalmamağa görə, özünün də birdən işgəncəyə məruz qalma qorxusuna görə, birtərəfli mövqe alır.

Valideyn o zaman narahat olmalıdır ki, uşaq artıq məktəbə getmək istəmir, məktəbdən geriyə susqun, özünə qapanmış gəlir, az ünsiyyətdə olur, məktəb həyatı haqqında az danışır, məktəb dərslərini öyrənmək üçün kimə zəng edə biləcəyini bilmir və ya tamamilə zəngdən imtina edir. Heç bir gəzintiyə, tədbirlərə dəvət olunmur və o heç kimi evinə qonaq çağırmaq istəmir.

ruhiyye 3

Bullinqi aşkarlayıb mübarizə aparmaq üçün fərqli davranışı olan uşaqları gördükdə mütləq psixoloqlar müraciət etmək lazımdır. Bullinqə uğrayan uşaqlara müraciətim budur ki, əgər sizi məktəbdə incidirlərsə, əşyalarınızı qırırlarsa, sizi vururlarsa, istəmədiyiniz davranışlara məcbur edirlərsə mütləq valideynlərinəz, ailənizə və müəllimlərinizə müraciət edin. Kömək istəmək zəiflik deyil, yadınızda saxlayın ki, sizə işgəncə verəni durdurmaq lazımdır. Daha pis olacağından qorxmayın. Ən qorxulusu probleminizlə təkbətək qalmağınızdır. Bunu yadda saxlayın, buller özü güclü deyil, cəmiyyətdə imdad axtaran insandır!

 

Ruhiyyə Rüstəmova

Mayomed klinikasının əməkdaşı, ailə və uşaq psixoloqu, AMAC ana və uşaq psixoloji dəstək birliyinin rəhbəri

 




1 şərh “Məktəblilərin qorxusu: Bullinq – “QƏBUL OTAĞI”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir