97e618fa2e6b632e27658d83b5f34128

Məntiq, oyun və şou… – HƏKİM RƏŞAD SULTAN YAZIR

Baxış sayı: 6. 249

Keçən dəfə xoşbəxtlik və həyat tərzindən yazdıq. Xoşbəxt olmaq üçün sağlamlığı mütləq şərt kimi qeyd etdik. Məntiqlisi də budur. Amma xoşbəxtlik təkcə məntiqlə olmur, dedik.

İnsan psixologiyası çox rəngarəng və dəyişkəndir. İnsan ona, canına, sağlamlığına faydalı olan, işinə, həyatına, karyerasına lazım olan şeyləri yaxşı bilsə də, təkcə onları əldə etməklə xoşbəxt olmur. Gün ərzində və həyatı boyu bu cür məntiqli davranışlardan başqa, bir də ona müsbət emosiya bəxş edən başqa hadisələrin də dalınca qaçır. Bunların ümumi adını oyun qoya bilərik yəqin ki. Hələ uşaq vaxtından, hələ həyatın qayğılarını düşünməzkən, məntiqə və məqsədə uyğun davranışlardan uzaqkən biz müsbət emosiyanı ancaq oyunlarda axtarırdıq.

Amma böyüklərin də öz oyunları var. Ya da belə deyək, cismən böyüsək də, ruhən həmişə uşaq qalırıq. Deməli, insanın həmişə oyunlara ehtiyacı var. Bu oyunlar isə həmişə zərərsiz olmur. Daha doğrusu, insanın oyunlara, şoulara  olan ehtiyacı başqa insanlar tərəfindən çox rahat istifadə edilə bilir. Ətrafımıza boylansaq, dörd tərəfdən oyun və şoularla əhatələndiyimizi görərik. Əlbəttə, faydalı oyunlar da var. İnsanı maarifləndirən, bəşəriyyəti tərəqqiyə aparan sənət və ədəbiyyat da insan təxəyyülünün məhsuldur. Kitablar, filmlər, teatr və tamaşalar. Amma bir də insanı kütlə halına salıb idarə olunmasını, sürü kimi istiqamətləndirilməsini asanlaşdıran oyunlar var – siyasi, dini, irqçi, milliyətçi, ideoloji oyunlar.

Söhbət hansısa siyasi görüşün, dini inancın, milli ideologiyanın düz və ya səhv olduğundan getmir. Söhbət ondan gedir ki, bu fərqli baxış və ideologiyalar tarix boyu həmişə fürsətçilər tərəfindən istifadə olunub və bu oyunlarda milyonlarla insanın həyatı bahasına oyunbazlar maddi gəlir və hakimiyyət əldə ediblər. Tarix boyu xalqın gözünü açıb, oyunbazların oyunlarını ifşa edən elm və sənət adamları oyunbazlar tərəfindən sıxışdırılıblar. İnkvizisiyadan tutmuş 1937-ci il repressiyalarına qədər çox misal göstərmək olar. Oyunbazların ən dəhşətli oyunları müharibələrdir. Silah satmaq, hakimiyyətlərini qorumaq, xalqı əsas problemlərdən yayındırmaq – budur, əsas məqsəd. Bəs təbliğat? Sözün əsl mənasında oyunlar və şoular. Bəşəriyyətə xidmət etmək istəyənlərin elminə və sənətinə qarşı, bəşəriyyətdən maddiyat qırxanların şouları – qladiator döyüşlərindən indiki günümüzün şoularınadək.

Bu yaxınlarda əsl xalq yazıçımız Çingiz Abdullayev kitab evinin açılışında belə bir ifadə işlətdi – nəyin yaxşı, nəyin pis olduğu kitablarda yazılıb, insan kitab oxumursa, hardan biləcək ki, pis şey etmək olmaz.

Bugünki əyləncələr, şoular bizi kitablardan uzaqlaşdırıb bir zombi yığınına çevirməyə xidmət edir. Hətta bəzi ölkələr yemək və içməklə də öz siyasətini təbliğ edir. İdman kimi xeyirli bir məşğuliyyət də dünyada insan kütlələrinin başını qatmağa yönləndirilib bu gün.

Kütləvi informasiya vasitələri elmi və sənəti təbliğ edə bilərkən, oyun və şoularla əksini də edə bilər. Bu gün televiziyada müasir qladiator arenasında beyin qabığından keçmədən baş verən söz döyüşlərinə aludə olan bir kütlə əlbəttə ki, atomları, genləri, kainatı öyrənən cəmiyyətlərin tapdağına məhkumdur. Ona görə də Media və sosial şəbəkələrdə nəyə aludə olacağımızı seçmək özümüzdən asılıdır.

Ona görə də inanarkən, baxarkən, gedərkən öncə özümüzdən soruşmalıyıq – bu yolu mən özüm seçmişəm, yoxsa bunu mənə sırıyıblar? Dünyaya gəldiyimiz anda dünyadakı milyonlarla başqa körpədən heç bir fərqimiz yox ikən, bizim əvəzimizə dini və milli mənsubiyyətimizə qərar verilir, hansı ölkədə, hansı rejimdə, hansı qanunlarla və hansı adətlərlə yaşayacağımız bizim əvəzimizə qərarlaşdırılır. Bizdən soruşmadan bizə bir tərz biçilir. Ancaq bunları sorğulayan cəmiyyətlər inkişaf edə bilər. Şoulara, oyunlara aludə olan cəmiyyətlərin isə işi çətindir.

İnsan oyun və şouları sevir. Xoşbəxt olmaq üçün faydalı vərdişlərə aludə olaq demişdiksə, cəmiyyətimizin xoşbəxtiyi üçün də faydalı oyunlara – elmə, ədəbiyyata, sənətə aludə olmalıyıq. Bir ideologiya, siyasət və ya dinə inanarkən də heç vaxt unutmaq olmaz ki, bu inanclar insana xidmət etməlidir. Heç bir inanс insanın azadlığından daha qiymətli ola bilməz. Biz həkimlər bir toxumanın zədələnməməsi üçün saatlarla tər axıdırkən, hansısa bir ideologiyaya görə minlərlə insanı məhv etməyin heç bir bəhanəsi və bəraəti ola bilməz.

Kaş ki bütün oyunlar uşaqlığımızdaki kimi səmimi olaydı.

Sülh və əminamanlıqla dolu, elm və sənətlə bəzənmiş cəmiyyət arzusuyla…

Həkim Rəşad Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir