market

Marketlərin piştaxtaarxası sirləri: Gəl, ay müştəri

Baxış sayı: 586

Alıcılar deyirlər ki, eyni qida və ya qeyri-qida məhsulları hər marketdə bir qiymətədir. Bunun fərqində olanlar yaddaşlarının gücünə və diqqətlərinə güvənərək hansı məhsul hansı marketdə ucuzdursa, onu oradan almağa çalışırlar. Doğrudur, bu, əlavə enerji və vaxt itkisi deməkdir, amma real vəziyyətdə büdcəsinə qənaət etmək istəyənlər buna məcburdurlar. Bəs, görəsən, niyə eyni məhsullar müxtəlif marketlərdə müxtəlif qiymətə təklif edilir?

Marketinq mütəxəssisi Qələndər Məmmədli söyləyir ki, bu cür qiymət fərqlərinin yaranmasında səbəb kimi önə çıxan 3 prioritet faktor var: “Müəyyən hədəf kütlə tərəfindən ucuz olaraq qəbul edilmə və belə bir mesaj ötürülməsi; təchizat zənciri xərcləri; şirkətləşmiş marketlərin formalaşdırdığı zəncir. Birincisi, odur ki, market müəyyən məhsulu satır və o məhsulun alıcı kütləsi arasında seçici bir qavrayış yaradır. Tutalım ki, X marka yağının satışı ən ucuz olduğu market o brendin alıcıları tərəfindən ucuz brend olaraq yadda qalır. Buna görə də, həmin brendin alıcıları bu marketin ucuz olduğunu düşünüb davamlı olaraq digər məhsullarını da buradan alırlar. İkincisi, firmanın xammaldan məhsula qədər keçdiyi prosesdən sonra məhsulun da son istifadəçiyə qədər keçdiyi prosesdə həm təchizat, həm də logistika baxımından müəyyən fərqlər yaranır. Təbii olaraq bu xərc fərqləri də hər firmada müxtəlif cür əks olunur. Çünki hər marketin və hər brendin təchizat zəncirində xərclərlə bağlı izlədiyi yol fərqlidir. Bu da düşünürəm ki, qiymətdə fərqliliklərə gətirib çıxarır”.

“Üçüncüsü, bəzi marketlər sərbəstdir, rəflərini satdırmaq gücü var, bəziləri isə müəyyən şirkətlər qrupuna, yaxud holdinqə aiddir. Bu zaman, əlbəttə, holdinqin və yaxud qrupun məhsulları digər marketlərə görə öz marketində daha ucuz ola bilər. Həmçinin komissiya, faizlər, rəf xərcləri kimi nüanslar da təsiredici faktorlardır. Bəzi rəflər birbaşa müştərinin təmas etdiyi yerlərdədir və o yerlərin çox ciddi xərci var. Bu, beynəlxalq praktikada da belədir”, – deyə mütəxəssis bildirib.

Həmsöhbətimizin sözlərinə görə, bu cür qiymət fərqlərinin yaranmasında təşviq strategiyasının da rolu var: “Burada əsas olan odur ki, təşviq startegiyası marketin üstünə düşür, yoxsa brendin? Məsələn, tutalım ki, brend reklama pul xərcləməkdənsə, o xərci və büdcəni mağaza içərisində satış üçün təşviqedici aksiyalara ayırmağı, ya da məhsulları daha ucuza satmağı düşünə bilər. Bunlar hamısı qiymətlərə təsir etməkdədir”.

Mütəxəssis qeyd ki, brendləşmiş və fərqli istehsalçılara vahid qiymət tətbiqinin olması bazara müdaxilədir: “Burada dövlətin edə biləcəyi qiymətlərdə maksimum və yaxud minimum hədd müəyyən etmək ola bilər. Dünya praktikasında Türkiyədə tütün, alkoqollu məmulatlar və dərman sektorunda vahid qiymət tətbiq edilir. Bu zaman da rəqabət artıq marketlər arasında getmir. Marketlər vasitəçi olaraq qalır, rəqabət brendlər arasında və fərqli sferada gedir”.

“Bizdə çörəyin qiymətini sabit saxlamaq üçün dövlət fərqli bir üsula əl atdı – ƏDV-ni ləğv elədi. Lakin nəzərə almaq lazımdır ki, bunu çox az və kütləvi məhsula tətbiq etmək mümkündür, əks təqdirdə rəqabət zərər görər. Bazarda rəqabətə bu formada müdaxilələr müasir bazar anlayışında qəbul edilmir. O zaman məhsul vahid hala gəlir. Vahid hala gələn məhsul üçün də nə təşviqedici işlər görülər, nə marketinq, nə də xüsusi rəqabət olar. Müəyyən say var, bu say firmalar arasında bölünərək hamı eyni məhsulu almış olacaq. Bu halda firmalar xərclərini azaltmalı olacaq və müəyyən edilmiş sabit qiymətdən satılan məhsulda daha çox qazanc əldə etsinlər. Bunun keyfiyyətə təsir etməyəcəyinin isə təminatı yoxdur”, – deyə Məmmədli fikrini yekunlaşdırıb.

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov hesab edir ki, qiyməti dövlət tərəfindən tənzimlənməyən mallar və xidmətlər azad bazar iqtisadiyyatı şəraitində istənilən qiymətə, istənilən yerdə satıla bilər: “Məlumdur ki, Azərbaycanda 3 mindən çox tibb preparatının qiyməti dövlət tərəfindən tənzimlənir. Onlar müəyyən edilmiş qiymətdən yuxarı satıla bilməz, lakin aşağı qiymətə satıla bilər. Cənab Prezident bütün iqtisadi çıxışlarında ölkədə inhisarçılığın, kartel sövdələşmələrinin mövcudluğunu dilə gətirir və müvafiq dövlət orqanlarına tapşırıqlar verir ki, bunların qarşısı alınsın. Təəssüf ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hələ də bu sahədə ciddi bir iş aparmır”.

Müsahibimiz eyni məhsulların müxtəlif marketlərdə müxtəlif qiymətə olmasının səbəbini market sahiblərinin mal təchizatçılarına öz şərtlərini diqtə etməsində görür: “Bəli, biz dükanlarda eyni malı müxtəlif qiymətlərə görürük. Bunun səbəbi odur ki, dükanlar mal təchizatçılarına öz şərtlərini diqtə edir. Yəni bizim gördüyümüz müasir, bəzəkli supermarketlərdə, əslində təchizatçıların dərin bir sıxışdırılmaları var. Taxçalar santimetr-santimetr mal təchizatçılarına satılır və onlardan hər santimetr üçün külli miqdarda pul alınır. Bu pulun müqabilində mal təchizatçılarına heç bir rəsmi maliyyə sənədi verilmir. Burada vergidən böyük yayınmalar var. Yəni o satılan yerlər üçün təchizatçıdan böyük məbləğdə pullar alınır və nəticədə də o, məcbur olur ki, verdiyi rüşvəti malın qiymətinə əlavə etsin”.

“Mən dəfələrlə demişəm, Nazirlər Kabineti mütləq marketlər üçün qaydalar yaratmalıdır. Yəni burada suni qiymət artımı baş verir. Nəzəri cəhətdən market sahibləri hər hansı malı yerləşdirmək üçün təchizatçını əl-əl axtarmalıdır. Lakin indi görün, əgər siz bir mal istehsal etsəniz, hansısa market sahibinin qəbuluna düşə bilərsinizmi? Artıq hər yer santimetr-santimetr satılıb, taxçalarda harada yerləşdirilməsindən asılı olaraq fərqli qiymətlər var. Bütün bunlar gizli iqtisadiyyatdır, market sahiblərinin vergidən gizlənən pullarıdır. Nəticədə də market sahiblərinə verilən o pullar malların üzərinə gəlinir və istehlakçıdan çıxılır. Buna görə də biz marketlərdə eyni malı müxtəlif qiymətlərə görürük. Nə vaxta kimi market sahibləri özbaşınalıq edəcək, bu hal da davam edəcəkdir”, – deyə AİB rəhbəri vurğulayıb.

Hüseynovun sözlərinə görə, marketlərdə digər problem də yerli istehsalçıların sıxışdırılmasıdır: “Xarici mal istehsalçıları market sahiblərinə daha çox pul təklif etdiyindən onlar üçün ayrılan taxça yerli mallardan daha çox olur. Təxminən 20% yerli, 80% xarici mallara yer ayrılır, bu da yolverilməzdir. Bu, Azərbaycanda yerli istehsalçıların boğulması, onlar üçün şərait yaradılmaması deməkdir. Market sahibləri bu oyunu oynayaraq eyni malların müxtəlif qiymətə satılmasına səbəb olurlar”.

Ekspert hesab edir ki, Nazirlər Kabinetinin marketlər üçün müəyyən qayda hazırlaması zəruridir: “Malların qiymətinə təsir edən ciddi amillərdən biri aksiyaların keçirilməsidir. Bu zaman istesalçılardan və yaxud mal təchizatçılarından əlavə pul tələb olunur. Belə anormal hala mütləq son qoyulmalıdır. Nazirlər Kabineti marketlər üçün mütləq qayda hazırlamalıdır. Bu qeyri-şəffaf, gizli və nəticə olaraq biz istehlakçılardan alınan pul leqallaşdırılmalıdır. Burada söhbət külli miqdarda pulun dövriyəsindən gedir”.

Çörək istehsalçılarının hazırkı çətin vəziyyətinə toxunan Birlik sədri deyir ki, onlara qarşı ciddi təzyiqlər var: “Bəzən dövlət qurumları bəzi malların qiymətini saxlamağa çalışır. Məsələn, çörək istehsalçılarına böyük təzyiq olunur, çörəyin qiymətini sabit saxlamağa çalışırlar. Bu zaman çörək istehsalçıları keyfiyyəti və çəkini aşağı salır. Yenə də nəticədə istehlakçı hüquqları pozulur. Hazırda çörək istehsalçıları bir qırmızı xəttin üstündədir. Onlara təzyiq olunur ki, qiyməti qaldırmayın. Hansı ki, dövlət orqanlarının buna müdaxilə etməyə icazəsi yoxdur. Əgər dövlətimiz istəyirsə ki, müəyyən ərzaq mallarının qiyməti tənzimlənsin, buyursun, Rusiyada olduğu kimi (orada duru yağlar, şəkər tozu üçün bu tətbiq edilir), bəzi mallar üçün yuxarı hədd müəyyən eləsin və ondan yuxarı satanları suni qiymət artımı adı altında günahlandırmaq olar və bunun qanunvericilik bazası var”.

“Əgər onun yuxarı həddi qanunvericiliklə müəyyən olunmayıbsa, azad və liberal bazar şəraitində heç bir dövlət qurumunun ixtiyarı yoxdur ki, qiyməti tənzimləsin. Lakin çox sayda ərzaq mallarının qiymətini tənzimləmək doğru olmazdı, o zaman artıq Sovet sisteminə bənzəyər, azad bazar iqtisadiyyatı prinsiplərinə zidd olar. Lakin birmənalı şəkildə deyirəm, eyni malların müxtəlif marketlərdə müxtəlif qiymətə olmasının səbəbi market sahiblərinin vergidən yayınan külli miqdarda pul maraqlarının nəticəsidir. Sonda biz istehlakçılar bunun əziyyətini çəkirik”, – deyə Eyyub Hüseynov fikrini yekunlaşdırıb.

 

İqtisadçı ekspert Cavid Süleymanlı da qeyd edib ki, eyni məhsulun fərqli marketlərdə fərqli qiymətlərə satılması bazar iqtisadiyyatının göstəricisidir və bu, rəqabət yaradan amildir: “Eyni məhsulun pərakəndə və toptan satışı zamanı fərqli qiymətlərə təklif edilməsi satıcıların (toptan və pərakəndə) məhsulu tədarükçüdən daha çox sayda almasına görə avantajlı qiymətlə əldə etməsindən, məhsula yönəlik mənfəət marjı gözləntisindən, satış strategiyası fərqliliyindən və ümumən məhsula spesifik olan strateji gözləntidən qaynaqlana bilir. Fərqli supermarketlərdə məhsulun fərqli qiymətlərə satılması bazar iqtisadiyyatının bir göstərəcisidir və marketlər arasında rəqabət avantajı yaradan əsas meyarlardandır”.

“İstehlakçılar bəzən məhsulların qiymətini fərqli görərək, keyfiyyət fərqliliyinin ola biləcəyini düşünürlər. Lakin bizim kimi ölkələrdə bu, mümkün deyil. Nəzərə alanda ki, bəhsi gedən məhsullardakı qiymət fərqi əsasən 10%-dən yuxarı olmur, deməli, bu marj fərqinin də əsas səbəbləri yuxarıda qeyd edildiyi kimi, tədarükçüdən alınan toptan alış qiymətindəki fərq, marketinq strategiyası, mənfəət gözləntisi kimi əsas xüsusiyyətlər ilə səciyyələnir”, – deyə mütəxəssis bildirir.

Bəzən marketlərdə kəskin qiymət fərqlərinin müşahidə olunduğuna toxunan həmsöhbətimiz bunun səbəblərini də açıqlayıb: “Bu hal marketin malı müvəqqəti olaraq gəliş qiymətindən ucuz satmaqla digər malların satışına yönəlmiş strategiya qurması ilə izah edilir. Yəni bu strategiyaya görə bəzən mallar maya dəyərindən də ucuz satılır. Qiymət fərqliliyinin başqa səbəbi də supermarketlərin eyni məhsulu fərqli tədarükçülərdən tədarük etməsi də ola bilər. Bununla birlikdə bir məhsulun başqa bir ölkədə istehsal ölkəsindən daha ucuz satılması kimi hallar da mövcuddur. Bu hallara dampinq adı verilir. Yəni istehsalçı ölkə xaricdəki bir müştərisinə eyni məhsulu dampinq tətbiq edərək verə bilər, lakin digər müştərisinə bu imkanı yaratmaya da bilər. Bu vəziyyətdə də məhsulu dampinq alan alıcının məhsulu bazara çıxaranda onun lehinə bir qiymət fərqliliyi yaratmış olur. Bunu da qeyd etmək lazımdır ki, dampinq xoş bir iqtisadi-ticari hadisə olaraq qəbul edilmir və dövlətlərarası müxtəlif anti-dampinq tədbirləri görülür”.

“Ümumiyyətlə, dövlətin azad bazar mexanizmlərinə istənilən müdaxiləsinə qarşıyam. Əsas iqtisadi nəzəriyyə də bunu ortaya qoyur. Yəni monetar və fiskal siyasət orqanlarının və ya daha üstün siyasi iradənin zəruri qida məhsullarının qiymətinə müdaxiləsi iqtisadi nəzəriyyədə dəstəklənməyən bir prosesdir. Lakin zəruri qida məhsulları üçün zaman-zaman “tavan və taban” qiymətlərin tətbiq edildiyi də müşahidə edilir. Bu da zəruri qida məhsullarının qiymətində mövsümi və konyuktural qiymət volatilliyinin olmasından qaynaqlanmaqdadır” – deyə Süleymanlı vurğulayır.

Onun sözlərinə görə, bu xırda volatil keçidlərdən istifadə edən bəzi işbazlar isə qiymətdəki dəyişməni yaradan səbəblərdən daha artığına gedərək qiymətləri daha çox yüksəldirlər: “Və beləliklə iqtisadi əsası olmayan qiymət artımı yaşanır. Lakin bu qiymət artımı ilə mübarizənin ən effektiv yolu dövlət müdaxiləsi deyil. Mürəkkəb və çoxiştirakçılı, fərqli idxal və tədarük mənbəyi olan bazarların formalaşması lazımdır. Sadəcə bu halda süni qiymət artımlarına qarşı kompleks mübarizə aparıla bilər. Bu mübarizəni də bazar özü aparır. Rəqabət özü özlüyündə əsassız qiymət artımına icazə vermir. Təbii ki, bu, süni inhisarların, kartel hərəkətlərinin olmadığı durumlarda mümkündür. Yekun olaraq onu deyim ki, dövlətin bu kimi qida məhsullarının qiymətini tənzimləməsi qeyri-effektiv addımlardır”.

Qeyd edək ki, eyni məhsulların müxtəlif marketlərdə müxtəlif qiymətlərə təklif edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mətbuat xidməti ilə əlaqə saxlayıb mövqelərini öyrənməyə çalışdıq. Sualımız aidiyyəti üzrə göndərilsə də, mətbuat xidmətindən bu haqda danışmaları məsləhət görülmədi, çünki kifayət qədər danışıblarmış…

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir