ilham-ferize

Milli Sevgililər günü – 30 iyun tarixi niyə 14 fevralı üstələyə bilmədi?

Baxış sayı: 469

Artıq 20 ildir ki, Azərbaycanda 30 iyun tarixi Sevgililər günü kimi qeyd olunur. Ən əsası isə bu günün tarixinin xüsusi özəlliyi var. Belə ki, 30 iyun tarixi 1990-cı ildə törədilmiş 20 Yanvar qırğını zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günüdür. 2003-ci ildən bəri onların toy günü – 30 iyun Azərbaycanda qeyri-rəsmi olaraq “Sevgililər günü” kimi yaddaşlara yazıldı.

Hazırda dünyanın bir sıra ölkələri 14 fevral tarixini “Sevgililər günü” olaraq qeyd edilər. Digər adı “Valentin günü” olan 14 fevralı Azərbaycanda da qeyd edənlər az deyil.

Bir sözlə, dünya ölkələrində, o cümlədən Azərbaycanda 14 fevral həvəskarlarının bir-biri üçün hədiyyələr aldığı və bunu kütləvi şəkildə qeyd etdiyi danılmazdır.

Hər il fevral ayı gələndə cəmiyyətdə bir canlanma olur. Fevralın ilk ongünlüyündən başlayaraq hədiyyə mağazalarında nəzərə çarpan canlanma 14 fevraladək davam edir. Amma qeyd etmək lazımdır ki, fevral ayında müşahidə olunan canlanma 30 iyunda nəzərə çarpmır.

 

Maraqlıdır, bəs Azərbaycanda milli “Sevgililər günü” kimi yaddaşlara yazılan 30 iyun tarixi nə səbəbə 14 fevralı üstələyə bilmədi?

“20 Yanvar” İctimai Birliyinin sədri Soltan Əzimzadə bildirir ki, yaranan bütün problemlərin başında millətimizin unutqanlılığı durur:

“Bizim millətin bütün problemləri ilk növbədə unutqanlıqdan başlayır. Ən dəhşətlisi isə özümüzə yox, başqalarına daha çox dəyər verməyimizdir. Biz öncə özümüzə, daha sonra başqasına dəyər verməliyik. Buna görə də biz hələ də 30 iyun “Sevgililər günü”nü tam rəsmiləşdirə bilməmişik. Özümüzün yox, başqalarının bayramını təntənəli qeyd edirik. Bu problemlərin hamısı özümüzə dəyər verməməkdən qaynaqlanır.

İlham və Fərizə məsələsinə gəldikdə, mən onu deyə bilərəm ki, bu cütlük nağıllarda, hekayələrdə olduğu kimi yox, real həyatda olan “Leyli və Məcnun” əsərinin bariz nümunəsidir. Saf, ülvi məhəbbət, sədaqət hər biri onların sevgisində cəmləşmişdi”.

 

S.Əzimzadə 30 iyun “Sevgililər günü”nü ictimailəşdirmək üçün güclü təbliğatlar aparmalı olduğumuzu vurğulayır:

“Bir millət olaraq qıraqdan təzyiq olduqda bir yumruqda birləşirik. Amma öz daxilimizdə heç zaman bir-birimizə dəstək ola bilmirik. Bu bizim içimizdə olan özümüzə qarşı soyuqluqdur.

İnanıram ki, gün gələcək xalqımız bunu anlayacaq və 30 iyun tarixi sevgi, sədaqət, etibar günü kimi qeyd olunacaq.

Biz 30 iyun “Sevgililər günü”nü ictimailəşdirmək üçün yalnız təbliğat aparmalıyıq. Düzdür, müəyyən insanlar var ki, bunu hansısa təmənna güdmədən qeyd edirlər. Sadəcə biz təbliğatı artırmalıyıq”.

 

Fidan İlqar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir