Nermine Abbasova

Nərminə Abbasova: “İlk növbədə allergiya testindən keçmək lazımdır”

Baxış sayı: 438

Bəzən insanlar illərlə hansısa xəstəliyi müalicə edirlər. Sonradan məlum olur ki, sən demə bu, allergiya imiş. Xəstəliyin simptomları insandan insana fərqlilik göstərə bilir və allergiyanın şiddəti də simptomlara təsir göstərir. Bəs allergiya nədir?

Mövzumuzla bağlı oxucularımızı Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova məlumatlandırıb. Nərminə xanım bildirdi ki, allergiya – müxtəlif yaş qruplarından olan insanlar arasında ən çox rast gəlinən immunopatoloji xəstəliklərdən biridir:

“Orqanizmin müəyyən maddələrə qarşı yüksək həssaslığı çox geniş anlayışdır. Bura xarici və daxili mühit faktorlarının (endo və ekzo allergenlər) təsiri altında baş verən müxtəlif pozğunluqlar daxildir ki, bu proses də insan hüceyrələrinin, toxumalarının, orqanlarının quruluşunu zədələyən, fəaliyyətini pozan autoantikorların ifrazı ilə müşayiət olunur”.

Allergik xəstəliklərin növlərindən bəhs edən N.Abbasova qeyd etdi ki, klinik praktikada indiyə kimi elmə məlum olan bütün allergik xəstəliklər bir neçə növə ayrılır: Respirator (tənəffüs) allergiyalar – hansı ki, bu qrupa mövsümi və ilboyu davam edən allergik rinitlər, rinosinuzit, traxeobronxit və respirator allergiyaların ən ağır növü hesab olunan bronxial astma daxildir.

Kontakt allergiyaları (dəri formaları) – hansı ki, bu qrupa qaşınma və səpkilərlə müşayiət olunan övrə xəstəliyi, Kvink ödəmi (dəri, dərialtı toxuma və selikli qişanı zədələyən allergik xəstəlik), atopik dermatit və ekzema aid edilir:

 

 

“Qida allergiyaları isə özündə müxtəlif klinik təzahürləri – həzm sistemi, dəri və tənəffüs orqanlarının təcrid olunmuş və ya birgə zədələnmələri əhatə edir. Həşərat allergiyası da var ki, bu allergik reaksiya həşərat dişləməsi və ya tullantı məhsulları ilə təmas nəticəsində ortaya çıxır. Biri də var infeksion allergiyalar. Onların yaranmasının səbəbi patogen xüsusiyyətlərə malik bakteriya, virus və göbələklərdir (vərəm, brusellyoz, qarayara, sifilis, süzənək və sair xəstəliklərin törədiciləri). Dərman allergiyaları isə dərman preparatlarına qarşı həssaslıqdır. Anafilaktik şoka gəlincə, bu, allergen maddənin (dərman preparatları, böcək zəhərləri, qan preparatları, məişət-kimya məhsulları və s.) təkrar orqanizmə düşməsi nəticəsində yaranan allergik reaksiyanın ən ağır formasıdır”.

Allergiyanın simptomlarından da danışan terapevt bildirdi ki, əgər immun sisteminin işində problem yaranarsa və allergiya baş verərsə, patoloji vəziyyətin simptomları allergen maddənin növündən və iltihabın yerindən asılı olaraq dəyişir:

“Respirator allergiyanın əlamətləri özünü burunda qaşınma – asqırma – burun axması – gözlərin yaşarması ilə büruzə verir. Bəzi hallarda pasiyentlərdə güclü öskürək və ciyərlərdə xışıltı yaranır, nəfəs alma çətinləşir, hətta bəzən boğulma da baş verir. Dermatoz (dəri allergiyası) isə dərinin qızarması, müxtəlif formalı səpkilər, qaşınma və qabıqlanma əlamətləri ilə görsənir. Enteropatiyanın (qida və ya dərman qəbulu nəticəsində yaranan allergiyalar) əlamətləri ürəkbulanma, qəbizlik və ya ishal, ağız boşluğunun selikli qişasının şişməsidir. Allergik konyunktivitin əlamətləri isə gözlərdə qızartı ilə müşayiət olunan qaşınma və yanma – gözlərin şişməsi və yaşarması kimi hallardır”.

Həkim vurğuladı ki, anafilaktik şok da var və onun əlamətləri nəfəsalmanın çətinləşməsi – bədənin ləkə şəklində səpkilərlə örtülməsi – nəfəs darlığı – özündəngetmə – qıcolma – qeyri-iradı sidik və nəcis ifrazıdır. Bronxlarda spazma zamaı isə xüsusi ağır formalarda xəstə komaya da düşə bilər. Bu vəziyyət çox təhlükəlidir və təxirəsalınmaz tibbi yardım tələb edir. Anafilaktik şokun klinikası çox sürətlə – allergen maddə ilə kontaktdan sonrakı 2-20 dəqiqə ərzində baş verir:

“İmmunitet sisteminin yad bir maddəyə və ya əksər insanlarda reaksiya verməyən qidaya həddindən artıq reaksiyası allergiya adlanır. Normal şəraitdə immunitet sistemi zərərli obyektlərə qarşı müdafiə funksiyasını yerinə yetirmək üçün həmin obyektlərə qarşı antikor adlanan maddələr istehsal edir. Allergiyası olan insanlarda isə immunitet sistemi müəyyən bir allergenin zərərli olmasa da, zərərli olduğunu müəyyən edən antikorlar istehsal etməyə başlayır. Buna görə də fərd allergenlə təmas olduqda immun sisteminin göstərdiyi reaksiya insanın dərisini, tənəffüs yollarını və ya həzm sistemini qıcıqlandıra bilər. Allergiyanın şiddəti hər bir fərd üçün fərqlidir və kiçik qıcıqlanmadan anafilaksiyaya qədər həyati təhlükə yarada biləcək təcili vəziyyətdir. Xəstəliyin növlərinin əksəriyyətini tamamilə müalicə etmək mümkün olmasa da, allergiya simptomlarını aradan qaldırmağa kömək edən müalicələr var”.

 

 

Allergiyadan necə müalicə olunmağa gəlincə, Nərminə xanım bildirdi ki, xətəliyin müalicəsində allergik reaksiyaların qarşısının alınması və simptomların azaldılmasında ilk və ən vacib addımdır:

“Ancaq bəzən allergenlərdən tamamilə qaçmaq mümkün olmur. Buna görə də xəstəliyin müalicəsinə başlamazdan əvvəl insanın nəyə qarşı allergiyası olduğunu müəyyən etmək və ondan qorunmaq üçün ilk növbədə allergiya testindən keçmək lazımdır. Xəstədə görülən allergiyadan asılı olaraq, istifadə edilə bilən dərmanlar immunitet sisteminin reaksiyasını azaltmağa və simptomları aradan qaldırmağa kömək edə bilər”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir