Nermine Abbasova

Nərminə Abbasova: “Müalicə zamanı bir neçə fizioterapiya metodları da effekt verir”

Baxış sayı: 382

“Öd, həzmi asanlaşdırmaq məqsədi ilə bağırsaqların daxilinə ifraz edildiyi zamana qədər qaraciyərdə ehtiyat şəklində kisədə toplanır. Öd kisəsi tamamən boşalmadıqda isə kalsium duzları və ya xolestrol kimi molekulların uzun müddət kisədə qalması nəticəsində öd qatılaşması baş verə bilir”.

Bunu  öd xəstəliyi ilə bağlı açıqlamasında Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirib. Ailə həkimi öd kisəsində qatılaşmanın əlamətlərinə diqqət çəkib. Onun sözlərinə görə, öd kisəsi və yollarının xəstəlikləri, problemi bütünlükdə orqanizm üçün fəsadlar yaradır.

Nərminə xanım bildirdi ki, od qatılaşması olan bəzi insanlar heç bir əlamət hiss etməzlər və bundan xəbərdar olmazlar. Onun sözlərinə görə, ancaq ümumilikdə öd kisəsində qatılaşma əlamətləri iltihab və ya daşlar əmələ gəldiyi zaman müşahidə edilir:

“Öd qatılaşması olduğu zaman ilk əlamət çox zaman sağ qabırğa altında hiss edilən qarın ağrısıdır. Belə ağrılar yeməkdən qısa bir müddət sonra arta bilir. Digər əlamətlərə isə döş qəfəsində ağrı, sağ çiyin ağrısı, ürək bulanma və qusma, nəcisdə dəyişikliklər ola bilər. Qeyd edim ki, öd diskineziyası iki formada mövcud olur ki, bunlardan biri hiperkinetik diskineziyadır. Hiperkinetik diskineziya öd kisənin güclü yığılması və öd sancısı kimi özünü büruzə verir. Əsasən sağ qabırğa altı nahiyədə qısa müddətli bərk sancılar baş verir. Bu ağrılar çox zaman öd daşı sancılarını xatırladır. Ağrılar sağ çiyinə, sağ kürək altı nahiyəsinə vurur. Hipokinetik diskineziyada öd kisəsinin tonusdan düşməsi nəticəsində öddə boşalma prosesi zəifləyir, sağ qabırğa altı nahiyədə küt ağrılar müşahidə olunur. Bundan başqa, xəstələr iştahsızlıqdan, ağızda acılıqdan, köpdən, qəbizlikdən şikayətlənirlər”.

Öd qatılaşmasının nədən yaranmasına gəlincə, ailə həkimi qeyd etdi ki, öd, öd kisəsində çox uzun müddət qaldıqda, yəni həzm sisteminə qoşulmadıqda qatılaşma meydana gəlir:

“Bu şikayətlər adətən ciddi diet rejimində olan insanlarda, xüsusilə bəzi qidaları yemək rasionundan tamamilə çıxarıb, məhdud yeməklərlə qidalananlarda rast gəlinir. Həmçinin qeyri-müntəzəm qidalanma zamanı və sinir mənşəli də ola bilirlər. Doğuşa nəzarət üçün dərman qəbul edən qadınlarda da belə hallar sıx görülməkdədir”.

Nərminə xanım öd kisəsində diskineziyanın necə aşkar olunmasına da diqqət çəkdi. Onun sözlərinə görə, qarında ağrılar varsa, mütləq bir qastroenteroloq müayinəsindən keçmək lazımdır:

“Müayinə zamanı qarında olan ağrıların düzgün lokalizasiyasını müəyyən etmək üçün əllə palpasiya icra ediləcəkdir. Daha dəqiq fikir söyləmək üçün isə təbii ki, USM müayinəsi mütləqdir. Əgər USM müayinəsində öd qatılaşması aşkar olunarsa, bu halın yaranma səbəbi araşdırılmağa başlanacaqdır. Çox ehtimal ki, bəzi laborator testlər etiologiyanı öyrənməkdə həkimə yetərli olacaq. Əlavə olaraq, qaraciyərin funskiyasının tamlığını öyrənmək məqsədi ilə də müəyyən sınaqlar aparıla bilər. Bəzən isə bu şikayətlər yalnızca təsadüfən hər hansı bir müayinə zamanı da aşkarlana bilir”.

Ödün qatılaşmasının gələcəkdə nələrə səbəb ola biləcəyinə gəlincə, Nərminə xanım vurğuladı ki, öd kisəsində qatılaşma bəzən heç bir əlamət göstərmədən və ya müalicəyə ehtiyac olmadan yaxşılaşa bilir. Digər hallarda isə öd daşlarının yaranmasına səbəb olur. Öd daşları isə qarının üst hissəsində ağrıların meydana gəlməsinə şərait yaradır və bu zaman cərrahi əməliyyat gərəkli ola bilir:

“Bəzi hallarda isə belə daşlar öd yollarında tıxanıqlığa da səbəb olur. Bu isə təcili bir vəziyyətdir və dərhal müalicə tələb edir. Öd kisəsində diskineziya iltihabın, xolesistitin göstəricisi də ola bilir ki, bəzən həkimlər ödün tamamən götürülməli olduğunu da məsləhət görə bilərlər. Qeyd edim ki, öd qatılaşması kəskin pankreatitə də səbəb ola bilər. Bu isə mədəaltı vəzin fermentlərinin bağırsağa keçməmiş aktivləşməsi deməkdir. Bu cür iltihablar isə sistemik əlamətlər yaradaraq, hətta şok və ölümə belə gətirib çıxara bilir.

Öd diskineziyasının necə müalicə olunacağına gəlincə, ailə həkimi bildirdi ki, xəstəliyin müalicəsində əsas yeri pəhriz tutur. Onun sözlərinə görə, yağlı-piyli qidalardan, spirtli içkilərdən imtina olunmalıdır:

“Yeməklər az-az, tez-tez yeyilməlidir. Öd kisənin hipotonik formasında öd kisəsinin tonusunu artıran dərman vasitələri təyin edilir. Xəstəliyin hiperkinetik növündə spazmı aradan qaldıran dərmanlar istifadə olunur. Öd kisəsinin hipokinetik diskineziyasında kor duodenal zondlama aparılır. Tübajı 10 gündən çox etmək olmaz. Sonrakı günlər öd qovuculardan istifadə etmək olar. Öd yollarının diskineziyasında kompleks müalicə fonunda kvant-lazer müalicəsi də müsbət nəticə verir.

Nərminə xanım xəstəliyin müalicəsində bır neçə fizioterapiya metodlarının da effekt verə biləcəyini dedi. Bildirdi ki, belə xəstələr təmiz havada çox gəzməli, stresdən uzaq durmalı, gündə 4-5 dəfə qısa fasilələrlə qidalanmalıdır.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir