Uzeyir Rehimov 1

“O insanların ürəklərində daha çox problem olur ki…” – MÜSAHİBƏ

Baxış sayı: 589

Ürək-damar problemlərindən dolayı dünyasını qəfil dəyişənlərin yaxınları tərəfindən “Heç vaxt ürəyindən şikayəti olmayıb”, “Əsəbiləşdi, ürəyi tutdu” kimi cümlələri çox eşidirik. Bu, ürək-damar problemlərindən dolayı ölümlərin ani baş verməsi anlamına da gəlir. Bəs necə olur ki, vəziyyət o həddə gəlir? Ürək-damar xəstəlikləri ilə bağlı yaranan suallara cavab tapmaq üçün Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimovla söhbətləşdik.

 

“Bu hiss, o biri ağrılarda olmaz”

– Gənc yaşda ürək tutmasından dünyasını dəyişənlər olur. Yaxınları da deyirlər ki, indiyə qədər ürəyindən şikayəti olmayıb. Heç vaxt ürəyindən şikayət etməyən adamların qəfil ürəktutmasından dünyasını dəyişməsi necə baş verir?

– Bəzi xəstəliklər var ki, elə ilk əlaməti qəfil ölümlə nəticələnir. Belə xəstələrin heç bir şikayəti olmur. Amma bu, çox kiçik qrupdur. Əksər hallarda ürəktutmasından dünyasını qəfil dəyişənlərin ürəyindən şikayəti olur, həm də qəfləti ölümdən bir neçə gün əvvəl bu cür şikayətlər daha çox baş verir. Sadəcə bunu ciddiyə almırlar, üstünə düşmürlər.

 

– Hansı şikayətlər ciddiyə alınmır ki, nəticədə ölümə gətirib çıxarır?

– Ürək şikayətləri mədə-bağırsaq şikayətləri ilə çox qarışdırılır. İnsanlarımız düşünürlər ki, ürək ağrısı sol tərəfdə olur, sancır, batır, deşir. Bunların heç biri ürək ağrısı deyil. Sol tərəfdə olan istənilən ağrını ürək ağrısı kimi qəbul edirlər. Bəzən bu ağrı psixoloji xarakterli də ola bilir. İnsan özündə ağrı olduğunu düşünür. Ürək problemində sinənin ortasında, yaxud mədə nahiyəsində göynədici, yandırıcı ağrı olur. Hərəkət vaxtı ciddi təngnəfəslik yaranır. Hərəkət edərkən bu insanların sinələri göynəyir. Ağrı qollara və çənənin altına yayıla bilər. Belə ağrı zamanı insanı tər basır, ölüm qorxusu yaşayırlar. Bu hiss, o biri ağrılarda olmaz. Ona görə də, bu tip ağrı varsa, ciddiyə alınmalıdır.

 

– Ölüm qorxusu yaşadacaq dərəcədə ağrı varsa, niyə buna qeyri-ciddi yanaşılır?

– Adətən, ürək ağrısı 10-15 dəqiqə içərisində səngiyir. Səngiməsə, infarkta səbəb olub öldürə bilər. Ona görə də təcili xəstəxanaya çatdırılmalıdır. Ürək ağrısı bu cür dözülməz olur. 10-15 dəqiqədən sonra ağrı səngiyəndə qorxu hissi keçir. İnsanlar da keçici bir şey olduğunu zənn edirlər. Cavan olduğu və o günə qədər də xəstəliyi və şikayəti olmadığı üçün ciddiyə almır. Qeyd etdiyim əlamətlər olursa, mütləq həkimə müraciət etmək lazımdır.

 

“Stress bardağı daşıran damladır”

– Bizdə ürəktutmasından dünyasını dəyişənlər olanda deyirlər ki, əsəbiləşib, anidən ürəyi tutub. Stress əsas səbəb kimi götürülür.

– Stress bu xəstəliyin əsas səbəbi deyil. Türklər demiş, stress burda bardağı daşıran damladır. Sadəcə olayı alovlandıran faktorlardan biridir. Damarı daraldan yağ piləki güclü stress nəticəsində çatlaya bilər və bu çatlamış nahiyəyə tromb yığılaraq damarı tamamən tıxayar ki, bunun nəticəsində miokard infarktı, hətta ölüm də baş verə bilər. İnfarkt keçirdiyini hiss etdiyiniz adam təcili olaraq xəstəxanaya çatdırılmalıdır. Qəfləti ölümlərin qarşısı ancaq təcili yardım maşınlarında və xəstəxanalarda olan  defibrillyatorla önlənə bilər.

 

– Qəfil ölümə səbəb olan durum necə yaranır?

– Qəfləti ölümün bir çox səbəbi var. Bunların önəmli hissəsini ürək-damar problemləri tutur. Amma başqa səbəblər də var. Məsələn, idmançılarda rast gəlinən kardiomiopatiya dediyimiz ürək əzələsinin xəstəlikləri. Bir də ürəyin elektrik (keçiricilik) sistemi var. Bu keçiricilik sisteminin pozulması da qəflətən ölümə səbəb ola bilər. İnsanları daha çox maraqlandıran, yəqin ki, gənc yaşda infarktlara bağlı ölümdür. Çünki əvvəlki illərlə müqayisədə artım var. Səbəb də odur ki, artıq çox az hərəkət edirik, oturaq cəmiyyət olmuşuq, daha çox süni qidalarla bəslənirik, “fast-food” yeyirik. Bunlar da sağlamlığa olduqca zərərlidir. Oturaq həyat tərzi keçirdiyimiz, çəki aldığımız zaman  problemlər yaranır. Xüsusilə, irsi olaraq ailəsində ürək-damar xəstəlikləri olanlarda bu kimi faktorlar varsa, tütündən də istifadə edirsə, gənc yaşda qəfləti ölümlər artır. Pandemiya dövründə də gənc yaşda ürək-damar problemlərinin sayı və ölüm halları artdı. Çünki pandemiya dövründə zallar bağlandı, qapanmalar oldu ki, bu da hərəkətliliyi çox azaltdı. Digər tərəfdən, COVID-19-dan ölüm hallarının önəmli bir hissəsinə səbəb damar trombozları – damarda laxta yığılmasıdır. Buna bağlı olaraq son dövrlər ölüm halları bir az daha artmış ola bilər. Pandemiya dönəmindəki bir başqa faktor isə insanların çox yeyərək immunitetlərini artırmaq istəkləridir ki, bu da yanlışdır.

 

“Damarda xəstəlik olmasa da…”

– Ürək problemləri hansı yaşdan sonra özünü göstərir? O problemləri deyirəm ki, anadangəlmə deyil, zamanla yaranır.

– Bəzi xüsusi yağ xəstəlikləri var. Bədən özü yağı parçalaya bilmir, ona görə, uşaqlarda da ürək problemi yarana bilir. Ancaq bu, çox nadir hallarda olur. Ən gənc gördüyüm xəstə 18 yaşında olub. 25 yaşlarda ürək xəstəliklərinə rast gələ bilirik. Bunlar da çox nadir hallardır. Əksərən 40 yaşdan sonra başlayır. 25-30 yaşlarda kimlər risk altındadır? Ailəsində qəfləti ürəktutmasından dünyasını dəyişən, gənc yaşda ürək xəstəliyi olan, gənc yaşda infarkt keçirən varsa, onlar daha diqqətli olmalıdırlar. Çox siqaret çəkən, narkotik maddə istifadə edənlərdə də gənc yaşda rast gəlinir. Çünki damarda qəflətən tromb yığılmasına səbəb olur. Damarda xəstəlik olmasa da, narkotik istifadəçilərində damarda tromb yaranır. Şəkəri olan insanlar da risk altındadır.

 

– Həyat tərzimizin bu problemlərə necə gətirib çıxarmasından danışaq.

– Hərəkət ən önəmlisidir. Hərəkət etmədiyimiz zaman nə olur? Bədəndə yağlar parçalanmır, şəkəri olanların şəkəri düşmür. Hərəkət yoxdursa, metabolizm aşağı olur, bu zaman da kilo alırıq. Kilo da damarı tıxayan yağ, şəkərin artmağı, təzyiq deməkdir. Ona görə, oturaq həyata “yox” deyib gündə bir saat idmanla məşğul olmaq, təmiz havada yürüş lazımdır. Yeməyə diqqət etmək vacibdir. Azərbaycanda xəmir və un məmulatları, şirniyyatlar çox istifadə edilir. Buna diqqət yetirməliyik. Axşam meyvə yeyilməsi yanlışdır. Yer üzündə, acmadığı halda gündə 3 dəfə yemək yeyən yeganə canlı insandır. İnsan acdığı zaman yemək yeməlidir. Bu da gündə iki dəfə olmalıdır. Bunu həll etdiyimiz zaman bir çox problemlər düzələcək. Siqareti isə tərgitmək mütləqdir.

 

“Dünyanı ciddiyə almayan insanlarda…”

– Piyada gəzmək idmanı əvəz edir?

– Necə gəzməyə bağlıdır. 5-7 kilometr və sürətli gəzmək lazımdır. Ürək döyüntülərimiz yüksəlməlidir ki, bədəndə yağ parçalanmağa başlasın. Söhbət edə-edə, asta gəzməyin bir mənası yoxdur. Heç gəzməməkdən yaxşıdır, əlbəttə ki, amma arxayın şəkildə gəzmək o qədər də effektli deyil. Hərəkət etməkdə məqsəd ürək nəbzinin 140-150-yə çıxmasıdır. Bu vaxt bədəndə parçalanma prosesi gedir. 140-a çıxanda təngnəfəs olursunuzsa, bir az asta yeriyin, sonra yenidən sürəti artırın. Bədəndə yağların parçalanması ancaq bu şəkildə gedir.

 

– Psixoloji problemlərin ürək-damar problemlərinə təsiri necədir?

– Psixoloji problem birbaşa ürək-damar tutulmasının səbəbi deyil, ancaq təsirləri var. Ümumiyyətlə, xüsusilə son 2 ildə stress, psixoloji problem insanlarda çox təsir buraxıb. Son dövrlər müraciət edən xəstələrin çoxu psixoloji problemlərə bağlı olur. Psixoterapevtə də çox xəstə göndərən həkiməm. Çünki bir çox hallarda psixologiya pozulur, onun da təsiri olur. Bəzən insan xəstə olmadığı halda da, özünü xəstə saya bilir.

 

– Hər şeyi dərd edənlər var, bir də dünyanı vecinə almayanlar…

– Çox vasvası, diqqətli, hər şeyin yerində olmasını istəyən insanlarda rahat şəxslərlə müqayisədə infarktlar daha çox olur. Dünyanı ciddiyə almayan insanlarda ürək-damar xəstəliyinə digər insanlarla müqayisədə daha az rast gəlinir.

 

– Deyirlər ki, “yumşaq ürəkli”dir, hər şeyi ürəyinə salır. Bu kimi fərqlər ürək-damar xəstəliklərinə necə təsir edir?

– Daha qəddar, sərt insan olmaq ürək üçün zərərlidir. Sərt xarakterli insanların ürəklərində daha çox problem olur. Nəticədə, o da obrazını qorumaq üçün bütün gün sərt görünməli, gərginliyini davam etdirməlidir. Yumşaq ürəkli adam isə çox xırda məsələləri də dərd edir. Hər ikisində də problem yaranmasına gətirib çıxaran məqamlar var. Mövlanənin dediyi kimi, ya olduğun kimi görün, ya da göründüyün kimi ol. Yəni özünə əziyyət vermə.

 

“Hər gün 80 yaşdan yuxarı xeyli xəstəni müayinə edirik”

– İnsanların sağlamlığa biganə yanaşmasının bir səbəbi də maddi durumdur. İcbari tibbi sığortanın tətbiqindən sonra insanlar müayinə olunmağa həvəs göstərsələr, bu, ürək-damar xəstəliklərinin daha erkən aşkarlanmasına təsir edəcəkmi?

– Niyə Avropa ölkələrində orta ömür çoxdur? Çünki icbari tibbi sığortanı ilk tətbiq edən ölkələrdir. Almaniya dünyada tibdə birincidir. Çünki dünyada icbari tibbi sığortanı təyin edən ilk ölkədir. 150 ildir bunu edir. Ona görə insan ömrü orada uzundur. Əvvəllər maddi vəziyyəti aşağı olan bir çox insan bu səbəbdən həkimə müraciət edə bilmirdi. İnfarkt keçirəndən sonra ağır, gecikmiş vəziyyətdə gəlirdi. Amma indi icbari tibbi sığorta sayəsində hər kəs infarktdan qurtula biləcək. Heç olmasa vaxtında müdaxilə ediləcək, həyatı uzanacaq. 19 il əvvəl  Azərbaycana qayıtmışam, burada çalışıram. O vaxt 70 yaşlı adamı ürək-damar probleminə görə həkimə gətirmirdilər.  Hamısı həyatını itirirdi. İndi hər gün 80 yaşdan yuxarı xeyli xəstəni müayinə edirik. İnsan ömrü uzanır. Bunun səbəbi ölkəyə yeniliklərin gəlməyi, damarların açılması, invaziv müdaxilələrin olunması, insanların maarifləndirilməsidir. Bu gün 5 il əvvəllə müqayisədə öndəyik. 15 il əvvələ nisbətən isə çox-çox qabaqdayıq. 5 il sonra icbari tibbi sığortanın yardımı ilə daha irəlidə olacağımızı düşünürəm.

 

“Bu fikirlər tamamilə uydurmadır”

– Ürəyə stent qoyulması halları da artıb. Ürək stent qoyulması həddinə necə çatır?

– Damardakı daralma ciddiləşdiyi zaman insanlar yol gedə, hərəkət edə bilmirlər. Çünki dar yerdən keçən qan onun gündəlik fəaliyyətinə icazə vermir. 20-30 metr gedən kimi dayanır, yaxud oturanda ürək ağrıları tutur. Bu zaman damar açılmalıdır. Əks halda ölümə gətirib çıxaran risk yaranır. Bunun üçün də ya stent qoyulur, ya da açıq əməliyyat edilir.

 

– Bəzən eşidirik ki, sırf kommersiya maraqlarına görə xəstələrə stent təyin edənlər olur. Belə hallar bizdə nə dərəcədədir?

– Ölkəmizdə stent qoyan bütün həkimləri tanıyıram. Azərbaycanda lazımsız yerə heç kimə stent qoyulmur. Ümumiyyətlə, ürək şikayəti olmayan bir insan heç vaxt ürək həkiminə gəlməz. Damardakı daralma pasiyentə göstərilir, ailəsinə bu haqda məlumat verilir, ancaq razılıq alındıqdan sonra müdaxilə edilir. Düşünün ki, bizim ağrımız yoxdur, həkimə getmişik, deyir ki, stent qoyulmalıdır. Kim buna icazə verər? Şikayət yoxdursa, anju masasına niyə yatırsınız? Bu fikirlər tamamilə uydurmadır.

 

– Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri seçildiniz. Cəmiyyətin nə kimi planları var?

– Cəmiyyətin bir məqsədi var, o da Azərbaycanda kardiologiyanı inkişaf etdirməkdir. Bu günə qədər də müəyyən işlər görmüşük, indi isə daha böyük planlarımız var. İnkişaf üçün kardioloqların tibbi biliklərinin, xəstələrə göstərilən xidmətin keyfiyyətinin artırılması, digər ölkələrdə bu sahədə olan yenilikləri Azərbaycanda da tətbiq etmək istiqamətində işlər görülməlidir. Tibb Universitetini bitirib kardiologiyanı seçən tələbələrin peşəkarlığını artırmaq üçün xüsusi kurslar təşkil etməyi düşünürəm. Ən böyük problemlərdən biri də Azərbaycan kardioloqlarının beynəlxalq jurnallar üçün az məqalə yazmasıdır. Bunu artırmaq lazımdır. Bu, ölkəmizin beynəlxalq tibbi nüfuzu üçün vacibdir. Beynəlxalq nəşrlərdə nə qədər çox azərbaycanlı kardioloqun yazısı yayımlanarsa, kardiologiyamız sıralamada o qədər yüksəkdə olar. Çoxlu elmi çalışmalar aparılmalıdır. Belə olanda, beynəlxalq tibbi, kardioloji qurumlar konfranslarını, toplantılarını Azərbaycanda keçirə bilər. Bunun üçün planlarımız var. Həmkarlarımla bərabər bu işləri görəcəyik.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir