sevgi

“Öz əmisinə, dayısına qoşulub qaçan qadınlar var”

Baxış sayı: 444

Bugünlərdə daha bir gənc və ailəli qadının evdın qaçması xəbərini eşitdik. Belə ki, Biləsuvar rayon sakini olan 1997-ci il təvəllüdlü Günel Hüseynzadə heç kimə demədən evdən çıxaraq, Bakıya yola düşüb. Bundan sonra yaxınları ondan hər hansı bir xəbər ala bilmədiyinə görə polisə müraciət ediblər. 26 yaşlı hazırda evlidir və 2 uşaq anasıdır.

Təəssüflər olsun ki, son illər bu cür “qaçışlar” adi hal halıb. Bəs, bu cür halların artmasının səbəbi nədir?

Psixoloq Gülnar Orucova bildirir ki, həyat yoldaşını yox, həm də uşaqlarını atıb qaçan qadınların sayı günbəgün artır:

“Hətta qadınların bəziləri bütün stereotipləri və qaydaları dağıdaraq əmisinə, dayısına  qoşulub qaçırlar. Bu isə ailə institutunda ciddi problemlərin olmasından xəbər verir.

GULNAR ORUCOVA

Ailə sevgi, heç olmasa qarşılıqlı hörmət əsasənda qurulmalıdır. Sevgi və qarşılıqlı hörmət əsasında qurulmayan ailə dağılmağa məhkumdur. Və nə yazıq ki, indiki ailələrin çoxu təsadüfi tanışlıq və valideyn göstərişləri üzərində qurulur. Belə ailələr çox zaman uzunömürlü olmur.

Unutmayaq ki, dövran dəyişib. Amma biz ilişib qalmışıq keçmişdə. Ən azı 30-40 ilin o tayındayıq. Və müasir dövrlə ayaqlaşa bilmədiyimiz və yeniliyə açıq ola bilmədiyimiz üçün bir çox sahələrdə, o cümlədən də ailə institutunda ciddi problemlərlə üzləşmişik. Ailələlərdə hər gün dərinləşən çatlarınsa bir sıra səbəbləri var.

Birincisi, gənc oğlanların bir çoxunun “həyat yoldaşı” fəlsəfəsi çox köhnədir, bəlkə də cahillik səviyyəsindədir. Belə ki, evlənməyə hazırlaşan əksər oğlanlar istəyir ki, ailə quracağı qızın həyatında nəinki ilk kişi, hətta ilk tanıdığı adam o olsun.

Bu eqoistliksə sonradan çox ciddi fəsadlar törədir. Belə ki, evləndiyi oğlanı 17-18 yaşlı qız ilk əvvəllər özünün “ağ atlı oğlan”ı zənn edir. Lakin, bir müddət keçəndən sonra qız baxır ki, onun həyat yoldaşı heç də onun xəyal etdiyi “ağ atlı oğlan” deyilmiş. Təbii ki, gündə aldığı bol informasiya bolluğunda gənc qadın müqayisələr aparır. Və arzuladığı xarakterlərin və diqqətin həyat yoldaşında görməyəndə kənarda özünə dost axtarır.

Nəzərə alaq ki, həyat yoldaşı insanın həm də sirr yoldaşı, həmdərdi və, ortaq maraqlar dünyası olmalıdır. Bunlar olmayanda isə qadın kənarda daha diqqətcil, daha həssas “dost” axtarır. Bu zamansa ailədə xəyanət və evdən qaçma baş verir.

İkincisi, sosial vəziyyətdir. Bəzi valideynlər zamanla və sosial-iqtisadi sifarişlərlə ayaqlaşa bilmirlər. Övladlarının ehtiyaclarını ödəyə bilməyən valideyn qızını daha erkən yaşda verməklə bir növ məsuliyyətdən qurtulmaq istəyir. Elə zənn edir ki, qızını nə qədər tez ərə versə həm qızın adı təmiz qalar, həm də ailəli olması qızın əl qolunu bağlayar.

Beləcə, valideynlərin məsuliyyətdən daha tez qurtulmasına hesablanmış addımları çox zaman faciələrə səbəb olur. Və bir neçə il gəlinlik edən qız axır ki, bezib evdən qaçır.

Üçüncü səbəbsə informasiya bolluğudur. Çoxlu informasiya çoxlu problem deməkdir. İndiki şəraitdə isə 15-17 yaşlı yeniyetmə sosial şəbəkə hesabına 50-60 yaşlı insandan daha çox informasiya qəbul edir. Və aldığı informasiyaların bir çoxunun öz həyatında təsdiqini istəyir. Buna nail olmayan gənc xəyallarının ardınca hara gəldi “uçur”.

Nəzərə alaq ki, qadınlar qulaqları ilə sevirlər. İndiki gənc qızlar da sosial şəbəkə üzərindən tanış olduğu oğlanın xoş sözlərinə və vədlərinə əvvəlcə öyrəşir, daha sonra isə aldanır.

Təsadüfi deyil ki, ailə institutunu bəzi hallarda bəyənmədiyimiz Avropada gənclər çox gec ailə qururlar. Qərbdə ailə quran gənclər arasında orta yaş həddi 28-30 yaşdır.

Doğrudan da bu yaşda qurulan ailələr daha möhkəm olur. Lakin 16-18 yaşlı qızla qurulan ailə indiki prizmadan baxanda çox da uğurlu olmur.

 

Ona görə də stereotipləri qırmalıyıq. Hər şeyə sevginin gözü ilə baxmalıyıq. Sevgi qarşılıqlı hörmətdir, sevgi qarşılıqlı güzəştdir. Sevgi olmayan yerdə hansısa güzəştdən və hörmətdən danışmaq yersizdir. Güclü və uzunömürlü ailəninsə qalası hörmətdir, güzəştdir”.

 

Surxay Atakişiyev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir