aile

Planlı ailə = sağlam ailə

Baxış sayı: 386

Ailə planlaşdırılmasının ayrılmaz hissələrindən biri də kontraseptiv üsulların seçilməsidir. Kontrasepsiya – hamiləliyin müxtəlif üsullarla qarşısını alır, arzuolunmaz hamiləlikdən qorunmanı təmin edir. Beləliklə, həm ailə arzuolunmaz hamiləlikdən qorunur, həm də qadın üçün abort təhlükəsi yaranmır.

aile

1 ildə 58 min abort!

Ailələrin istənilən sayda uşaq sahibi ola bilmələri üçün tətbiq olunan üsullara “ailə planlaması” deyilir. Xüsusilə qeyd edək ki, ailə planlaşdırılması doğumun qarşısını almaq, sonsuzluq yaratmaq demək deyil. Ailə planlaması bir növ nəzarət altında olan doğuş sayı deməkdir. Bu, o deməkdir ki, siz planlaşdırılmış hamiləlik yaşayırsınız və abort statistikasının yüksəlməsində iştirak etmirsiniz. Azərbaycanda abortla bağlı son statistika ötən ilə aiddir. 2022-ci ildə ölkəmizdə 58 min abort qeydə alınıb. Onlardan 14 min 900-ü mini abort, 500-ü dərman vasitələri ilə aparılan abortlar olub.

Ailə planlaması nəzarətdən kənar hamiləlikdən qoruyur, ana-uşaq ölümlərinin qarşısını alır, qadın sağlamlığını qoruyur, körpələrin sağlam doğulmalarını və yaşamalarını təmin edir, yüksək riskli və arzu olunmayan hamiləliklərin qarşısını alır, daha gənc və ya ahıl yaşda istənməyən hamiləliyi önləyir.

Dünyanın bir çox ölkəsində ailələr ödənişsiz formada ailə planlaması seminarlarına cəlb edilir, subay və ya yeni ailə quran gənclər, övladı olan ailələr belə bu treyninqlərdə iştirak edirlər. Bəzi ölkələrdə doğum evlərində qoruyucu vasitələr də ödənişsiz paylanır, bu doğuşlar arası müddətin tənzimlənməsi üçün vacib hesab edilir. Həkimlər bildirirlər ki, doğuşlar arasında minimum 2 il müddət olmalıdır. Əgər birinci uşaqla ikinci uşağın arasındakı zaman bu qədər olmazsa uşağın və ananın həyatında təhlükə yarana bilər. Bu cür hamiləlikdən doğulan uşaqların azçəkili, fiziki qüsurlu olmaları ehtimalı böyükdür, bəzi hallarda ölüm səbəbləri də məhz bu olur.

aile

Ailəni özün planla

Ailə planlaması bu zamanlarda qadınların köməyinə yetir. İndi tibbdə çeşidli qoruma vasitəsindən istifadə edilir ki, bunlar da prezervativ-örtüklər, qoruyucu dərmanlar, dərialtı implantlar və uşaqlıqdaxili spirallardır. Etibarlı və zərərsiz vasitə kimi daha çox uşaqlıqdaxili spirallar və dərialtı implantlar məsləhət görülür.

Prezervativlər bizim dilimizdə “örtük” anlamını verir. Örtük-prezervativ kişi toxum hüceyrələrinin (spermlərinin) qadının vaginal zonasına tökülməsinin qarşısını almaq üçün istifadə edilən vasitədir və o ailə planlamasının tətbiqi üçündür. Həkimlər bildirir ki, əgər doğru şəkildə istifadə edilərsə, örtüklər hamiləlikdən qorunmaq üçün 95-98% etibarlı üsuldur.

Digər üsul isə xüsusi gel-kremlər, xüsusi iynələr və hormonal dərmanlardır. Bu vasitələr spermöldürücüdür və 80-85% etibarlıdır. Amma həkimlərin bir çoxu bu üsulun o qədər də yaxşı seçim olmadığını deyirlər. Belə ki, hamiləlikdən qoruyan bu üsul qadın hormonlarında problem və dəyişiklik yarada bilər.

Həkimlər tərəfindən ən etibarlı və zərərsiz hesab edilən üsullardan biri uşaqlıqdaxili spirallardır. Bu üsulun tətbiqi zamanı uşaqlığın ağzı bağlanır və yumurtalarla spermaların birləşməsinin və hamiləliyin reallaşmasının qarşısı alınır.

Son illər həkimlərin məsləhət gördüyü daha bir qoruyucu vasitə dərialtı implantlardır. Qadının qoluna xüsusi iynə vasitəsi ilə yerləşdirilən implant bədəndə arzuolunmaz hamiləliyin qarşısını alır. İmplant maksimum 3 il müddətinə qoyula bilər, amma, əgər qadın bu müddətdən tez hamilə qalmaq istəyərsə, onu vaxtından əvvəl də çıxartmaq olar, implant çıxarılan kimi bədənin hormonal balansı əvvəlki qaydaya düşür.

Məlumat üçün bildirək ki, Beynəlxalq Ailə Planlaması Federasiyasınının 1995-ci ildə qəbul etdiyi “Nəsil artırma və cinsi haqlar” haqqında xüsusi bildirişi var. Həmin bildirişə görə bütün qadınların nəsil artırma zamanı sağlamlığını qorunmaq üçün qoruyucu vasitələrdən istifadə etmə hüququ var. Sözügedən bildirişə görə qadınların ailə planlaması haqqında lazımlı məlumatlarla tanış olması və olunması da zəruridir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir