cinayet

Qadın və cinayət – ARAŞDIRMA

Baxış sayı: 363

Qadın cinayət törədir. Onun zərif biləklərinə dəmir qandallar vurulur, həbs edilir. Varlığı ilə bir ailənin işığı olacağı təqdirdə, qaranlıq zindanda illərini bada verməli olur. Gözəlliyi dəmir barmaqlıqlara sarılır… Gözləri bu barmaqlıqlar arasından uzanan yollara dikilir. Bu yollarla geri qayıdacağı günü xəyal etdikcə səhvinin nə olduğunu da anlamağa çalışır. Lakin artıq gecdir. Onu bu yollar çox uzun zamandan sonra bir də həyata qaytaracaqdır…

Necə olur ki, qadın cinayət törədir? Necə olur ki, ana-nənələrimizin gecəli-gündüzlü söhbətləri, tövsiyələri qarşılığında qadın cinayətkar olur? Necə olur ki, analarımızın o müqəddəs südü ilə iliklərimizə işləyən qadınlıq zərafətini, ucalığını, incəliyini, munisliyini zora, gücə, əliəyriliyə, dələduzluğa, möhtəkirliyə çevirib cinayət törədir, həbsxana qapılarını üzünə açır? Necə olur ki, analarımızın o dəruni söhbətlərini dinlədikcə ailə, ana olmaq, körpəsini sevə-sevə böyütmək kimi qurduğu ülvi xəyalları bir səhvlə məhv edir?

Qadın və cinayət… Bir-birinin əksi olan bu məfhumlar təəssüflər olsun ki, çox zaman bir araya gəlir. Qadın cinayət törədir. Lakin bunu necə bacarır, necə həyata keçirir, bax, maraqlı olanı da budur. Bizim mentalitetə yad olan qadın və cinayət məfhumlarına rast gələndə təbii ki, düşünməyə, araşdırmağa ehtiyac duyursan…. Dəyərmi görəsən hansısa dünya malı, yaxşı geyinmək, yaxşı qidalanmaq, yaxşı evlərdə yaşamaq, qonşudan geri qalmamaq xətrinə bu munis hisslərdən məhrum olmağa? Dəyərmi? Biz bu əməllərlə nələri itiririk, bax bunun fərqində olan varmı bu qadınlar arasında? Yəni bir cinayəti törədib həbsxana divarları arasında bir neçə il yaşadıqdan sonra real həyata necə qayıdırsan? Sən yenədəmi sənsən? Bax bu sual o qədər maraqlı gəlir ki, insana…

 

Tək özümüz üçün yaşamırıq

Zamanla belə tərbiyə almışıq ki, biz tək özümüz üçün yaşamırıq və yaşamamalıyıq da. İstər cəmiyyətimizin kişi, istərsə də qadınları olsun, qulaqlarımıza hakim kəsilən söz o olub ki, elə yaşamalısan ki, səninlə heç kim utanmasın. Yəni, ilk növbədə, bağçada, məktəbdə, məhəllədə, sonra universitet, iş həyatında, daha sonra ailədə, ümumilikdə cəmiyyətdə özünü elə aparmalı, elə hərəkət etməlisən ki, utandırıcı olmayasan. Bəli, bizim tərbiyəmizin bünövrəsində bu amillər dayanıb həmişə. Səhv hərəkətlərimiz qınaq olunub, valideynlərimizin, müəllimlərimizin, qonşularımızın etirazına, tənbehinə çevrilib. Beləliklə də xarakterimizə doğru olmaq, düzgün yaşamaq, düz yolla getmək kimi keyfiyyətlər sirayət edib. Hələ xüsusilə qızların tərbiyəsi Azərbaycan ailəsində bir başqa xətt təşkil edib həmişə. Onlara ismət, abır-həya, utancaqlıq aşılanıb. Onlara böyüyün-kiçiyin yerini bilmək, həddini aşmamaq, atanın, qardaşın, həyat yoldaşının yolunu gözləmək, hörmətini saxlamaq, qulluğunda durmaq kimi ailə dəyərlərimizi özündə ehtiva edən hisslər aşılanıb. Ən əsası isə qızlarımız ailələrimizdə ana olmağa hazırlaşdırılıb. Onlara ana olmağın sirləri açıqlanıb. Bu şərəfli adın ülviliyi, onun böyüklüyü, eyni zamanda çətinliyi öyrədilib. Bir sözlə, bizə ailələrimizdə “sən tək özün üçün yaşamırsan, sən sabah bir ailənin, bir cəmiyyətin fərdi olacaqsan” deyiblər. Elə yaşa ki, hərəkətindən heç kim utanmasın, söyləyiblər…

 

Qadın və cinayət… Ana və körpə…

Qadın və cinayət. Bu bir-birinə zidd olan iki məfhum həm də yeni bir mövzunu gətirir gündəmə. Ana və körpə məfhumunu. Çünki qadın həm də anadır. O, dünyaya insan bəxş edir. Və cinayəti törətdiyi an bəlkə də hamilədir. Elə hamilə ola-ola da haradasa oğurluq, dələduzluq edir, qətl törədir. Bətnindəki körpəsini də özü ilə birlikdə cinayətə sövq edir. Və bir an olsa belə düşünürmü ki, onunla birlikdə bətnindəki körpəsinin də qollarına qandallar taxılacaq? Onunla birlikdə övladı da məhkum olunacaq?..

Nədir o körpələrin günahı? Onlar nə üçün məhkum olmalıdır? Nə üçün məhbus həyatı yaşamalıdır, nə üçün məhbus qadının dünyaya gətirəcəyi varlıq olmalıdır? Heç qadınlarımız bu barədə düşünürlərmi? Düşünürlərmi ki, mən hamiləyəm, bir neçə aya uşaq dünyaya gətirəcəyəm. Və yaxud da irəlidə ailə həyatı qurub, ailə, uşaq sahibi olacağam. Düşünürlərmi? Düşüncələri cinayətə meyl edəndə, əlləri oğurluğa uzananda, dələduzluq fikirlərinə hakim kəsiləndə, ayaqları onları narkotik alverinə-kimlərinsə ölümünə fərman verməyə aparanda qadın olduqlarını fikirləşirlərmi?

Qadın ürəyi həssas olur, o, necə adam öldürə bilir? Qadın zərif məxluqdur, o, necə risklərə gedib oğurluq edə bilir? Qadın özünə necə yaraşdırır ki, övladlarına tərbiyə verəcək dilindən dələduzluq etməsi üçün yalanlar çıxır? Onu bütün bunlara vadar edən nədir? Əlbəttə ki, bu sualın cavabı o qədər əsassız amillərə bağlıdır ki, dərindən düşünən qadın özünü və gələcəkdə anasından utanacaq övladını o amillərdən asılı etməz. Onu cinayət etməyə meylləndirən hissləri içində boğa, o hisslərlə mübarizə apara bilər.

Qadın zərif məxluqdur,- deyirik. Lakin bu zərifliyi möhkəm iradə tamamlayır. Ona görə də “qadın heç də zəif məxluq deyil, o, yeri gələndə kişidən də güclüdür”,-deyə düşünürük. Bunu həyatda zaman-zaman görmüşük də. Çiyinlərinə ağır yükü həm fiziki, həm də mənəvi olaraq götürən qadınlar görmüşük. Kişi qeyrətli, övladlarını səhərdən axşamadək alın təri axıtmaqla böyüdən, bir loğma çörəyi qıyıb özü yeməyən, onu da övladlarına yedirən analar görmüşük.

Qadın analıq hisslərinə, övladına o qədər bağlıdır ki… Heç olmasa bu iki gözəl hissin xətrinə cinayət törətməsin qadınlar… Çünki qadın və cinayət anlayışı istər-istəməz ana və körpə məfhumlarını da həmin cinayətə “qonaq” edir.

 

Statistika göz yaşardır…

Bəzən baş verən hadisələrin hər birinə “alın yazısıdır”,- deyib özümüzə təsəlli verməyə çalışırıq. Lakin başımıza gələn hadisələrin hamısı alın yazısıdırmı? Bir qadının cinayət törətməsi onun alın yazısı deyil. Həyat yolunu düzgün seçməməsidir.

Son illər qadınların törətdiyi cinayətlərlə bağlı ölkəmizin statistik göstəricilərinə də nəzər saldıq. Ürəkağrıdan faktlarla qarşılaşdıq. Cinayət törətmiş qadınların sayı son 20 ildə ən yüksək göstərici olaraq 2005-ci ildə 2520, 2010-cu ildə 2318 nəfər olmuşdursa, sonrakı illərdə azalan xətt müşahidə olunur. Belə ki, 2019-cu ildə bu hal 1039, 2020-ci ildə isə 869 olmuşdur. Təəssüf ki, bu rəqəmlər ötən iki ildə daha da yüksəlmişdir. Belə ki, 2021-ci ildə qadınlar tərəfindən törədilən cinayətlərin sayı 1168, 2022-ci ildə isə daha da artaraq 1227 olmuşdur. Qeyd olunan illərin hər birində oğurluq, dələduzluq, xuliqanlıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi kimi cinayət növləri üstünlük təşkil edir. Belə ki, 2020-ci ildə qadınlarımız tərəfindən 102 oğurluq, 98 dələduzluq, 34 xuliqanlıq, narkotik vasitələrlə bağlı 83 cinayət törədilmişdir. Təəssüf ki, bu rəqəmlər 2021 və 2022-ci illərdə daha da artmışdır. 2021-ci ildə oğurluğa görə 103, dələduzluğa görə 159, narkotik vasitələrlə bağlı 142 cinayət törədilmişdir. 2022-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 124, 185, və 229 olmuşdur. Sonuncu statistik rəqəmlər həqiqətən də göz yaşardır. Çünki qadınların oğurluq, dələduzluq və narkotik vasitələrlə bağlı cınayətləri ötən il daha çox olmuş, 1227 qadın cinayət məsuliyyətinə cəlb edilmişdir.

1227 cinayət 1227 qadının sorğu-sula çəkilməsi, saxlanılması deməkdir. Lakin bizim adət-ənənələrimizdə qadının ayağının polis, məhkəmə, prokurorluq orqanlarına dəyməsi böyük qüsur hesab edilib. Qadın nədir, həmin strukturlara getdi nədir, deyilib. Buna görə də çox təəssüf edilməli haldır ki, bizim 1227 qadınımız sorğuya çəkilib. Bu qadınlar arasında bir evin işığını əbədilik söndürənlərin, həbsxanada körpəsini dünyaya gətirənlərin də olduğunu nəzərə alsaq, yenə də çox təəssüflər olsun…

 

Qadınların məşğulluğu vacibdir

Bəzən belə bir iddia da ortalığa çıxır ki, qadınlar da, kişilər də işsizlik ucbatından, yəni ehtiyacdan cinayətə əl atırlar. Bəli, tək ehtiyacdan yox, məşğuliyyətsizlik də çox halda boş, avara həyat sürməyə, sonda isə hansısa qruplara qoşulub cinayət törətməyə vadar edə bilir. Təbii ki, burada psixoloji vəziyyət də əsasdır. Lakin hamının düşüncə səviyyəsi bir olmur ki…

Son illər ölkəmizin başçısı tərəfindən əhalinin məşğulluğu, yaşayış səviyyəsinin yaxşılaşdırılması, kasıblığın aradan qaldırılması ilə bağlı bir-birinin ardınca sərəncamlar imzalanır, saysız tədbirlər həyata keçirilir. Yeni iş yerlərinin açılması daim diqqətdə saxlanılır, bununla bağlı göstərişlər verilir. İllərdir, ünvanlı sosial yardımın verilməsi, onun ardınca özünüməşğulluğun tətbiqi əhalinin həyat səviyyəsini özünün yüksəltməsi, dolanışıq yolunu müəyyənləşdirməsi üçün görülən əsaslı tədbirlərdəndir.

Lakin yenə də statistik göstəricilər işsizlik həddinin yüksək olduğunu göstərir. 2022-ci il yanvarın 1-nə olan məşğulluq və işsizlik vəziyyətinə görə ölkədə qadın əhalinin 182, 1 min nəfəri, yəni 57,7 faizi işsizdir. Bu göstərici o deməkdir ki, qadınlarımızın məşğulluğu aid strukturların diqqət və nəzarətində olmalıdır.

Bir sözlə, qadın cinayətlərinin azalması, evlərin çıraqsız, gözlərin yollarda qalmaması, həbsdə uşaqların doğulmaması üçün hər kəs cəhd göstərməlidir. Təbii ki, öz vicdanı daxilində və rəhbərlik etdiyi sahə üzrə…

 

Qadınları cinayətə təhrik etməyək!

Qadınların cinayət törətməsində özlərindən çox, kişilər günahkardırlar. Əgər bu gün qadın cinayətindən danışırıqsa, bu məsələyə toxunmamağımız yanlış olar. Qadınları cinayət etməyə çox halda kişilər sövq edir, bu, faktdır. Onların qadınlığından-diqqət çəkməməsindən, geyimlərinin uyğunluğundan, dillərinin şirinliyindən yetərincə istifadə edirlər. Qadınları öz iyrənc əməllərinə alət edirlər. Bəzən isə kişilərin özləri qadınlara xəyanətləri-aldatmaları, yalan danışmaları, artıq-əskik hərəkətləri ilə onların cinayət törətməsinə səbəb olurlar.

Kişilər, sözüm sizədir, belə etməyin. Bəzən sizi sevən, əsiriniz olan, bəzənsə ehtiyacı olan, övladının bir günlük çörəyi üçün sizə ümid edən qadınlardan bu məqsədlə istifadə etməyin. Axı sizləri də bir qadın dünyaya gətirib. Evlərinizdə həyat yoldaşınız var, qızlarınız böyüyür. Onları düşünün, ətrafınızdakı bütün qadınlara doğmalarınıza baxdığınız gözlə baxın.

Əslində kişilər qadınların qoruyucusudur. Qadınları qoruyun. Onları öz alətinizə çevirmək istəyəndə analığını düşünün. Gözü yolda olan övladlarını fikirləşin. Bəlkə o qadın bir səhv yoldadır, onu bu yoldan qaytarın. Ona yeni bir həyat verin. Bu, həm sizin cəmiyyətimzə, milli mentalitetimizə töhfəniz, həm də Allah qarşısında dəyəriniz olar.

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir