mekteb

Uşaqları məktəbə kim aparmalıdır?

Baxış sayı: 367

Hər il yeni dərs ili başlananda əksəriyyət ailə üçün problem olan mövzu yenidən gündəmə gəlir: uşağı məktəbə kim aparacaq? Elə bu mövzu da ailələrdə söz-söhbətə səbəb olur, narazılıqlar yaradır, incikliyə, küsülülüyə səbəb olur. Uşaqları məktəbə kim aparmalıdır? Bəzi atalar bunun yalnız ananın vəzifəsi, bəzi analar isə atanın vəzifəsi olduğunu iddia edir. Bəs, əslində, necə olmalıdır?

mektebli

 

Qarşılıqlı sayğı, hörmət olan yerdə

Zaman yetişir, böyüyürük, ailə qururuq. Övladlarımız dünyaya gəlir. Hələ məktəbi qoyaq bir kənara, uşaq bağça yaşına çatanda çoxumuzun ailəsində problemlər yaranmağa başlayır. Uşağı bağçaya kim aparacaq? Bu problemlə üzləşən ailələrin ailə vəziyyətinə nəzər salaq. Məsələn, ailədə bağçayaşlı uşaq var. Ata işləyir, ana evdar qadındır. Və yaxud ana da işləyir, ata da. Problem necə yaranır? Ana işləməməsinə baxmayaraq uşağı bağçaya aparmağın atanın vəzifəsi olduğunu bildirir və cavabında isə ata işə yubandığını deyir: sən evdəsən, mən işə yubanaram, özün apar, qoy. Lakin qadın bunu atanın övladına qarşı məsuliyyətsizliyi və qayğısızlığı kimi qəbul edir və öz iddiasında qalır ki, xeyr, sən aparmalısan. Belə olanda isə təbii ki, problemlər yaranır.

Bu barədə bir neçə qadınla söhbətim əsnasında aydın olur ki, baxmayaraq ki, həyat yoldaşlarını övladına qayğısızlıqla ittiham edirlər, lakin əslində məsələ bu deyil. Qadınların əksəriyyətinin bu mövzuda problemi səhər-səhər hazırlaşıb evdən çıxmaqdır. Axı kişilərdən fərqli olaraq qadının bayıra çıxması üçün ən azından bir saata qədər vaxt lazımdır. Bu səbəbdən də həmin işi həyat yoldaşına həvalə etmək istəyir ki, əziyyət çəkib hazırlaşmasın. Və yaxud da qadınlar iddia edir ki, evin bütün işi mənim üzərimdədir. İstəyirəm ki, yoldaşım mənə kömək etsin, heç olmasa, uşağı bağçaya, məktəbə o aparıb-gətirsin. Qadınlardan biri isə söyləyir ki, anası deyib ki, özünü əvvəldən pis öyrətmə. Hər işi çiyinlərinə götürmə, sonra elə bu cür də davam olunacaq.

Başqa bir variant da var ki, bəzən kişilər ərincəklik edir. Və yaxud da qadının işləməməsini fürsət bilir. Düşünür ki, yoldaşım evdə ola-ola, mən nə üçün uşağı bağçaya və ya məktəbə aparmalıyam.

Lakin bu cür düşüncələr həm qadın, həm də kişilər üçün tamamilə səhvdir. Bir ömrü bir yerdə paylaşmaq istəyən gənclər arasında bu söhbətlər əsla yaranmamalıdır. Birincisi, övlad hər iki valideynə məxsusdur. Onun qayğısına da hər iki tərəf eyni dərəcədə qalmalıdır. İkincisi, bu iş ailədə iki nəfərin bir-birinə sayğı və hörmətinin göstəricisi olaraq tənzimlənir. Qadın kişini, kişi də qadını düşünürsə, gündəlik gördüyü işləri nəzərdən keçirirsə, işlədiyi yeri, oradakı vəziyyəti, iş saatını, işə qədər olan yolu götür-qoy edə bilirsə, uşağın məktəbə kimin aparıb-gətirməsi öz-özünə tənzimlənir.

valideyn

Ailə, iş vəziyyəti əsnasında…

Yuxarıda qeyd etdiyim kimi, uşağı məktəbə aparıb-gətirmək, əslində, dava-dalaşsız, qarşılıqlı anlaşma şəraitində ailə, iş vəziyyəti əsnasında tənzimlənməlidir. Məsələn, qadın işləmir, evdardır. Lakin kişi işləyir, bağça, məktəb də düz yolunun üzərindədir. Belə olan halda baxmayaraq ki, həyat yoldaşı evdədir, o, uşağı özü məktəbə qoya bilər. Və yaxud da kişi işləyir, yolu uzundur, özü istəsə belə, həyat yoldaşı razı olmamalıdır ki, uşağı bağçaya, məktəbə aparsın. Deməlidir ki, sənin yolun uzundur, işə yubanarsan, problem yaranar, mən özüm aparacağam.

Uşağı bağça-məktəbdən götürmək də eynilə. Ata evə qayıdanda övladını bağçadan, məktəbdən götürə biləcəyi təqdirdə, nə üçün bunu həyat yoldaşının etməsini düşünməlidir? Ona görə ki, o, işləmir, evdədir? Bəs evə çatarkən gördüklərini kim edir? Səliqəli ev, hazır isti yemək, isti çay, ütülü paltarlar… Axı bunların hamısı qadının üzərindədir. Odur ki, yolüstü uşağı götürüb evə gətirmək işləməyib evdə oturan qadınların üzərinə vəzifə olaraq qoyulmamalıdır. “Sən bir də zəhmət çəkib çıxma, mən onsuz da oradan keçirəm, uşağı götürüb gələrəm” düşüncəsinə sahib olmaq gözəl deyilmi?..

Beləliklə, ailədə hörmətə əsaslanan bir bölgü yaranır. Bu bölgü isə hər iki valideyni övladının qayğısına qalmağa sövq edir.

valideyn

Həm ata, həm ana işləyərsə…

Əksər ailələrdə isə həm ata, həm də ana işləyir. Bu isə haqqında danışdığımız mövzunu daha da çətinləşdirir. Lakin araşdırmalarım nəticəsində məlum olur ki, hər iki valideyni işləyən uşaqların məktəbə aparılıb-gətirilməsi valideynlərindən biri işləyən uşaqlardan daha asan olur. Düşünürəm ki, bu, hər ikisi işləyən valideynlərin ya bir-birini dərindən başa düşməsindən, ya da bir-birinə hörmətlərindən irəli gəlir.

Söz yox ki, ər-arvadın hər ikisinin işlədiyi, lakin uşaqların məktəbə aparılıb-gətirilməsi problemini yaşayan ailələr də az deyil. Bu, yuxarıda vurğuladığım kimi, bir-birini anlamamaq, bunun ananın və yaxud atanın vəzifəsi olduğunu iddia etmək səbəbindən yaranır. Lakin belə bir sual çıxır meydana: hər iki valideyn işləyirsə, axı bu, onlardan birinin vəzifəsi nə üçün olmalıdır?

Təbii ki, burada da iş yeri, yol məsafəsi, işin ağırlığı, yüngüllüyü əsas götürülməlidir. İş var ki, 9-da, iş var ki, 9.30-da, iş var ki, 10-11-də başlayır. Həmçinin də çıxış saatları da fərqli olur. Belə isə ata və ana öz aralarında uşaqların bağçaya və ya məktəbə aparmağı və gətirməyi planlaşdırmalı, bir-birinin vəziyyətinə sayğı ilə yanaşmalıdırlar.

“A” adlı qadın deyir ki, yoldaşın da işləyir, mən də. Hər ikimizin işi 9-da başlayır. Və hər ikimiz üçün evlə iş arasındakı məsafə eynidir. Lakin yoldaşım uşağı məktəbə aparmağın mənim borcum olduğunu söyləyir. Bunun üçün ailəmizdə tez-tez dava-dalaş olur. Ona heç cür anlada bilmirəm ki, axı səhər tezdən sən tək özün hazırlaşıb çıxırsan. Mən isə səhər yeməyini hazırlayıram, yataqları qaydaya salıram. Uşağın əyin-başına nəzər yetirirəm, özüm hazırlaşıram, nəticədə isə çatdıra bilmirəm. O mənə nə desə yaxşıdır: bir az da tez oyan.

Anam görür ki, ailəmizdə söz-söhbət yaranır, bəzi işlərdə mənə kömək etməyə çalışır. İnanın ki, anam yardım etməsə, bu qədər işin içindən çıxa bilmərəm.

Mən qadına sual verəndə ki, bəs uşağın dərsləri ilə necə, yoldaşın məşğul olurmu? Cavabında dedi ki, əsla.

“C” adlı qadın isə deyir ki, yoldaşımla ikimiz də işləyirik. Onun işi mənimkindən bir saat sonra başlayır. Lakin buna baxmayaraq deyir ki, uşağını apar, qoy məktəbə, oradan da işə get. Hansı ki, biz hazırlaşıb evdən çıxanda, o, televizorun qarşısında əyləşir. Mən də münasibətlərin kəskinləşəcəyindən qorxub məsələni çox qabartmıram. Bilirəm ki, bir-iki dəfə bu barədə söhbət açsam, söz-söhbət uzanacaq, aramızdakı pərdə götürüləcək. Məhz buna görə susuram.

Beləliklə, göründüyü kimi, bəzən bir həyatı, bir ömrü paylaşmağı seçən iki gənc yolun yarısındaca belə anlaşmazlıq içərisində qalır. Bu isə bəzən ailələrin dağılmasına qədər gedib çıxır.

valideyn ve usaq

Tanıdığım ailələr var

Hər ikisi çalışan, əri işləyib özü evdar qadın olan, uşağa görə məzuniyyət götürən ailələr tanıyıram. Müzakirə etdiyimiz mövzunun xoşagəlməz tərəfindən danışdıq, indi isə bir qədər də yaxşı tərəfinə nəzər yetirək. Tanıdığım ailələr var ki, uşağın bağçaya və ya məktəbə aparılıb-gətirilməsi onlarda heç vaxt söhbət belə olmayıb. Bu ailələrlə söhbətim zamanı məlum oldu ki, heç onlar özləri də bilməyib ki, uşağı bağçaya-məktəbə aparmaq necə olub ki, atanın və ya ananın üzərinə düşüb. Sanki bu, elə belə olmalıymış kimi öz-özünə yaranıb.

“N” adlı kişi deyir ki, işləyir, lakin yoldaşı hələlik işləmir. Uşağı məktəbə özü aparır. Dəfələrlə yoldaşının ”sən işə yubanarsan, mən özüm aparım, sən rahat işinə get” deməsinə baxmayaraq belə cavab verib: “mən onsuz da evdən çıxıram da. Sən nə üçün əziyyət çəkməlisən ki?”. Beləliklə, uşağın məktəbə getməsini ata, götürülməsini isə ana həyata keçirir. Mən sual verəndə ki, bəs, yoldaşınız işləsə necə edəcəksiniz? “N” dedi ki, mən həmişə özüm aparacağam oğlumu. Anasının o qədər işləri olacaq ki, o zaman. Həqiqətən də belə ailələrə heyrət etməmək olmur…

“D” adlı qadının da söylədikləri yuxarıdakı söhbətə bənzəyir. O, deyir ki, yoldaşımla hər ikimiz işləyirik. Uşaqlarımızdan biri bağçaya, digəri isə məktəbə gedir. Hər ikisini yoldaşım aparır. Mən isə götürürəm. Bunun üçün biz bölgü aparmamışıq. Elə bil belə olacaqmış kimi olub. Hələ çox vaxt həyat yoldaşım gileylənir ki, sən əziyyət çəkib uşaqları götürürsən. Onsuz da evdə bu qədər işlərin var.

ders

Düşüncə xarakterdir

Söhbətləşdiyim müsahiblərimin hər birinə eyni sualı verdim: bir-birinizi sevib ailə qurmusunuzmu? Bu suala “bəli” deyənlər də oldu, “xeyr” deyənlər də. Lakin sevib ailə quranlarda da bu mövzu ikilidir, ailə qurmaq xətrinə ailə quranlarda da. Odur ki, belə qənaətə gəlirəm ki, bir həyatı paylaşmaq üçün nikah masasına əyləşmək o demək deyil ki, verilən sözlərə hər zaman əməl olunur. Göründüyü kimi, ən kiçik bir işi yoldaşının vəzifəsi sayanlar da, bu vəzifə bölgüsü barədə düşünməyənlər də var. Deməli, sevgidən də öndə düşüncə, insanın bir-birinə sayğısı, hörməti dayanır. Bu, sevib evlənməklə və yaxud müxtəlif tanışlıqla ailə qurmaqdan asılı olmayaraq belədir.

Düşüncə xarakterdir. Düşünürsənsə, hörmət etməyi də bacarırsan. Düşünürsənsə, qayğılarının nədən ibarət olduğunu da anlayırsan. Deməli, uşaqları məktəbə kim aparmalıdır sualının cavabı belədir: düşüncən nə deyirsə…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir