masin

Qışda avtomobillərə necə qulluq etməli?

Baxış sayı: 240
Qış mövsümünün gəlişi ilə şaxtalı-qarlı hava şəraiti sürücülər üçün müəyyən çətinliklər yaradır.
Avtomobilin qış mövsümünə hazırlıqlı olmaması isə həm sürücülərin büdcəsinə təsir edir, həm də yollarda təhlükəli vəziyyətin yaranmasına səbəb olur.
Bunun qarşısını almaq üçün öncədən tədbir görmək daha yaxşı olar.
Bəs qış mövsümündə avtomobillərə necə qulluq olunmalıdır? Nələrə diqqət etmək lazımdır?
Bu və digər suallara cavab tapmaq üçün paytaxtın avtomobil servis mərkəzlərindən birinə üz tutduq.
Müştərilərlə iş üzrə xidmət meneceri Nicat Rüstəmov deyir ki, havaların soyuması ilə servisə müraciət edənlərin sayı artıb. Məsələ burasındadır ki, müştəri yalnız problem aşkara çıxanda usta yanına gəlir.
Lakin elə məsələlər var ki, onlara öncədən diqqət yetirilsə, həm risk azalar, həm də büdcəyə qənaət olar: “Antifriz sistemindəki nasazlıq maşınları qızdırır, sobanın radiatoru partlayır. Antifriz sistemi dəyişilməsə, bütün sistemə təsir göstərir.
Nəticədə salon qızmır. Antifriz sistemi ən azı 60 min km-dən bir dəyişməlidir. Sadəcə, əlavə məqsədlə yox. Çox adam baxır ki, antifriz azdır, 1 lt əlavə edir. Bu, düzgün deyil. Ümumi sistem yenilənməlidir. Radiatorun içi boşalmalıdır, yuyulmalıdır.
Həmçinin əyləc mayesi var ki, boruların içi təmizlənməlidir, havası çıxmalıdır. “Nakladka”lar vaxtında dəyişilməli, təkərlərin havasına baxılmalıdır”.
Müsahibimiz suyun donmasının qarşısını almaq üçün xüsusi mayelərdən istifadə etməyi məsləhət görür. Onun sözlərinə görə, əgər maye tökülməzsə, donma baş verir. Bu isə mühərrikin işinə mənfi təsir edir.
Rezinlər quruyur, nəticədə avtomobil işə düşəndə ləngimə baş verir. “Bu mayeni iki həftədən bir istifadə etmək məsləhətdir” deyən Nicat Rüstəmov faralara diqqət etməyi, müəyyən vaxtdan bir düzgün tənzimlənib-tənzimlənmədiyini yoxlamağı məsləhət görür:
Soyuq havada avtomobil işə salınmadan öncə qızdırılmalıdırmı? Bu məsələyə Vaqif usta aydınlıq gətirib: “15-20 dəqiqə vaxt ayırmaq lazımdır. Bu zaman avtomobildə olan kondensatorlar çıxır. Qızdırılmadıqda isə mühərrikin yağını israf edə bilər. Qızdırılmamış maşına qaz verib çıxmaq olmaz. Hazırda əksər maşınların sürət qutusu avtomatik işə düşür. Mühərrikdə təzyiqin yüksək olması yağı çıxarır. “Avtopasos”un olması önəmli deyil”.
Usta qeyd edib ki, antifriz yalnız donmaya qarşı istifadə olunmur: “Antifrizin faizi var. Mühərrikdə suyu tənzimləyən xüsusi qurğu antifriz vasitəsilə yağlanır. Faiz aşağı düşdükdə, yağlılığın keyfiyyəti azalır. Nəticədə həmin qurğu sıradan çıxır. Belə fikir var ki, bu, qurğunun keyfiyyətsiz olması ilə bağlıdır. Lakin bu, düzgün fikir deyil. Mühərrikə vaxtı-vaxtında qulluq etmək lazımdır. Antifriz zamanında dəyişilsə, əlbəttə ki, nasazlıq olacaq”.
Havalar soyuyanda sürücülər salonun qızmamasından şikayət etməyə başlayırlar. Vaqif usta bunu sudan istifadə ilə əlaqələndirir. Onun sözlərinə görə, bu, radiatoru sıradan çıxarır və nəticədə radiatoru dəyişdirməyə ehtiyac yaranır. Yayda isə avtomobildə qızma baş verir. Buna görə də sudan istifadə etmək məsləhət deyil.
Usta şüşətəmizləyənlər üçün istifadə olunan xüsusi mayenin həm rezinlər, həm də ümumi mexanizm üçün faydalı olduğunu bildirib. Əyləc mayesinin zamanında istifadəsi isə həm “salnik”lər, həm də əyləc şlanqlarının işini tənzimləyir.
Təkər ustası Yaqub Hacıyev isə sürücülərə qış mövsümündə təkərlərə qulluqla bağlı məsləhətlər verib: “Qış mövsümündə məhz qış üçün nəzərdə tutulmuş təkərlərdən istifadə etmək lazımdır. Bu da noyabr ayına təsadüf edir. Ondan sonra yerlərinin vaxtı-vaxtında dəyişilməsi, “razval”a, balansa nəzarət olunmalıdır. Nəzərdə tutulan hava təzyiqinə diqqət etmək lazımdır. Təzyiqi az qoymaq düzgün deyil. Hətta avtomobilin ön sol tərəfindəki təkərlərin üzərində ölçüsünə uyğun təzyiq də qeyd olunub”.
Ustanın sözlərinə görə, təkərləri zəncirləmək mütləq deyil. Məhz qış mövsümü üçün nəzərdə tutulmuş təkərlərdən istifadə olunarsa, heç bir narahatlığa əsas yoxdur.
Yolunuz açıq olsun!



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir