restoran

Ramazanda Bakı restoranlarının iftar süfrələri – QİYMƏTLƏR

Baxış sayı: 233

Ramazan ayı ilə bağlı şadlıq sarayları və restoranlarda toyların sayı, eləcə də kafelərdə müştərilərin sayı azalsa da, sözügedən kommersiya obyektləri bundan çıxış yolunu iftar və sahur menyuları tərtib etməkdə görürlər.

Bir çox tanınmış brend restoranlar iftar menyularına xüsusi endirimlər etməklə oruc tutanları dəvət edirlər.

Məsələn, “MADO Azərbaycan”da həm sahur, həm də iftar menyusu təklif olunur. Sahur menyusu 13 manat, iftar menyusu isə 22 manatdır.

“Dafne restaurant” da oruc tutanlar sahur və iftar saatlarını rahatlıqla keçirə bilərlər. Burada da iftar menyusu 22 AZN, sahur menyusu 13 AZN-dır. Restoranla müştəri qismində əlaqə saxladıq və bizə bildirdilər ki, iftar menyusuna 3 növ şorba, 3 növ salat, soyuq və isti ana yeməklər, desertlər, sərinləşdirici içkilər və limitsiz çay daxildir. Lakin müştəri təqdim olunan hər növdən birini seçməlidir.

“Özsüt Baku” restoranı da bu il Ramazan ayı üçün həm sahur, həm də iftar menyusu təklif edir. Sahur menyusunun qiyməti 13 manatdır. Menyudan istifadə 7 yaşa kimi uşaqlara pulsuz, 7 yaşdan 15 yaşa kimi 50 faiz endirimlə təklif edilir. İftar menyusu isə 22, 26, 30 manat arasında dəyişir.

“Salam Aleykum” restoranında iftar menyusu 25 manatdır, “Qoş ət”də 20 manat, “Manqalüstü”ndə isə 19 manata iftar etmək mümkündür. “Mərkəz Lahmacun”da 12,5 manata, “Pizza İnn”də 12,5manata, “İzmir”də 10 manatdan 20 manata qədər hər qiymətə orucu açaraq, menyuda təqdim olunan yeməklərdən istifadə etmək olar.

“Kolorit CafeDining” Nizami küçəsindəki (Torqoviy) filialında 9 manatlıq imsak menyusuna 30-dan çox yemək çeşidlərindən ibarət açıq bufet daxildir. İftar menyusu isə 16 AZN-dir. Bu qiymətə şorbalar, salatlar, ana yeməklər, qarnirlər, qəlyanalıtlar, içkilər, meyvələr, çərəzlər və desertlərdən istifadə edə bilərsiniz.

“Sahil Bar Restaurant”da iftar menyusu 15 və 18 manata təklif olunur. Qiymət fərqi menyudakı yeməklərdən asılı olaraq dəyişir. Müştəri seçilən yeməklərin sayına görə menyu tərcih edir. “Günaydın” restoranında isə iftar 60 manata başa gəlir. “Four Seasons Hotel”in restoranında da 7 çeşid yeməklə iftar menyusu 60 manatdır.

Təbii ki, qeyd etdiyimiz sonuncu qiymətlər sadə vətəndaşların büdcəsinə uyğun deyil, bu restoranların da öz müştəri kateqoriyası var. Bəzi restoranlarda hətta iftar vaxtı boş yer tapmaq müşkülə çevrildiyindən, öncədən zəng edib masa sifariş vermək daha məqsədəuyğundur.

Şadlıq saraylarının bəziləri də bu ayda müştərilərini itirməmək üçün iftar süfrələri ilə bağlı sifariş qəbul edirlər. Əlaqə saxladığımız restoranların bir qismi iftar süfrələri açmadıqlarını desələr də, bəziləri daha ucuz qiymətlərlə 50-100 nəfərlik iftar süfrələri ilə bağlı sifariş aldıqlarını bildirdilər. Məsələn, “Lake Palace”da, bir nəfər 18 manatdan olmaqla istənilən sayda qonağa iftar süfrəsi açmaq mümkündür (Musavat).

Əlaqə saxladığımız “Golden Ring”, Sərin, Su səsi, Səma, Xudafərin və digər şadlıq saraylarından bəziləri ümumiyyətlə, iftar süfrələri ilə bağlı təcrübələrinin olmadığını bildirsələr də, bəziləri sifariş əsasında banket zallarından birində bunu təşkil edə biləcəklərini dedilər. Qiymət isə iftar süfrəsi üçün seçilmiş yeməklərdən asılı olaraq müəyyən edilir.

Qeyd edək ki, şadlıq sarayları əsasən Ramazan bayramından sonrakı toy sezonuna hazırlaşır. Artıq bəzi tanınmış şadlıq evlərində iyun və iyul aylarının istirahət günləri tutulub, həftə içi günlərdə isə boş gün tapmaq mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir