llzdtCdlT6sW7quIm2aCXp25PrRYtRXTBsdyHlNf

Sərhədlərin ayıra bilmədiyi cütlük

Baxış sayı: 462

İki fərqli ölkədə yaşasalar da, yardımsevərlikləri onları bir-birinə bağlayıb. Dil biliklərini inkişaf etdirmək üçün istifadə etdikləri tətbiq bir ailənin təməlini qoyub. O təməl ki, qıza Koreyanı sevdirib, oğlana ilk dəfə tanıdığı Azərbaycanı. Nə din, nə dil, nə məsafə onların sevgisinə mane olub. Hər iki ölkənin milli adət-ənənələrinə hörmət edərək ailə qurublar. “Ailə” rubrikamızın qonaqları Koreyada yaşayan cütlüyümüz Seungri Lee və Ümman Leedir. Seungri aşpaz, Ümman isə aktrisa, modeldir. Həmçinin, ölkəmizi, mədəniyyətimizi Koreyada tanıtmaq üçün youtube layihələri (https://www.youtube.com/@UmmanVictor) də var. Ümman həm də orada ingilis dilini tədris edir. Deyir, Azərbaycanı Koreyada təbliğ etmək üçün əlindən gələni edir: “Youtube layihəmdə həm Koreya, həm də Azərbaycan haqqında məlumat verirəm. Hətta o qədər insanla rastlaşmışam, deyirlər ki, sizin ölkəni ermənilərdən eşitmişik, belə gözəl, tolerant, müasir olduğunuzu bilmirdik”.

 

“Heç vaxt “heç vaxt” demə”

Ümman deyir ki, Seungri ilə danışana qədər virtual tanışlığı dəstəkləməyib. Düşünüb ki, realda ünsiyyət qurmadığın insana güvənməməlisən. Hətta özünün də sosial şəbəkədə sevgi münasibəti qurmamaqla bağlı prinsipləri olub: “Heç vaxt “heç vaxt” demə. Bakıda magistr təhsili alırdım, yoldaşım isə həmin ərəfədə Avstraliyada aşpaz işləyirdi. Tanışlığımız da təsadüfən oldu. Həm ingilis dilimi inkişaf etdirir, həm də Koreya dilini öyrənirdim. 3 ay dilimizin inkişafı üçün sadəcə xarici vətəndaş kimi danışırdıq. Seungrinin Azərbaycan haqqında heç bir məlumatı yox idi. İlk tanıdığı azərbaycanlı idim. Ölkəmiz haqqında məlumat verir, aşpaz olduğu üçün plov, dolma, kababımızdan danışırdıq. 3 ay sonra gördük ki, düşüncələrimiz, xəyallarımız üst-üstə düşür. Seungri mənim ilk sevgilimdir. Valideynlərim mühafizəkar olduğu üçün qarşı cinslə həmişə məsafəli olur, güvənmirdim. Amma Seungriyə etibar etdim. O da dedi ki, səni yaxından tanımaq üçün Azərbaycana gəlmək istəyirəm. Əslində, belə tez gələcəyinə inanmırdım. Biletinin şəklini çəkib göndərdikdə, təəccübləndim”.

“Ümmanın ürəyini sevdim”

Koreyalı kürəkən Seungri Leenin isə diqqətini Ümmanın da onun kimi xeyriyyəçiliklə məşğul olması çəkib. Deyir, Ümmanla eyni düşünür, eyni cür addım atırlar: “Bizi bir-birimizə bağlayan ilk hiss mərhəmət idi. Ümmanla danışarkən o Bakıda, mən də Avstraliyada xeyriyyəçilik edir, ehtiyacı olanlara yardım etmək üçün çalışırdıq. Atacağımız addımlarla bağlı tez-tez fikir mübadiləsi aparırdıq. Mən qazandığımın bir qismini, Ümman da xərcliyini ianə edirdi. Mən Ümmanın ilk olaraq ürəyini sevdim. Dünyada hər kəs gözəlliyi sevir. Xüsusilə kişilər istəyər ki, yanındakı xanım gözəl olsun. Amma bu, evlənmək üçün kifayət deyil. Mənim üçün önəmli olan qəlbin gözəlliyidir. Qəlbi gözəl insanın üzü də, başqa insanlara olan münasibəti də gözəl olur”.

 

“Şahzadəm ağ atla olmasa da, ağ təyyarə ilə gəldi”

7 aylıq virtual danışıqdan sonra Seungri Ümmanı görmək üçün Azərbaycana gəlir. Deyir, Ümman realda daha gözəl, qayğıkeş idi: “Görüşənə qədər videogörüntü ilə danışmışdıq. Gözlədiyim kimi gözəl, mərhəmətli, saf idi”. Ümman: “İlk görüşdə hər cür hiss keçirdim. Həm həyəcan, həm qorxu, həm sevinc. Amma onunla danışan kimi inanmışdım ki, bu insan məni yarı yolda qoymaz. O gələnə qədər sanki ağ atlı şahzadəmi gözləyirdim. Bəzən zarafat edirik ki, şahzadəm ağ atla olmasa da, ağ təyyarə ilə gəldi”.

“Qayınatam din fərqinə görə narahat idi”

Gənclər özləri evlənməyə qərar versə də, ailələrinin razılığını almaq asan başa gəlməyib. Seungri də, Ümman da bunun üçün mübarizə aparmalı olub.

Ümman: “Hər dəfə özümüzə sual verirdik ki, valideynlər razı olmasa, biz nə edəcəyik? Seungri deyirdi ki, onlardan ən az biri razı olsa, mən onun gücü ilə hamını razı salana qədər mübarizə aparacağam. Görüşümüzdən sonra Seungri ailəsi ilə danışmağa getdi. Yoldaşımın ailəsi xristiandır. Mən isə İslam qaydalarına uyğun böyümüşəm. Qayınanam bizi ilk dəstəkləyən insan oldu. Qayınatam isə narahat idi ki, dini fərq ailədə problem yaradar. Amma Seungri onu da razı saldı”.

Seungri: “Mənim üçün ölkənin, dinin, dilin heç bir fərqi yoxdur. Anam açıq düşüncəli insandır. Dedi ki, əsas sənin sevməyindir. Atamı isə din, məsafə, fərqli ölkələr qorxudurdu. Amma yenə də fikirlərimə hörmət etdilər və məni dəstəklədilər”.

 

“Anam həmin an faciəli nə varsa, hər şeyi düşündü”

Ümman bir müddət bu barədə ailəsinə deməyə cəsarət etməyib. Seungrinin ailə ilə tanışlığa gəlməyinə qısa müddət qalmış o, danışmağa “məcbur” olub: “Ailəm Naxçıvanda yaşayırdı. Yoldaşım gələnə yaxın ailəmə dedim, gözlədiyim kimi anam qarşı çıxdı. Dedi ki, xarici vətəndaşdır, tanımırıq, birdən səni aldadarlar, başqa məqsəd üçün apararlar. Anam həmin an faciəli nə varsa, hər şeyi düşündü. (gülür – A.Ə.). Sonra dedi ki, lap fikri ciddi olsa da, uzaqdır, biz necə gedib-gələcəyik? Atam isə “Əgər bir insan vaxtından, pulundan keçib uzaq ölkədən bizimlə görüşməyə gəlirsə, qarşımıza alıb dinləməliyik”, dedi”.

“Xoş gəlmisən, mənim balam”

Ümmanın ailəsi də, Seungri də tanışlıq üçün Bakıya gəlirlər. Ümman deyir, anasının narazılığı onu həyəcanlandırıb: “Ailəm Seungri ilə məni Sabir bağında gözləyirdi. İlk olaraq mən valideynlərimlə görüşdüm. Bir də gördüm, atamla anam Seungrini qucaqlayıb (gülür – A.Ə). Valideynlərim xarici dil bilmir. Amma Seungriyə Azərbaycan dilində “Xoş gəlmisən, mənim balam” deyib qucaqladılar. Valideynlərim suallar verdi, mən tərcümə etdim. Hətta Seungri orada dedi ki, Ümman da mənimlə Koreyaya gedib, ailəmlə tanış olsun. Atam buna qarşı çıxdı. “Bizdə qız nişanlanmamış kənara gedə bilməz. Birinci valideynlərin gəlməlidir, biz tanımalıyıq, razıyıqsa, söz, nişan olmalıdır” dedi”. Seungri də ailə görüşünə gəlməzdən öncə narahat olub: “Ümman anasının narazılığını əvvəldən mənə demişdi. Amma məni görən kimi qucaqlayıb ötürdükləri doğmalığı hələ də hiss edirəm. İlk dəfə gördükləri insan idim, amma məni qucaqlayıb üzümdən öpəndə dedim ki, bu ailə mənim ailəmdir”.

 

“Koreyalı ailə qırmızı yaylıq, üzük, şokoladla gəlmişdi”

Cütlüyümüzün elçiliyi də adət-ənənələrimizə uyğun olub. Ümman deyir, elçilikdən öncə koreyalı qohumlar adətlərimizi öyrəniblər: “Onlar elçilikdən öncə Koreyada yaşayan azərbaycanlı ailədən bütün lazımi məlumatları alıblar. Özüm də təəccübləndim, tam hazırlıqlı idilər. Qırmızı yaylıq, üzük, şokoladla gəlmişdilər”.

Seungri: “Bizim ölkədə elçilik adəti yoxdur. Mədəniyyət fərqini ilk dəfə o zaman hiss etdim. Hər bir ölkənin adət-ənənələrinə hörmət etmək borcumuzdur. Biz də hörmət əlaməti olaraq araşdırdıq, maraqlandıq və əməl etməyə çalışdıq”.

Ümman: “Elçilikdə danışa bilməsələr də, bir-birlərinə bədən dili ilə izah etməyə çalışırdılar. Nənəm, babam çox gülməli idi. Bizdə adətən, elçilik zamanı gəlin utancaq şəkildə oturur. Mən isə ortada tərcüməçilik edir, elçiliyimizi aparırdım”.

 

“6 saat dayanmadan necə oynayacağam?”

Qız toyu Naxçıvanda, oğlan toyu Koreyada olub. Ümman hətta toyda rəqs etmələri üçün koreyalı qohumlarına Azərbaycan rəqslərini də öyrədib.

Seungri: “İlk təəccübləndiyim nüans sizdə toyların müddətinin çox olmasıdır. Koreyada toylar qısadır. 30 dəqiqə evlilik hissəsi olur, sonrakı 1 saat ərzində yemək yeyilir və bitir. Rəqs yoxdur. Sizin toyun 6 saat olduğunu biləndə təəccübləndim. Düşündüm ki, 6 saat necə dayanmadan oynayacağam. Elə bilirdim ancaq oynamalıyıq” (gülür – A.Ə.).

“Mən hanbok, Seungri milli geyim geyindi”

Ümman: “1-2 rəqs hərəkətini öyrətdim. Çünki bizdə mütləq bəy tərəfini rəqsə dəvət edirlər. Koreya toyunda da 2 saatın içində toyun bitməsi məni təəccübləndirdi. Maraqlı odur ki, burada şadlıq sarayı deyil, evlilik zalları var. Orada gəlinin geyimindən tutmuş, gülünə qədər hər şey təqdim olunur. Toyun keçirilməsi də tam fərqlidir. Yemək hissəsinə keçdikdə isə, koreyalılar milli geyimləri olan hanbok geyinirlər. Seungri mənə demişdi ki, sən hanbok geyinərsən, mən də Azərbaycan milli geyimi ilə çıxacağam. Anam onun üçün milli geyim də gətirmişdi. Zalda bu, hamıya maraqlı gəldi”.

 

“Həyat yoldaşım aşpaz olmasa, ac qalardım”

Koreya ilə Azərbaycan mətbəxi tam fərqlidir. Bu Ümmana çətinlik yaradıb. Amma deyir, Seungrinin aşpaz olması onun şansıdır: “Yeməklərinə öyrəşmək çox çətin oldu. Biz çörək yeyən millətik, koreyalılar isə çörək əvəzinə düyü yeyirlər. Çörəyi desert kimi yeyir, hətta şirniyyata da çörək deyirlər. Yeni gələndə gözüm doyurdu, mədəm isə yox. Özümü daim ac hiss edirdim. Koreyalılar dəniz məhsullarından çox istifadə edirlər. Onların qoxusu mənə təsir edirdi. Həyat yoldaşım aşpaz olduğu üçün şanslı idim, başqa ölkələrin yeməyini hazırlaya bilirdi. Yoxsa mən ilk vaxtlar ac qalardım. Zamanla bəzi yeməklərə öyrəşdim. Koreyalılar sevə-sevə çiy balıq yeyirlər. Bu, məndə alınmır. Azərbaycan yeməklərini də burada bişirmək mümkün deyil. Çünki tərəvəzlərin dadı fərqlidir, bizdə olan bitkilər burada yoxdur. Keşniş, şüyüd, tərxun demək olar ki, tapılmır, tapsaq da, çox bahadır. Biz tomat pastası istifadə edirik, bu, onlarda yoxdur. Öz spesifik sousları var. Ən əsası, Koreyada kabab bişirmək olmur. Çünki ocaq qalamaq qadağandır. Bəzən yalançı dolma bişirirəm, o da eyni dad deyil”. Seungri isə azərbaycanlıların ev yeməklərini bəyənir: “Evdə bişən yeməklər möhtəşəmdir. Qayınanamın bişirdiyi dolma, ətli yeməklər çox dadlı idi. Xüsusilə, kababın dadından doymadım”.

 

“Ümman qab yuyanda, mən yemək bişirirəm”

Cütlüyümüz ev işlərini də bərabər bölüşürlər. Seungri deyir, kişi evdə həyat yoldaşına dəstək olmalıdır: “Keçmiş mədəniyyət tarixinə baxanda bizdə də kişilər çöldə işləyib pul qazanar, qadınlar evdə işləyərdi. Amma yeni nəsildə həyat fərqlidir. Qadın da, kişi də bərabərdir. Çünki hər ikisi çöldə işləyirsə, ev işləri də bərabər bölüşdürülməlidir. Ümman qab yuyanda, mən yemək bişirirəm, o bişirəndə isə, mən yuyuram. Yaxud, o paltar yuyursa, mən sərirəm”.

Ümman: “Mən yoldaşıma qıymır, hər işi onun görməsini istəmirəm. Çalışıram özüm edim, amma o, mənə kömək edir. Əslində, bu, xoşuma gəlir. Məsələn, bizim evdə atamız bunu etməyib. Koreyada əgər uşaq dünyaya gəlibsə, həyat yoldaşları demək olar ki, bütün işi özləri edir”.

 

“Koreyada heç kim məni qınamayıb”

Sosial şəbəkələrdə hətta Ümmanın koreyalı bəylə ailə qurması müzakirələrə səbəb olmuşdu. Bu məsələ Ümmanı kədərləndirib: “Koreyada irqçi insanlarla rastlaşmamışam. Heç kim məni başqa ölkədən olduğum üçün qınamayıb. Ona görə də, ölkəmdə bu müzakirələr mənə çox pis təsir etdi. Hələ də insanlara görünüşünə, dininə, millətinə görə lağ edənlər var. Hamımız insanıq. Bizi birləşdirən dəyər insan olmaqdır. Bunu uşaqlar edəndə düşünürdüm ki, böyüyəndə anlayacaq. Yaşlı nəsildən eşitmək təsirli idi. Adət-ənənəyə bağlılıq çox gözəldir. Biz də bağlıyıq ki, bütün proseslər adətlərimizə uyğun oldu. Üstəlik burada da ona riayət edir, ölkəmizi hər fürsətdə tanıtmaq üçün əlimdən gələni edirəm”.

 

“Niyə insanlara sevgidə fərq qoymalıyıq?”

Seungri: “Qlobal dünya sərhədlərə, ölkələrə, millətlərə, dinlərə görə ayrılıb. Amma bizim hamımızı Allah var edib. Onun sevgisi hər kəs üçün bərabərdir. Biz insanlar sevgini sanki özümüz yaratmışıq kimi “bir azərbaycanlı bir koreyalı ilə ailə qura bilməz”, yaxud, “bir ölkədən olan insan başqa ölkədən olan insanı sevə bilməz” kimi fərqlər, qaydalar qoyuruq. Bizim münasibətimizdə əsas bir-birimizə olan saf sevgidir. Ona görə, heç bir fərqlilik ailə qurmağımıza mane ola bilməzdi”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir