leman eleshrefqizi

“Sabah mən də ANS-dən getsəm…” – MÜSAHİBƏ

Baxış sayı: 2. 020

Müsahibimiz tanınmış jurnalist, ANS televiziyasının əməkdaşı Ləman Ələşrəfqızıdır. Onunla çox şeydən danışmışıq – jurnalistikadan, jurnalistlərdən, ANS-dən, ANS-dən gedənlərdən, ailəsindən və s.

–  Ləman Ələşrəfqızı jurnalistikada özünü necə hiss edir?

– Jurnalistikada özümü suda balıq kimi hiss edirəm. Həqiqətən. Çünki sevdiyim işlə məşğulam. Amma hərdən nəfəsimin daraldığı vaxtlar da olur. Bu, xüsusilə qeyri-peşəkarlar başa keçəndə, peşəkarlar sıxışdırıldıqda baş verir. Amma hər şeyə rəğmən jurnalistikada olduğuma təəssüflənmirəm.

– Neçə ildir ANS-dəsiniz?10697184_1503910443192373_20719251252879780_o

– Bu ayın 1-i Ans-də işləməyimin 11 ili tamam oldu. Zənnimcə, az müddət deyil. Necə deyərlər bir igidin ömrü. Düzdür, əvvəl burda işə düzələndə mənə çox çətin idi. Əvvəla, qəzetdən gəlmiş birisi üçün telejurnalistika başqa bir sahə idi. Yəni qəzetdə sözlə, TV-də kadrla oynamalısan. Mən isə yazdığım cümlələrin kadrını tapa bilmirdim. Amma sonradan özümü  həm də ANS-də tapdım.

– ANS-dən öncə hansı qəzetdə idiniz?

– Jurnalist fəaliyyətimə “Olaylar” informasiya agentliyindən başlamışam. Oranın parlament müxbiri kimi fəaliyyət göstərmişəm. Sonra “Hürriyyət”, sonra da “Azadlıq” qəzetində işləmişəm. Ailə qurandan, oğlum dünyaya gələndən sonra Azadlıqla yollarımız ayrıldı. Çünki artıq subay deyildim və pulsuz fədakarlığın mənim üçün olmadığını anlayırdım. Beləliklə ANS-ə gəldim.

– Daha maraqlı təklif olsa, Sizi başqa telekanallarda görə bilərikmi?

– Dediyim kimi, mən özümü ANS-də tapmışam. Bu mənada, “başqa kanallardan təklif olsa, gedərsinizmi?” – sualı haqqında məncə, ciddi düşünərdim. Yəni, bu, cavabı çox da asan olmayan bir sualdır mənim üçün.

– Siz özünüzü ANS-də tapdınız. Amma çoxları özünü orda tapmadı ya da ANS-i arzuladıqları yer hesab etməyib, getdilər. Gedənlərin çoxu ANS-ə qarşı bir çox ittihamlar irəli sürür. Bu ittihamlarda həqiqət yükü nə qədərdir? Onları ANS-dən incik salan nədir, sizcə?

10457689_1515553492028068_1623267896656882440_o

– ANS-dən gedənlərin arqumentləri əlbəttə olur və burda qeyri-adi heç nə yoxdur. Sabah mən də ANS-dən getsəm yəqin ki, hansısa arqumentə əsaslanıb gedəcəm. Amma kim öz arqumentində nə qədər haqlıdır, bunu əlbəttə, onlardan soruşmaq lazımdır. Mən sadəcə, deyə bilərəm ki, ANS onunla vidalaşanları əliboş yola salmıyıb. Hamı ANS-dən nə isə götürüb gedib. Bu gün başqa telekanalların ən yaxşı kadrları ANS-in kadrlarıdır. Məncə, onlar getməyə də bilərdilər. Sadəcə, televiziya fərqli məkandır. Burda insanlar həm də bir az ərköyün, bir az dəymədüşər olurlar. Qısası, populyarlıq çoxlarının işinə yarayır və özlərini başqa sferada sınamaq istəyirlər. Burda qəribə nə var ki?!

–         Hazırladığınız sujetlər tez-tez ciddi rezonans doğurur. Məsələn, Kəlbəcərin işğalı ilə bağlı hazırladığınız material. O vaxt özünüzü sona qədər haqlı saymışdınız. Üstündən bir xeyli vaxt keçib. Yenidən və yenidən düşünməyə də imkan olub. Sizcə, həmin sujetdə artıq nəsə yox idi ki?

– Süjetlərimdə zəhmət var. Mən əksəriyyət kimi “copy-paste” eləmirəm və hazırladığım hər reportaja ürəyimi qoymağa çalışıram. Kəlbəcərlə bağlı süjetim də ANS-in arxiv kadrları əsasında hazırladığım ən maraqlı süjetlərdən biri idi. Burda diqqətimi çəkən bir kadr ciddi mübahisəyə yol açdı. Mən “danamıza sahib çıxdıq, Anamıza yox” deyəndə konkret kiminsə anasını yox, hamımızın anası Kəlbəcəri nəzərdə tutmuşdum. Və məntiqlə mən haqlıydım və bu gün də haqlıyam. Amma dostlarımızın iradlarını da soyuq başla analiz etmişəm və onlara da hardasa haqq qazandırıram. Bəli, bəlkə də bunu başlığa çıxaracaqsız, bu, öz işinizdir, zənnimcə, mən özümü bir anlıq onların yerinə qoymağı bacarmalıydım. Gec də olsa, etiraf edirəm. Amma istənilən halda Kəlbəcər kimi yüksəkliyi əldən vermək məsələsinin üstündən sadəcə keçmək, süjet xatirinə süjet hazırlamaq mənlik deyil. Qoy məndən inciməsinlər.

–  Milli Məclislə necə yola gedirisiniz?

10531361_1463318127251605_6562106411173579819_o

– Milli Məclis məni yola salmadı məgər?! Hansı yola getməkdən danışa bilərik? (gülür – V.)

–  ANS sizi parlament müxbiri kimi geri çəkdi?

–  Mən geri çəkildim desəm, daha düz olar. Açığı, heç vaxt orada işləməyin maraqlısı olmamışam. 1998-ci ildə çox maraqlı idi parlamentdə işləmək. Həm deputatlar yerində idi, həm  jurnalistlər. Yəni hamısı olmasa da, əksəriyyətini nəzərdə tuturam. İndi belə deyil. Cəmi üç-dörd iclasa qatıldım və başa düşdüm ki, mənə burda işləmək çətin olacaq.

–         “Allahım, bu jurnalistikada nə sifətlər gördük! Varlığı 5 qəpik olmayanlar başqasına dərs keçir, bu gün efirdədir deyə yadda qalanlar, jurnalistika tarixində qalacaqlarına ümid edirlər! Çaşma bala, çaşma! Get, əvvəlcə, ləhcəni düzəlt. Sonra yadına sal ki, bir vaxtlar işə düzəlmək üçün gəlib qapısında yalvardağın teleşirkətin, ananın əlinə telefon dəstəyi verib xahiş etdirdiyin jurnalistin üzünə ağ olursan!Azdırsa, yenə də sadalaya bilərəm”. Facebook sosial şəbəkəsində “Space”in teleaparıcısına ünvanlanmış belə bir status yazmışdınız. Bu statusu yazmağa sizi nə məcbur etmişdi?

–         Kobud da çıxsa, deyəcəm. Yediyi qaba tüpürənlərin heç üzünə tüpürmək də istəmirəm. Mən mənə yaxşılığı unutmayan adamam. Görəndə ki, kimsə çaşır, dünənini yaddan çıxarır, onda sakit dura bilmərəm. Öldürsən də, deyəcəm. Ona görə sevməyənlərim də sevənlərim qədərdir. Məncə, artıq danışmaq kimlərinsə əhəmiyyətini artırmaq olardı.

–         Yeri gəlmişkən, həmkarlarınız arasında kimlərin fəaliyyətini peşəkarlıq üçün ölçü meyar hesab edirsiniz?

–         Peşəkar jurnalistlər var. Sayları az da deyil. Amma birini deyib, birini deməsəm, inciyərlər. Ona görə ad çəkməyəcəm. Həm də ona görə ki, onlar mənim üçün ölçü, meyar deyillər. Çünki bu gün jurnalistikamız çox siyasiləşib. Ən yaxşı qələm sahibi də mütləq hansısa marağı müdafiə edir, kimisə o marağın qurbanına çevirir.

1512226_1392920677624684_318589129_o

–         ANS-də hansı proqramları qaçırmamağa çalışırsınız?

–         ANS-də xüsusilə Mirşahinin “Hesabat”ını, bir də “Xəbərçi”nin 21 buraxılışını qaçırmamağa çalışıram.

–         Bəs başqa telekanallarda?

–         Açığı, başqa kanallara baxa bilmirəm. Sadəcə, buna vaxtım yoxdur. Olanda da xüsusilə xəbərlərə baxıram ki, görək bizdən fərqli nə verdilər? Vəssalam. Qalanı mənlik deyil.

–         Bir az da ailədən danışaq. Həyat yoldaşınız nə işlə məşğuldur? Bir-birinizi necə tanımısınız?

–         Həyat yoldaşımla bir mətbəədə tanış olmuşuq. Onda mən BDU-nun jurnalistika fakültəsində yüksək balla konkursa düşüb sənədlərimi 3 saylı texniki peşə məktəbinə vermişdim. Bizi ordan həmin mətbəəyə praktikaya göndərmişdilər. Həyat yoldaşım Ermənistandan-Yerevanın özündəndir və ailəlikcə Bakıya cəmi bir il idi ki, gəlmişdilər. Hərdən düşünürəm ki, Qarabağ münaqişəsi bizdən çox şeylər qopardı, amma tapdıqlarımız da oldu –  qazandıqlarımız deməyə qorxuram. Məsələn, mən ailəmi tapdım (gülümsəyir – V.).

10679955_1498791330370951_458306631135979957_o

–         Bütün günü işdə, reportyor kimi hadisə yerlərində olursunuz. İşiniz ailənizin qayğısına qalmağa mane olmur ki?

–         Bəli, çox çətindir. İxtiyarımızda bircə bazar günü var. Amma çalışıram ki, ailəmə bacardıqca çox vaxt ayırım. Nə qədər nail oluram, bunu artıq uşaqlar deyə bilər. Oğlum 7-ci sinifdədir, bu il sinif rəhbəri dəyişib, mən hələ də vaxt tapıb onunla tanış ola bilməmişəm. 

Qızım bağçaya gedir, hər səhər atası aparır. Amma hər səhər də ondan eyni sualı eşidirəm.”Mama, məni bağçaya sən aparırsan?” Nə bilim.. Bu da bizim həyatımız.

–         Uşaqlarla kim daha çox məşğul olur?

–         Uşaqlar məndən çox qohumların uşağıdır. Kim bekardırsa, qaçır bizə. Amma bir etibarlı dayəmiz də var. Xüsusilə o, bizə kömək edir. Hər işimizə çatır.

–         Övladlarınızı jurnalist kimi görmək istərdinizmi?

–         Əgər bacarsalar, istəkləri olsa, əleyhinə çıxmaram. Birdən görürəm oğlum televizorda hansısa bir titr səhvi, hətta üslub səhvi tutdu. Deyirəm aha, gələcəyin jurnalistisən. İndidən redaktələr edirsən. Dərhal etirazını bildirir. Görünür, anasının zəhməti və bunun müqabilində nə  qazandığı onu düşündürür.

Söhbətləşdi: Vüsal Məmmədov

1920585_1512175762365841_2712004623732615891_n

1546274_1391751747741577_1191502464_n10568958_1464275687155849_7890102194935619556_n (1)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir