dis

Siz müəyyən müddətə gözəllik qazanın, həkim də pul, amma…

Baxış sayı: 624

Gözəl görünüş naminə sağlam dişlərinə zirkon qapaq, vinir taxılmasına gedənlərin sayı son vaxtlar daha çoxdur. Günü-gündən bu üsullarla gözəl dişlərə sahib olmaq istəyənlərin sayı da artmağa doğru gedir. İstəyib etdirmək, gözəllik öz yerində, ancaq burda həm də dişlərin sağlamlığı məsələsini düşünmək lazımdır. Çünki hər ikisində dişlər yonulur, zirkonda tam şəkildə qapaq altına salınır. Maraqlıdır, sağlam dişlərə bu prosedurlar necə təsir edir? Dişlərin ömrünü nə dərəcədə qısaldır?

Həkim-stomatoloq Rəsul Tağıyev deyir ki, zirkon qapaqlara, vinirlərə ehtiyac olduğu zaman müraciət etmək lazımdır: “Bəzən dişlərin rəngi anadangəlmə sarı, yaxud bozumtul olur. Təbii ki, bunları stomatologiyada tətbiq olunan ağardıcı sistemlər vasitəsilə aradan qaldırmağa çalışırıq. Bu sistemlər sarı dişlərdə effektli olsa da, bozumtul dişlər çox vaxt ağarmaya tabe olmur. Bu zaman vinirə, zirkon qapaqlara üz tutmağı başa düşmək olar. Ancaq bəzən, sadəcə olaraq, bir kaprizdən dolayı bunu etdirirlər. Baxırsan ki, dişlərin forması, rəngi normaldır. Ancaq xanım istəyir ki, mərkəzi kəsici dişləri bir az uzun olsun. Hansısa məşhurun, məsələn, Ebru Gündeşin dişləri formasında olması üçün etdirir. Bu halda məsləhət görməzdim”.

Stomatoloq bildirdi ki, qapaq altında olan diş ağız suyu vasitəsilə qidalana bilmir və bu da həmin dişin ömrünə təsir edir: “Sağlam, yonulmamış dişin ömrü daha uzun olar, nəinki yonulmuş. Nə qədər gözəl materialdan hazırlansa da, dişin sərt toxumaları yonulur. Vinirdə diş tam qapaq altına salınmır. Ancaq zirkon qapaqda dişin hər tərəfi yonulur və tam qapaq altına salınır. Bu zaman, təbii ki, ömrü azala bilir. Yonulmuş qapaq altında olan diş ağız suyu vasitəsilə qidalana bilmir. Əgər siniri varsa, qan damarları vasitəsilə qidalanır. Əgər siniri də çıxarılıbsa, üstünə qapaq keçirilirsə, o diş nə ağız suyu vasitəsilə qidalanır, nə də qan damarları”.

Vinir və zirkon qapaqların uzunömürlü olmadığını bildirənlər də var. R.Tağıyev deyir ki, bu qapaqların ömrünün uzun-qısalığı bir neçə amildən asılıdır: “Burada müddət deyilməsinin tərəfdarı deyiləm. Bu o demək deyil ki, həkimin kabinetindən çıxan kimi diş xarab olacaq. Ancaq mütəxəssisdən asılı olan və olmayan məsələlər var. Yonulmanın protokol üzrə aparılması, istifadə edilən sementin keyfiyyəti, qapağın kənarlarının dişin boynunu kip əhatə edib-etməməsi və s. kimi səbəblər həkimdən və diş texnikindən asılıdır. Pasientin dişlərinin (alt və üst dişlərin bir-birinə toxunması) necə olmasından tutmuş hər bir nüansı nəzərə almaq vacibdir. Elə dişlər var ki, orda vinir etmək əks göstərişdir, amma bəzən həkimlər bunu edirlər.

Pasient həkimin kabinetindən çıxan kimi diş üzərində nəzarət həkimdən çıxır. Hər bir işi bitirəndən sonra həkim konkret tövsiyələr verməlidir. “Nə olar, nə olmaz” haqda. Bundan sonra pasient onlara əməl etməlidir. Bəzən bu dişlərlə çox sərt nələrsə yeyir və diqqət etmirlər.

Həkim qeyd etdiyim nüansları nəzərə almasa, qapaqlarda sınma, yerindən çıxma, çatlama kimi hallar yaşana bilir. Ancaq həkim hər bir prosesi diqqətdə saxlayıb işləsə, pasient həkimin tövsiyələrinə riayət etməsə, yenə eyni problemlər yaşana bilir.

Digər tərəfdən, insanın orqanizmində hər hansı hormonal pozğunluq – vitamin D, kalsium və fosfor əskikliyi varsa, mütləq çənələrdə, dişlərdə özünü göstərir. Bəzən qadınların klimaksa yaxın və klimaks dövründə, yaxud laktasiya dövründə qapağın altında diş sınır. D vitamini, kalsium və fosfor əskikliyi yaranır və belə hal yaşanır. Bu, həkimdən, qulluqdan asılı olmayan məsələdir”.

R.Tağıyev bildirdi ki, “dişlərim qapaqdır, həkimə ehtiyacım yoxdur” demək yanlışdır: “Bu cür qapaqlar qoyduran şəxslər 6 aydan bir həkim müayinəsində olmalıdırlar. Qapaqlara baxdırmaq lazımdır. Əgər həkim müdaxiləsinə ehtiyac varsa, edilməlidir. Məsələn,diş əti çəkilə bilər. Yaxud dişin hansısa hissəsi yaxşı təmizlənmir və ora qida toplanır. Həkim bunu müayinədə görüb daha diqqətli olmağı tövsiyə edə bilər”.

Həkim-stomatoloq Vüqar Qarayev deyir ki, pasient zirkon diş üçün gəlirsə, amma müayinə zamanı dişlərinin sağlam olduğunu görürsə, onu fikrindən daşındırmağa çalışır: “Əvvəllər metal keramika qapaqlar daha çox istifadə edilirdi. Son dövrlər isə zirkon qapaqlar geniş tətbiq edilir. Daha gözəl görünür, qoxusu olmur, qaralmır, turşuluq vermir və s. üstünlükləri çoxdur. Dişdə 3-cü dərəcəli kariyes yaranıbsa, diş qırılıbsa, zirkon edirik ki, estetik görünüş bərpa olunsun. Amma bəzən pasient zirkon diş üçün gəlir, müayinə edəndə görürəm ki, dişlər sağlamdır. Sırf estetik üçün zirkon taxdırmaq istəyir. Belə pasientlər çoxluq təşkil edir. Bu zaman pasientə ehtiyac olmadığını, sağlam dişlərini yondurub qapaq taxdırmağı məsləhət görmədiyimi bildirirəm. Sağlam dişlə gələnlərə izah edirik ki, 10-15 illik gözəllik qazanacaqsınız, biz də pul. Amma 10-15 il sonra qapağın altındakı dişlər sıradan çıxacaq. Peşman ola bilərlər. Az da olsa fikrini dəyişənlər olur. Yenə də biz bu söhbəti edirik. Çünki həkim kimi borcumuzdur. “Diş mənimdir, yon” deyənlər də çox olur. Pasientlərin çoxu xanımlardır. Onları da yəqin ki, bilirsiniz, bir şeyi beyinlərinə salıblarsa, fikirlərindən daşınmaları çətindir. Biz məlumat veririk, amma pasient israr edirsə, bu zaman, təbii ki, işimizi görürük”.

V.Qarayev deyir ki, vinir dişlərə daha az zərər vurur: “Vinir sırf estetik bərpa üçündür. Vinirdə dişin ön tərəfi 0,1-0,3 milli (dişdən asılıdır) yonulur və taxılır. Zirkondakı kimi hər tərəfli yonulmur. Bəzən vinir-lüminir olunur, bu zaman dişlər, ümumiyyətlə, yonulmur. Vinir qoyularkən diş yonulursa, bu da müəyyən qədər dişin sağlamlığına zərər vurur, amma zirkon qədər yox”.

V.Qarayev deyir ki, bu dişlərin ömrü müxtəlif amillərdən asılıdır. Həkim ancaq gördüyü işə, qapaqların keyfiyyətinə zəmanət verə bilər: “10-15 il dediyimdə, məsələyə ümumi yanaşdım. Amma ola bilər ki, zirkon qapağın altındakı diş 5 il sonra sıradan çıxsın. Qapaqlara qiymətindən asılı olaraq zəmanət veririk. Deyirik ki, sınsa, dağılsa, biz onu təmənnasız dəyişirik. Amma sabah dişiniz qapağın altında sıradan çıxacaqsa, biz ona zəmanət vermirik. Orqanizmə heç kim zəmanət verə bilməz. Çünki heç kim qapağın altındakı dişin nə vaxt çürüyəcəyini bilmir”.

Qısası, dişlər sağlamdırsa, görünüşü də normaldırsa, həkimlər də görünüş üçün dişləri yondurmağı məsləhət görmürlər. Yenə də seçim hər kəsin özünə qalır.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir