İmplant

İmplant: baha qiymət, ömürlük diqqət

Baxış sayı: 357

İtirilən dişlər yalnız estetik görünüşə xələl gətirmir, həm də sağlamlığa mənfi təsir göstərir. Bu gün inkişaf edən texnologiyalarla əskik dişlər həm protez, həm də implant üsulu ilə qısa müddətdə bərpa edilir. Cəmiyyətdə implantlarla bağlı təzadlı fikirlər var, amma mütəxəssislər hesab edir ki, implant tətbiqi yalnız təcrübəli həkimlər tərəfindən edilərsə heç bir zərəri olmur, çünki çənəyə yad cisim birləşdirilməsi bütün orqanizmin sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir.

 

Estetikdir, amma…

İmplant, əskik dişlərin funksiyasını və estetikasını bərpa etmək üçün çənə sümüyünə yerləşdirilən süni diş köküdür. İmplant vintləri müəyyən bir qalınlığa və genişliyə malik olan dəmir strukturlardır. Bu səbəbdən implantın qoyulması planlaşdırılan nahiyədəki çənə sümüyü bu implant kökünü qəbul edəcək hündürlük və genişliyə, habelə sağlamlığa malik olmalıdır. Çünki sümük keyfiyyəti implantın tətbiqinin və istifadəsinin uğurlu olmasına təsir edən amillərdən biridir. Bundan əlavə, diş ətləri müalicədən əvvəl və implant ağızda qaldığı müddətcə tam sağlam olmalıdır. İnsanda implanta uyğun sümük toxuması olmalıdır. Sümük toxuması müəyyən edilməli və sonra implant planlaması aparılmalıdır. İmplant tətbiq etməzdən əvvəl klinik və radioloji müayinə aparılmalıdır.

İnsanın sümük quruluşu və ümumi sağlamlıq vəziyyəti uyğun olarsa implantlar üçün yuxarı yaş həddi yoxdur. Bu məsələdə sağlamlıq yaşdan daha vacib amildir. 70 və ya 80 yaşlarında olan bir çox sağlam xəstələrin cərrahi riskləri, mövcud sağlamlıq problemləri olan gənc xəstələrə nisbətən daha azdır. Həmçinin sümük inkişafı tamamlanmamış çox gənc xəstələrdə implant tətbiqinə üstünlük verilmir.

İmplantın müddəti qoyulacaq dişlərin sayına görə dəyişə bilər. Mövcud texnologiya ilə müalicələr çox qısa müddətdə tamamlana bilir.

 

İmplant qoydurmalı, ya yox?

İmplant tətbiqi zamanı xəstənin seçimindən asılı olaraq ümumi və ya lokal anesteziya istifadə edilə bilər.

İmplantların sümüklə tam inteqrasiyasını təmin etmək üçün sağalma dövrünün ilk 3-6 ayı ərzində implanta düşən yüklər minimuma endirilməlidir. Yəni çox bərk qidalar çeynənməməli, sağalma zamanı siqaret çəkilməməlidir. Siqaret infeksiya riskini artıra bilər. Bu səbəbdən siqaret çəkmək tövsiyə edilmir.

İmplantların ömrü bir çox amillərdən asılıdır. Xəstə, ümumi ağız və diş baxımını təmin edərək sağlamlığını qoruduğu müddətcə implantlar ömür boyu istifadə edilə bilər. İmplantın ömrü üçün gündə iki dəfə dişləri düzgün fırçalamaq və mütəmadi olaraq diş ipi və ağız yaxalamasından istifadə etmək lazımdır.

İmplantların orqanizmə heç bir əks təsiri olmadığı və illərdir intensiv araşdırmalara məruz qalan materiallardan hazırlandığı iddia edilir. Bunlar adətən titan kimi metallar və heç vaxt canlı orqanizmin bir hissəsi olmayan digər oxşar maddələrdir. İddialara görə, bu səbəbdən orqanizmin onlara qarşı antigen istehsal etməsi və implantı ürək və böyrək nəqlində olduğu kimi rədd etməsi mümkün deyil. İmplant tətbiqini həyata keçirəcək həkimin təcrübəsi çox önəmlidir. Diş həkimi seçərkən onun implant sahəsində təlim keçmiş və təcrübəli olmasına diqqət yetirilməlidir. İmplant qoydurmaq qərarı verilibsə, bu istiqamətdə hərtərəfli araşdırma aparılmalı və doğru həkim tapılmalıdır.

 

İmplant nə vaxt zərərli ola bilər?

Klassik səslənə bilər, amma qaydalara əməl edilmədikdə implantın zədələnməsi təbiidir. Qaydalar implantın özündən başlayır. İmplant məhsulu sertifikatlaşdırılmalıdır, mənşəyi aydın olmalıdır. Keyfiyyətli və zəif implantlar arasında əhəmiyyətli fərqlər var. Bu gün keyfiyyətli implantlarla əldə edilən cərrahi müvəffəqiyyət 98% ətrafındadır.

“İmplant zərərlidirmi?” sualına isə aydın cavab vermək lazımdır. Mütəxəssislər deyir ki, düzgün və qaydalara uyğun tətbiq edildikdə, habelə baxımına diqqət etdikdə implant heç vaxt zərərli deyil. İmplant qoyulmasının zərərləri tətbiq qaydalarına əməl edilmədikdə başlayır. Doğru həkimi seçmək, düzgün planlaşdırma, keyfiyyətli material, keyfiyyətli tətbiq, yaxşı implantüstü protez və ya qapaq, prosedurdan sonrakı diqqət, tez-tez müayinə bu qaydaların ən vacibləridir.

Ən çox rast gəlinən problemlərdən biri də cərrahi əməliyyat zamanı implantların düzgün yerləşdirilməməsidir. Bu, həkimin təcrübəsi, diqqəti və əməliyyat zamanı xəstənin həkimlə ünsiyyəti kimi amillərdən qaynaqlanan vəziyyətdir. Ən çox edilən implant səhvləri isə yanlış yerləşdirmə, sinir zədələnməsi, implant infeksiyası, implantdan sonra ağrı və ya qanaxma, implantın uğursuzluğu, yanlış implant diametri və ya ölçüsü seçimidir. Yəni, kənardan asan bir stomotoloji prosedur kimi görünən implant tətbiqi həkimin yaxud öz səhvinizdən həyatınızı kabusa çevirə bilər.

 

Kimlərə implant olmaz?

Şiddətli ürək çatışmazlığı, ürək qapağı problemi olan xəstələrə, müalicə altında olan xərçəng xəstələrinə, psixi problemləri olanlara, əqli qüsurlu insanlara, çənə sümüyünün strukturuna zərər verəcək yüksək dozada radiasiyaya məruz qalanlara, immunitet sisteminə hücum edən xəstəliklərə, məsələn, QİÇS daşıyıcısı olanlara, orqan transplantasiyası edilən insanlara, baş və boyun nahiyəsində radioterapiya qəbul edənlərə, hamilələrə, narkotik və alkoqol asılılığı olanlara, immun sisteminin problemi yaşayanlara, diş sıxma və diş qıcama problemi olanlara, çənələrdə inkişaf etmiş skelet quruluşu problemi yaşayanlara, ağız sağlamlığına diqqət etməyənlərə implant tətbiqi məsləhət görülmür.

Təyinatı üzrə işləməyəndə, implant qoyulması riskləri olan insanlara tətbiqi zamanı bir sıra problemlər meydana çıxır ki, onlar da implant sınığı, sümüklərin canlılığının itirilməsi, tətbiq zamanı xəstənin uda biləcəyi yad cisimlər, çənədə sümük sınığı, implant yerləşdirmə nəticəsində ağrı, yara nahiyəsindəki tikişlərin açılması, qapaq tətbiqinədək mümkün infeksiya riski, yumşaq toxumanın implant alətləri ilə zədələnməsi və s. misal göstərmək olar.

 

Çox bahadır

Ölkəmizdəki diş implantı klinikalarında təklif edilən qiymətlərə gəlincə, Türkiyə implantı – 400 AZN, Koreya implantı – 450 AZN, İsrail implantı – 500 AZN, Almaniya implantı – 700 AZN, İsveçrə implantı – 900 AZN-ə təklif edilir.

Bundan əlavə, 1 diş olmadıqda 1 implant tətbiq olunur ki, qiyməti 450 AZN, 2 diş olmadıqda 2 implant tətbiq olunur, qiyməti 900 AZN, 3 diş olmadıqda 2 implant körpü tətbiq olunur 900 AZN, 4 diş olmadıqda 2 implant tətbiq olunur, qiyməti 900 AZN. Qeyd edək ki, bu yalnız diş ətinə əkilən dəmir konstrukturun qiymətidir, qapaq qiyməti bura əlavə olunur. Bütün alt və ya üst çənə dişsiz olduqda 6 implant tətbiq olunur ki, dəyəri 2700 AZN-dir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir