ev

Sosial evlərlə bağlı yeni imkanlar əhalinin alıcılıq qabiliyyətinə necə təsir edəcək?

Baxış sayı: 1. 229
Sosial evlərlə bağlı ikinci layihə də Bakı şəhərində reallaşdırılacaq. Bunu ASAN Radionun qonağı olan Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev deyib. A. Quliyev bildirib ki, artıq ikinci layihənin gerçəkləşdirilməsi üçün Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinə yaxın bir yerdə 20 hektar torpaq sahəsi seçilib: “Statistik təhlillər göstərir ki,  Bakıda evlərə daha çox tələbat var. Ancaq layihənin tədricən respublikanın bütün ərazilərini əhatə etməsi nəzərdə tutulur. Artıq bir sıra şəhər, rayon mərkəzlərində torpaq sahələrinin seçilməsi ilə bağlı işlər aparılır”.
A.Quliyev əlavə edib ki, sosial ev alacaq vətəndaşlara bir neçə üsulla ödəniş imkanı yaradılacaq: “Belə ki, vətəndaş öz hesabı ilə nəğd şəkildə birdəfəlik ödəniş edərək, mənzil əldə edə biləcək. Bununla yanaşı, vətəndaşa İpoteka fondunun vəsaiti hesabına 30 illik kredit götürərək, ödəniş etmək imkanı yaradılacaq. Həmçinin, vətəndaş istədiyi başqa bir mənbədən, bankdan kredit götürərək, ödəniş edə biləcək. Onu da əlavə edim ki, tikilən bütün mənzillərdə təbii küləklənmə sistemi quraşdırılıb”.
Bəs görəsən yeni imkanlar əhalinin alıcılıq qabiliyyətinə necə təsir edəcək?  Mövzu ilə bağlı  ekspertlərin rəyini öyrəndik.
Millət vəkili Vahid Əhmədov deyir ki, sosial mənzillərlə bağlı prezidentin xüsusi sərəncamı var və bu, “yol xəritəsi”ndə də öz əksini tapıb: “Amma bu sənəddə  ödəniş sisteminin həlli ilə əlaqədar konkret qərarlar verilməyib. Yəni sadəcə, müəyyən təkliflər irəli sürülüb. Sosial evlərin tikilməsi əsasən az və orta təminatlı ailələrin evlə təmin olunması ilə əlaqədardır. Belə ki, mənzil növbəsində insanlar çox olduğundan belə qərar verildi ki, sosial evlər tikilsin. Bu təcrübədən Türkiyə, Almaniya kimi ölkələrdə də istifadə olunub. Bildiyimiz kimi, Yasamalda artıq 2000 mənzilin tikintisinə başlanılıb və orada böyük bir şəhərcik salınıb. Həmin mənzillərin ödəniş qaydaları isə may ayından sonra müəyyən olunacaq. Qeyd edim ki, bu barədə indidən müəyyən təkliflər var. Məsələn, təklif olunub ki, ayda 100 manat ödəməklə mənzilin dəyəri uzun müddətə ödənilsin. Bu barədə bir neçə variant irəli sürülüb. Amma hələlik bunlar tam olaraq açıqlanmayıb. Aztəminatlı ailələr ayda təxminən 100 manat ödəməklə mənzilə sahib ola bilərlər. Vətəndaşlar sosial mənzillərin tikilməsində maraqlıdırlar. Hesab edirəm ki, bu, çox sərfəli təklifdir və dünya praktikasında da qəbul olunmuş sistemdir”.
İqtisadçı ekspert  Rəşad Həsənov  deyir ki, bu istiqamətdə hazırda kifayət qədər böyük tələb var: ” Təəssüflər olsun ki, ilkin icra olunacaq layihədə cəmi 1800 mənzil istismara veriləcək. Müxtəlif ödəmə variantlarına gəldikdə isə əsasən düşünürəm ki, bu istiqamətdə tətbiq olunan mexanizmdə müəyyən qədər  çatışmazlıqlar var. Belə ki, bu mexanizmin əsas prinsipi  ondan ibarətdir ki, istənilən variantda olsa sosial mənzilin qiyməti ödəniləcəkdir.  Ödəniş isə bu mənzili alan şəxs, yaxud üçüncü bir tərəf  vasitəsilə həyata keçirilə bilər.  Amma yəqin ki, ödənişi bilavasitə  mənzil alanlar tərəfindən həyata keçirilməsi çox az hallarda baş verəcək. Əksər hallarda bu, üçüncü tərəfdən, yəni ipoteka fondu vəsaiti hesabına, yaxud bank vəsaiti hesabına təmin olunacaq. Bu baxımdan da hələlik müəyyən narahatlıqlar var. Çünki sosial mənzillərlə bağlı cəmiyyətin böyük gözləntiləri var idi. Bu proyektin “evsizlərə ev” devizi altında icra olunacağı düşünülürdü. Amma  ödəmənin əsas prinsiplərdən biri olan ödəniş qabiliyyətinin götürülməsi və eyni zamanda, faizli kreditin tətbiqi məsələləri bu məsələdə müəyyən narahatlıqlara səbəb oldu”.
İqtisadçı deyir ki, problemlərə baxmayaraq, istənilən halda, tələb kifayət qədər yüksəkdir: “Faktiki olaraq Azərbaycanda daşınmaz əmlak bazarında son iki ildə qiymətlərin davamlı ucuzlaşmasına baxmayaraq mənzillər Azərbaycan vətəndaşının alıcılıq imkanlarından bahadır. İl ərzində 70-80 min gənc ailə qurulur. Onların da böyük əksəriyyəti demək olar ki, mənzil təminatı olmayan insanların övladlarıdır və  eyni zamanda həmi ailələrin gəlirləri də məhdud səviyyədədir. Buna görə də onların faktiki olaraq bazar qiymətlərində mənzil almaq imkanları yoxdur. Bu isə o deməkdir ki, tələb daim yüksək səviyyədə qalacaq. Strategiyada təxminən il ərzində 3000 mənzilin inşa edilməsi nəzərdə tutulub. İpoteka proqramına baxsaq, görərik ki, ötən 9 il ərzində təxminən 17000 mənzil satılıb. Amma burada 3000 mənzilin güzəştli şərtlərlə satılması nəzərdə tutulub. Bu isə 9 ildə 27 min mənzil deməkdir. Nəzərdə tutulan hədəflərə əməl olunarsa, bu,  ipoteka proqramı ilə müqayisədə daha təkmil və eyni zamanda daha çox mənzil təklif edən layihə hesab olunacaq. Bu isə nisbətən də olsa əlçatanlığı artıracaq”.
Əmlak Ekspert Mərkəzinin direktoru  Ramin Osmanlı açıqlamasında bildirdi ki, burada söhbət hələlik prosesin asanlaşdırılması üçün ödənişlərin sadələşdirilməsindən gedir: “Düşünmürəm ki, bu, hansısa fundamental əhəmiyyətli dəyişikliyə səbəb olsun. Hələlik indiki mərhələdə bu mənzərə daha çox texniki xarakterli olduğu üçün  gələcəkdə ola bilsin ki, daha optimal ödəniş formalarının həyata keçirilməsi, eyni zamanda, məbləğlərin azaldılması istiqamətində də müəyyən qərarlar qəbul olunacaq. Çünki “yol xəritəsi”ndə bununla bağlı müvafiq tapşırıqlar verilib. Amma hələlik  bu barədə danışmaq üçün tezdir. Çünki tikiləcək və inşa olunacaq binaların qiymətləndirilmə meyarları, mənzillərin qiymətlərinin hansı üsullarla müəyyənləşdiriləcəyi tam aydın deyil. Qeyd edim ki, qiymətləndirmə meyarlarından və verilən mənzillərin qiymətlərindən də çox şey asılı olacaq. Ölçülər barədə indi müəyyən məlumatlar var. Amma onların qiymətlərinin neçə manatdan başlayıb neçə manatda qurtaracağını dəqiq demək bir az çətindir. Yəqin ki, mənzillərin hazır olma mərhələsində  bütün bu məqamlar açıqlanacaq”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir