psixoloq

Sosiallaşmayan insanların psixoloq həvəsi

Baxış sayı: 427

Azərbaycanda ən gəlirli sahələrdən biri psoxologiya, digəri də kosmetologiyadır. İkisinə də tələbat durmadan artır. Psixoloqlara olan tələbat məsələsi insanlarda sosial ünsiyyət imkanları minimuma düşdükcə psixoloqların bazarı çiçəklənir. Daha aydın desək, insanlar daha əvvəlki kimi dostu, qohumu, ailəsi ilə dərdləşmək, söhbətləşmək istəmir, ünsiyyəti minimuma endirir və nəticədə depressiv vəziyyəti ilə psixoloqlardan mədət umur. Hər addımbaşı boy göstərən “uzman” psixoloqlar da bu vaxt yada düşür.

“Uzman” sözü Azərbaycan dilindəki ekspert sözünün türkçəsidir. Tibb fakültəsini bitirən hər kəs həkimdir, lakin konkret sahə seçəcəksə bu sahənin həkimi, müasir dillə desək, uzmanı olmaq istəyirsə 3-4 il həmin sahədə asissentlik etməlidir. Yalnız bundan sonra cərrah, oftalmoloq, pediatr, ginekoloq və s. ola bilər. Yəni, qısası, “uzman həkim” deyilirsə, o işinin öhdəsindən gələ bilən, öz sahəsinin eksperti olan həkimlərə deyilir.

Qəribə burasıdır ki, əvvəllər bu sahədə baş ağardan, ömrünü peşəsinə həsr eləyən həkimlər yalnız uzun illərdən sonra özünü öz sahəsinin eksperti hesab edirdi. Daha doğrusu, onu cəmiyyət, tibb aləmi ekspert hesab edirdi, o özünü belə adlandırmırdı. Amma indi ali məktəbi yenicə qurtarmış, qonşu Türkiyədə bir iki kurs təlimatı oxuyub lovğa-lovğa ölkəmizə qayıdan bütün gənc həkimlər özünü “uzman” adlandırır. Qısası, indi “uzman”lar əsl həkimlərdən çoxdur.

Psixoloq qapısında növbə gözləyənlərin sayı hər gün artır. Əslində, bu vəziyyətə aram-aram, zamanla gəlib çıxdıq. Üz-üzə görüşlər əvvəlcə yerini telefonlara verdi. Tədricən telefon zənglərinin yerini facebook, tvetter, kontakt və daha hansılar tutdu. İndi hamı əlaqə üçün qarşıdakına “WatshApp”ını yaz, danışaq” deyir. Beləcə, hamımızın asılı olduğumuz virtual həyat sizcə də yalnızlığımızın əsasını qoymadı? Həyatımızı virtual müstəvidə yaşamağa başlayandan sosial yalnızlığımız da artıb. Virtual dünyanın ünsiyyət qatilinə çevrilməsi bizim sosial çevrəmiz üçün də təhlükədir. Ətrafımızda canlı söhbət edə bildiyimiz, dərdləşəcəyimiz, sevincimizi bölüşəcəyimiz adam qalmadığının fərqindəsinizmi? Bütün dostlarımız virtual platformadadır, tanışlarımızla orada söhbətləşirik, səs atırıq, səs alırıq, görüntülü danışırıq, şəkil, mesaj, paylaşım… Axırı necə olur? Psixoloqlara gəlir yeri yaranır…

Ünsiyyətsizlik insanları psixoloq axtarışına vadar edir. Təxminən 20 ildir sosial, ailə, cəmiyyət problemlərindən yazıram, bu günədək psixoloji yardım almış minlərlə insanla ünsiyyətim olub, hələ bir insan deməyib ki psixoloqdan aldığım seanslar köməyimə yetdi. Əksinə, psixoloq, yanına gəlmiş pasiyentinə bəsit suallar verməklə yetinir, “get filan kitabı oxu”, “dostlarınla dərdləş” kimi məsləhətlər verir, göstərmədiyi xidmət müqabilində isə çox baha ödəniş tələb edir.

psixoloq

Efirlərə dəvət edilən tanınmış psixoloqlar da həmçinin. Bəzəkli cümlələrlə reklam olunurlar, filosofların sözlərini əzbərləyib efirdə deyirlər və beləcə sadə camaatın gözündə özlərini işlərinin ustası kimi tanıdırlar. Son ümid kimi yanına gedən insanların ümidini doğrultmurlar. Necə doğrultsunlar? Türkiyədə kurs keçib bir sertifikat almaqla? Son bir neçə ilin dəbidir axı, işində uğuru olan-olmayan, peşəkar olan-olmayan bir çox həkim qonşu Türkiyədə bəzən bir neçə aylıq, əksər hallarda isə 2 həftəlik seminar-kurslar keçdikdən sonra ölkəmizə qayıdanda adının qarşısına “uzman” sözünü də artırır. Vəssalam. Oldu peşəkar. 25 yaşı var, nə vaxt oldu peşəkar?

Ailə süfrələrində, dost məclislərində ruhən qidalandığımız anları xatırlayın. Üzbəüz ünsiyyət, canlı söhbət, real münasibətdən sonra rahatlamış, dincəlmiş hiss edir insan. O zaman ehtiyac duyulurdu psixoloqa? Həm ruhən, həm mənən sakit həyatımız vardı. Qaçhaqaç, qovhaqov deyildi heç nə. 24 saat necə uzun idi, hər şeyi sığışdıra bilirdik içinə. Bir də indiki vəziyyətimizə baxın, 24 saat bizə yetmir, hər işimiz yarımçıq qalır, yeriməyi, dincəlməyi, gəzintiyə çıxmağı unutmuşuq. İnsanlar sosiallaşma ehtiyaclarını və real həyatdakı ünsiyyətlərini rəqəmsal platformalara köçürdükdən sonra dostluq, qohumluq əlaqələri də müstəvi dəyişdi. Real həyatdakı münasibətlərimiz indi bir-bir sosial platformalara keçdi. Başqa sözlə desək, sosiallaşmaq da zamanla rəqəmsallaşdı. Otaqdan otağa keçməyə ərinən, ailə üzvlərinə sözünü votsapla deyən insanlara çevrildik. Bizim özümüzə etdiyimiz bu pislik psixoloqların bazarını çiçəkləndirdi. Depressiv, çökmüş insanların getdiyi ünvan oldu psixoloqlar.

Onlar da bundan istifadə etdi. Peşəkar psixoloqlar qaldı öz otaqlarında, həqiqi işlərini gördülər. Əvəzində saxta “uzmancıq”lar ayaq açdı efirlərə. Televiziya proqramları psixoloqlarını yarışdırdı, “uzman filankəslər” bu efirdən çıxıb o biri efirə girdilər. Qazanclarından reklam büdcəsi ayırmaqla daha çox qazanc əldə edirlər. Məsələn, indi məşhur güzdüz verilişlərində 1 dəfə ekspert kimi oturmağa bu psixoloqlar 1500-2000 manat pul verirlər. 1 ay ekspertlik etmək üçün 15-20 min manat telekanala pul ödəyən psixoloqlar var. Sual yaranır, bu psixoloq pasiyentlərindən nə qədər gəlir əldə edir ki, televiziyaya çıxa bilmək üçün 20 min manat ödəmək imkanı yaranır? Cavab sadədir, psixoloqun ən az 2 qatı dəyərində qazancı olmasa bu qədər reklama pul ayırmaz.

Çıxış yolu nədədir? Zənnimcə, çox sadə yolu var. Azərbaycan tarixən ənənəvi olaraq sosial həyatında ailə dəyərlərinə, qohumluq münasibətlərinə, onlarla ünsiyyətə önəm verən cəmiyyət kimi tanınıb. İnsan ruhunun ən yaxşı həkimi yaxın çevrəsi, doğmaları ilə olan ünsiyyətidir. Sosiallaşmanı həyatınıza yenidən bərpa edin, qonaq gedin, qonaq qəbul edin. Ənənəvi yaşayış üsuluna meyil etməklə stresdən, xaosdan uzaq durmaq mümkündür.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir