telim masini

Sürücülük vəsiqəsini necə aldım? – ARAŞDIRMA

Baxış sayı: 419

Həmişə o fikirdə olmuşam ki, şəxsi avtomobil kişidən çox qadına lazımdır. Həm ictimai nəqliyyat basabasında sıxılıb qalmaması, həm də uşaqların bütün dərs və məşğələ marşrutunu daha çox ana həyata keçirdiyi üçün. Məktəb və bağçalara uşaq aparıb-gətirən valideynlərin əksəriyyəti analardır və onların günü ya ayaqüstə avtobus-metroda, ya da piyada yollarda keçir. Şəxsi avtomobili olan və yaxud ailə avtomobilindən istifadə edən qadınlar bu çətinliyi yaşamırlar. Amma avtomobili təhlükəsiz idarə etməsi üçün hər kəsin savadlı sürücü olması mütləqdir. Yol hərəkəti qaydalarını bilməli, qəza anında çevik reaksiya qabiliyyəti olmalı, övladları olan avtomobildə təhlükəsizliyi maksimum təmin etməlidir. Yaxşı, bunu bilən nə qədər sürücü var yollarda?

 

Gənclər sürücülük vəsiqəsi almaq üçün çox həvəslidir

Əvvəlcə qeyd edim ki, xüsusilə, gənc nəsil sürücülük vəsiqəsi almaq üçün çox həvəslidir və bu prosesdə mən onlarla gəncin imtahan uğurunun şahidi oldum. Sürücülük imtahanında iştirak etməyi qarşıma məqsəd qoyduğum gün oxumağa başladım. Bu sahədə ən müfəssəl məlumatlar toplusu Əziz Talıbovun yol hərəkəti qaydaları haqqında olan kitabı və test toplusudur. Burada kiçik bir irad bildirəcəyəm, sürücülük vəsaiti kitabının dili çox qəlizdir, cümlələr çox mürəkkəb və dolanbac yolla yazılıb, fərdi hazırlaşan tələbələr üçün anlaşılması çətindir. Məhz bu səbəbdən əksər hazırlaşanlar müəllim izahına ehtiyac duyurlar.

Mən də eyni vəziyyəti yaşadım. Bir neçə gün vəsaiti oxudum, amma anlatma dili çox qarışıq olduğu üçün müəllimə ehtiyac duydum. Axtarışa başladım. Facebook sosial şəbəkəsində bununla bağlı baş çəkdiyim səhifə və qruplardan ən çox “Sürücülük vəsiqəsinə hazırlaşanlar” qrupunun üzvü olduğunu və aktivlik səviyyəsi 100 faiz olduğunu müşahidə etdim. Qrupa üzv oldum və sual-cavablarda iştiraka başladım. 1 həftə sonra qrup rəhbəri Cavidan Əhmədov yazıb bildirdi ki qrupun aktiv üzvləri üçün pulsuz online dərslər təşkil olunacaq və mən də o dərslərdə iştirak haqqı qazandım.

Dərsləri müəllimlər Elmir Nəcəfov və Xəyalə Mustafayeva tədris edir. Normalda dərs paketi 100 manatdır, bu qiymətə müəllimin 5 həftəlik dərs proqramı, (ilk dərs ödənişsiz), dərs vəsaitlərinin verilməsi (həm kitab, həm də elektron), müəllimlərin tərtib etdiyi xüsusi dərs planı, pulsuz sınaq imtahanları və imtahandan keçənədək təkrar dərslər və s. daxildir. Burada qeyd etməliyəm ki, savadlı sürücü ola bilmək üçün bu məbləğ pulsuz deyiləcək qədər azdır.

 

İmtahana müəllimlə hazırlaşmaq daha rahatdır

Nəzəriyyə müəllimi Elmir Nəcəfovla yolumuz beləcə kəsişdi. Əvvəlcə online sürücülük dərsindən əyani dərs səviyyəsində bəhrələnməyin mümkün olmayacağı düşüncəsində idim. Amma Elmir Nəcəfovun rəvan izahı, dərs üslubunu gördükdən sonra elə ilk dərsdən səhv etdiyimi anladım. Şəkillərlə və təsvirlərlə hər maddənin, hər qaydanın izahı o qədər peşəkar formada başa salınırdı ki, yol hərəkəti qaydaları haqqında heç nə bilməyən adamlar belə rahatlıqla başa düşürdü. Beləcə hər gün online dərsdə iştirak etməklə 5 həftəlik dərs prosesi başa çatdı.

Sonra imtahanda iştirak edə bilmək üçün tələb edilən sağlamlıq arayışını aldım, bu imtahana hazırlaşanlar üçün vacib prosesdir deyə proseduru yazıram. Qeydiyyatda olduğumuz poliklinikada xəstəlik tarixçəmiz və hazır blank verilir, üstündə də bütün həkimlərin qəbul qəbzi olur. Oftalmoloq, otorinolarinqoloq, endokrinoloq, nevropatoloq, cərrah, pediatr, psixiatr, kardioloq müayinələrindən keçilir, qan və sidik analizi verilir, rentgen çəkilir, narkoloji müayinəyə göndərilir, qadınlar ginekoloji müayinə də olunurlar. Bütün müayinələr blanka daxil edilir, yekunda blank baş həkimin möhürü ilə imzalanır. Bu arayış üçün hazırkı dövlət rüsumu 40 manat təyin edilib və 3 il müddətində qüvvədədir.

masin

Rüsumlar necədir?

İlk sürücülük vəsiqəsi imtahanı üçün rüsum 40 manat 40 qəpikdir. Sonrakı imtahanlar üçün rüsum 20.40 qəpik müəyyənləşdirilib. Bakıda, Baş Dövlət Yol Polisi İdarəsinin imtahan mərkəzində, oxuyub şəhadətnaməsini aldığım sürücülük məktəbinin imtahan günündə imtahana girdim. Məlumat üçün qeyd edim ki siz yalnız B kateqoriyalı sürücülük vəsiqəsi almaq üçün 2 dəfə şəhadətnaməsiz imtahan hüququnuzdan istifadə edə bilərsiniz. Əgər hər ikisində də kəsilsəniz üçüncü imtahanda iştirak üçün şəhadətnamə tələb edilir. Digər kateqoriyalı sürücülük vəsiqəsi üçün bütün hallarda şəhadətnamə tələb olunur.

İmtahan salonunda kompyuterlər vasitəsilə 10 sual verilir, 15 dəqiqə ərzində 9 düz cavab yazmalısınız, bu imtahandan keçmək üçün kifayətdir. İlk imtahanda 5 düz yaza bildim, vaxtımı doğru tənzimləyə bilmədim. İki həftə sonra ikinci imtahanda iştirak etdim, bu dəfə 8 düz yaza bildim, yenə kəsildim. Üçüncü imtahanımda 7 düz yazdım və yenə kəsildim. Ruhdan düşmədim və yenə təkrar dərslərə başladım. 4-cü imtahanımda 8 dəqiqə ərzində 9 düz cavab yazmaqla uğurla keçdim. Ümumilikdə 2 ay ərzində 4 nəzəri imtahana cəmi 100 manat rüsum xərcim çıxdı. Xırdalandakı imtahan mərkəzində bir sürücülük məktəbinin ayda 2 imtahan günü olur.

 

Praktiki imtahana hazırlıq

Nəzəri imtahanı verdikdən sonra praktiki imtahan meydançasına gedirsiniz. El arasında buna “yezda” deyirlər. Nəzəri imtahandan keçdiyiniz gün girəcəyiniz praktiki imtahan üçün rüsum ödəmirsiniz, bu imtahanı da verə bilsəniz elə həmin gün 30 AZN dövlət rüsumu ödəyib yarım saat ərzində sürücülük vəsiqənizi alırsınız. Amma praktiki imtahandan kəsilsəniz növbəti dəfə imtahanda iştirak üçün 20.40 qəpik rüsum ödəyəcəksiniz. İlk praktiki imtahanıma formal olaraq girdim, nəzəri imtahana hazırlaşdığım üçün praktiki təcrübəm çox az idi. Buna görə də doğru etmədiyim manevr xətasına görə imtahandan kəsilməyim tamamilə normal idi. İmtahanı götürən inspektor səhjvimlə bağlı öz tövsiyyələrini verdi və növbəti imtahana qədər yaxşı hazırlaşmağı tapşırdı.

Başladım praktiki imtahana hazırlığa. Hər gün işdən sonra hərəkət və yaşayış olmayan ərazidə təlimlə məşğul oldum. Mən müəllimsiz hazırlaşmağı seçdim, amma təlim müəllimi ilə də hazırlaşa bilərsiniz, bir dərs təxminən 20-25 manata təklif edilir. Əgər sürücülüklə bağlı ən kiçik təcrübəniz yoxdursa 10 dərs almaqla praktiki imtahandan uğurla keçə bilərsiniz. 2-ci praktiki imtahanımda təhlükəsizlik adacığını və 1.1 xəttini tapdadığım üçün kəsildim. Həvəsdən düşmədim və yenidən hazırlaşmağa başladım. 3-cü praktiki imtahandan uğurla keçdim.

 

Yaxşı sürürsənsə kəsmirlər

İmtahanı Xırdalanda yerləşən imtahan mərkəzinin meydançasında, Kia Rio avtomobili ilə verdim. İmtahanı hansı avtomobillə verməyin seçimini siz edirsiniz, sürət qutusunun avtomat, yaxud mexaniki olmasını seçmək imkanı verirlər. Əgər avtomat sürət qutusu olan avtomobillə imtahan versəniz sürücülük vəsiqənizin arxasında “auto” qeydi olur və siz sonra həmin vəsiqə ilə sürət qutusu mexaniki olan avtomobil idarə edə bilmirsiniz. Amma sürət qutusu mexaniki olan avtomobillə imtahan versəniz hər ikisini idarəetmə hüququ qazanırsınız.

İmtahan başladı. Əvvəlcə kəmərimi taxdım, imtahanı götürən inspektordan da kəmərini bağlamasını xahiş etdim, güzgülərimi nizamladım. Oturacağa toxunmadım, çünki mənə uyğun pozisiyada idi. Polis əməkdaşı bunu irad tutdu, amma ayaqlarıma uyğun vəziyyətdə olduğunu dedikdən sonra razılaşdı. Maşını işə saldım, dönmə işığımı yandırıb imtahan meydançasına çıxdım.

Döndüyüm istiqamətdə təhlükəsizlik adacığı vardı, adacığı tapdamadan keçdim, qarşıda piyada zolağı xəbərdarlıq nişanı gördüyümü, piyada zolağı olacağını dedim, zolaqda sürətimi azaldıb dayandım, “piyadaya yol verirəm” dedim, keçdim. Svetafor göründü, amma işıqlar yanmırdı, “işıqfordayam, yaşıl yanır, keçirəm” dedim və davam etdim. İmtahanda hər şeyi izahla, danışaraq etməyiniz sizin xeyrinizədir.

Qarşıda yük və minik avtomobillərinin məcburi istiqamətləri nişanları vardı, biri sağa, digəri sola. Məni yük avtomobillərinin məcburi istiqamətinə-sağa yönləndirdi. Etiraz etdim, “mən minik avtomobili idarə edirəm” dedim və sola döndüm. Razılıq etdi. Qarşıda park ərazisi göründü, plastik vasitələrlə park etmə yerini nişanlamışdılar, arxa-arxaya onun içinə girməyimi və səkiyə paralel park etməyimi istədi, maneələrə toxunmadan problemsiz girdim. Sonra park yerindən çıxmağı dedi, çıxdım, çıxarkən güzgülərə baxın və dönmə işığına diqqət edin, əməl etməsəniz imtahandan kəsilmə səbəbiniz bu ola bilər. İmtahanda parklama qabiliyyətinə xüsusi diqqət edirlər və müxtəlif cür park etdirirlər.

Sonra ziq-zaq üsulu maneəni keçməyi istədi, maneəni rahatlıqla keçdim. Sürməyi iriqabaritli nəqliyyat vasitəsində öyrənsəniz imtahanda verilən avtomobili idarə etmək nisbətən rahat olar. Xırdalandakı imtahan meydançasında geriyə dönmə üçün iki nişan qoyulub, biri minik, digəri yük avtomobilləri üçün. Nişanları tanıyan istənilən adam rahatlıqla ayırd edə bilir. İmtahan götürən inspektor minik avtomobilində imtahan verən tələbəni yük avtomobilləri üçün dönmə istiqamətinə yönəldir bilərəkdən, nişanın fərqində olmasan kəsiləcəksən.

masin

İnspektor çox səbrli idi

İmtahanı götürən inspektor Rüfət adlı orta yaşlı polis əməkdaşı idi. Olduqca mülayim, səbrli insandır. Həyacanlanmadan imtahan verməyim bir az da onun sayəsində oldu. Təmkinini pozmadan tələbənin manevr etməsini gözləyir, səhviniz olarsa səbrlə izah edir. İmtahan boyunca cəmi 1 səhvim oldu, dönmə işığını gec – yolayrıcına girdikdən sonra yandırdım. Səhvimin fərqində olduğumu dərhal dedim. Etiraz etmədi, avtomobili dayandırmağımı söylədi, səhvimlə əlaqədar tövsiyyə verdi, imtahandan keçdiyimi dedi və uğur arzuladı. İmtahan binasına qayıdıb xəzinəyə sürücülük vəsiqəsi üçün 30 manat dövlət rüsumu ödəyib şəkil çəkdirdim, 10 dəqiqə sonra B kateqoriyalı sürücülük vəsiqəmi aldım.

Praktiki imtahanlara ümumilikdə 40 AZN rüsum ödəmişdim. 100 AZN nəzəri imtahanların rüsumu, 40 AZN praktiki imtahanlara ödədiyim rüsumlar, 30 AZN vəsiqə üçün tələb edilən rüsum – sürücülük vəsiqəsi üçün ümumilikdə imtahanlar daxil olmaqla 170 AZN dövlətə rüsum ödədim. Əlavə heç bir xərcim çıxmadı.

Bu prosesdə bir şeyi öyrəndim. Əgər savadlı sürücü olmağı qarşınıza məqsəd qoymusunuzsa istəyinizə mütləq nail olacaqsınız. Sizin iradənizin, əzminizin qarşısında heç nə dayana bilməz. Əksinə, israrla imtahana gedən tələbələrə qarşı rəğbət gördüm imtahan mərkəzində. İmtahana hazırlaşdığınızı görənlər sizi həvəsdən salmağa çalışacaqlar, sürücülük vəsiqəsini almağın mümkün olmadığını deyəcəklər. Heç kimi dinləməyin və davam edin. Siz mütləq bacaracaqsınız.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir