taksi

Taleyimizi kimə həvalə edirik?

Baxış sayı: 384

Taksi elə bir nəqliyyat vasitəsidir ki, hər kəs ondan tez-tez istifadə edir. Son dövrlərdə eşitdiyimiz hadisələr isə belə bir sual çıxarır meydana: biz taleyimizi kimə həvalə edirik?..

Təbii ki, başadüşüləndir, hər bir taksi sürücüsü çörək pulu qazanmaq, ailəsini dolandırmaq üçün çalışmalıdır. Taksi sürücüləri var ki, onların ikinci bir fəaliyyət sahəsi yoxdur. Tək taksiçiliklə ailənin dolanışığını təmin edirlər. Belə isə eşitdiyimiz xəbərlər onların bəzilərinə nə dərəcədə yaraşandır?

Bu günlər belə bir xəbərlə qarşılaşdıq: Bakıda “Uber” və “Bolt” taksi şirkətlərinin bəzi sürücülərinin əsasən xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təkliflər etmələri və taksi görüntüsü yaradaraq narkokuryerlik etmələri barədə daxil olan əməliyyat məlumatları əsasında polis əməkdaşları tərəfindən növbəti təxirəsalınmaz tədbirlər keçirilib. Son bir neçə gündə keçirilən tədbirlər nəticəsində qeyd olunan qanunazidd əməlləri törədən həmin şirkətlərin daha 11 sürücüsü müəyyən edilərək saxlanılıb. Əməliyyatlar zamanı saxlanılan taksi sürücülərindən bir qisminin cinayət məsuliyyətinə, digərlərinin isə inzibati məsuliyyətə cəlb olunmaları təmin edilib. Bu istiqamətdə polis əməkdaşları tərəfindən intensiv tədbirlər davam etdirilir.

Bəli, bu xəbərlə tanış olandan sonra hər adam özünə belə bir sual verə bilər ki, biz taleyimizi belələrinə həvalə edirik?

Doğrudur, hər kəs belə hallarla rastlaşmayıb. Lakin deyilənlər varsa, deməli, rastlaşanlar da var.

Elə bu məqamda yenə belə bir sual çıxır meydana. Taksi sürücüsü nə üçün belə əməllərlə məşğul olmalıdır? O halda ki, çörəyini taksiçilikdən çıxarır, ona yaraşarmı ki, kiməsə qarşı qeyri-etik davransın, əxlaqsız təkliflər etsin, narkokuryerlik etsin?

Ailəsi, övladı olan insan bu hərəkətləri necə edə bilər? Düşünməz ki, bu səhvi ilə işindən kənarlaşdırıla və ailənin son ümid yerini itirə bilər? Maraqlıdır…

Deməli, ailə-uşağını düşünməyən, öz şəxsi hisslərinə və istəklərinə qarşı çıxa bilməyən, onlara baş əyənlər var. Belələrinə isə cəmiyyətdə yer yoxdur.

Çox zaman mədəni sürücülərlə qarşılaşdığımız sözsüzdür. Mən şəxsən bu söhbətdə adı keçən sürücülər kimi sürücülərlə qarşılaşmasam da, təbii ki, qarşılaşdığım halda onları şikayət edərdim. Çünki hər kəsin həyatı çox dəyərlidir.

Hələ də ki, hansısa bir məsafəyə gedərkən avtomobildə tək olursansa və yaxud ailənlə, övladlarınla birlikdə yol qət edirsənsə, bu, böyük məsuliyyətdir. Taksi sürücüləri bunu dərk etməli, birincisi insanların taleyi, ikincisi isə öz dolanışıq yolları, qazanc mənbələri ilə oynamamalıdırlar.

“Elin gözü tərəzidir” kimi dəyərli bir deyimimiz var. Bəli, taksiçilik elə bir sahədir ki, burada olan neqativ hallar bütün digər başqa sahələrdən daha tez üzə çıxır. Odur ki, taksi sürücüləri ehtiyatlı olmalıdırlar. Əks təqdirdə heç kim həyatından bezməyib. Və ya əxlaqından vaz keçməyib ki, ona belə təkliflər edilsin.

Yaxşı olar ki, qiymətlərə görə münasib olan, uzaq məsafələri az ödənişlə yaxın edən bu sürücülər həm öz iş yerlərini, həm də insanların bu xidmətləri itirməmələrini düşünsünlər. Bu barədə bir küncə çəkilib hadisələrə oradan- taksi sürücüsü kimi deyil, müştəri kimi baxmağın əsl vaxtıdır. Sonra gec olmayana qədər bunu etmək vacibdir.

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir