aspaz Mehman Huseynov

Tanınmış aşpaz:”Düşünsünlər ki, hazırladıqları dadlı yeməklərlə həyat yoldaşlarını sevindirəcəklər”

Baxış sayı: 471

“Gencaile.az”  saytı televiziya kanallarından Mehman usta kimi tanıdığımız məşhur aşpaz Mehman Hüseynovun müsahibəsini təqdim edir.

 

Mehman usta, gərgin iş qrafikinizə rəğmən təklifimizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirik.

– Əksinə, məni sayıb, seçdiyiniz üçün Siz sağ olun.

 

– Uzun illərdir öz sahənizdə kifayət qədər tanınır və sevilirsiniz. Sizin kimi məşhur aşpaz olmaq istəyənlərə nə məsləhət görərdiniz?

– Düşünürəm ki, tək bu sahədə deyil, istənilən peşədə tanınmaq və uğur qazanmaq üçün ilk növbədə seçdiyin sənəti sevməlisən. Daim yeniliklərə can atmalısan. Mən kulinariyanı sonsuz dəryaya bənzədirəm.  Ora baş vurduqca yeni yollar kəşf edirsən. Peşəkar aşpaz olmaq istəyən gənclər, öncə mütaliə etməlidirlər. Satışda Kulinariyaya aid ədəbiyyatlar var, mütləq alıb oxusunlar. Eləcə də, digər  xalqların mətbəxi, yeməkləri ilə maraqlansınlar.  Fantaziyalarını zənginləşdirsinlər. Ən əsası ilə yeməyi sevgi və səbrlə hazırlasınlar. Yeməyin nazını çəkməsən, istədiyin ləzzəti əldə etmirsən.

 

Deyirlər kişilər yeməkləri qadınlardan daha dadlı bişirir. Buna münasibətiniz?

– Qətiyyən, bu fikirlə razı deyiləm. Hər şey insanın əlinin duzundan asılıdır. Kişi aşpazlar tanıyıram ki, yemək hazırlama qaydası da, süfrəyə verməyi də olduqca zövqsüz və səliqəsizdir. Onu da qeyd edim ki, yeməyin ləzzəti insanın xarakterindən də asılıdır. Bəzi kişi aşpazlarımız spirtli içki içib, yemək bişirirlər. İnanın ki, o yeməyin dadı da bərbad olur. İçkili halda mətbəxə keçib, yemək hazırlamağı heç kimə məsləhət görmürəm.

 

mehman

– Cəmiyyətdə belə bir fikir formalaşıb ki, ailədə kişi aşpazdırsa, yeməkləri də o hazırlayır. Lakin Siz müsahibələrinizin birində qeyd etmişdiniz ki, evdə bütün xörəkləri xanımınız bişirir. Həyat yoldaşınıza mətbəxdə heçmi kömək etmirsiniz?

– Mənim evdə yemək hazırlamağa heç zamanım olmur. Çünki bütün günüm işdə yemək bişirməklə keçir. İşdə hazırladıqlarımı isə, evə gətirməyi sevmirəm.  Həm də, xanımım çox ləzzətli yeməklər bişirir. Onun da, çox gözəl əl qabiliyyəti var. Mən əslən İsmayıllı rayonundanam. Əsasən rayona gedəndə, təbiətin qoynunda, zövq ala-ala yemək bişirməyi çox xoşlayıram.

 

– Usta, bir çox gənc xanımlarımız ailə quranadək qayğanaq da bişirə bilmirlər. Ailə qurduqdan sonra isə mətbəxdə uzun və acı təcrübə keçirlər. Onları cəsarətləndirmək üçün nə məsləhət görərdiniz?

– Bu halla çox rastlaşıram. Hətta şagirdlərim arasında nişanlı xanımlar çoxdur. Ailə qurana yaxın heç olmasa bir neçə yeməyin hazırlanma qaydasını öyrənmək istəyirlər. Sonradan bu sənəti elə mənimsəyirlər ki, öz peşələrini atıb, aşpaz kimi fəaliyyət göstərirlər. Xanımlarımız bilsin ki, həvəs olandan sonra, insanın bacarmayacağı heçnə yoxdur. Düşünsünlər ki, hazırladıqları dadlı yeməklərlə həyat yoldaşlarını sevindirəcəklər. Məncə, bundan böyük stimul ola bilməz.

mehman

– Hər bir aşbazın mətbəxdə kiçik hiylələri var. Əminəm ki, siz də,  istisna deyilsiniz. Bəlkə evdar xanımlarımızla ümumiyyətlə yemək bişirməyi sevən oxucularımızla dəyərli məsləhətlərinizi bölüşəsiniz?

– Bu təcrübə ilə əlaqəlidir. Kulinariyanın ucu- bucağı yoxdur. Mətbəxdə hər bir vəziyyətdən çıxış yolu var, sadəcə bir az kobud səslənsə də, deməliyəm ki, baş işlətmək lazımdır. Məsələn, əsəbi olanda heç vaxt yemək bişirmirəm, çünki hazırladığım hər biryeməyin körpə uşaq kimi nazı ilə oynayıram. Əsəbi olanda isə bu alınmır. Bir də, xanımların ən çox verdiyi bir sual var: Soğanı necə doğrayaq ki, gözümüz göynəməsin? Soyduqdan sonra suyun içərisinə qoyub, biraz gözləyin, və nəticəni görün.

 

Mehman bəy, bir daha sizə minnətdarlığımızı bildirib, işinizdə uğurlar arzu edirik!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir