taksi

“Uber”, “Bolt” və “Yango”nun bahalaşma qərarı: ucuz taksi xidmətinə son

Baxış sayı: 407
Ölkədə fəaliyyət göstərən taksi şirkətləri yaxın məsafələrə gediş haqqını artırıb. Bundan sonra “Uber”, “Bolt” və “Yango” şirkətlərində qısa məsafələrə səfərlər üçün minimum məbləğ 2,5 manat təşkil edəcək. Əvvəllər bu məbləğ 1-1,6 manat civarında dəyişirdi.Qeyd edək ki, ötən ay Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliklərin Milli Məclisdə müzakirəsi zamanı qiymətlərin artacağını bildirmişdi. Nazir qeyd etmişdi ki, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına dair yeni tələblər müəyyənləşəcək: “Artıq taksi fəaliyyəti göstərmək istəyən şəxs buraxılış kartı və buraxılış vəsiqəsi alacaq. Taksi sifarişi operatorlarına yalnız taksi daşıyıcısı kimi icazə alanlar qoşula biləcəklər. Üstəlik taksilərdə taksometr və ya onu əvəz edən proqram təminatı olmalıdır. Sürücülərin iş və istirahət rejimləri barədə məlumatlar aidiyyəti dövlət orqanının informasiya sisteminə real vaxt rejimində ötürülməlidir”, – deyə Rəşad Nəbiyev söyləmişdi.

Nazirin açıqlamasından sonra paytaxtda taksilərdə gediş haqlarının artacağı barədə müzakirələr yenidən aktuallaşdı. Azərbaycan hökumətinin bu addımını ictimai nəqliyyata azalan marağın bərpa olunması cəhdi kimi qiymətləndirənlər olsa da, bəziləri inhisarçılıq amilinin buna səbəb olduğunu iddia edirlər. İkincilərin qənaətinə görə, bu baş verərsə, paytaxt əhalisinin taksiyə kütləvi tələbatı azalacaq və nəticədə işsizlər ordusunun sayı artacaq. Nəzərə alanda ki, işsiz əhalinin əhəmiyyətli bir hissəsi, eləcə də az məvaciblə çalışan sürücülər də işdən sonra taksi fəaliyyəti ilə məşğul olur, bu iddiaların həqiqət yükü artır.

Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, qiymət artımı taksidən istifadə edən sərnişinlərin sayının ciddi şəkildə azalmasına səbəb ola bilər: “Yaxın məsafələrə görə, qiymətlərin artması barədə qərar beynəlxalq nəqliyyat şirkətlərin özləri tərəfindən qəbul olunub. Yəni bununla bağlı qərarı “Uber”, “Bolt” və “Yango” şirkətləri veriblər. Rəsmi qərar deyil və qiymətlər dövlət tərəfindən müəyyən edilməyib. Onlar bunu hansı zərurətdən həyata keçiriblər, bu barədə özləri açıqlama versələr, daha yaxşı olardı. Şübhəsiz ki, bu qərarın bazara birbaşa təsiri olacaq. Tamamilə mümkündür ki, müştərilər qeyd olunan şirkətləri yox, digər şirkətləri seçsinlər. Ən azından yaxın məsfələrə görə bu şirkətlərin xidmətindən istifadə edənlərin sayı azalacaq. Bazarda çoxlu sayda şirkətlər mövcuddur. Sərnişinlərin “Uber”, “Bolt” və “Yango” kimi şirkətləri seçməsi isə onların təklif etdiyi xidmətin əlçatan və keyfiyyətli olması ilə bağlı idi. Son qərar onların da fəaliyyətinə təsirsiz ötüşməyəcək”.

Ekspert qeyd edib ki, ictimai nəqliyyatda xidmət səviyyəsi yüksək deyil: “Məhz elə bu səbəbdən də sərnişinlər daha çox taksi şirkətlərinə üstünlük verir. İnsanları zorla və inzibati metodlarla nəyəsə məcbur etmək olmaz. Avtobuslarda xidmət bərbad vəziyyətdədir. Avtobuslardan istifadə sərnişinlər üçün stress və vaxt itkisi deməkdir. Mükəmməl xidmət olmayana qədər ondan istifadə edənlər az olacaq Yəqin ki, insanlar daha əvvəlki kimi taksidən müntəzəm istifadə etməyəcəklər. Müəyyən səfərlərini təxirə salacaq və yalnız vacib olan təqdirdə taksidən istifadəyə üstünlük verəcəklər. Ehtimal edirəm ki, bu qərardan sonra paytaxtda taksi fəaliyyəti öz populyarlığını qismən də olsa, itirəcək”, – Hüseynov söyləyir.

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, taksi şirkətləri tərəfindən verilən son qərar hökumətin istəyi ilə baş tutub: “Əgər bir gündə üç məşhur taksi şirkəti analoji qərar verirsə, deməli, burada razılaşma olub. Bu razılaşma isə yəqin ki, hökumətlə əldə edilib. Taksi xidməti hökumət tərəfindən tənzimlənməyən fəaliyyət sahəsidir. Yəni burada qiymət siyasəti Tarif Şurasının səlahiyyətinə aid olmayan məsələdir. Qiymətlər sərbəst bazar təklifləri əsasında müəyyən edilməlidir. Hesab edirəm ki, hökumətin taksi fəaliyyətinə müdaxiləsi qanunsuzdur və birbaşa biznesə müdaxilədir. Nəzərə alanda ki, son illər qiyməti ucuzlaşan yeganə sahə taksi xidmətidir, burada da qiymətlərin artmasına çalışmaq inhisarçılıq təzahürü kimi qiymətləndirilə bilər” – müsahibimiz vurğulayıb.

Cəfərli əlavə edib ki, Azərbaycan hökuməti məsələyə aydınlıq gətirməlidir: “Əgər həqiqətən də hökumətin bu məsələdə hər hansı marağı yoxdursa, açıqlama yaymalıdır. Elan etməlidir ki, son qərar “Uber”, “Bolt” və “Yango” şirkətləri tərəfindən elan edilib. Yəni qiymətlər sərbəst bazar şərtləri əsasında artıb. Hansı ki, rəsmi olmasa da, hər kəsə məlumdur ki, bu, hökumətin istəyi əsasında baş verib. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin ötən ay verdiyi açıqlama bunun bariz nümunəsidir” – deyə, Cəfərli fikrini tamamlayır.

 

Azər Niftiyev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir