turizm

Yerli turizm: pis xidmət və astronomik qiymət? – ARAŞDIRMA

Baxış sayı: 414

Dünya üzrə ümumi məhsulun 10, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür. Dünyada əməkqabiliyyətli əhalinin 8 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur. Bəzi ölkələrinin gəlirlərinin yarıdan çoxu bu sahənin payına düşür. Turizm sektoru iqtisadiyyatın daimi xarakter daşıyan ekoloji baxımdan zərərsiz və tükənməyən sahəsi kimi böyük perspektivlərə malikdir. Bəs əlverişli təbii-coğrafi vəziyyəti, böyük turizm potensialı olan Azərbaycanda bu sektor hansı perspektivlər vəd edir? Bu sahədə hansı irəliləyişlər, hansı problemlər var? Bunu aydınlaşdırmağa çalışacağıq.

 

Xaricə istirahətə gedən turistlərin sayı artır

Turizm qeyri-neft sektorunun prioritet sahələrindən biri kimi təsbit edilib. Rəsmi elan olunan hədəf Azərbaycanda turizmin ÜDM-də payını 2025-ci ilədək 3%-ə çatdırmaq idi. Artıq 2022-ci ilədək bu hədəfə nail olunmuşdu. Lakin pandemiyanın başlaması bütün dünyada olduğu kimi, Azərbaycanda da bu sektoru tənəzzülə uğratdı. Pandemiyadan sonrakı dövrdə turzim sektorunun bərpası üçün imkanlar bərpa olunur. Əksər ölkələr quru sərhədlərini açıb və milyonlarla turist qəbul etməyə başlayıblar. Lakin Azərbaycanın quru sərhədlərinin hələ də bağlı qalması ölkəyə turist axınını dayandırır.

Hazırda ölkədə 150-dən artıq turizm şirkəti, 500-dən artıq mehmanxana fəaliyyət göstərir. Pandemiyadan qabaq ölkəyə ildə 2 milyon turistin gəlirdi, indi bu rəqəmin bərpa olunması və hətta bundan daha yüksək göstəriciyə çatdırılması üçün bütün imkanlar var.

Lakin bu sahədə bəzi problemlər var ki, onlar turizmin inkişafına mane olur. Bu da əsasən qiymətlərin yüksəkliyi və xidmətlərin zəifliyi ilə bağlıdır. Məlum olduğu kimi, ölkəmizdə istirahət ocaqlarının böyük əksəriyyəti ildə yalnız 4-5 ay fəaliyyət göstərir və onlarda yay mövsümündə qiymətlər xarici ölkələrdəki daha üstün istirahət mərkəzlərinin qiymətlərindən yüksək olur. Bu obyektlərdə servis sahələri lazımi tələblərə cavab vermir.

Bu mövsüm quru sərhədlərin bağlı olması səbəbindən istirahətini ölkəmizin regionlarında keçirməli olan vətəndaşlarımız sosial şəbəkələrdə bahalıqdan və pis xidmətdən şikayətlənirlər. Qeyd olunur ki, adi bir kafedə və ya restoranda qiymətlər digər yerlərdən 3-4 dəfə bahadır. Hətta, yerli turstlərdən biri bir gölün kənarında adi çayın 60 manata satıldığını yazıb tənqid etmişdi. Üstəik, yeni kəşf olunmuş “servis haqqı” dələduzluğu ilə müştəriləri soyurlar. Hətta bəzi yerlərdə meşəyə, çaya, gölə, şəlaləyə gedən yolu kəsib “bura giriş pulludur” deyərək baxmaq üçün pul tələb edirlər. Halbuki bu yerlər xalqın ümumi əmlakıdır.

Aydındır ki, turizm mərkəzinə üz tutan xarici turistlər istirahəti yalnız dadlı yemək, yatmaq və təbiəti seyr etməkdə görmür. Turistlərin böyük əksəriyyətinin arzusu istirahət zamanı tarixi və mədəni abidələr ilə tanış olmaq, maraqlı marşrutlarla (at üstündə, velosipedlə, qayıqla, piyada və s.) səyahət etməkdən ibarətdir. Bu xidmətlər isə demək olar ki, yoxdur. Məhz bu səbəbdən, öz vətəndaşlarımız da ölkədəki istirahət mərkəzlərinə üz tutmurlar.

 

Yerli turistlər yerli turizm mərkəzləri haqda nə düşünür?

Azərbaycanlıların ən çox getdiyi ölkələr sırasında qonşu ölkələr- Gürcüstan, Rusiya, Türkiyə, İran əsas yer tutur. Bəs bunun səbəbləri nədir? Mövzu ilə bağlı sosial şəbəkədə kiçik bir sorğu keçirdik. “Azərbaycanda turizmin inkişafına əngəl olan hansı problemləri qeyd edərdiniz” sualına respondentlər maraqlı cavablar veriblər…

Anar Həsənov: Ən böyük problem xidmət səviyyəsindədir. Bizdə nəinki daha tələbkar xarici turisti, heç o qədər də tələbkar olmayan yerli turistləri belə qane edəcək normal xidmət səviyyəsi yoxdur. Əgər bir araşdırma aparsalar görərlər ki, ölkəyə gələn xarici turistlərin heç biri 2-ci dəfə bura gəlmir.

Leyla Əliyeva: Məncə ən çox zərər vuran qiymətlərin bütün dünyadan baha olmasıdır. Bir neçə il əvvəl Gürcüstanda, Batumidə istirahət etdim, günü 25 manata 3 ulduzlu oteldə, normal istirahət mərkəzində dincəldik. Hər gün 2-3 saatlıq ekskursiyalar təşkil olunurdu. Turist bu qiymətə belə imkanı buraxıb bizim bahalı turizm mərkəzlərinə niyə gəlsin ki?

Kəmalə Məmmədova: Bizdə turizm oteldə yatmaq yerini və yeməkləri çox baha qiymətə satmaq kimi başa düşülür. Ən yaxşı halda iri bir hovuz düzəldirlər. Belə mərkəzlərdə tünlük olur və istirahət etmək mümkün deyil. Səs-küydən qulaq tutulur. Bizim turizm mərkəzlərinin çoxunda gəziləsi, görüləsi yerlər yoxdur. Ağac, hovuz, gül-çiçək, heyvan heykəlləri elə hər yerdə var.

Hikmət Həsənov: Turizm sahəsi üzrə mütəxəssis kimi deyə bilərəm ki, bizdə hələ ki müvafiq infrastruktur və xidmət bərbad vəziyyətdədir. Turizm deyəndə turizm obyektləri sahiblərinin ağlına ancaq kabab satmaq və otağı baha qiymətə müştəriyə sırımaq gəlir. Əslində, turizm tam fərqli bir şeydir. Floristləri, faunaçıları, arxeoloqları, etnoqrafları ölkəyə cəlb etmək lazımdır. Eyni zamanda, coğrafi, tarixi, etnoqrafik, nəbatat və müalicəvi turizmi də inkişaf etdirib, ölkəyə kulli miqdarda pul qazandırmaq olar.

 

Turizmin inkişafı təkcə dövlətin işi deyil…

Geniş imkanlar olmasına baxmayaraq, Azərbaycana nəinki əcnəbi turistlərin marağı artmır, hətta yerli vətəndaşlar da ölkəmizdə mövcud olan müalicəvi turizm xidmətlərindən lazımi qədər yararlanmırlar. Yerli turistlərin böyük əksəriyyəti müalicəvi istirahət üçün Rusiyaya, əyləncəli istirahət üçün isə Türkiyə və Gürcüstana üz tuturlar.

Qonşu ölkələr turizmin inkişafına böyük diqqət ayırırlar. Bu səbəbdən də böyük gəlirlər əldə edirlər. Biz belə bir güclü rəqabət şəraitində turizmi inkişaf etdirməliyik. Bunun üçün də bu sektora daha böyük diqqət ayrılmalı, problemlər həll olunmalıdır.

Turizmin Azərbaycanda bütün növlərinin inkişafı üçün potensial da var, iş də görülür. Bizdə ekoturizmin, kənd turizminin, nəqliyyat turizminin, arxoturizmin, ekstrim (idman) turizmi, qış turizminin inkişafı üçün ciddi işlər görülür. Bizim milli yeməklərimiz var ki, onlar həm ucuz başa gəlir, həm də dadlı və xeyirli yeməklər kimi turistləri cəlb edə bilər. Onları markalaşdırmaq, təbliğ etmək, dünyaya tanıtmaq lazımdır. Bunun üçün də qida mütəxəssisləri hazırlamağa ehtiyac var. Turizm sektorunun inkişafı həm də məşğullluq probleminə müsbət təsir edə bilər. Yüz minlərlə insan işlə təmin oluna bilər.

Nəqliyyat turizmi üçün də yaxşı imkanlarımız var. Dənizdə, çaylarda, xüsusilə Kür çayında gəmi turizmi, dəmiryolunda turist marşrutları, avtomobil, velosiped turları təşkil edilməsinə çalışmalıyıq. Regionlarda maraqlı muzeylər, təbii adibələr, tarixi abidələrimiz var. Onlara turist marşrutları təşkil etmək işini gücləndirmək lazımdır.

Turizmin inkişafı ilə bütövlükdə xidmət sektoru inkişaf edəcək. Hesablamalara görə, turizm sektoru 60-dan çox iqtisadiyyat sahəsinin inkişafına müsbət təsir edir. Ölkəyə gələn turistlərdən həm aqrar sektor, həm yüngül sənaye, həm xidmət sektoru, həm maliyyə-bank-sığorta sistemi, həm nəqliyyat, həm rabitə, həm səhiyyə sektoru qazanır.

Beynəlxalq miqyasda Azərbaycanın turizm potensialı reklam və təbliğ olunur, böyük layihələr və konfranslar keçirlir. Dövlət əlindən gələni edir. Amma bunu təkcə dövlət etməli deyil, turizm şirkətləri də burda maraqlı olmalıdır. Görülən işlər qanedici olmalıdır. Potensial çoxdur, perspektivlər yüksəkdir, qalır bu işləri ardıcıl yerinə yetirmək.

 

Elçin Bayramlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir