Bu həftə Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Qanun layihəsi uşaqlara qarşı fiziki və psixoloji zorakılığın qarşısını almaq və onların hüquqlarını qorumaq məqsədilə hazırlanıb.
Qanun layihəsinə əsasən, uşaqlara tərbiyə məqsədilə və ya intizam tədbiri kimi fiziki zorakılıq tətbiq edən valideynlər, onları əvəz edən şəxslər, eləcə də uşaqlara nəzarət vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət və istirahət müəssisələrinin işçiləri, həmçinin penitensiar müəssisələrdə uşaqlara nəzarət edən əməkdaşlar inzibati məsuliyyət daşıyacaqlar.
Layihə uşağa qarşı cismani cəzanın tətbiqinə görə iki yüz manat məbləğində inzibati cərimənin tətbiqini nəzərdə tutur. Həmin məsuliyyət yalnız əgər əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadığı hallarda tətbiq olunacaq. Bu yanaşma uşaqlara qarşı zorakılığın həm inzibati, həm də cinayət məsuliyyəti çərçivəsində tənzimlənməsini təmin edir.

Hüquqi ekspertlərdən geniş şərhlər
“Gencaile.az” saytına açıqlama verən hüquqşünas Fidan Qarayevanın sözlərinə görə, qanun layihəsi hüquqi baxımdan həm valideynlər, həm də uşaqlara nəzarət edən digər şəxslər üçün aydın çərçivə müəyyən edir. “Əvvəllər bir çox hallarda uşaqlara qarşı zorakılıq inzibati məsuliyyətə səbəb olmurdu və hüquqi boşluqlar yaranırdı. Yeni qanun bu boşluqları aradan qaldırır, uşaqlara qarşı zorakılığı konkret olaraq tənzimləyir və məsuliyyət mexanizmini müəyyən edir. Bu, təkcə cəza tətbiq etmək deyil, həm də valideynlərə və sosial xidmət əməkdaşlarına aydın siqnal göndərir ki, uşaqların hüquqları qorunur və onların fiziki, psixoloji təhlükəsizliyi prioritetdir.
Hüquqşünasın fikrincə, qanunun digər mühüm tərəfi onun həm inzibati, həm də cinayət məsuliyyətini əhatə etməsidir: “Bu yanaşma hüquqi sistemdə balans yaratmağa xidmət edir. Yəni hər bir zorakılıq halı həm hüquqi qiymətləndiriləcək, həm də cəza mexanizmi vasitəsilə qarşısı alınacaq. Bu, cəmiyyət üçün uzunmüddətli bir effekt yaradacaq, zorakılığın təkrarlanmasının qarşısını alacaq və uşaqların hüquqlarının qorunmasını təmin edəcək.”

Sosial perspektivdən qiymətləndirmə
Mvzu ilə bağlı fikirlərini bildirən sosioloq Ebru Özkan isə qanunun sosial təsirlərinə diqqət çəkir: “Uşaqlara qarşı zorakılıq yalnız fərdi bir məsələ deyil, cəmiyyətin sosial dəyərlərinə, gələcəyinə və kollektiv rifahına təsir göstərir. Bu qanun cəmiyyətə açıq mesaj verir ki, uşaqların təhlükəsizliyi hər bir ailənin, hər bir sosial qurumun və dövlətin prioritet məsuliyyətidir.
Sosioloqun sözlərinə görə, qanunun tətbiqi valideynlər və sosial xidmət əməkdaşlarının davranışlarını tənzimləyəcək: “Hər bir valideyn və uşaqla işləyən mütəxəssis bu qanun çərçivəsində öz məsuliyyətini yenidən qiymətləndirəcək. Zorakılıq hallarının azalması yalnız cərimə və cəza mexanizmi ilə deyil, həm də sosial normaların və gözləntilərin formalaşması ilə mümkündür. Bu, cəmiyyətdə uşaqlara qarşı zorakılığın qəbul edilməz olduğunu vurğulayan güclü sosial siqnaldır. Eyni zamanda, bu qanun gələcək nəsillərə daha sağlam və etibarlı bir sosial mühitin yaradılmasına xidmət edir.”

Psixoloji baxış
Psixoloq Məryəm Tarverdiyeva qanunun uşaqların inkişafına təsirinə diqqət çəkir: “Keçmiş tərbiyə sistemində fiziki və psixoloji zorakılıq adətən normal hesab olunurdu. Halbuki bu yanaşmalar uşağın gələcək həyatında ciddi problemlərə səbəb ola bilər. Fiziki cəza uşağın özünəinamını sarsıda bilər, sosial bacarıqlarını məhdudlaşdıra bilər və psixoloji travmalara yol aça bilər.
Tarverdiyeva əlavə edir ki, hər bir tərbiyə metodu tətbiq edilərkən iki əsas sual nəzərə alınmalıdır:
Bu yanaşma şəxsin həyatına birbaşa və ya dolayı şəkildə mənfi təsir göstərə bilərmi?
Mən bu yanaşmanın effektiv olduğuna hansı əsaslarla inanıram?
O vurğulayır ki, qanun yalnız cəza mexanizmi deyil, həm də uşaqların təhlükəsizliyinə və sağlam inkişafına cəmiyyətin verdiyi mesajdır: “Valideynlər və uşaqla işləyən mütəxəssislər açıq və dəstəkləyici ünsiyyətə, dolaylı nəzarət və emosional dəstəyə üstünlük verməli, uşaqların fərdi xüsusiyyətlərini nəzərə alaraq tərbiyə prosesini yenidən formalaşdırmalıdırlar.”

Hüquqi və sosial əhəmiyyət
Ekspertlərin yekdil fikrincə, qanun uşaqların təhlükəsizliyini təmin etməklə yanaşı, cəmiyyətin uşaqlara qarşı zorakılığa qarşı mövqeyini də gücləndirir. Qanunun tətbiqi həm inzibati, həm də cinayət məsuliyyətini əhatə etməsi onun effektivliyini artırır və hüquqi boşluqları aradan qaldırır.
Milli Məclisin səsverməsi nəticəsində üçüncü oxunuşda qəbul edilən bu qanun layihəsi uşaqların hüquqlarının qorunması, onların fiziki və psixoloji inkişafının təmin olunması baxımından mühüm addım hesab olunur. Uzunmüddətli perspektivdə qanunun tətbiqi uşaqların sağlam böyüməsi üçün hüquqi zəmin yaradacaq, valideynlərin və uşaqlara nəzarət edən şəxslərin məsuliyyət anlayışını gücləndirəcək və zorakılıq hallarının qarşısının alınmasına stimul verəcək.
Hazırladı: İlahə Atəş









































































































































































Psixoloji tərəfi çox önemlidir. Fiziki cezalar uşağın özünə inamina təsir edir. Yaxsi ki, qanunla bu mesele tənzimlənir.
Uşaqla düzgün davranmaq hər bir valideynin borcudur. Fiziki cezalar artıq normal sayilmir, yaxşı ki, qanunla tənzimlənir.