Səhər yuxudan oyananda ağızda acı və ya xoşagəlməz dad hiss etmək bir çox insanın yaşadığı haldır. Bəzən bu, gecə ağız boşluğunda tüpürcəyin azalması, ağızdan nəfəs alma və ya axşam qəbul edilən qidalarla əlaqəli ola bilər. Lakin ağızda acılıq tez-tez təkrarlanırsa, gün ərzində də davam edirsə və başqa əlamətlərlə müşayiət olunursa, bunu yalnız “ağızda dadın dəyişməsi” kimi qəbul etmək düzgün deyil.
Çünki ağızda acılığın arxasında həzm sistemi ilə bağlı problemlərdən tutmuş ağız boşluğunun sağlamlığına, qəbul edilən dərmanlara və bəzi digər vəziyyətlərə qədər müxtəlif səbəblər dayana bilər.
Gecə ağızda nə baş verir?
Yuxu zamanı tüpürcək ifrazı azalır. Bu isə ağız boşluğunda bakteriyaların daha çox toplanmasına və səhər xoşagəlməz dadın yaranmasına səbəb ola bilər. Xüsusilə ağızdan nəfəs alan, burun tutulması yaşayan və kifayət qədər maye qəbul etməyən insanlarda bu hiss daha qabarıq ola bilər.
Belə hallarda səhər dişləri və dili təmizlədikdən, su içdikdən sonra acılıq qısa müddətdə aradan qalxırsa, çox vaxt ciddi problem olmur.
Amma acılıq hər səhər təkrarlanırsa və ağız boşluğuna qulluqdan sonra da uzun müddət qalırsa, səbəbi araşdırmaq lazımdır.
Reflü ağızda acı dad yarada bilər
Ağızda acılığın səbəblərindən biri mədə möhtəviyyatının qida borusuna geri qayıtması – qastroezofageal reflü ola bilər.
Reflü zamanı insan yalnız sinədə yanma hiss etməyə bilər. Bəzi insanlarda səhərlər ağızda turş və ya acı dad, boğazda qıcıqlanma, tez-tez boğaz təmizləmək ehtiyacı, öskürək və səsdə xırıltı kimi şikayətlər də yarana bilər.
Xüsusilə gec saatlarda çox yemək, yatmazdan az əvvəl qida qəbul etmək və yeməkdən dərhal sonra uzanmaq bu problemi daha da gücləndirə bilər.
Ağız boşluğundakı problemləri də unutmaq olmaz
Ağızda acı və xoşagəlməz dadın səbəbi bəzən çox sadə bir yerdə – ağız boşluğunda olur.
Diş əti iltihabı, kariyes, ağız boşluğunda infeksiya, dil üzərində bakterial ərp və ağız quruluğu dadın dəyişməsinə səbəb ola bilər.
Bu səbəbdən ağızda acılıq şikayəti olan insan yalnız mədə-bağırsaq problemlərini düşünməməlidir. Dişlərin və diş ətlərinin vəziyyəti də qiymətləndirilməlidir.
Burun tutulması da səbəb ola bilər
İnsan qoxunu və dadı bir-birindən tamamilə ayrı hiss etmir. Burun tıxanıqlığı, allergiya, xroniki rinit və sinuslarla bağlı problemlər qoxu hissinə təsir etməklə ağızda dadın fərqli qəbul edilməsinə səbəb ola bilər.
Burun tutulduğu üçün gecə ağızdan nəfəs almaq isə ağız quruluğunu artırır və səhər acı dad hissini daha da nəzərəçarpan edə bilər.
Bəzi dərmanlar dad hissini dəyişə bilər
Ağızda acılıq və ya metalabənzər dad bəzi dərmanların yan təsiri kimi də meydana çıxa bilər. Buna görə yeni dərmana başladıqdan sonra belə bir şikayət yaranıbsa, dərmanın yan təsirləri nəzərdən keçirilməlidir.
Burada vacib məqam dərmanı özbaşına dayandırmamaqdır. Xüsusilə uzunmüddətli müalicə alan insanlar yaranan hər yeni əlamətdə preparatı kəsmək əvəzinə həkimlə məsləhətləşməlidirlər.
Qidalanma da rol oynayır
Axşam çox yağlı, ağır və ədviyyatlı qidaların qəbulu, həddindən artıq yemək, gec saatlarda qidalanmaq səhər ağızda xoşagəlməz dadın yaranmasına səbəb ola bilər.
Bəzi qidalar və içkilər də ağızda dadı uzun müddət dəyişdirə bilər. Xüsusilə yatmazdan əvvəl qəbul edilən qəhvə və digər bəzi içkilər ağız quruluğunu və reflü şikayətlərini artıraraq səhər narahatlığını gücləndirə bilər.
Nə vaxt həkimə müraciət etmək lazımdır?
Əgər ağızda acılıq yalnız arabir səhərlər olur və su içdikdən, ağız boşluğunu təmizlədikdən sonra keçirsə, adətən ciddi narahatlıq üçün əsas olmur.
Lakin aşağıdakı hallarda şikayətə diqqətlə yanaşmaq lazımdır:
acılıq demək olar ki, hər gün təkrarlanırsa;
gün ərzində də davam edirsə;
sinədə yanma və ağıza turş mayenin gəlməsi varsa;
davamlı ağız quruluğu yaranıbsa;
ağız qoxusu və diş əti problemləri müşahidə edilirsə;
ürəkbulanma, qarında ağrı və ya köp kimi digər həzm şikayətləri qoşulursa;
yeni dərman qəbulundan sonra başlayıbsa;
dad və qoxu hissində davamlı dəyişiklik yaranıbsa;
səbəbsiz çəki itkisi və ya başqa davamlı şikayətlər də varsa.
Əsas məsələ simptomun özünə deyil, onun nə qədər davam etdiyinə, nə zaman yarandığına və hansı əlamətlərlə birlikdə müşahidə edildiyinə diqqət etməkdir.
Səhərlər ağızda acılıq çox vaxt sadə səbəblərlə əlaqəli ola bilər. Ancaq təkrarlanan və davamlı şikayət orqanizmin başqa bir probleminə işarə edə bildiyi üçün onu uzun müddət görməzdən gəlmək düzgün deyil. Əvvəlcə ağız boşluğunun gigiyenası, qidalanma və gündəlik vərdişlər nəzərdən keçirilməli, şikayət davam edərsə ailə həkimi və ya uyğun mütəxəssis tərəfindən qiymətləndirilməlidir.
Nərminə Abbasova
Terapevt, ailə həkimi











































































































































































