1452634276

Nevroloq: “Uşağın 3 valideyni var…”

Baxış sayı: 1. 620

– Hazırda uşaqlarla bağlı nevroloqa daha çox müraciət olunan xəstəlik hansıdır?

– Son zamanlar uşaq yaşı nevrozlarının artması müşahidə olunur. Bu, özünü kəkələmələr, müxtəlif qorxular – qapalı yer qorxusu, boğulma qorxusu, enurezlər (gecə sidiyi saxlaya bilməmək), enkaprezlər (nəcisi saxlaya bilməmək), tiklər (qeyri-iradı hərəkətlər), məsələn, göz qırpma, burun çəkmə, çiyin atma, ədəbsiz sözlər, ədəbsiz jestlər və s.-də daha çox göstərir.

– Qeyd etdiyiniz kimi, uşaqlarda kəkələmələr, isteriya çoxalıb. Bu problemlərin müalicəsi üçün hansı məsləhətləriniz var?

– Nevroloji olaraq, lazımdırsa, dərman müalicəsi, psixoloq yardımı məsləhət görülür. Gərək olanda loqopedə müraciət olunur.

– Uşağın nevroloji inkişafının normal getməsi üçün hansı addımlar atılmalıdır?

– Sağlam körpə dünyaya gətirmək üçün ilk növbədə hamiləliyə düzgün nəzarət olunmalıdır. Hamilə qadının müayinələri vaxtında aparılmalıdır. Alkoqol, nikotin, gərəksiz və özbaşına dərman qəbulundan qaçılmalıdır. Təbii ki, doğuş prosesinin travmasız keçməyinin də mühüm rolu var. Körpə dünyaya gəldikdən sonra valideyn, xüsusilə ana inkişafa dair bir neçə nüansa diqqət etsə, gərəkli məqamda həkimə daha erkən müraciət edər. Bu, problemin vaxtında aradan qaldırılmağına səbəb olar.

– Bunlar hansı nüanslardır?

– Məsələn, 1-2 aylıq uşaq gözlərini əşyaya fiksə edir, hərəkət edən obyekti izləyir, səsə reaksiya verir, 2 aylıq uşaq qığıldamaya başlayır, 3 ayında başını sərbəst saxlayır, 4 ayında səsli gülür, köməklə qısa müddət oturur, 5 ayında arxadan önə və ya əksinə çevrilə bilir, 6-8 ayında sərbəst oturur və s. Əgər bu kimi hallar olmursa, geçikirsə, uşağın nevroloji müayinəsi mütləqdir.

– Uşaqların zehni inkişafına dəstək məqsədilə hansı qidalar məsləhət görülür?

– Ümumiyyətlə, uşaqların qidası zəngin olmalıdır. Düşünülməməlidir ki, bir boşqab yesin, mədəsi dolsun. Meyvə-tərəvəz, süd məhsulları, balıq, qırmızı ət, qoz, fındıq, badam və s.

Nəhayət, hər şeydən önəmlisi uşaqlarımızı sevgiylə böyüdək. Çünki uşaq nevrozu, depressiyaların başlıca səbəblərindən biri ailədaxili və uşağa qarşı şiddətdir.

Bir yerdə oxumuşdum: uşağın 3 valideyni var, atası, anası və atası ilə anasının münasibəti.

Nilufər Muğantürk
axar.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir