Bir şəhəri xatırlayarkən insanlar daha çox onun tarixi və mədəniyyəti ilə əlaqəli ən əhəmiyyətli görməli yerləri və ya simvolları təsəvvür edirlər. Lakin bu yazıda biz dünyanın ən rəngarəng şəhərlərindən bəhs edəcəyik.
Sent Cons (Kanada)
Atlantik okeanın sahilində, Avalon yarımadasında Nyufaundlend və Labrador (Kanada) əyalətinin əsas inzibati mərkəzi olan gözəl Sent Cons şəhərinin tarixçəsi 1500-cü illərdən bəri bu əraziyə nəzarət edən ingilis balıqçıları ilə bağlıdır. Zəngin tarixinə baxmayaraq, avropalıların məskunlaşdığı bu ən qədim yaşayış məskəni heyrətamiz təbii mühiti və dəniz limanının olduğuna baxmayaraq çox az sayda turist cəlb edirdi.
1970-ci illərdən başlayaraq bəzi sakinlər təpənin yamacında yerləşən Cellibean Rounu şəhərin mərkəzi kimi parlaq nağıla çevirmək qərarına gəldilər. Belə ki, bir neçə ay ərzində evlərin bütün fasadları parlaq və ziddiyyətli rənglərə boyandı. Bu da şəhərciyinə görünməmiş şöhrət gətirdi.
Caypur (Hindistan)
Hindistanda yerləşən Caypur şəhərinin tarixçəsi XIX əsrə gedib çıxır.Əvvəllər binaları və divarları dumanlı qızılı rəngin çalarları ilə boyanan şəhər Hindistanın ingilistərin müstəmləkəsi daxil olduğu dönəmlərdə buraya ziyarətə gələn Qaller şahzadəsi Eduardın şərəfinə çəhrayı rəngə boyanıb və o vaxtdan dəyişməyib.
Quanahuato (Meksika)
Meksikanın ən rəngarəng və canlı şəhəri olan Quanahuato şəhəri UNESKO-nun Bəşəriyyətin Mədəni İrsi Siyahısına daxil edilib. Açıq mavi, yaşıl , sarı və qırmızı rənglərə boyanmış tarixi mərkəz dünyanın ən rəngarəng şəhərləri sırasına daxildir. Barokko və neoklassik üslubda tikilmiş çoxrəngli evlər xüsusilə 16-cı əsrə aiddir. Lakin şəhərin əsas şah əsəri hələ də divarları sarı rəngə boyanmış və parlaq qırmızı dam ilə örtülmüş Nuestra Senora de Guanahuato Katedral Bazilikası hesab olunur.
Buenos-Ayresin La Boka rayonu (Argentina)
Buenos-Ayresdə yerləşən La Boka rayonu Argentinanın ən rəngarəng və yaddaqalan yerlərindən biridir. Riaçuelo çayının sahilində yerləşən bu bölgənin bənzərsiz görüntüsünün praktik bir açıqlaması var. Evlərin divarları yerli sexlərdəki artıq tullantı materiallardan hazırlanır, artıq qalan boyalarla rənglənir. Sakinləri fəhlə sinifindən ibarət bu məhəllə dünyanın dörd bir yanından gələn turistləri qonaq edir.
Qeyd edək ki, bu məşhur rayon açıq havada işləyən və rəngarəng evlərdə yaşayan yüzlərlə rəssamın məskənidir. La Boca, həmçinin öz rəqs tamaşaları ilə tanınır. Burada günün istənilən vaxtında alovlandırıcı tanqonun necə rəqs edildiyini və serenadaların çalındığını görə bilərsiniz.
Keyptaun (Cənubi Afrika)
Malaziyadan gətirilən qulların yerləşdirildiyi və hələ də “Malaziya məhəlləsi” adlandırılan Keyptaundakı Bo-Kaapın evləri göyqurşağını xatırladan mavi, sarı və neon rənglərlə bəzədilib. XVI əsrdə bölgədə yaşayan müsəlmanların azadlığının ifadəsi olaraq meydana gələn rəngləndirmə işləri hazırda da öz aktuallığını qoruyub saxlamaqdadır.
İzamal (Meksika)
Dünyanın ən rəngarəng şəhərləri sırasında Meksikanın İzamal şəhəri də yer alır. Bu şəhərin başqa bir adı da var – “Ciudad Amarillo” və ya Sarı Şəhər . Çox maraqlıdır ki, bu şəhərdə istisnasız olaraq bütün tikililər, o cümlədən yaşayış binaları, kafelər və hətta kilsələr sarı qızılın çalarlarına boyanıb. Bura səyahət edən turistləri parlaq şəhərin köhnə memarlıq quruluşu və sarı rənglərlə boyanmış binalarla yanaşı, yerli meyvələrdən hazırlanmış gözəl şirniyyatlar da cəlb edir.
Lonqiyr (Norveç)
Qütb Dairəsi üzərində yerləşən, dünyanın ən şimal yaşayış məntəqəsi olan Lonqiyr də qeyri-adi dizayna malik olan şəhərlər sırasındadır. Sənaye keçmişinin burulğanında daha sərt şəraitdə yaşayan insanlar həyatı özünəməxsus şəkildə rəngləndirmək qərarına gəliblər. Hal-hazırda burada yerləşən müxtəlif rəngli taxta evlər küçələrə sanki qeyri-adi parlaqlıq gətirir.
Burano adası (İtaliya)
Venesiyanın Burano adası dünyanın ən romantik şəhərlərindən birinin ən dekorativ və rəngarəng bələdiyyəsidir. Yaxın zamanlara qədər əsas dolanışıq qaynağı əl işləri və balıqçılıq olan Burano adası xüsusilə də sosial mediada məşhurdur. Eynilə Venesiya kimi kanallarla dolu olan bu kiçik qəsəbənin ən əhəmiyyətli xüsusiyyəti rəngarəng evlərin tikilməsidir. Əsrlər boyu bu adada yaşayan balıqçılar evlərini müxtəlif rənglərə boyayıblar.
Qədim rəvayətə görə, balıqçılar evlərini dənizdən yaxşı görmək üçün onları boyayırdılar. Onunla yanaşı, məhəllə sakinləri mümkün qədər çox turist cəlb etmək üçün fərqlənmək istədilər. Əlavə edək ki, burada sakinlər evlərini boyamaq üçün dövlətdən icazə almaq məcburiyyətindədirlər.
Proçida adası (İtaliya)
İtaliyanın Neapolitan sahilində yerləşən kiçik Proçida adası turistlərin ən sevdiyi məkanlardan birinə çevrilib. Sahil boyu uzanan şəhərcik təkcə səssizliyi və dolama küçələri ilə deyil, həm də evlərin rəngarəng fasadları ilə hər kəsin marağına səbəb olub.
Bu rəngarəng evlərin də öz maraqlı tarixçəsi var imiş. Sən demə, balıqçılar dənizdə olarkən hər birinin yaşayış yerini müəyyən edə bilməsi üçün evlərinin divarlarını rəngləyiblər. İllər keçsə də evləri rəngləmək ənənəsi hələ də məşhurdur.
Trinidad (Kuba)
Kubada tətilinizi daha da rəngləndirmək üçün Trinidad şəhərin baş çəkməyiniz mütləqdir. XVI əsrdə İspaniya müstəmləkəsi dönəmində inşa edilən və hələ də orijinallığını qoruyan şəhərin qeyri-adi dizaynı və rəngləri ilə seçilən evləri UNESCO-nun Bəşəriyyəti Mədəni İrs Siyahısındadır.
Şaven (Mərakeş)
Mərakeşin şimal-qərbində, Şaven şəhərində yerləşən evlərin mavi rəngə boyanmasının səbəbləri barədə müxtəlif versiyalar var. Yəhudi rəvayətlərindən sonra məşhurlaşan və “tekhelet” adı verilən boya ilə rənglənən bu labirintsayağı “Mavi şəhər” dünyanın ən rəngarəng şəhərləri sırasına daxil olub.
Çarleston (Cənubi Karolina)
Nə az, nə çox 1700-cü ildən bəri daxili müharibə və yenidən bərpa olunmasına rəğmən qürurla ayaq üstdə duran şəhərin bu formaya düşməsinin səbəbi alimlərdən birinin təklifi ilə həyata keçib. Belə ki, alim sərxoş dənizçilərin evlərini asan tapmaları üçün onları fərqli rənglərə boyamasını təklif edib. Bu gün isə Çarleston ABŞ-ın cənubunda yerləşən ən məşhur yerlərindən biridir.
Uillemstad (Kurasao)
Karib dənizindəki Kurasao adasında və Venesuelanın sahillərində (Hollandiya Krallığının bir hissəsi) olan Kurasaonun mərkəzində məskunlaşan Uillemstad rəngləri ilə ziyarətçilərini ovsunlayan şəhərlərdəndir. Rəvayətlərə görə, 1800-cü illərdə Hollandiya müstəmləkəsinin icraçısı ağ rəngin onun miqrenini artırdığını iddia edib. O, binaların ağ rəngdən başqa bütün rənglərə boyanmasını əmr edib. Çox maraqlıdır ki, onun verdiyi bu qərar yerli sakinləri də çox sevindirib.
Bu şəhər də UNESCO-nun Bəşəriyyəti Mədəni İrs Siyahısında yer alır.
Codpur (Hindistan)
Codhpur Hindistanın ən heyrətamiz şəhərlərindən biridir. Əsrarəngiz rəngləri ilə ziyarətçilərini məst edən Hindistanın Codpur şəhəri Brahma rahiblərinin özlərini yerli əhalidən ayırd etmək istəyi ilə evlərini boyamasından sonra rənglənməyə məruz qalıb. Məlum olub ki, hələ 15-ci əsrdə qəsəbənin banisi Maharaca Rao Codaji qərara gəlib ki, brahmanların (kahinlərin) yaşayış yerləri hamıdan fərqli olmalıdır. Çünki onlar ən yüksək kasta hesab olunurdular (hətta Maharacalar bir addım aşağı). Çox maraqlıdır ki, geniş Thar səhrasının lap kənarında yerləşən yaşayış məntəqəsinin üzərindən uçaraq, aşağıda şəhər deyil, qarğıdalı tarlası olduğunu düşünmək olar. Codpurun bütün binaları mavi və ya bu tonlarda boyanmışdır. Hal-hazırda bu ənənə şəhərin demək olar ki, bütün əhalisi tərəfindən qəbul edilib, çünki onun sakinlərinin əksəriyyəti Brahmanlarla qohumluq əlaqələri var.
Samirə Tağıyeva