Yay aylarında uşaqlarda ishal, qusma, qarın ağrısı, ürəkbulanma və hərarətlə müşayiət olunan bağırsaq infeksiyalarına daha çox rast gəlinir. Bunun əsas səbəbləri isti hava şəraitində qidaların daha tez xarab olması, gigiyena qaydalarına kifayət qədər əməl edilməməsi, çirkli su və qidaların istifadəsi, həmçinin uşaqların yay aylarında açıq havada və müxtəlif ictimai məkanlarda daha çox vaxt keçirməsidir.
Bağırsaq infeksiyalarına viruslar, bakteriyalar və parazitlər səbəb ola bilər. Bu infeksiyalar əsasən çirklənmiş qida və su, həmçinin xəstə insanla təmas və çirkli əllər vasitəsilə yayılır.
İsti hava qidaların xarab olmasını sürətləndirir
Yayda yüksək temperatur qidaların düzgün saxlanılmadıqda daha tez xarab olmasına şərait yaradır. Xüsusilə süd və süd məhsulları, yumurta, ət, kremli şirniyyatlar, mayonezli salatlar və digər tez xarab olan qidalar risk yarada bilər.
Qidanın dadında və qoxusunda dəyişiklik hiss edilməsə belə, bəzi mikroorqanizmlər qidada çoxala bilər. Buna görə uşaqlara açıq havada və ya isti şəraitdə uzun müddət qalmış qidaların verilməməsi vacibdir.
Çirkli su və yuyulmamış qidalar risk yaradır
Yay aylarında uşaqlar daha çox su içir, sərinləşdirici içkilər qəbul edir, meyvə-tərəvəz və müxtəlif hazır qidalarla daha çox təmasda olurlar. İçməli suyun təhlükəsiz olması, meyvə və tərəvəzlərin axar su ilə yaxşı yuyulması mühüm əhəmiyyət daşıyır.
Ümumdünya Səhiyyə Təşkilatı təhlükəsiz içməli su, düzgün sanitariya və əl gigiyenasının ishal və digər bağırsaq infeksiyalarının qarşısının alınmasında əsas tədbirlər olduğunu bildirir.
Uşaqların əlləri infeksiyanın daşıyıcısına çevrilə bilər
Uşaqlar gün ərzində əlləri ilə müxtəlif səthlərə toxunur, sonra isə əllərini ağızlarına aparırlar. Parkda, oyun meydançasında, hovuz ətrafında və digər ictimai yerlərdə bu risk daha da arta bilər.
Bu səbəbdən uşaqlara yeməkdən əvvəl, tualetdən sonra və çöldən evə gəldikdə əllərini sabunla düzgün yumağı öyrətmək lazımdır.
Hovuz və dənizdə də diqqətli olmaq lazımdır
Yayda uşaqların hovuz və digər su mənbələrindən istifadə etməsi artır. Suyun gigiyenik vəziyyəti ilə bağlı şübhə varsa, uşaq həmin suda çimməməlidir. Həmçinin uşaqlara hovuz suyunu udmamağı öyrətmək lazımdır.
Su ilə yanaşı, uşaqların hovuz ətrafında toxunduqları səthlər və digər insanlarla yaxın təması da infeksiyaların yayılmasında rol oynaya bilər.

Bağırsaq infeksiyasının əsas əlamətləri hansılardır?
Uşaqda aşağıdakı əlamətlər müşahidə oluna bilər:
tez-tez və sulu nəcis ifrazı;
qusma;
qarın ağrısı və sancı;
ürəkbulanma;
hərarət;
halsızlıq və iştahasızlıq.
İshal zamanı uşaqlar üçün ən ciddi təhlükələrdən biri susuzlaşmadır. İshal və qusma nəticəsində orqanizm su və elektrolit itirir. Xüsusilə körpələrdə və kiçik yaşlı uşaqlarda susuzlaşma daha sürətlə inkişaf edə bilər.
Uşaq ishal olduqda valideyn nə etməlidir?
Ən vacib məsələ maye itkisini vaxtında kompensasiya etməkdir. Həkim tərəfindən başqa göstəriş verilməyibsə, uşağa az-az və tez-tez maye vermək lazımdır. İshal zamanı oral rehidratasiya məhlulları su və elektrolit itkisini bərpa etmək üçün istifadə olunur.
Ana südü alan körpələrdə əmizdirmə davam etdirilməlidir. Uşağın qidalanmasının tamamilə dayandırılması düzgün yanaşma deyil; yaşına uyğun qidalanma mümkün qədər davam etdirilməlidir.
Antibiotik və ishalı dayandıran dərmanları isə özbaşına uşağa vermək olmaz. İnfeksiyanın səbəbi virus, bakteriya və ya parazit ola bilər və müalicə səbəbdən asılı olaraq dəyişir.
Hansı hallarda mütləq həkimə müraciət edilməlidir?
Uşaqda güclü və davamlı qusma, çoxsaylı ishal, yüksək hərarət, nəcisdə qan, güclü qarın ağrısı, həddindən artıq halsızlıq, ağız quruluğu, gözlərin çökük görünməsi, sidiyin azalması və ya uşağın maye qəbul edə bilməməsi müşahidə olunarsa, həkimə müraciət edilməlidir.
Xüsusilə körpələrdə susuzlaşma əlamətlərinə qarşı diqqətli olmaq lazımdır. Qanlı nəcis, davamlı ishal və susuzlaşma əlamətləri tibbi qiymətləndirmə tələb edir.

Yayda uşaqları bağırsaq infeksiyalarından necə qoruyaq?
Valideynlərin gündəlik həyatda bir neçə sadə qaydaya əməl etməsi riski əhəmiyyətli dərəcədə azalda bilər:
uşağa yalnız təhlükəsiz içməli su vermək;
meyvə və tərəvəzləri yaxşı yumaq;
süd, ət, yumurta və digər tez xarab olan qidaları düzgün temperaturda saxlamaq;
bişmiş və çiy qidaları ayrı saxlamaq;
uşağın əllərini sabunla yumasını təmin etmək;
yeməkləri isti havada uzun müddət açıq və soyuducudan kənarda saxlamamaq;
uşağa hovuz suyunu udmamağı öyrətmək;
xəstə insanla yaxın təmasdan mümkün qədər uzaq durmaq;
yaşına uyğun peyvəndlərin, o cümlədən rotavirus peyvəndinin vaxtında aparılmasına diqqət etmək.
Yay aylarında uşaqların daha çox hərəkətdə olması və müxtəlif mühitlərdə vaxt keçirməsi normaldır. Əsas məsələ onları həddindən artıq məhdudlaşdırmaq deyil, su, qida və əl gigiyenasına diqqət etməkdir. Sadə gigiyena qaydalarına əməl etməklə bir çox bağırsaq infeksiyasının qarşısını almaq mümkündür.
Pediatr Fəridə Məmmədova










































































































































































