efzeleddin R

Ailə münasibətlərində yanlış qavram – 4-CÜ YAZI

Baxış sayı: 532

Ailə münasibətlərinə mənfi təsir edən 10 yanlış idrak xətasından dördü haqqında, yəni; “nəticə almağa tələsmək”, “müsbətləri silmək”, “ifrat ümumiləşdirmə” və “şəxsiləşdirmək” barəsində müxtəlif məqalələrimizdə məlumat vermişik. Bu məqalədə də yanlış qavramlardan olan “iki qütblü düşüncə forması” haqda söhbətimizi davam etdiririk:

 

5 – İki qütblü düşüncə tərzi (dichotomus thinking)

İkili düşüncə tərzi “həmişə” ya da “heç vaxt” şəklində özünü biruzə verir. İnsanlar bəzən hadisələri həmişə və ya heç vaxt alqoritminə uyğun olaraq ağ və qara biçimdə görürlər. Bir şey ya tam olmuşdur, ya da yox dərəcəsindədir. Bu ikisi arasında yer alan heç bir şey onlar tərəfindən dəyərləndirilmir. Məsələn, “əgər bu işdə mükəmməl deyiləmsə, hər bir işdə uğursuzam”, “məni tənqid edirsə, deməli məni heç bəyənmir” və sair kimi düşüncələr buna misal ola bilər. Bu, əslində bipolyar düşüncəyə əsaslanan inancdır. Əlbəttə, diqqət edək ki, bipolyar şəxsiyyət çatışmamazlığı və bipolyar düşüncə tərzi müştərək məqamlara malik olsa da, fərqlidir.

İki qütblü düşüncə tərzinə sahib olan şəxslər, dünyanı ya ağ, ya da qara görür. Bir şeyi ya ali, ya yox sayırlar. Orta və mötədil baxışları yoxdur. Ya bədbəxt, ya da xoşbəxtdirlər. Bir insanı ya mələk, ya da iblis görürlər. Belə ki, bizim başqalarının təriflərindən və tənqidlərindən asılı olaraq hissləriniz daim dəyişə bilər. Yəni başqaları bizi tərifləsə, özümüzü uğurlu bir insan kimi hiss edərik. Yaxud tənqid olunduğumuz zaman məyus ola bilərik. Ancaq bir təriflə özümüzü hər kəsdən uğurlu və kamil, bir tənqidlə isə dərhal uğursuz və bacarıqsız hiss ediriksə, deməli, iki qütblü təfəkkür tərzinə malik sayılırıq.

Məsələn, ikili düşüncəyə malik olan insan yeni biri ilə tanış olduğunda, həmin şəxsin ədəbli, şən və mehriban davranandığını gördüyü zaman onu mükəmməl şəxsiyyət, əsl dost kimi qəbul edir. Elə düşünür ki, o dünyanın ən gözəl insanı ilə tanış olub. Hər kəsə onu tərifləməyə başlayır. Sanki bir mələklə tanış olmuşdur… Amma bir müddət sonra ondan nəsə kiçik bir çatışmazlıq gördükdə isə ona artıq nifrət edir və ən pis, yaramaz, şeytan sifətli insan olduğunu söyləyir. Yəni, bir sözlə, onun tanıdığı insanlar ya mələk, ya da şeytandır.

Əlbəttə, iki qütblü düşüncə tərzinə malik insanlar bəzən bir şəxsə qarşı dəfələrlə fikrini dəyişə bilərlər. Yəni onun sevgi ölçülərinə və xüsusiyyətlərinə uyğun gəldikləri zaman əla və mükəmməl, gəlmədikləri zaman isə nöqsan dolu və ən pis insan ola bilərsiniz. Ümumiyyətlə, belə şəxslər aydın şəkildə sevgi və ya nifrətini aşkarlamadan əlaqələr qura bilmirlər. Buna görə də, ailədə cütlüklərdən biri ikili düşüncə tərzinə malikdirsə, hətta gün ərzində belə qarşı tərəfə nifrət edib, sonra onu sevə bilməsi mümkündür. Sözsüz ki, bu da, cütlüklər arasında anlaşılmazlıqlar və münaqişələrin əsas təməllərindən birini ortaya qoyur. Məsələn, insanlar içində həmişə övladını qucağına alan bir bəy, bir dəfə bunu etmədiyi təqdirdə iki qütblü düşüncəyə malik xanımı onu etinasızlıq, mədəniyyətsizlik və ya təkəbbürlülükdə ittiham edib, onun çox pis bir ata olduğunu söyləyə bilər. Yaxud daim evdə yemək hazırlayan xanım, bir dəfə yemək hazırlamadığı təqdirdə əri onu məsuliyyətsizlik, tənbəllik və yaxud özbaşınalıqda ittiham edib, çox pis bir həyat yoldaşı olduğunu iddia edə bilər. Bu da, ailə bağlarına çox mənfi təsir qoyan və dağıdıcı xüsusiyyətə malik düşüncə tərzidir.

Başqa bir cəhətdən, nəzərdə almaq lazımdır ki, belə bir vəziyyət, iki qütblü düşüncə tərzinə malik insanı yaxşı tanıyan şəxslər tərəfindən asan manipulyasiya edilməsinə səbəb ola bilər. Çünki belə şəxslərə həyat yoldaşını pislədiyiniz zaman onun rəftarı birbaşa öz ərinə, yaxud xanımına qarşı dərhal dəyişəcəkdir. Bir sözlə belə şəxslər rahatlıqla hissiyyatlarına məğlub olduqları üçün pislədiyiniz yaxud təriflədiyiniz şəxslərə qarşı anlıq sevgi və ya nifrət yarada bilərsiniz. Buna görə də, belə şəxslərin ailələrində pis niyyətli insanlar rahatlıqla dava-dalaş sala bilirlər.

Bu düncəyə sahib insanların bir xüsusiyyəti də, ifrat mükəmməlliyyətçi olmalarıdır. Onun nəzərində kamil olmayan hər bir şey, sorğu-sualsız uğursuzluq və nöqsandır. Bu onlar üçün isə qəbuledilməzdir. Məsələn, həmişə 5 alan şagird bir dəfə 4 alıbsa bunu böyük bir məğlubiyyət kimi qavraya bilər. Ya da ki, evi, işi olan şəxs maşın ala bilmirsə, həyatının çox pis və uğursuz olduğunu düşünə bilər. Bu bizim üçün anaormal görünsə də, belə təfəkkürlü şəxslərə görə çox ciddi və real məğlubiyyət sayılır. Təsəvvür edin ki, süfrəyə 5 növ yemək hazırlayıb qoyan bir xanım, iki qütblü düşüncə tərzinə malik olduğu üçün salatının duzsuz olmasını gördükdə, hər bir şeyin bərbad olduğuna, bütün zəhmətlərinin hədər getdiyinə və heç bir şey bacarmadığına inanır. Məsələn, bir qadın gözəl əxlaqlı və daim onun qayğısına qalan ərinin ad günündə ona sevdiyi bir şeyi almağı unutduğuna görə, onu sevmədiyini düşünərək ərinə nifrət edib, ondan küsür.

David D. Burns “Yaxşı hiss etmək” (Burns, D. D. (1980). Feeling Good: The New Mood Therapy . New York: Wm. Morrow and Co. (hardbound); New American Library, 1981) kitabında mükəmməlliyətçiliyin bir çox növlərinə işarə edir və bildirir ki, belə şəxslər müxtəlif sahələrdə mükəmməlliyyətçilikdən əziyyət çəkirlər:

Etikada mükəmməlliyyətçilik: Heç vaxt səhv və ya xəta etməməliyəm və bu baş verərsə, özümü bağışlaya bilmərəm.

Bacarıqda mükəmməlliyyətçilik: Bacarıqlı bir insan olmaq üçün hər şeydə hər zaman uğur qazanmalıyam.

Şəxsiyyətdə mükəmməlliyyətçilik: İnsanlar heç vaxt mənim kimi həssas və xətalı bir insanı qəbul etmirlər.

Duygulardakı mükəmməlliyyətçilik: Həmişə xoşbəxt olmalıyam və mənfi duyğularımı idarə edə bilməli, heç vaxt narahatlıq hiss etməməliyəm.

Sevgidə mükəmməlliyyətçilik: Bir -birini sevən iki insan heç vaxt mübahisə etməməli və ya əsəbləşməməlidir. Evlilik həyatında mübahisə edən, hansısa problem müzakirə edən şəxslərin evliliyi uğursuzdur. Mən mükəmməl həyat yoldaşı tapmalıyam. Ona tam və qüsursuz aşiq olmalıyam, necə ki, o da belə olmalıdır.

Gözəllikdə mükəmməlliyyətçilik: Bir az kök olduğum üçün çirkin bir insanam. Sevdiyim şəxs, ən mükəməl fiziki xüsusiyyətlərə malik olmalıdır.

Deməli, belə şəxslərin həyat yoldaşları və onun rəftarları ya onların istədikləri kimi olmalıdır, ya da heç bir dəyərə malik deyil.

 

Nəticə

İki qütblü düşüncə tərzinə malik olan insanların mükəmməlliyyətçi baxışlarında çox aldadıcı bir bəhanə də var. Belə ki, bəzən, bu xüsusiyyətə malik insanlar “mən hər şeyin ən əlasını istəmirəm ki, mən sadəcə filan şeyi istəyirəm”- deyə özlərinin mükəmməlliyyətçi olmadıqlarını iddia edirlər. Məsələn, “Mən filan paltarı istəyirəm sadəcə. Mən təkcə filan maşını istəyirəm. Başqa nə istəyirəm ki?” bu kimi sözlərlə özlərinə haqq qazandırırlar. Bir halda ki, istədikləri olmadığı zaman qarşı tərəfi müxtəlif ittihamlarla pisləyir və sərt tənqid edilər, hətta nifrət belə edə bilirlər.

Əziz dostlar, mükəmməlliyətçi həmişə elə hər şeyin alisini və kamilini istəyən şəxs deyil! Öz nəzərində aliləşdirdiyi və vazkeçilməz saydığı şeyi istəyəndir! Onu bütləşdirəndir! O olmasa, bütün hər şeyi ayaq altına alıb tapdayandır. Bu onlar üçün kamillik standartıdır. Əldə edə bilmədikdə özlərini təhqir olunmuş, alçalmış, məğlub olmuş hiss etdikləri üçün qarşı tərəfi tam əzir və ona nifrət edirlər. Bu da iki qütblü düşüncə tərzinin məhsuludur.

Bəzi şantaj və manipulyasiya edən şəxslər də belədir. “Ya bizimləsən, ya da bizim düşmənimizsən!”, “Ya tam möminsən, ya da tam kafir”. Yəni orta həddi qəbul etmirlər. Mötədil fikirli deyildirlər. Hər şeyə ifrat və təfrit baxışı ilə baxırlar.

İnsan anlamalıdır ki, həyatda nadir hallarda bir şey, yaxud bir şəxs sıfır və ya yüz olur. Buna görə də insan məsələyə spektral şəkildə yanaşmalıdır. Şəraiti və bacarıqları real qiymətləndirməlidir. Həm müsbət, həm də mənfi cəhətləri nəzərə almalıdır. Əslində tamamilə yaxşı və ya pis bir şey yoxdur. Bir şeyin sıfır və ya yüz olduğunu düşünmək nə dərəcədə ədalətlidir? İstər özümün, istərsə də başqalarının mükəmməl olduğunu, yaxud tam nöqsanlı olduğunu düşünmək həqiqətə uyğundurmu? Heç bir insan mükəmməl deyil və səhv etmək haqqı var. Sadəcə olaraq səhvlər bilərəkdən təkrarlanmamalıdır.

Mən həyat yoldaşımdan bütün istəklərimi yerinə yetirməsini gözləməməliyəm. O bir insandır, mələk deyil. Sehirli çubuğu da yoxdur. Yanıla, səhv edə və nöqsana sahib ola bilər. Onun mənim tam istədiyim kimi olması arzuolunandır, amma bu mümkün olmasa heç bir fəlakət baş verməyib.

Bəzən insanda müqayisələr də bu baxış tərzini yarada bilir. Amma diqqət etmək lazımdır ki, hər zirvədə gördüyümüz mükəmməl deyil. Bəzən qartalın uca dağlar başında hökmranlıq etməsini mədh edir, ona nəğmələr qoşuruq. Amma unuduruq ki, o bunun üçün yuvadakı bütün qardaşlarını öldürür və yeganə övlad olaraq yuvaya sahib çıxır.

Şahzadə arının balının şirinliyinə məst olub, onu tərifləyirik. Amma o şahzadə olmaq üçün yumurtadan çıxdıqdan sonra digər bacılarını iynə ilə məhv edir. Bu heç də hər “möhtəşəm” gördüyümüzün doğurdan da möhtəşəm və mükəmməl olması demək deyildir. Bu heyvanlar aləminin təbii instinkidir, lakin unutmayaq ki, bəzən gücün və mənfəətin sehri bir çox nöqsanların üzərinə pərdə çəkib, insanları kor edə bilir.

Amma o ki qaldı nöqsan və zəifliyə, harada kiçik işıq görsəniz, “nə üçün zəif olduğuna”-deyil, “necə daha da parlaq etməyin mümkün olmasına” diqqətinizi mərkəzləşdirin. Əsla həyatınızdakı kiçik qığılcımları görməməzliyə vurmayın. Bəlkə də, həyatınızın günəşidir o! Dəyərləndirmədiyiniz üçün sizə qığılcım görünür. Unutmayın, bu qığılcımlar kiminsə həyatinda arzuladığı ulduzlar kimidir.

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir