Arif Esedov 2

Arif Əsədov: “Həyat yoldaşım mənim azarkeşim idi” – MÜSAHİBƏ

Baxış sayı: 2. 616

“Gencaile.az” saytının “11 sual” rubrikasının budəəfəki qonağı Azərbaycan futbolunun tanınmış simalarından biri, futbolçu karyerasında gənclər arasında dünyaAvropa çempionu olmuş, eləcə də həm futbolçu, həm də məşqçi kimi çempionluq tituluna yiyələnmiş Arif Əsədovdur.

 

– Valideynlərinizin futbolçu olmanıza münasibəti necə idi? 

–  Atam və anam təhsilimə daha çox fikir verməyimi istəyirdilər. Futbolçu olmağıma ən çox qardaşım dəstək olmuşdu.

– Futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– Futbolçu olmasaydım, yəqin ki, müsiqiçi olardım. Məsələn, nağara çalmağı    xoşlayırdım.

– Futbolçular adətən evdən kənarda olur. Vaxtilə sizdə də vəziyyət fərqli deyildi.Hətta Rusiyada legioner həyatı da yaşamısınız. Ailənizdən uzaqda olmaq sizin üçün hansı problemləri yaradırdı?

– Tək olanda istər-istəməz yaxınlarım üçün darıxırdım. Həm də legioner həyatı yaşayanda çıxış etdiyin ölkədə ikiqat əzmlə çalışmalısan. Güclü xarakterə malik olmaq əsas şərtdir, çünki orda daha ciddi rəqabət var idi.

Arif– Maraqlıdır, sizcə, futbolçu üçün ailə qurmağın hansı mənfi və müsbət tərəfləri var?

– Futbolçu və ya hansı peşə sahibi olmasından asılı olmayaraq, əgər insanın normal ailəsi varsa, ona psixoloji baxımdan problem yaradılmırsa, ailəli olmaq daha yaxşıdır. Bu halda məsuliyyət daha artıq olur.

– Yeri gəlmişkən, ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?

– Həyat yoldaşəmla eyni məktəbdə, paralel siniflərdə oxumuşuq. Yoldaşım futbolu çox sevir və mənim azarkeşim idi.

– Səmimi deyin, evdə “komandir” kimdir?

– Kim ola bilər? Əlbəttə ki, evin kişisi.

– Oğlunuz sizin davamçınız idi. Onun karyerasını erkən bitirməsinə səbəb nə oldu?

– Oğlumda futbolçu perspektivi görmürdüm. Ona görə də futbolla vidalaşması məsləhət idi. Ancaq indi də bu sahədədir. Hazırda qapıçılarla işləyən məşqçi kimi çalışır.

– Maraqlıdır, əgər oğlunuzda futbolçu perspektivi görmürdünüzsə, niyə onu başqa sahəyə yönəltməmişdiniz?

–  Özünün futbola böyük həvəsi var idi. Ona görə də mane olmamışdım. Ancaq indi də bu sahədədir. Hazırda qapıçılarla işləyən məşqçi kimi çalışır.

– Futbolçu karyeranızla bağlı ən çox hansı məqama görə təəssüflənirsiniz?

– SSRİ dövründə futbolçu kimi U-17-dən başlayaraq Olimpiya yığmasına kimi bütün milli komandalarda çıxış etmişdim. Hətta U-17 ilə dünya, U-19-la isə Avropa çempionu adını qazanmışdım. Sonradan isə SSRİ dağıldı. Əgər dağılmasaydı yəqin ki, əsas milli komandada da forma geyəcəkdim. Belə bir imkanım olmadığı üçün təəssüf hissi keçirirəm. Məşqçi kimi isə 2011-ci ildə yenidən qurduğum və 6 illik fasilədən sonra  çempionluq qazandığımız “Neftçi”dən ayrıldığım üçün təəssüflənirəm. Hansı ki, həmin komanda üç il ölkə futbolunda hegomonluq etmişdi. Mən isə həmin vaxt qazanılan ilk çempionluqdan sonra müəyyən səbəblərdən istefa verməli olmuşdum

Arif Esedov 1– Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz

–   Əhməd Ələsgərovun vaxtında belə bir halla üzləşmişəm. Əhməd müəllim oyunlar zamanı mənə daha çox göstərişlər verirdi. Gözü bir az zəif görürdü. Oyunların birində komanda topu itirən kimi, köməkçisi rəhmətlik Əli Rəhmanovdan soruşardı ki, kim idi o? O da hər dəfə deyərdi ki, Əsədovdur. Həmin vaxt da Əli müəllimlə aramda soyuqluq yaranmışdı. Oyunboyu hər top itiriləndə Əli müəllim mənim adımı çəkirdi. Elə oldu ki, Əhməd müəllim məni əvəzlədi, gəlib yanında oturdum. Bir az keçəndən sonra yenə kimsə topu itirdi. Baş məşqçi soruşanda ki, kim idi o, Əli müəllim yenə dedi ki, Əsədovdur. Mən də dözə bilmədim, dedim ki, Əhməd müəllim mən burdayam, əvəzlənmişəm e, meydanda deyiləm.

Daha bir maraqlı xatirəni bölüşüm. Bir dəfə birinci dəstədə 3 gün ərzində əvvəlcə Riqa “Dauqava”sı, ardınca isə “Zenit”lə oynamalı idik. Getdik Riqaya. Həmin vaxt “Dauqava”dan çox güclü idik, hamı bizim qalib gələcəyimizi deyirdi. Riqada qələbə, Leninqradda (indiki Sankt-Peterburq) isə heç-heçə planlaşdırırdıq. Komanda “Dauqava” ilə matça yaxşı motivasiya olmadı, biz oyunu uduzduq. Həmin gün axşam Leninqrada getməli idik. Əhməd müəllimin gözünə görünmək mümkün deyildi. Aeroportda kimi görürdüsə, camaatın içindəcə danlamağa başlayırdı. Qorxumuzdan gizlənirdik ki, o keçsin, sonra təyyarəyə minərik. Çatdıq Leninqrada. O vaxt da indiki kimi, mükafatlandırma var idi. Əhməd müəllim “Zenit”ə qarşı oynayacaq futbolçuları bir-bir öz otağına çağırdı. Ora gedən qorxurdu ki, görəsən, nə tədbir görəcək? Amma kim qayıdırdısa, “paket”lə gəlirdi. Bizə deyilmişdi ki, o oyunda qalib gəlsəniz, 2 min rubl veriləcək. “Paket”də pulları bizə şəxsən Əhməd müəllim özü verirdi. Ayrı-ayrılıqda hər birimizə dedi ki, “duxun” varsa, bunu oyundan sonra mənə qaytar. Yəni uduzsaq, həmin pulu qaytarmalı idik. Qələbə qazanacağımız halda, pul bizdə qalacaqdı. Pulu qorxa-qorxa götürmüşdük (gülür). Necə qorxmuşduqsa, çıxıb həmin oyunda 1:0 hesablı qələbə qazanmışdıq (yenə gülür)”.

Söhbətləşdi: Tural Məmmədov

neftci

arif

arif es




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir