12246995_10153727072402445_3285975806987537654_n (1)

Biz niyə dindar və ateist dostlarımızı sevməliyik və ya sadəcə tolerantlıq barədə

Baxış sayı: 6. 166

Həkim Rəşad Sultan yazır

Hər hansı sahədə ilk addımlarımızı atarkən kənardan eşidəcəyimiz tənqidlər bizi çox düşündürür. İnformasiya burulğanında kiçilən bu dünyamızda etdiklərimiz və dediklərimiz daha geniş auditoriyada müzakirə olunur, bəzən tənqidlər həddini aşır, qəzəb, aqressiya və hətta, təhqirə qədər uzanır. Yazmağa başladığımız bu son zamanlarda, əlbəttə ki, oxucuların reaksiyası bizi düşündürürkən, məhz elə başqasının fikrinə hörmət, qısa desək, tolerantlıq mövzusundan başlamaq istədim.

Hər kəsin özünü internetdə rahatlıqla ifadə edə bildiyi, fikirlərini sosial mediada rahatlıqla paylaşa bildiyi zəmanəmizdə başqasının fikrinə hörmət, daha doğrusu, hörmətsizlik, bir az da insanları rahatsız etməyə başlamışdır. Bu gün küçə söhbətləri nəinki sosial media, hətta televiziya kanallarını işğal etmişkən bəlkə də qarşılıqlı hörmətdən danışmaq sadəlövhlük olardı. Amma ali savadlı insanların sırf fərqli dini, siyasi, ictimai və sair baxışlarının fərqli olmasına görə bir-birini təhqir etməsi çox cılız görünür.

Ailəmizdə, qohumda, qonşuda, dostlarımız arasında eyni məsələ haqqında fərqli düşünən insanlarla münasibətdə oluruq, onları sevirik, həyatımızın müəyyən anlarını paylaşırıq. Amma ümumiyyətlə baxanda cəmiyyətimizin bölünməyə və bir-birini “qırmağa” hazır olduğunu görürük sanki. Əlbəttə, bu baxımdan bizim ölkəmiz “toya getməlidir”. Qardaş Türkiyə onilliklərlə sağçı-solçu, dindar-dünyəvi mübahisələri ilə imperializmin parçalayıb hökm sürdüyü bir ölkə oldu. Son hadisələr də cəmiyyətin nə dərəcədə bölündüyünü və bunun təhlükəli nəticələrini göstərdi.

Arzu edək ki, bizim cəmiyyətimiz hələ bu dərəcəyə gəlməmişkən, sağımızdakı dindar, solumuzdakı ateist dostumuzla eyni məclisdə söhbət etməyə davam edək, millətçi qonşu ilə sosialist qohumu eyni dərəcədə sevək, hansı futbol komandasına azarkeşlik etməyindən asılı olmadan, hansı supergüc dövlətin siyasətini bəyənməsindən asılı olmadan, iş yoldaşlarımıza gülümsəyək, qısaca, bizimlə eyni fikirdə olmayan insanların baxışlarına hörmət edək, bu fərqlərə görə cəmiyyətimizi bölməyək. Fikirlərimizi mədəni şəkildə bildirək. Axı biz böyüklərin və qadınların yanında söyüş söyməyən insanlarıq. Axı mədəni olmaq həmişə insana bir xal artıq üstünlük verir.

Bir şeyi də unutmayaq ki, fərqli fikirlər ancaq inkişafa aparır. Cəmiyyətimizdə fərqli fikirlərin, müxtəlif tərzli insanların çoxalması, hamının fikrini rahat bildirməsi arzusu ilə…




1 şərh “Biz niyə dindar və ateist dostlarımızı sevməliyik və ya sadəcə tolerantlıq barədə

  1. Natiq

    Atteistlərin çoxu dara düşəndə Allah deyən adamlardı. Onlar tək Allaha qarşı deyil, humanizmə qarşıdır. Onlara qarşı humanzim lazımdırmı?

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir