deniz

Can alan mavi Xəzər

Baxış sayı: 397

Hər həftə bu məzmunlu acı xəbərlərlə qarşılaşırıq – “Xəzər yenə can aldı”. Bəzən isə, “Boğulmaqdan xilas edilib” xəbərlərini eşidib sevinirik. Əvvəlki illərlə müqayisədə bu il boğulma halları xeyli artıb. Elə gözucu baxanda da bu il Xəzərdə boğulma hallarının əvvəlki illərlə müqayisədə çox olduğunu görmək mümkündür. Bəs görəsən niyə bu il mavi Xəzərimiz bizi doğmalarımızdan daha çox ayırmaq istəyir, səbəb nədir?

 

5 ballıq zəlzələ ilə çuxur əmələ gəlməsi mümkün deyil

Ekoloq Rövşən Abbasov bildirdi ki, insanların həyatlarını itirməsinə səbəb yalnız öz ehtiyatsızlıqları və səhlənkarlıqdır: “Deyirlər zəlzələ olub, çuxurlar, boşluqlar yaranıb. Bu elmi cəhətdən təsdiq olunmamış fikirdir. Bəs o zaman çuxur niyə quruda yox, dənizdə yaranıb? Yerin qabığı möhkəmliyinə görə eynidir. 5 ballıq zəlzələ ilə çuxur əmələ gəlməsi mümkün deyil.

Dənizin suyunun artması və ya azalması isə iqlim amilləri ilə əlaqəlidir. Bu da sahildən uzaqlaşmalara səbəb olur. 1995-ci ildən bu proses tədricən gedir. Küləkli havada dənizdə dalğalanma çoxalır. Dalğanın hərəkətinə baxdıqda görə bilərik ki, sahilə doğru gəlir və aşağı ilə çəkilib gedir. Bu zaman bəzən su insanları çəkib aparır. Boğulmaların əsas səbəbi isə insanın özüdür”.

 

Boğulmalar nəzarətsiz qalan ərazilərdə baş verir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin mətbuat katibi Aqşin Əlilinin sözlərinə görə, boğulma halları nəzarətsiz qalan ərazilərdə baş verir: “Xidmət əməkdaşlarımız iyunun 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xidmət etdiyimiz çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb. Yalnız xilaslar olub. Suda boğulma halları xidmətin struktur bölmələrindən kifayət qədər kənarda, nəzarətsiz çimərliklərdə, çimmək üçün nəzərdə tutulmayan su kanallarında, arxlarda, süni göllərdə və digər su hövzələrində baş verib. Həmin ərazilərin sualtı relyefinin mürəkkəbliyi, axının sürətli olması bu yerlərdən istifadəni təhlükəli edir. Vətəndaşlar gedəcəkləri çimərlik haqqında məlumatlı olmalıdırlar. Xəzər dənizinin Azərbaycana aid zolağı təxmini 955 kilometrdir. Həmçinin, çoxlu su hövzələri var. Hamısını  xilasedicilərlə təmin etmək mümkün deyil. Dövlət xidməti olduğu üçün yalnız müəyyən olunmuş ərazilərdə fəaliyyət göstərə bilirik”.

A.Əlili bir faktı misal çəkdi: “Bu yaxınlarda Şüvəlanda FHN tərəfindən illərdir çimmək qadağan edilmiş “Şimal QRES” adlanan ərazidə 4 nəfər boğuldu. Hadisənin baş verdiyi ərazi çox təhlükəlidir. Orada aqreqatların soyudulması üçün dəniz suyundan istifadə olunur. İşlənmiş su yenidən dənizə buraxılır. Həmin axın yerində 3-4 metr enində bir kanal əmələ gəlir. O kanalda da su axını nəticəsində sualtı relyefdə çuxurlar, yarğanlar meydana çıxıb. Oradakı təhlükə gözlə görünəcək dərəcədədir. Amma yenə də vətəndaşlar biganə yanaşaraq, belə ərazilərdən istifadə edirlər və sonda bədbəxt hadisələr baş verir”.

 

Boğulanlara necə yardım etməli?

A.Əlili qeyd etdi ki, kimisə xilas etmək istədikdə də ehtiyatlı olmaq lazımdır: “Bir neçə nəfərin boğulma hallarında əslində boğulan 1 nəfərdir. Sadəcə, xilasetmədən anlayışı olmayanlar kömək etmək istəyəndə onlar da batır. Çünki boğulan şəxs sağ qalmaq naminə digər adamı da suyun altına çəkir. Kimisə xilas edəndə onunla üzbəüz təmasa girmək lazım deyil. Batana arxadan yaxınlaşıb qolunuzu qoltuqaltından keçirərək, yaxud da saçından tutaraq arxası üstə üzə-üzə sahilə çıxarmaq olar. Batmanı görənlər ilk növbədə “112” qaynar xəttinə zəng etməlidirlər”.

 

Valideynlər uşaqlara nəzarət etmirlər

Mətbuat katibinin sözlərinə görə, hava şəraiti də önəmlidir: “Küləyin sürəti 10 metrdən artıq olduqda çimərliyə getmək qadağandır. İnsanların batmasının əsas səbəbi elə küləkli hava şəraitidir. Nəzarət etdiyimiz ərazilərdə küləkli hava olduqda vətəndaşlara sudan çıxmaları üçün müraciət olunur. Amma nəzarətsiz ərazidə bu yoxdur. Son vaxtlar azyaşlı uşaqların çimərlikdə itməsi ilə bağlı müraciətlər də çox olur. Valideynlər uşaqları nəzarətdə saxlamırlar. Bizə olan müraciətlərin 95 faizində uşaqlar quru sahədən tapılıb təhvil verilib. 13 yaşına qədər uşaqların çimərlikdə nəzarətsiz qalması qadağandır”.

 

“Çağırışı nəzərə almayanı zorla sudan çıxara bilmərik”

A.Əlili bildirdi ki, hava qaraldıqdan sonra suya girmək təhlükəlidir: “Səhər saat 9-dan axşam 8-dək çimərlikdən istifadə etmək olar. Xilasedicilər həmin saatlarda xidmət aparır. Axşam texnikalar sudan çıxarılır, çünki hava qaralır, görmə məhdudlaşır. Vətəndaşlara meqafonlar vasitəsilə müraciət olunur. Qanunvericiliyə görə də hava qaraldıqdan sonra suya girmək qadağandır, təhlükəlidir. Anlayışlı insan nəzərə alır. Amma nəzərə almayanı gedib zorla sudan çıxara bilmərik”.

 

Özəl çimərliklərin çoxu təhlükəsizlik tədbirlərinə əməl etmir

Müsahibimiz ödənişli çimərliklərdə təhlükəsizlik məsələsinə də toxundu: “Ölkə ərazisindəki bütün çimərliklərdə monitorinq keçirmişik. Çimərlik operatorlarına təhlükəsizlik qaydaları ilə bağlı bildirişlər təqdim etmişik. Özəl çimərlik operatorları təhlükəsizlik məsələlərini özləri həyata keçirməlidirlər. Lakin çoxu təhlükəsizlik tədbirlərinə əməl etmir. Bizim isə onlara təsir mexanizmimiz yoxdur”.

 

Çimərliyə getməyi əvvəlcədən planlamaq lazımdır

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin də sözlərinə görə, çimərliklərdə dünya üzrə boğulma hallarının 95 faizi qadağan olunmuş ərazilərdə baş verir: “Təəssüf ki, insanlar qeyri-çimərlik ərazilərinə üz tutur, daha dərinə gedir, üzmə sərhədlərini keçir, saatlarla suda qalır, yaxud spirtli içkinin təsiri altında olurlar. Bu da boğulma hallarını artıran səbəblərdir”.

E.Nurəliyev dedi ki, çimərliyə getməyi əvvəlcədən düzgün planlamaq lazımdır: “Dənizdə saatlarla vaxt keçirmək, üzmə sərhədlərini keçmək olmaz. Çimərliyə əlverişli hava şəraitində getmək daha məqsədəuyğundur. Çimərliyi yarış meydançasına çevirməmək, “kim daha çox uzağa üzəcək” kimi hərəkətlərə yol verməmək lazımdır. Günün qaranlıq saatı çimərliyə getmək boğulma təhlükəsini artıran amillərdəndir. Maksimum 30-40 dəqiqə suda olduqdan sonra sahilə çıxıb istirahət etsələr daha yaxşı olar. Maarifləndirmə işləri aparılsa da, məlumat verilsə də, bəzən insanlar buna qeyri-ciddi yanaşırlar. Sonda da bədbəxt hadisənin baş vermə riski qaçılmaz olur”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir