masin

Yerli avtomobil sənayesinin gələcəyi varmı?

Baxış sayı: 405
Ölkədə yerli avtomobil sənayesinin inkişaf etdirilməsi zərurəti artıq illərdir ki, müzakirə olunur. Statistikaya əsasən, bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1866 avtomobil istehsal olunub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 656 ədəd çoxdur.Son zamanlar bu sahəyə dəstək üçün bir sıra tədbirlər həyata keçirilir. Belə ki, yerli istehsal olan avtomobillərin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilib. Bundan başqa, ölkə Prezidenti İlham Əliyev öz fərmanı ilə minik avtomobillərinin istehsalı üçün 2031-ci il yanvarın 1-dək ƏDV-dən azad edilən xammal və material növlərinin siyahısını təsdiq edib.Artıq bir neçə avtomobil zavodumuz var. May ayında Hacıqabulda Azərbaycan ilə Özbəkistan arasında avtomobil istehsalı üzrə birgə zavodun təməli qoyulub. Burada avtomobillərin yığılması, qaynaqlanması, rənglənməsi kimi mərhələlər həyata keçiriləcək. Gələcəkdə ehtiyat hissələrinin istehsalı da nəzərdə tutulur.

Rusiya da bizim avtomobil sənayemizə maraq göstərir: Rusiyanın “Sollers” şirkəti 2023-cü ilin payızında Azərbaycanın “Azərmaş” zavodunda avtomobil istehsalına başlayacaq. Rusiya komponentlərindən istifadə etməklə yüngül kommersiya avtomobillərinin istehsalına başlanılacaq.

Beləliklə, yerli avtomobil sənayesi üçün parlaq gələcək varmı?

Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayev  deyir ki, ölkəmiz ən azı yaxın iyirmi il ərzində avtomobil bazarında öz yerini tuta bilməyəcək: “Bu, həm kadr məsələsi, həm də materiallarla bağlı problemdir. İndi biz istehsaldan yox, montajdan danışırıq, amma düzgün yanaşma ilə belə müəssisələrin açılmasının da üstünlükləri var. Əsas odur ki, əlavə dəyər harada formalaşacaq. Təbii ki, bu cür istehsal həm də yeni iş yerləri yaradır, amma çox böyük rəqəmdən danışacağımızı düşünmürəm”.

“Müasir avtomobil mürəkkəb mexanizmdir, biz isə normal motor yağı belə, istehsal etmirik. Respublikada dəfələrlə müxtəlif müəssisələr açılıb, onlar hazırda fəaliyyətsizdir. Məsələn, Şamaxıdakı televizor zavodunu götürək. Müəssisə açmaq kifayət deyil, onun sabit işləməsi lazımdır. Dərhal tam layihə gücünə çatmaq lazım deyil, sabitlik olmalıdır”, – deyə müsahibimiz bildirir.

Onun sözlərinə görə, alıcı indi dövlətdir və bundan sonra da dövlət olacaq: “Çünki dövlət qurumlarına xidməti avtomobillər alınır. Amma bizim xarici maşından yerli avtomobilə keçmək istəyən məmurlarımızın sayının çox olacağına ümid etmək sadəlöhvlükdür”.

Qeyd edək ki, özümüzün avtomobil istehsalının inkişafı köhnə avtomobillərin təkrar emalı proqramının səmərəliliyinə töhfə verəcək. Beləliklə, bir daşla iki quş vura bilərik: avtomobil parkını təkmilləşdirə və istehsalı inkişaf etdirə bilərik.

Xatırladaq ki, qəbul edilmiş qaydalara əsasən, 10 ildən artıq yaşı olan köhnə avtomobili utilizasiya edərkən, avtomobil sahibi yeni yerli avtomobil alarkən birdəfəlik kompensasiya və ya endirim kuponu ala biləcək.

Ancaq Ağayevin fikrincə, köhnə avtomobillərin təkrar emalı proqramını həyata keçirmək üçün onları necə utilizasiya edəcəyimizi düşünməliyik: “Məsələn, mühərrik komponentlərindən qiymətli metallar əldə etməyi aydın başa düşməliyik. Bizdə hələ də belə bir şey yoxdur. Mütəxəssislər və istehsal gücləri kifayət deyil”.

Mövzuya dair iqtisadçı ekspert Əyyub Kərimli söyləyir ki, Azərbaycanda avtomobillər bir neçə zavodda yığılır: “Son illər respublikaya 75-80 min ədəd avtomobil texnikası gətirilib. Ölkədə avtomobillərin ümumi sayı 1 milyon 300 min ədəddir. Bu rəqəmlər onu göstərir ki, ölkəmizdə avtomobillərə tələbat yüksəkdir və insanlar onları almağa maraq göstərirlər. Amma bizim zavodlarda yığılanlar keyfiyyət və qiymət baxımından hətta xarici şirkətlərin işlənmiş avtomobillərindən də aşağıdır. Bir çox avtomobillərimiz isə anbarlarda köhnəlir”.

“Maraqlıdır ki, yerli avtomobillərin əsas alıcıları dövlət qurumlarıdır, dövlət də bu sahəyə sərmayə qoyur. Fikrimcə, bu sahəni dirçəltmək üçün rəqabətqabiliyyətli məhsullar yaratmaq üçün yerli və xarici investisiyaları daha çox cəlb etmək lazımdır. Özəl sektor bu halda istehsal olunan avtomobillərin keyfiyyətinin yaxşılaşdırılmasında, eləcə də qiymətlərin tarazlaşdırılmasında maraqlı olacaq”, – deyə mütəxəssis vurğulayır.

Kərimlinin fikrincə, gələcəkdə hibrid avtomobillərin, elektromobillərin istehsalının yaradılması yaxşı olardı: “İndi biz əsasən benzindən yanacaq kimi istifadə edən avtomobillər istehsal edirik. Normal avtomobil sənayesinin qurulması üçün avtomobilin müəyyən hissələri, məsələn, 25%-i respublikamızda istehsal olunmalıdır. İndi ehtiyat hissələri əsasən xaricdən gətirilir və bu, həmin maşınların qiymətinə təsir edir”.

“Və daha bir şey: bu sənayenin inkişafı üçün bu zavodlara sərmayə qoyacaq tanınmış avtomobil şirkətlərini dəvət etmək yaxşı olardı. Burada Koreyanın “Daewoo” şirkətinin uzun müddətdir fəaliyyət göstərdiyi, uğurla satılan avtomobillər istehsal edən Özbəkistanın təcrübəsini təqdim edə bilərik. Dövlət isə bu sahənin stimullaşdırılması üçün cəlbedici şərait yarada, həm də məhsulların alıcılarından biri kimi çıxış edə bilərdi. Avtomobil sənayesi çoxlu iş yerləri yaradan sənaye sahəsidir və onun inkişafı bütövlükdə ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək”, – deyə həmsöhbətimiz fikrini yekunlaşdırdı.

 

Elya Belskaya




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir