efsane rustemova

“Çingizin havası” – “NATAMAM”

Baxış sayı: 1. 289

– Necə gəldiniz? Rahat tapa bildinizmi yerimizi? Yolda problem yaşamadıız ki?!

(İlk dəfə yanıma gələnlərlə tək ortaq mövzu bu olar deyə belə başlayıram adətən söhbətlərimə… Amma səhv yerdən başladım deyəsən. Bu ki xüsusi və ya gözlənilməz sual deyildi? Niyə əlləri əsməyə başladı görəsən? Əvvəldən demişdilər ki, bir xanım gələcək, içinəqapalı. Danışdırmaqda çətinlik çəkəcəksən. Amma bu qədərini təxmin etməmişdim.

Bir aha düşünüm. Nə dedim ki mən?! YOL-PROBLEM… həyatındakı çətinliyə dair açar sözlər bunlardı yəqin. Yolda nə problemlər yaşamış ola bilər ki bu qadın?! 47 yaşlı və saçının hər telindən kədər yağan. Yaşından dolayı çox alternativ gəlmir ağlıma. Yol deyəndə “həyat yolunu” nəzərdə tutduğuna da ehtimal vermirəm. Bənizinin və saçının bəyazlığıyla zidd olan qaraqabaqlılığı və boynuna sürüşmüş qara örpəyi gücündən ağır yükü daşımağaməcbur qaldığına işarə idi. Bu valideyn dərdinə bənzəmirdi. Həyat yoldaşını itirmiş qadın siması da yox idi cizgilərində. Mənə bunu təxmin etmək çox çətindir, dilə gətirməksə, lap çətin. Amma bir şəkildə söhbətə başlamalıyam. Bu qadın arzularından (qızından) daha çox xəyalların (oğlunu) itirmiş birinin “bəzəyindədir”. Hə, Əfsanə. Soruş!)

Oğlunuz neçə yaşında idi?

Gözləmirdi bu sualı. Və belə bir başlanğıcı. Həyatındakı kədərindən kiminsə xəbəri olması onu həm acizləşdirdi, həm çılpaqlaşdırdı. Heç gözləmədiyim bir səslə hıçqırmağa başladı. İndi gözləmək lazımdır. Güvənməsi və danışması üçün səbrlə gözləmək..

–        24.

(Hə.. Daha bu qadını heç kəs susdura bilməz)

24 yaşı var, var idi yəni. Bilmirəm, situasiyanı qəbullanıb hansı zamanda danışacağımı bilmirəm. Mən problemli hamiləlik yaşamışam, O da mənim ilk övladım olub, yəqin təsəvvür edirsiniz üstündə necə əsərək saxladığımı. 1,800 kq doğulan uşaqdan 1.87 sm boyunda 90 kq-lıq bir igid düzəltmişdim. Siqaret çəkmirdi, içki içmirdi. Buğa qayğıkeşliyində bir oğlan. Bilirdim ki, hansısa ana mənə dua edəcək qızı xoşbəxtdir deyə. Mən onu hansı xəyallarla böyütmüşdüm.  Kaş ki, izah edə bilsəm. Kostyum da yaraşırdı, idman forması da. Hamının balası özünə gözəldir, əminəm. Amma bu bir başqa cür uşaq idi. Elə ona görə çox yaşamadı yəqin. Bu dünya üçün çox idi sanki. Hərbi akademiyanı bitirmişdi. Pilot olacaqkən mələk olub göylərə uçdu mənim balam. Tabuta yerləşmirdi uşağım. Bu yaşda arzuları boyundan da böyük oğlanı neçə torpağa tapşırmaq olar?! Atasıyla da dalaşdım buna görə! Həmin gün sənədlərinin arxasınca getmişdi, sağlamlıq kağızı və s. lazım idi yeni işinə görə. Elə də yaraşıqlı idi ki mənim balam. Nəisə (için çəkərək davam edir) Yolu keçənə diqqətsiz bir sürücünün qurbanı oldu uşağım. Evdən çıxanda qapıdan yerləşməyən “Lay divar” oğlumu palaza bürüyüb gətirdilər. Biirəm e, bilirəm o da istəməzdi vursun, onun da anası balasın itirdi, biri torpağa, biri də həbsə getdi, iki ailə üçün də çətindi, bunların hamısını anlayıram. Ancaq bu anlamağım balamın qoxusun gətirmir mənə. Məni 2 aydır qollarıyla sıxıb qucaqlayan yoxdur. Canımı yandırırdı elə edəndə, deyirdim əziləcəm bir gün, sınacaq sümüklərim (1 saat ərzində ilk dəfə gülümsədi) Amma indi canım yanmır ha, ölürəm mən, dr. Ölürəm. Həm də daxilən ölürəm. Adam da balasız həyata davam edər?! Necə arsızlıq edib yaşayım?! 24 yaşında balamın haqqı deyildimi yaşamaq?! Mən iki aydı içimdə el böyük dərd saxlamışam ki.. Bütün ömrüm boyu susmadan danışa bilərəm. Arzularımdan, ümidlərimdən, xəyallarımdan, balamdan. Amma nə fayda. Uzağı kimsə mənlə ağlayacaq və durub gedib öz həyatına davam edəcək. Mənim isə Çingizdən sonra qəddim heç düzəlməyəcək. (adın ilk dəfə idi çəkirdi. Ona  BALAM demək daha asan idi, nəinki oğlunun adını) Atamın adını qoymuşduq, mən uşaqlıqdan ata qayğısına həsrət qalmışam deyə istədim həm atam, həm oğlum olsun. Olmadı, Əfsanə xanım. Mənə seviklərimdən yarımaq qismət olmadı. (Qadın hislərin elə izah edirdi ki, mən oğlunu da tanıyırmış, evinədə də olmuşammış kimi içim yanırdı. Hələ qanatmadığı yaraların qabıq bağlamasını gözləyirmiş hamı ondan. İndi hansı təsəlli sözü ilə başlayasan cümləyə?!)

–        Hə, Validə xanım. Gəldiyiniz yol  doğurdan da çətin olub. Sizi anlamaq çətindi, sizə təsəlli vermək həddimizə də deyil bəlkə. Amma sizə saçlarımdakı erkən bəyazlamaların tarixindən danışaraq başlaya bilərəm sözə. Hadisənin sizdən apardıqlarından yox, amma sizə vəd etdilərindən danışa bilərəm. Çingizin dərdi üçün bir çarəm olmaz bəlkə, amma Aynurun (qızı, seans üçün o müraciət etmişdi) da hər an gedib də gəlməyəcəyi duyğusu ilə necə boğuşduğunuzdan, ondan uzaqlaşmaq istəyinizdən danışa bilərəm bir az. (Əslində danışa bilmərəm. Amma ona hadisələrə başqa pəncərədən baxması üçün bir yol açmalıyam. Yoxsa necə davam etməlidir bir ana həyatına?! ) Geridə qalanlar üçün yox təkcə, elə gedən üçün də daha ürəkdən, onun yerinə də nəfəs alırmış kimi nəfəs almaq lazımdır. Ona da hava çatsın deyə hava almaq lazımdır, Validə xanım, havalanmaq yox.

Boynunda düyünlənmiş qara şalını açdı. Dediyim ağlına batmışdı deyəsən. Ürəkdən nəfəs almağa həvəsli bir qadın yox, balasına nəfəs olmacağına inanmış bir ana canfəşanlığı ilə ayağa qalxıb otaqdan çıxdı. Bu nəfəs hansı balasına yaxşı gələcək?! Bunu yəqin növbəti seansda bilərik.

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir