dis hekimi

Diş həkiminə getmək istəmirsinizsə…

Baxış sayı: 387

Əksər insanlar üçün dişlərini fırçalamaq daha parlaq təbəssüm və daha təravətli nəfəs və çürüklərin qarşısını almağın bir yoludur. Amma biz hamımız bəzən yatmazdan əvvəl bu vacib işi “təxirə salmışıq”, istər tənbəllikdən, istərsə də həddindən artıq yorğunluqdan. Gəlin, yatmazdan əvvəl dişləri fırçalamamağın həqiqətən nə qədər pis olduğuna nəzər salaq:

 

Ağızda nə baş verir?

Qısa cavab: Yatmazdan əvvəl və ya başqa vaxtlarda dişlərinizi fırçalamağınızın fərqi yoxdur. Diş həkimi və Amerika Diş Həkimləri Assosiasiyasının (ADA) sözçüsü Kimberli Harms deyir ki, ən əsası dişlərinizi 24 saat ərzində iki dəfə fırçalamağınızdır.

Ağzınızda baş verənlər bunlardır: orada yaşayan bakteriyalar sayəsində ərp davamlı olaraq əmələ gəlir və onun yetişməsi təxminən 24 saat çəkir. (Dişlərinizi fırçalamağı unutduğunuz zaman səhər ağzınızda o qəribə hissi xatırlayın! Orada “həyat” var!)

Bakteriyalar gün ərzində turşu istehsal edir, lakin ən çox yemək zamanı bu baş verir. Buna görə gündə ən azı iki dəfə ərpdən xilas olmaq istəyirsiniz – bunu daha az etsəniz, turşu minanı “yeyəcək” və kariesə səbəb olacaq.

Ərp dişlərinizdə nə qədər uzun qalsa və bakteriyalar nə qədər çox qida ilə qidalanarsa, diş həkimi kreslosunda bir o qədər çox vaxt keçirəcəksiniz.

Yeri gəlmişkən, diş həkimləri yuxudan oyananda və yatmazdan əvvəl dişlərinizi fırçalamağı məsləhət görürlər – əsasən vərdiş yaratmaq üçün.

Həmçinin səhər “əjdaha nəfəsi”ni də unutmayaq. Yatmazdan əvvəl dişlərinizi fırçalamaq sadəcə olaraq yataq yoldaşınıza, otaq yoldaşınıza və ya rastlaşdığınız hər hansı digər insana qarşı nəzakət göstəricisidir.

 

Dişlərinizi fırçalamaq üçün ən yaxşı vaxt nə vaxtdır?

Göründüyü kimi, axşam yeməyi və yatmağa getmək arasında dişlərinizi fırçalamaq daha yaxşıdır. Pensilvaniya Universitetinin Diş Tibb fakültəsinin dekanı Denis Kinan hesab edir ki, bu zaman yatmazdan əvvəl dişlərinizi gücləndirmək və bir turşu maneəsi yaratmaq üçün diş pastanızdakı flüora daha çox vaxt qazandırmış olursunuz.

“Ancaq şam yeməyindən dərhal sonra diş yumağa getməyin: Axşam yeməyi minanızın səth qatını yumşaldan turşuya maksimum məruz qalma vaxtıdır”, -deyə mütəxəssis bildirib.

Diş fırçasının yeməkdən dərhal sonra istifadəsi yumşaldılmış mina və eroziv diş aşınmasına səbəb olacaq, ona görə də axşam yeməyindən sonra ən azı 30 dəqiqə gözləyin.

Dişləri fırçaladıqdan sonra isə qəlyanaltılardan qaçın – bakteriyalar bütün karbohidratlarla qidalanır (biz təkcə çörəkdən danışmırıq, onlar demək olar ki, hər qidada var). Yeməkdən dərhal sonra artıq turşu və şəkərdən xilas olmaq istəyirsinizsə, ağzınızı adi su ilə yaxalaya bilərsiniz.

Gün ərzində “atışdırmalar” insanları çürüklərə daha çox meyilli edir. “Gün ərzində qaydasız yeyirsinizsə, hər hansı bir karbohidratı yediyiniz zaman bakteriyalar oyanır və turşu istehsal etməyə başlayır”,-deyə o qeyd edib.

Müntəzəm şəkildə, rejimlə qidalandıqda tüpürcək səviyyəniz yüksəlir, bu da dişlərinizi qoruyur və həzmə kömək edir. Ancaq gün ərzində qaydasız yeyəndə (və ya hətta yavaş-yavaş bir fincan qəhvəni yudumlayanda), hər dəfə qida bakteriyalarının bu təkrarlanan təsiri parlaq dişlərinizdə daha çox turşuya səbəb olur.

 

Dişlərinizi fırçalamaq üçün məsləhətlər

– Dişlərinizi 24 saat ərzində iki dəfə fırçalayın. ADA dişlərinizi gündə iki dəfə hər dəfə 2 dəqiqə fırçalamağı tövsiyə edir.

– Flüorlu diş pastasından istifadə edin. Flüor dişləri möhkəm saxlamaqla onların sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

– Sizin üçün uyğun olan diş fırçasından istifadə edin. Hər hansı hərəkət probleminiz varsa və ya adi diş fırçasından istifadə etməkdə çətinlik çəkirsinizsə, elektrik versiyasını sınayın.

– Diş fırçanızı dəyişin. Hər 3-4 aydan bir yaxşı vaxtdır. 

– Çox möhkəm sürtməyin. Mina və diş ətinizə zərər verməmək üçün bunu daha yüngül toxunuşlarla edin.

– Gündə ən azı bir dəfə diş sapı istifadə edin. Bunu etməsəniz, dişlərinizin arasına yığılan qidalar pis qoxuya səbəb olur.

– Ağzınızı su ilə yaxalayın. Dişlərinizi dərhal fırçalamaq əvəzinə yeməkdən sonra ağzınızı su ilə yaxalamaq, turşuların daha rahat çıxarılmasına imkan verir.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir