xalqlar

Dünya xalqlarının ən maraqlı və qəribə adətləri

Baxış sayı: 415

Finlandiya

Finlandiyalılar Milad bayramını qeyri-adi şəkildə qeyd edirlər. Həmin gündə səhər tezdən finlər həmişəki kimi işə tələsir, lakin nahar vaxtı mütləq  evə qayıdırlar. Həmin gün  möhtəşəm bir ziyafətdən sonra, gecənin gəlməsi ilə qəbiristanlığa  getmək burada  artıq  bir adətdir. Bu gün onlar ölmüş qohumlarının və dostlarının  xatirəsini yad edirlər. Sonra finlər qəbirlərin üzərinə yanan şamlar qoyurlar və özləri də şənliyi davam etdirmək üçün saunaya gedirlər.

Finlandiyanın özünəməxsus  toy adətləri də  mövcuddur. Belə ki, fin gəlinləri toylarında əl işi olan tac taxırlar. Mərasimdən sonra subay qızlar gəlinin ətrafında toplanırlar. Gəlin isə onlardan birini seçir və başındakı tacını ona verir. İnanca görə, seçilən qız gəlindən sonra ərə gedir.

 

İtaliya

İtalyanlar da Yeni ili qeyri-adi şəkildə qeyd edirlər. Tətil ərəfəsində bu temperamentli insanlar sözün əsl mənasında köhnə hər şeydən qurtulurlar. Onlar köhnə hesab etdikləri  əşyaları  pəncərədən atırlar.  Onların düşüncələrinə görə, cansıxıcı əşyalardan azad olmaq,  Yeni ildə  xoşbəxt olmaq deməkdir.

 

Qafqaz xalqları

Qafqaz xalqları isə  tost deməkləri  ilə məşhurdurlar. Hətta  bu bacarıqda onların tayı-bərabəri yoxdur. Maraqlıdır ki, monoloq zamanı  heç bir qonaq qədəhində olan içkini  içməməlidir və söylənən  nitqi sona qədər dinlənilməlidir.

 

Tailand

Tailandda  aprelin 13-15 -də qeyd olunan Sonqkran bayramında ( Şərq təqvimi ilə Yeni ili qarşılamaq) bir-birinin üstünə su tökmək kimi maraqlı bir adət var. Bu ənənəvi  bayram əsasən buddistlərə aiddir. Qarşılıqlı su çiləməkdən başqa bu gün Buddist lamalara qurbanlar verilir. Buddanın heykəlini yasəmən və qızılgül ləçəkləri ilə ətirli su ilə yumaq da bir  adətdir . Burada yaşayan insanlar düşünürlər ki, su insanın ruhunu bütün pisliklərdən qoruyur.

Dünyanın əksər ölkələrində uşağın başını sığallamaq mərhəmət rəmzi sayılsa da, Tailandda bu həqarət sayılır. Tailandlıların inancına görə, insanın ruhu başında gizlənir, ora yad adamlar əl vura bilməzlər. Hətta, bərbərlər müştərilərin başına toxunmazdan öncə baş əyir, sonra işə başlayırlar.

 

Danimarka

Dünyanın elə ölkələri var ki, orada qəbiristanlığa insanlar hüznlənməyə yox, əylənməyə gəlirlər. Məsələn, Danimarkada məzarlıqda soyunub özünü günə verən və ya piknik süfrəsi açıb əylənən adamları görmək heç kimi təəccübləndirmir. Buna səbəb ölkə ərazisinin kiçik olmasıdır və yerli əhalinin ən xırda boş torpaq sahəsini praktiki dəyərləndirməyə çalışmasıdır.

Danimarkada, həmçinin uşaqların yaşı tamam olan gün balkonların pəncərələrindən bayraq asılır, beləcə hamıya bəlli olur ki, bayraq asılmış evin uşağının həmin gün doğum günüdür.

 

Hindistan

Holi – dünyanın ən parlaq və gözəl bayramlarından biri, baharın gəlişini və hind cədvəli üzrə Yeni ilin başlanmasının rəmzidir. Bu bayramın dəqiq tarixi yoxdur.  Holi üçün hazırlıq bayrama bir neçə həftə öncə başlanır. Xüsusilə bayram tonqalı üçün odun, çırpı yığılır. Ocaqlar Holi ilahənin axşamı yandırılır. Hesab edilir ki, od qışdan qalan soyuğu və zalım ruhları qovmaqda köməklik edir.

Bayramqabağı binaların divarları parlaq rənglərlə boyadılır, məkan isə güllərlə bəzədilir. Adamlar kütləvi halda su üçün xüsusi çiləyici cihazlar və rəngbərəng boyadılmış tozlar alırlar. Bu tozlar – qulal, narın qarğıdalı unundan istehsal olunur, müxtəlif rənglərlə boyadılır.

Holi bayramını rəngarəng parad, milli mahnılar, rəqslər və ümumi şənlik müşayiət edir. İştirakçılar bir- birlərinə boyadılmış tozlar səpələyib, su tökürlər. Bayram şənliyində təbəqəyə, dərəcəyə, yaşa, cinsiyyətə baxmayaraq hamı iştirak edir. Qeyd edək ki, bu bayramın çox maraqlı yaranma tarixçəsi var imiş. Qədim rəvayətlərə görə,  tanrı Krişna sadə bir qıza aşiq olur.  Lakin bu qız ona  qarşılıq verməyib , çünkü Krişna adi insana  oxşamırdı. Krişnanın bacarıqlı anası Yaşoda yaranan vəziyyətdən maraqlı çıxış yolu təklif edir. O, oğluna sevgilisini sevindirmək üçün üzünü rəngli pudra ilə rəngləməyi tövsiyə edir. Krişna anasının bu tövsiyəsini yerinə yetirir  və məhz bu hadisədən sonra  Hindistanda bu bayram bir adətə çevrilir.

Hindistanda uşaqların məktəblərinə aid qəribə adətləri var. Əgər hər hansı bir məktəbli 1 gün dərs buraxarsa, onun cəzasını məktəbli özü yox, valideynlərindən biri çəkməli olur. Uşağın məktəbə getmədiyi günün səhəri dərsə həm də onun atası və ya anası gəlməlidir. Elə bu səbəbdəndir ki, ata və anaların sayəsində Hindistandakı bütün məktəblərdə davamiyyət əla vəziyyətdədir.

 

İndoneziya

İndoneziyada  dünyaya yenicə göz açmış körpənin bütün qohum- əqrəbaları onun ətrafına yığılır. Onların arasından biri ad qoymaq üçün seçilir. Ad qoyan şəxs uşağın başı üstündə dayanıb onun əcdadlarının adlarını sadalamağa başlayır. Uşaq hansı ad çəkildiyi an şirin- şirin qığıldasa, deməli, o adı bəyənir və elə uşağın istəyi ilə  də ona həmin ad qoyulur. Hətta oranın adətinə görə, uşaq bu vaxt ağlayarsa, hamı balacanın bu ada layiq olacağına əmin olur. Lakin körpə sadalanan adlardan heç birinə “cavab” verməsə, onda oğlandırsa, sadəcə Tou Beun- təzə kişi, qızdırsa İna Beun- təzə qadın adlandırılır.

 

Nigeriya, Norveç, Rusiya, İsveçrə

Norveçdə qaymaqlı sadə buğda sıyığı bayram süfrəsinin əsas yeməyi hesab olunur. Rusiyada maraqlı bir toyadəti var. Burada  gəlinin geri qaytarılması və gələcək ailənin xoşbəxt olması  üçün qabları sındırma mərasimi  keçirilir. İsveçrədə isə  gəlinə palçıq atmaq  adətdir. Deyilənlərə görə, bəyin qohumları bunu edirlər ki, gəlinə heç kəs tamah salmasın. Lakin ən qeyri-adi toy adəti  Nigeriyada mövcuddur.  Nigeriyada gəlin ailə həyatına toyundan düz bir il əvvəl hazırlaşmağa başlayır. O, on iki ay ayrıca evdə, heç bir fiziki aktivlik olmadan yaşamalıdır. Həmin müddətdə qohumları qıza kalorili yeməklər, meyvə-tərəvəz və s. gətirirlər ki, qız möhkəmlənsin və bir qədər kökəlsin. Nigeriyada inanca görə, arıq qızlar ailə qurarsa, xoşbəxt olmurlar.

 

Yaponiya

Yaponiyanın bəzi yerlərində boşanmaq istəyən ər və arvadı qayalıq bir yerə göndərirlər. Onlar orada müəyyən müddət ərzində qalırlar. Bu halda əlacsız qalmış ər və arvad barışmalı olur və yanlız barışdıqdan sonra onlar öz evlərinə qayıda bilərlər.

Yaponiyanın bəzi adətlərində insanın ad gününü doğulduğu gündən deyil, təzə ildən qeyd edirlər. Bu əyalətlərdə dekarbr ayının 31-də doğulan uşağı yanvarın 1-dən  1 yaşlı hesab edirlər.

Həmçinin bunu da qeyd etmək lazımdır ki,çinlilərdən fərqli olaraq yaponlar əl sıxaraq görüşməyi sevmirlər və bunun əvəzinə bir-birlərinə baş əyirlər. Yaponlar çox qonaqpərvərdilər, ona görə sizi evə dəvət etsələr, çalışın mümkün qədər etiraz etməyin.Onların  evlərinə girərkən mütləq ayaqqabıları çıxarmaq lazımdır. Qəribə  adətlərindən biri də odur ki, söhbət zamanı onların  gözlərinin içinə baxmaq məsləhət deyil, çünkü onlar bunu  aqressiya kimi qəbul edəcəklər. Yaponların hər zamankı gülərüzlüyü  turistləri çox vaxt çaş-başlığa salır. Maraqlıdır ki, yaponlar avtobus, metro və ya qatarda gedərkən böyüklərə və hətta qocalara yer vermir,onlar  bunu bir təhqir kimi qəbul edirlər.

 

Tibet

Tibetdə insanlar bir-birini salamlayarkən dillərini çölə çıxarırlar. Əfsanəyə görə, Lanq Darma adlı kralın dili qara rəngdəymiş. İnsanlar onun şeytana ibadət etdiyini , ölümündən sonra ruhunun keçəcəyi şəxsin də dilinin qara olacağını düşündükləri üçün hər qarşılaşanda bir- birlərinə dillərini göstərməyə başlayıblar. Bax beləcə dil çıxarma adəti yaranıb.

 

Keniya

Bildiyiniz kimi, afrikalılar əla rəqqaslardır. Hətta bir çox ağdərili insanlar onların bədəninin elastikliyinə və ritm hissinə həsəd aparırlar. Məsələn, Keniyada yaşayan Masai qəbiləsinin maraqlı  salamlaşma rəqsi ənənəsi var. Masai qəbiləsinin  qədim adətinə  görə, bunu ancaq kişilər həyata keçirir. Rəqqaslar bərabər bir dairədə düzülür və yerində tullanmağa  başlayırlar. Yüksəyə tullanan  rəqqas  ən  cəsur hesab  olunur. Burada, həmçinin insanlar qarşısındakını sevgiylə qarşılamaq üçün bir–birlərinin üzünə tüpürürlər. Birisini uzaq yola salanda və ya toy günü bəyin, gəlinin üzünə tüpürmək bu ölkədə xoşbəxtlik arzulamaq anlamına gəlir.

 

İspaniya

Bəlkə də ən qəribə ənənələrdən biri İspaniyada mövcuddur. Söhbət  Castrillo de Murcia qəsəbəsində qeyd olunan El Colacho bayramından gedir. Bayram zamanı şəhərin küçələrində bir yaşından kiçik uşaqları yumşaq yastıqlara qoyurlar. Sonra əyləncə başlayır, qorxulu kostyumlar geyinmiş kişilər körpələrin üstündən tullanır. Qədim inanclara görə,  onlar həmin körpələri qarşıda edəcək  günahlarından  xilas edirlər. Həmin “yarışlardan” sonra arxiyepiskop uşaqlara xeyir-dua verir və onlar yenidən valideynlərinin yanına qayıdırlar. Əlavə edək ki, İspaniyada bu  qeyri-adi bayram 1621-ci ildən  qeyd olunur və xoşbəxtlikdən o vaxtdan bəri heç bir uşaq xəsarət almayıb.

 

Şimali Kamçatka

Şimali Kamçatkada intim münasibətlərlə bağlı uzun əsrlər hökm sürən ənənələr  ağılasığmazdır. Bura qonaq təşrif buyuranlara xüsusi təkliflər olunur, ən başlıcası isə əgər qonaq ailə başçısının xanımı ilə intim əlaqəyə girməsinə razılıq verirsə, bu evin kişisi üçün şərəf sayılır. Əgər qonaqla cinsi əlaqədən xanım hamilə qalırsa, bu, artıq ən böyük xoşbəxtlik kimi dəyərləndirilir.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir