mehriban nesib

Erkən nikahların səbəb və fəsadları – SOSİOLOQ YAZIR

Baxış sayı: 2. 215

Son vaxtlar xüsusilə ölkənin bəzi bölgələrində sırf valideynlərin təkidi ilə qızların məktəb həyatından zorla uzaqlaşdırlması və erkən yaşda ailə həyatı qurması və hallarına rast gəlinir ki, bu da sonralar ağır fəsadlarının büruzə verməsi ilə nəticələnir. Bu cür erkən yaşda qurulan ailələr elmdə “erkın evliliklər” adlanır.

Erkən evliliklər bir çox xalqların cəmiyyətində mövcud olan sosial hadisədir. Təəssüflə qeyd etmək lazımdır ki, əsasən şərq xalqlarının cəmiyyətində rast gəlinən bu sosial hadisəyə bizim cəmiyyətimizdə rast gəlinir. Nə qədər desək də ki, cəmiyyətimizdə erkən evliliklər qadağandır və bizdə erkən evliliklər yoxdur və statistik göstərici də hədsiz az olsa da, erkən evliliklərin mövcudluğu danılmaz faktdır. Çox təəssüflə qeyd etməliyik Azərbaycanın demək olar ki, əksər bölgələrində erkən evliliklər mövcuddur və bu evliliklərin özlərinə məxsus olan səbəb və fəsadları var.

Bəs nədir bizi narahat edən erkən nikah? Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik qız və oğlanların ailə qurması və birgə yaşamasıdır. Bu uşaqlar (BMT-nin Uşaq Hüquqları Konvensiyasına görə 194 olkədən 192-də 18 yaşına çatmayan, ABŞ-da isə 21 yaşından aşağı bütün şəxslər uşaq hesab olunur)(UNİCEF, 2006)) 99% ailələrinin təkidi ilə ailə qururlar. Həmin uşaqlar çox vaxt el adət-ənənəsi və ata-ana xeyir-duası ilə ailə həyatı qursalar da, bu nikahlar nikah yaşına düşmədiyi üçün rəsmiləşdirilmir. Erkən nikahlarda bir çox hallarda bir tərəfin (əsasən qızın) yaşının rəsmi nikah üçün uyğun olmaması və az olması, bəzi hallarda isə hər ikisinin azyaşlı olması təsadüf edilir.

Azyaşlıların evləndirilməsi gələcəkdə bir çox problemlərə, o cümlədən, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklərə yol açır. Nikahın rəsmiləşdirilməməsi isə dünyaya göz açan körpələrə doğum şəhadətnaməsinin verilməməsi (rəsmi nikah olmadığı üçün), boşanma olduğu təqdirdə aliment probleminin yaranmasına şərait yaradır. Ancaq ən böyük problemlərdən biri isə bu evliliklərdə gənclərin formalaşmaması, əsasən isə qızların yetkinlik yaşına çatmadıqları üçün sağlıqlarında yaranan problemlərdir. Belə ki, tibb elmi birmənalı şəkildə subuta yetirib ki, erkən yaşda ailə quran qızların əksəriyyətinin sağlamlığında böyük problemlər yaranır. Erkən nikah zamanı onların xəstə uşaq dünyaya gətirmək ehtimalı böyük olur. Digər tərəfdən, onların səhhətində ciddi psixoloji problemlər yaranır. Erkən yaşda ana olmaq həm onların öz səhhətində fəsadlar ortaya çıxarır, həm də xəstə, müxtəlif çatışmazlıqları olan uşaqların dünyaya gəlməsinə səbəb olur.

Bundan başqa, hamıya məlumdur ki, erkən nikah savadsızlığın da artmasına səbəb olur. Belə ki, erkən nikaha daxil olan qızların əksəriyyəti nəinki ali təhsil, hətta tam orta təhsil belə almırlar ki, bu da digər bir problemin təməlini qoymuş olur. Erkən nikaha daxil olan yeniyetmə qız gələcəkdə ali savadlı bir xanım kimi formalaşmaq imkanından məhrum olur.Həmçinin ixtisas sahibi olmayan belə qadınlar hər hansı bir yüksək məvacibli işə qəbul ola bilmir və son nəticədə daha az əmək haqqı ilə işləmək məcburiyyətində qalırlar. Bu da ailənin maddi vəziyyətində çətinliklər yaradır.

Demək olmaz ki, erkən qurulan ailə həyatının hamısı uğursuz olur, ancaq əksəriyyəti uğursuz olur. Buna da uşaqların ailə həyatına hazır olmaması, çətiniklərə dözümsüzlük, bir-birini anlamama və s. misal gəstərə bilərik. Buna bu yaxınlarda 15 yaşlı Fatimə Qəmbərovanın 19 yaşlı həyat yoldaşı tərəfindən oldürülməsini misal gətirə bilərik. Gənclərin püxtələşməmiş ailə qurması bu cür facilərin ortaya çıxmasına yol açır.

Bu sahədə ekspertlər olaraq bir neçə mütəxəssis erkən evliliklərin səbəbini araşdırmağa başladıq və həmin ekspert qrupu ilə birgə neçə il öncə 2010-cu ildə USAİD, Azərbaycan Respublikası Ailə, Uşaq və Qadın Komitəsinin və yerli QHT-lərin bir neçəsinin dəstəyi ilə bir layihəyə qoşulduq və həmin layihə çərçivəsində regionlarda erkən evliliklərin səbəblərini araşdırmağa başladıq. Ortaya bir çox məsələlər çıxdı ki, bu da erkən evliliklərin kompleks məsələ olduğunu ortaya qoydu.

Məsələ burasındadır ki, araşdırma apararkən bir çox rayonlarda olduq və çox maraqlı və maraqlı olduğu qədər çətin məsələlərlə üzləşdik. Bölgələrimizin çoxunda demək olar, eyni səbəblərlə üzləşdik, amma Salyan rayonunun Qarabağlı kəndində valideynlərin açıqlaması özünəməxsusluğu ilə seçildi. Məlum oldu qızlar 9 yaşından sonra məktəbdən çıxardılır və səbəb olaraq onu göstərirlər ki, “yaxşı qız oxumaz!” Biz ekpsert qrupu ilə çox bu səbəbə təəcübləndik və “bəs sizin kənddə məktəbdə oxuyan qız heç yoxdur?!” sualına cavab olaraq bildirdilər ki, “bir qız var, 15 yaşında, o qız yaxşı qız deyil!“ Ekpsert qrupu təəccüblə soruşduq ki, “yaxşı qız deyil” nə deməkdir?! Dedilər ki, bu kənddə o yaşda qız məktəbdə oxumur, yani o yaşa kimi valideynlər qızları məktəbdən çıxardır və evlilik həyatına hazırlayır. Biz ekpsert qrupu olaraq bu kənddə çox böyük bir sarsıntı yaşadıq deyə bilərəm. Biz kiçik yaşından çıxardılıb evdə otuzdurulan bu qızlarla, onların ata və anaları ilə söhbət edik. Sən demə, məsələ daha da kompleks imiş. Suallar və araşdırma nəticəsində məlum oldu ki, sən demə, qızlar ataları və ümümumyytələ ailələri üçün “yük” imişlər. Bir atanın dediyi: ”oğlumu məktəbə göndərirəm, çünki oğlum böyüyəndə mənə və ailənin maddi durumunun yaxşılaşdırılmasına kömək edəcək. Amma qızlar elə deyil. Bir az boyüyəcəklər və ailə quracaqlar. Onlara çəkilən əziyyət batacaq.” Ən önəmlisi isə bu açıqlama oldu: “bir oğlum var, onu oxuduram. Qızlarım isə üçdür. Üç qızı oxutmaq üçün maddi gücüm yoxdur. Üç qızın məktəbə getməsi üçün gərək onlara məktəb paltarı, ayaqqabı, çanta, kitab, dəftər və s. alım. Buna isə maddi durumum imkan vermir. Bu kənddə əksəriyyət ataların maddi durumu mənim günümdədir və ona görə də hər kəs qızını məktəbdən çıxardır.”

Təəssüf hissi ilə demək istəyirəm ki, əksər ataların maddi durumu yaxşı olmadığı üçün qız övladlarını məktəbdən çıxardırlar, amma bunu bütün ailələrə və atalara şamil etmək olmaz. Çünki hər bir ailənin durumu və qız övladının təhsildən yayınması fərqlidir. Üzümü bütün valideynlərə tutub demək istəyirəm: Əziz valideynlər, hörmətli atalar və əziz analar, övladlarınıza təhsil verin və onları cinslərinə görə seçməyin və seçərək təhsil verməyin. Qızlarınızın da təhsili oğlanlarınız qədər önəmlidir. Böyük xeyriyyəçi H.Z.Tağıyev demişdi ki, “bir oğlana oxutmaq bir fərdin təhsil alması deməkdir. Bir qızı oxutmaq bütöv bir ailənin və nəslin oxuması deməkdir”. Övladlarınıza təhsilə həvəsləndirin, köhnə paltarıarıa və çantalarla göndərin, ancaq göndərin. Qoyun övladlarınız təhsilli, savadlı olsunlar və yetkinlik yaşına dolduqdan sonra icazə verin təhsil almağı və ya ailə qurmağı özləri seçsinlər. Unutmayın, savadlı uşaqlarımız gələcək ümidlərimizdir. Solomon Ortiz təhsil haqqında demişdi “Təhsil uğurlu həyata gedən əsas yoldur.” Qoyun övladlarınızın taleyinə təhsil işıq salsın, eziz valideynlər!

 

 

Sosioloq Mehriban Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir