menzil

Evi tez-tez dəyişməyin mənası varmı? – ANALİZ

Baxış sayı: 335

Ev nədir? Daş-kərpiclə tikilən, dörd divardan ibarət mənzildir. Lakin bu dörd divarın içərisində insanın başqa heç yerdə tapa bilməyəcəyi bir istilik var. Hara gedirsənsə, get, o istilik səni geri çağırır. Bu divarların arasında bir rahatlıq var. Başqa bir yerdə tapa bilməyəcəyin rahatlıq.

Ev hər bir insanın sığındığı “yuvadır”. Burada bir ailə də var. Bu ailə üzvlərinin hər biri üçün həmin dörd divarın arasından əziz, rahat bir məkan yoxdur. Odur ki, səhər çıxıb, axşam evə tələsirsən. Hansı bir iş, gəzinti, alış-veriş üçün gedirsənsə, dönəcəyin yer səni səsləyən evindir. Çünki səni orada isti ocağınla yanaşı, həm də ailən-həyat yoldaşın, övladların, onların şirin söhbəti, dörd divarın arasını dolduraq şaqraq gülüşlər gözləyir. Bir-birinə sözünü açıq ürəklə deyən, məsləhətləşən bir ailə. Bir evin içərisinə sığınan, onu doğma yuvası bilən bir ailə…

 

Evlərini tez-tez dəyişənlərə…

Müasir dövrümüzdə evini tez-tez dəyişən insanlarla qarşılaşırıq. Onlar təbii ki, başqalarından fərqli-yəni bunu etməyə imkanı olanlardır. Hansı ki, adamlar var ki, bir ömür çalışır, lakin kirayələrdən qurtula bilmir. Ailələr var ki, övladını ev səbəbindən evləndirə bilmir. Çünki nə ev ala bilmir, nə də torpaq alıb ev tikmək imkanı yoxdur.

Lakin elələri də var ki, bəlkə də 5-10 evi var. Bu evləri isə tez-tez dəyişir. Başa düşüləndir ki, əksər insan yayı bağ evində, qışı başqa bir evində yaşayır. Söhbət bundan getmir. Yaylı-qışlı ev dəyişənlər var ki, bəlkə də il ərzində onu bir neçə ünvanda axtarmalı olursan.

Belə insanlar bəlkə də bizim yazımızı oxusalar, deyərlər ki, bircə bu işə qarışmağınız qalmışdı. Özümüz bilərik, hansı evə köçürük, hansı evdə yaşayırıq. Lakin biz onların tez-tez köçməsindən əsla narahat deyilik. Sadəcə tez-tez köçməyin heç də yaxşı olmayan tərəflərindən danışmaq istəyirik.

Baxmayaraq ki, köçmək heç də asan iş deyil, lakin bunu edən insanlar var, xüsusilə də kişilər. Bir evi alır, təmir etdirir, daha sonra başqa bir ev alır, o evə köçür, köhnəni baha qiymətə kirayə verir. Beləliklə bir neçə ev dəyişməklə həyatına davam edir. Bəs bu tez-tez köçmələrin nə ilə nəticələndiyi barədə necə, fikirləşirmi?

 

Ev düşərli-düşərsiz olur

Hər birimiz həyatımızda dəfələrlə evin düşərli-düşərsiz olması qənaətinə gəlmişik. Ev var ki, köçən bir gündən hiss edirsən ki, evin ruzi-bərəkəti gündən-günə artır. Bu evdə tez-tez yeni, xoş hadisələr, xoşbəxt günlər yaşanır. Bütün bunlarla yanaşı, həm də evin yerləşmə səmti də var ki, evə günəşin düşməsini şərtləndirir. Bu cür evlər daha gözəl evlər hesab edilir. Çünki atalar da deyir ki, günəş düşən evə həkim girməz.

Belə bir evi insan qoyub necə yenisinə köçə bilər? Lakin köçənlər var. Nəyə görə köçürlər? Daha çox pul qazanmaq üçün. Axı dövrümüzdə ev biznesi ilə məşğul olanlar saysızdır. Bəs yeni evdə köhnə evdə olduğu kimi, bütün işlər yaxşı gedirmi? Qonşular necə, buradakılar kimi səmimi ola bilirmi?

Bütün bunlar haqqında danışacağıq. Lakin gəlin elə birinci köçdən danışaq. Etiraf edənlər çox olar ki, dünyada köçdən əziyyətli iş yoxdur. Kənardan nə qədər kömək olsa da, lakin ən zəhmətli iş evin qadınının üzərinə düşür. yeni evi nizama salmaq, əşyaları yerləşdirmək, pal-paltarı dolaba yığmaq, qab-qacağın yerini müəyyən etmək günlərlə vaxt aparır. Belə isə tez-tez ev dəyişdirən kişilər görəsən qadınları düşünürlərmi? Yoxsa, həmin qadınlar kişilərin bu evdəyişmə sevdasından çoxdan bezib, sadəcə səslərini çıxarmırlar?

 

Evdəyişmədə ən çox zərbə alan uşaqlardır

Tez-tez evdəyişmədə ən çox sarsılan, əziyyət çəkən uşaqlardır. Valideynlər bu hobbiləri ilə uşaqlarına nə qədər psixoloji sarsıntı yaşatdıqlarının fərqinə varırlarmı? Bir neçə dəfə təsadüf etmişəm, yeni köçən ailələrin uşaqlarına. Onlar aylarla özlərinə gələ bilmirlər. Bir mühitdən başqa bir mühitə düşmək olduqca çətin olur. Axı onlar köhnə evlərində məhəllə uşaqlarını, dostlarını, sinif yoldaşlarını qoyub gedirlər. Valideynlərinin pul qazanmaq həvəsi onları dostlarından, doğma mühitdən ayırır. Və beləliklə, həmin uşaqlar aylarla, bəzən ildən artıq zaman kəsiyində özlərinə gələ bilmirlər. Maraqlıdır, görəsən, valideynlər bunu hiss edirmi? Uşaqların düşdüyü vəziyyət onları narahat edirmi? Bəlkə də hiss edirlər, lakin gəlir əldə etməyin şirinliyi, “əşi, uşaqdır, uyğunlaşar”, deyib keçməklə bitir.

Lakin bu tez-tez köçmələr uşaqlarımızın psixologiyası, sağlamlığı üçün təhlükəlidir. Bir sözlə, köçdə ən çox əziyyət çəkən uşaqlardır.

 

Qonşu həmişə yaxşı olmur

Gündəlik həyatımız üçün ən vacib şərtlərdən biri də qonşudur. Çünki qonşu yaxşı olmasa, insanın günü ah-vay ilə keçir. Baxmayaraq ki, şəhər yerlərində bir o qədər qonşuluq əlaqələri yoxdur, günlərlə qonşunu görən də olmur. Lakin yaxşı qonşu ilə hər zaman qarşılaşmaq da olmur.

Məsələn, qonşular var ki, tullantıları evindən çıxarıb, aparıb atmaq əvəzinə, saatlarla, günlərlə qapısının ağzına qoyur. Sən də bununla qarşılaşdığın üçün narahat olursan. Deyirsən, yenə də mənası olmur. Qonşu var ki, yuxarıda elə bir həngamə çıxarır ki, az qalır çilçıraq yerindən qopub aşağı yuvarlansın. Gedib deyirsən, 1-2 saatdan sonra yenə həmin həmindir. Qonşu var ki, televizora elə səs verir ki, öz evində rahatlıq tapa bilmirsən. Qonşu var ki, evini kirayə verdiyi adamlar elə hərəkətlər edir ki, ta evindən köçəcək olursan.

Lakin qonşu da var ki, illərlə qonşu olursan, evindən nə bir artıq səs gəldiyini eşidir, nə onunla bir problem yaşayırsan. Hələ get-gəlin də olur. Qarşıda bu münasibətlər qohumluq əlaqələrinə də çevrilir. Özünə yaxın dost, rəfiqə qazanırsan.

Beləliklə, qonşu münasibətləri heç də asan məsələ deyil. Odur ki, yeni evə köçəndə hər kəs Allahdan özünə yaxşı qonşular arzulayır. Lakin bu arzular reallaşa da bilir, bunun əksinə də olur.

Yaxşı qonşuları qoyub yeni evlərə köçmək isə ən ağılsız hərəkətdir. Dünyada hər şeyin maddiyyat olmadığını düşünən zaman yaxşı qonşu anlayışı da çıxır ortaya. Belə olan halda isə, necə deyərlər, ağıllı adam yaxşı qonşunu qoyub heç yerə getməz.

 

Tez-tez dəyişəndə ev ocaq ola bilmir

Deməli, evdəyişmədə ən əsas olan bir neçə məsələ – evin düşərli, düşərsiz olması, köçməyin çətinliyi, ev dəyişmənin uşaqlara vurduğu zərbələr və qonşuluq münasibətləri haqqında danışdıq. Elə köçün əsasını da bunlar təşkil edir. Və hər biri də ayrı-ayrılıqda vacib olan məsələdir. Belə isə tez-tez ev dəyişmək nə dərəcədə doğrudur? Bunun maddi tərəfini bir kənara qoyub, mənəvi tərəfini nəzərə alan varmı? Yoxsa, maddiyyat mənəviyyatı elə üstələyib ki, bu vacib amillərə nəzər salan yoxdur…

Bütün bunlarla yanaşı, daha vacib bir məsələdən də danışmaq yerinə düşər ki, biz evə həm də ocaq deyirik. Ev, bəli, yanar ocaqdır. Çünki orada nəfəs var. Qapısı hər gün açılır-örtülür. Bu evdə xatirələr, ötən xoş günlər var. Ona görə də orada bir ocaq istisi də var ki, evimizə ocaq deməyə əsas verir. Lakin tez-tez dəyişilən evlərdə bu ocaq sanki yanır, sönür. Necə ki, ocaq çırtaçırtla yanır, ətrafa istilik saçır, bu zaman adama çox xoş gəlir. Eləcə də evin ocaq olmasını şərtləndirən amil onun uzunömürlüyündədir. İllər lazımdır ki, ev ocağa çevrilsin.

Biz nə edirik, ocaq şirin-şirin yanmağa, ətrafa xoş bir isti yaymağa başladığı anda əlimizə dırmıq, bel alıb onu dağıdır, çırtaçırtla yanmasına imkan vermirik. Belə olanda isə nə evdən, nə də ocaqdan söhbət gedə bilməz. Elə tez-tez köçməkdən bezən xanımlar da, dostlarından ayrı düşdüyü üçün əziyyət çəkən uşaqlar da həmin yeni-yanmayan, tüstüləyən ocaqda köçməyin tərəfdarı olan kişilərdən fərqli olaraq heç bir istilik tapa bilmirlər. Deməli, evləri ocağa çevrilə bilmir…

Belə isə tez-tez ev dəyişməyin bir mənası varmı?..

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir