qaynana

Gəlin-qayınana münasibətləri niyə öz həllini tapa bilmir? – ARAŞDIRMA

Baxış sayı: 453

İstədim ki, səhlövhəni dırnaqda yazam, lakin düşündüm ki, haqsızlıq etmiş olaram. Həqiqətən də bu ifadəni səmimiyyətlə söyləyən və sonadək də eyni fikirdə qalan qayınanalar var. Yəni səhv başa düşülməsin, qadan alım deməklə, kiminsə qadası sənə gəlmir, lakin arada dünya boyda bir səmimiyyət yaranır. Biz əslində, hər gün övladlarımıza minlərlə dəfə qadan alım demirikmi? Gəlin-kürəkən necə, bizim övladımız deyilmi? Bax elə söhbətimiz də bu məsələ ilə bağlıdır.

Təəssüflər olsun ki, aramızda minlərlə qayınana var ki, gəlini yad qızı, kürəkəni yad oğlu hesab edir. Belə olan halda “qadasın alım gəlinimin “ ifadəsini əlbəttə ki, dırnaqda yazmağa məcburuq. Çünki bu sözlər söz xətrinə deyilən, toyda mikrofona söylənən, əslində isə bəzi qaynanalar tərəfindən əsla qəbul edilməyən kəlmələrdir. Bu sözlər çox halda elə toy salonlarında qalan, o salonların qapısından çıxıb evlərə doğru yol almayan sözlərdir. Göstəriş üçün deyilən, lakin əslində qəlbin qəbul etmədiyi sözlər…

Odur ki, gəlin-qayınana münasibətlərinə qayıdaq, günümüzdə minlərlə ailənin probleminə çevrilən bu münasibətlərə yenidən bir nəzər salaq. Belə bir sual qoyaq ortaya ki, nə üçün gəlin-qayınana münasibətləri öz həllini tapa bilmir? Axı bu problemin üstündə dünya səviyyəli məsələlər həll olunub, bitib.

qaynana-gelin

Nə qədər ki…

Gəlin-qayınana münasibətləri əsrlərin çözülə bilməyən problemidir. Bu münasibətlər ona görə həllini tapa bilmir ki, burada dərin köklər, yəni düşüncə tərzi var. O düşüncələr ki, illərlə özündə dəyişiklik edə bilmir ki, münasibətləri də tənzimləsin.

Həmin düşüncə tərzinin əsasını qayınanaların gəlini və kürəkəni yad hesab etməsi təşkil edir. Elə bu səbəbdən də digər problemlər meydana çıxır. Öz doğma balasının həyat yoldaşını yad hesab etməklə bəzi analarımız doğru olmayan yola qədəm qoyurlar ki, bu da qarşıda bütün problemlərin yaranma səbəbi olur. Hansı ki, düşünmək çox asandır: balamın sevdiyi, ən yaxını, mənim üçün də balam qədər əziz olmalıdır. Axı balamız o insanla dünyanın ən xoşbəxt insanıdırsa, biz anaların onları yad kimi görməyimiz nə qədər yanlışdır, deyilmi? Necə olur ki, övladımızı göz bəbəyimiz hesab edirik, lakin onun sevdiyini-seçdiyini yox? Axı dərindən düşünəndə övladımız onunla xoşbəxtdirsə, məhz bu fakt bizə yeni bir oğul, yeni bir qız qazandırmırmı?

Təəssüflər olsun ki, bəzi qadınlarımız bu düşüncələrlə qəti şəkildə razılaşmır. Onlar öz qayınanalarının onlara necə münasibət bəsləməsini, hansı gözlə baxmasını əldə əsas tutaraq yollarına o cür də davam edirlər. Nəticədə isə gəlin-qayınana münasibətlərində yaxşıya doğru elə bir dəyişiklik müşahidə olunmur.

Qonşumuzda Gülsüm adlı qadının üç gəlini vardı. Gülsüm xala gəlinləri arasında çox ayrı-seçkilik qoyurdu, böyük gəlinini kiçiklərin, hətta qonşuların da yanında həmişə pərt edirdi. Məhəllədə hamı bunu bilirdi və sözün həqiqi mənasında, onun böyük gəlininə acıyırdı. Bir dəfə qonşulardan biri ondan nə üçün belə etdiyini soruşanda, Gülsüm xala dedi ki, məndən artıq deyil ki, qayınanam bilirsiniz başıma nə qoyunlar açıb. Mən hələ buna nə edirəm ki?..

Sual verən qadın isə ona cavabında dedi ki, deməli, sən öz qayınananın acığını bu yazıq gəlindən çıxırsan? Gülsüm xala susdu və fikrə getdi.

Düşünürəm ki, Gülsüm xalakimilər tək qayınanalarının onlara münasibətini təkrarlamır, onların gəlinləri ilə münasibətlərində fərdi xüsusiyyətləri də böyük rol oynayır. Əgər bir qadının qəlbi yumşaqdırsa, səmimidirsə, ona qayınanası nə qədər zülm versə də, o, bu zülmü gəlininə verə bilməz. Odur ki, bu qənaətə gəlmək olar ki, qayınanalıq bir xarakter göstəricisi, nümayişidir.

qaynana

Belə qayınanalar var…

Baxmayaraq ki, toy salonunda özünü toya dəvət etdiyi qadınlara göstərərək mikrofonu müğənnidən alıb “qadasın alın gəlinimin” mahnısının bir misrasını da özü səsləndirir, amma həyatda həmin qayınanaların tam real üzü ilə qarşılaşırıq. Az tanımırıq ki, “mən onun niyə qadasını alıram ki, belə qadam gəlinin ürəyinə” deyən qayınanaları.

Belə qayınanalar təbii ki, ailədə söz-söhbətin də yaradıcılarıdır. Düşünəndə ki, evinə gətirdiyi gəlin onun öz qızı ilə yaşıddır, çox halda qayınanaları günahkar hesab etməyin yeri var. Çünki qızının bütün səhvlərini ona necə başa salırsansa, bağışlayırsansa, bilmədiyini öyrədirsənsə, səhv oturuşuna-duruşuna səmimi münasibətlə yanaşırsansa, gəlininə də eyni münasibət bəsləməyən qadınlar günahkardır.

Qayınanalar var ki, adam onlar haqqında eşidənsə, dəhşətə gəlir. Adının yazılmasını istəməyən “M” adlı gəlin deyir ki, üç ildir ailə qurmuşam. Qayınanamgillə bir evdə yaşayırıq. Nişanlı vaxt gördüyüm qayınana ilə o evə gəlin getdiyim gündən etibarən gördüyüm qayınana arasında yerlə-göy qədər fərq var. Birinci gündən qayınanam qayınanalığını göstərməyə başladı. Əlini ağdan-qaraya vurmadı. Bütün işləri mənə həvalə etdi. Dedi ki, 40 ildir işləməkdən birtəhər olmuşam, indi ta mənim istirahət vaxtımdır.

Nə edə bilərdim ki, dediyi kimi də elədim. Mən ya bunu qəbul etməliydim, ya da çıxıb atamın evinə getməliydim. Anamla məsləhətləşdim, dedi ki, iş görməklə adam ölmür, başını sal aşağı, işini gör. Bir adımızı iki etməyəcəyik ki…

Mən də anam necə dedisə, elə etməyə başladım. Lakin qayınanam heç bir işimi bəyənmədi ki, bəyənmədi. Evi təmizlədim, bəyənmədi, yemək hazırladım, bəyənmədi, paltar ütülədim, bəyənmədi. Mən isə anamın tövsiyəsi ilə susmağa davam edirdim. Bəlkə bu, bir imtahandır, bir gün bitəcəyini həsrətlə gözləməyə başladım. Lakin qayınanamın dedi-qodusu bitmək bilmir. Axşam yoldaşım işdən gələn kimi başlayır deyinməyə ki, qız içindən qız seçmisən, bəxtəvər başıma, əlindən bir iş gəlmir. O da qalır anası ilə mənim aramda. Hələlik, bu cür davam edirik, görək nə vaxtadək…

“A” adlı qadın söyləyir ki, 5 ildir ailə qurmuşam. Qayınanamla birlikdə yaşayıram. İşləmirəm. İki övladım var. Səhərdən-axşama kimi ev işləri ilə məşğulam. Özü də bəzi işləri görür. Məsələn, yeməyi yalnız özü hazırlamağı sevir. Qalan bütün işləri isə mən görürəm. Mənim problemim iş görmək deyil. Görməliyəm də. Öz evimizin işidir də. Həm də o qədər eləmişəm ki, artıq iş mənim üçün adiləşib. Problemim odur ki, qayınanam imkan vermir ki, ya özümə, ya da uşaqlarıma öz zövqümlə bir paltar alım. Yoldaşımla alış-verişə gedirik. Orada nə isə bəyənib ala bilmirəm. Gərək şəklini göndərək qayınanama, baxa, bəyənsə, deyə ki, alın. Bu barədə bir neçə dəfə yoldaşıma şikayət etmişəm. O da qalır çıxılmaz vəziyyətdə. Deyir ki, bir söz desək, problem yaranacaq. Nə deyir, gəl, onu da edək. Beləliklə qaynanam düşünür ki, bu, elə bu cür də olmalıdır. Biz onun zövqü ilə geyinməliyik. Mən bu məsələdə yoldaşımı daha çox qınayıram. Çünki o, bir dəfə ağzını açıb mənim haqqımı tələb edə bilmir. Bu, nə vaxtadək belə sürəcək, anlaya bilmirəm.

“P” adlı qadın isə deyir ki, qayınanamla birlikdə yaşayıram, 6 ildir ailə qurmuşam. Onunla münasibətlərimizin tək birindən söhbət açmaq istəyirəm. Çünki demədiklərim dediyimin yanında o qədər adiləşib ki… Deməli, mən bu evə gəlin gələndən nə bir ad günü, nə bir nişan, toya gedə bilmirəm. Bütün dəvətlərə qayınanam gedir. Sanki belə olmalıdır kimi hər dəfə hazırlaşır, düşür yoldaşımın yanına, gedirlər. Bu barədə anama danışdım. Anam dedi ki, gedir, gedir də. Buna görə ailənə söhbət salmayacaqsan ki… Evdə qayınım var. Anam deyir ki, inşallah, o evlənər, siz ayrı evə çıxarsınız, onda hər şey öz qaydasına düşəcəkdir. Mən də əlacsızcasına həmin günü böyük səbirlə gözləyirəm. Lakin bircə ona təəssüf edirəm ki, yoldaşım bir dəfə də anasına demir ki, ay ana, qoy bu dəfə də “P” ilə gedim. Mən də qüruruma sığışdırıb əsla bu söhbəti açmamışam və açmayacağam.

Bəli, əsla yuxarıda haqqında danışdığımız qayınanalar kimi olmayan qadınlarımız da var. Bunu hər birimiz gözlərimizlə görmüşük, müşahidə etmişik. Lakin təəssüflər olsun ki, bu cür qayınanalar daha çoxdur. Və onlar öz qızları ilə yaşıd olan gəlinlərini incitməyə, alçatmağa, hüquqlarını tapdamağa davam edirlər.

qaynana-gelin

Bəs nə vaxtadək?..

Gəlin etiraf edək ki, indi gənclərin ayrı yaşamaq arzusu da əsrlərdir, bitməyən gəlin-qayınana münasibətlərinə görədir. Çünki qızlarımız sosial şəbəkələrdən, qohum-qonşulardan qayınanalar haqqında o qədər məlumat alırlar ki, bəri başdan onunla birlikdə yaşamaqdan boyun qaçırır, ayrı olmağı düşünürlər. Bəlkə də bəzi qayınanalar mənimlə razılaşmayacaq. Axı biz alışmışıq bütün hallarda özümüzü təmizə çıxarmağa. Lakin mənimlə razılaşanlar daha çox olar ki, gəlin-qayınana münasibətlərində qayınanalar daha çox günahkardır. Çünki haradan baxsaq, yaş fərqi ortadadır. Gəlin qayınanadan 25-30, bəzən isə daha çox kiçik olur. Elə bunun özü onu deyir ki, kimdir günahkar.

Söz yox ki, gəlinlər də, kürəkənlər də özlərindən böyük olanların hər birinə hörmətlə, sayğı ilə yanaşmağa borcludurlar. Onların qayğısını çəkmək, xəstə olanda maraqlanmaq, müalicəyə aparmaq, istəklərini həyata yetirmək də onların borcudur. Lakin gəlin-qayınana, kürəkən-qayınana münasibətlərini onlardan yaşda, təcrübədə böyük olan qayınana tənzimləməlidir. Maraqlıdır, nə üçün gəlin-qayınata, kürəkən-qayınata münasibətləri əsla dilə gəlmir. Yalnız bu söhbətlərdə qayınanaların adı hallanır? Deməli, məsələ aydındır. Kim söhbətin içərisindədirsə, təbii ki, onun da adı hallanacaq.

Həqiqətən də, bəs nə vaxtadək münasibətlər bu cür davam edəcək? Biz qadın olaraq nə vaxtadək gəlinimizi, kürəkənimizi qızımızdan, oğlumuzdan seçəcəyik? Bu gün ölkəmizdə evlənmə sayı ilə boşanmaların arasında uçurum var. Bu boşanmaların əksəriyyəti ailə münaqişələrinə görədir. Bəs bir qayınana bu boşanmaya səbəbkar olursa, heç vicdan əzabı çəkirmi?

Sosioloq Leyla xanım bu barədə belə deyir: Boşanmalarda başlıca səbəb ailə münaqişələridir. Bu münaqişələrin əksəriyyəti isə gəlin-qayınana münasibətlərinə söykənir. Qayınana düşünür ki, mən haqlıyam, gəlin isə düşünür ki, mən haqlıyam. Bəzən həyat yoldaşı kənarda qalır. Hadisələrin içində əsla olmur. Boşanmalara yol açan qadınlar olur. Biri digərindən 25-30 yaş böyük və ya kiçik olan qadınlar. Lakin hər bir ana övladını düşünməlidir. Onun ailəsini öz qızının ailəsini necə qoruyursa, elə də qorumalıdır. Çünki ailə qurmaq, övlad sahibi olmaq asan məsələ deyil. Ailə dağıtmaq yox, ailəni qorumaq çətindir. Odur ki, qayınanalara gəlinlərinə bəzi hallarda güzəştə getməyi, gəlinlərə qayınanalarına qarşı hörmətli, sayğılı olmağı arzulayaq.

qaynana-gelin

Biz mehriban ailəyik

Dünyanı sevgi ilə yanaşı, səmimiyyət, mehribanlıq xilas edə bilər. Bunu hər birimiz bilə-bilə münasibətsizlik yaradırıq bəzən. Süleymana qalmayan dünyanın bizə qalacağını fərz edirik. Lakin bu dünya bizim olmur. Dünyada saxladığımız münasibətlər, savab əməllərimiz, mehriban davranışlarımız, səmimiyyətimiz qalır. Biz bu vəfasız dünyadan köçəndən sonra yalnız gözəl keyfiyyətlərimizlə anılırıq. Övladlarımız, gəlin-kürəkənlərimiz, qonşu-qohumlarımız bizləri ya gözəl insan kimi anır, ya da pis əməllərimizlə əsla xatırlamaq istəmir. Bax, həqiqətən dərindən düşünəndə bu iki yoldan birincisini seçərik. Bəs belə isə seçdiyimizi nə üçün yaşamayaq, onun haqqını verməyək?

Biz o vaxt boşanmaların da qarşısını almış olaraq, ailələrimizdə mehribançılığın təməlini qoya bilərik ki, bu əsrlərin gəlin-qayınana təfəkkürünü təməlindən qaşıyıb ataq, onun yerində yeni bir formul yaradaq: ana-bala formulu. Başqa cür mümkün deyil. Gəlini də, kürəkəni də öz qızımız, oğlumuz olaraq görməyənədək münasibətlərin dəyişməsi mümkün olmayacaq.

Bu münasibətlərin açarı isə biz qadınların əlindədir. “Qadın böyük qüvvədir” kəlamı əsassız yerə deyilməyib. Bəli, qadın elə bir qüvvədir ki, bir çox məsələlərin həllində, tənzimlənməsində onun rolu əvəzsizdir. Buna görə də bu münasibətlərin yeni formaya düşməsi də biz qadınlardan asılıdır.

Bir həqiqət də var ki, əslində, sən övladını sevirsənsə, onun sevdiyini də sevməlisən. Əks halda mən anaların övlad sevgisinə inanmaq istəmirəm. Çünki adama bu sevgi çox məntiqsiz gəlir. Niyə? Məsələn, oğlun bir qızla çox xoşbəxtdir, onu sevir. Sən oğlunu sevirsənsə, deməli, o qızı da sevməli, onu qorumalısan ki, oğlunun xoşbəxtliyi daimi olsun. Eləcə də qızının.

Burada isə belə bir nəticə hasil olur ki, mehriban ailə modelini yaratmaqdan, əsrlərin gəlin-qayınana münasibətlərini kəsib atmaqdan, yerində ana-bala münasibətləri yaratmaqdan başqa çarəmiz yoxdur. Biz məhz bu zaman mehriban ailələrə çevrilə bilərik. Əsrlərdən bəri qoruyub yaşatdığımız ailə dəyərlərimizə töhfə verə bilərik.

Biz övladlarımızın da, gəlin-kürəkənlərimizin də qadasını alaq. “Onlara gələn bizə gəlsin”,- deyək. Bu təxəyyüllə yaşayarıqsa, ailələrimizi də qorumuş olaraq. Həqiqətdə isə heç kimin qadasını Ulu Yaradan başqasına vermir. Buna əmin ola bilərsiniz…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir