ixtisas secimi

İxtisas seçimini abituriyentlər, yoxsa valideynlər etməlidirlər?

Baxış sayı: 394

İnsanların taleyini heç də həmişə uğura aparıb çıxarmayan, əksinə, bəzən gələcək bədbəxtliyin əsasını təşkil edən peşə seçimində valideyn təsiri problemi şərq xalqları üçün daha xarakterikdir. Min ildir ki, bu məsələdə övlad-valideyn qarşıdurması, ata-oğul mübahisələri bitib tükənmək bilmir. Valideynlər həyat təcrübəsinə, övladlar şəxsi istəklərinə əsaslanıb gələcək həyat uğrunda çarpışırlar. Hətta bu məsələdə xeyli atalar sözü, ibratamiz hekayələr də düzüb-qoşub xalqımız.  Məsələn, “qızı özbaşına buraxsan, ya zurnaçıya gedər, ya halvaçıya”. Yəni bu o deməkdir ki, xalqımız heç vaxt zurnaçıları, halvaçıları kürəkən gözündə görməyib və heç bir valideyn razı olmayıb ki, oğlu gələcəkdə heç kimin qız verməyəcəyi zurnaçı və ya halvaçı olsun.

Düzgün peşə seçimi etmək bu gün cəmiyyətin əsas problemlərindəndir. Hansı ki, bu problemi yalnız hər kəs özlüyündə sevdiyi və öhdəsindən gələ biləcəyi peşəyə yiyələnməklə yox edə bilər. Dünyanı dərk etmək iqtidarında olan hər bir kəs müəyyən yaş dövründə öz gələcəyi barədə düşünür, tez bir zamanda böyüyüb peşə sahibi olmaq, ailəsinə və cəmiyyətə fayda vermək arzusu ilə yaşayır. “Böyüyəndə kim olmaq istərdim?” sualı hər birimizə yaxşı tanışdır. Və hər birimiz də bu suala müxtəlif cür cavab verərdik. Amma etiraf edək ki, istəklərimiz imkanlarımızla çox nadir hallarda üst-üstə düşüb.

Peşə seçimi edərkən məsləhət almaq olar, lakin çalışmalıyıq ki, kimsə bizim yerimizə bu seçimi etməsin, ancaq reallığa baxanda görürük ki, peşə seçimini ya valideynlər, ya ailəmizə yaxın olan insanlar, ya da imtahanda əldə etdiyimiz ballar edir. Razılaşaq ki, bir çox hallarda orta təhsilli gənclər valideynləri tərəfindən ali məktəbdə oxumağa məcbur edilirlər və onların istedadlarına uyğun gələn peşələrə, sənət sahələrinə marağı arxa plana keçir. Bəlkə də bu səbəbdən gənclər arasında bacarıqlı dərzi, peşəkar sürücü, mahir aşpaz, yüksək zövqlü rəngkar olmaq arzusunda olanların sayı yox dərəcəsindədir… Əsasən valideynlərin istəyi ilə zorla təhsilini bitirmiş gənclər sonradan gizli qalmış arzularını reallaşdırmaq üçün ya hər şeyə sıfırdan başlayırlar (hansı ki, bu, vaxt itkisi deməkdir), ya da öz ixtisasları üzrə iş tapdıqda, uşaqlıqda həvəs göstərdikləri peşəyə maağı tamamilə itirmiş olurlar.

Əksər hallarda isə peşə seçimində məvacib böyük rol oynayır. Gənclər maaşı çox olan peşələri qəlbən istədikləri peşələrdən üstün tuturlar. Beləliklə, bu seçimi etmiş gənclər demək olar ki, peşə üçün yox, pul üçün işləyirlər. Hər kəsin bildiyi kimi, yalnız pul güdülərək görülən işin keyfiyyəti aşağı, faydası az, ziyanı isə çox olur.

Peşə seçimi insanın həm məşğuliyyəti, həm də həyat rifahı üçün vacibdir. O qədər vacibdir ki, peşə seçimi zamanı hər bir kəs nə istədiyi və özünü bu həyatın hansı sahəsində görmək istədiyi haqda çox yaxşı düşünməlidir. Sevindiricidir ki, uzun illər planlı təsərrüfat və məhdudlaşdırılmış azadlıq məngənəsində sıxılan sərbəst seçim imkanından uzaq düşən, lakin dövlət müstəqilliyimizin bərpası ilə boz rəngli həyatdan qurtulan cəmiyyətimizdə gənclərin peçə seçimi və sənətə bağlılığı istiqamətində müsbət dəyişikliklər baş verməkdədir. Bu gün dövlətimiz gənc vətəndaşların peşə seçiminə xüsusi diqqət və qayğı ilə yanaşır, onların gələcək həyatının dolğun və məzmunlu olmasına çalışır, bu və ya digər sənət sahəsinə maraq göstərən istedadlı gənclərə öz bacarıq və qabiliyyətlərini sərbəst şəkildə nümayiş etdirmək üçün lazimi şərait yaradır…

Maraqlı olacağını nəzərə alıb, bu mövzuda kiçik bir sorğu aparmışıq. Respondentlərimizə “peşənizdən razısınızmı?” və “valideynlərin peşə seçimindəki təsiri nə qədər əhəmiyyətlidir?” sualları ilə müraciət etmişik. Buyurun, bu da cavablar:

SAHIB ALTAY

Sosioloq Sahib Altay:” Mənim peşəm sadəcə çalışmaq, pul qazanmaq üçün yanaşdığım bir sahə deyil. Sosial-elmi tədqiqatçılıq sahəsidir. Razı və ya narazı olmaqdan öncə bu sahəni sevirəm. Seçimdən əlavə də bu sahə həm həvəs və sevgi, həm də səbr, istedad, intellekt və analitiklik tələb edir. Mən öz peşəmi hər şeydən öncə sevirəm. Hətta bu sahənin mənə pul qazandırmadığı dönəmlərdə belə, başqa sahə üzrə çalışıb, bu fəaliyyəti ayaqda saxlamağa çalışmışam. İnsan sevdiyinin uğrunda bütün fədakarlıqları etməyə hazır olur. Məşğul olduğum sahə də mənim sevdiklərimdən biridir. Və bu sahəni özüm seçmişəm, bütün varlığımla razıyam. Valideynlərin peşə seçimindəki təsiri nə qədər əhəmiyyətlidir məsələsinə gəlincə, uşaqların yeniyetməlik dövrünə yaxın, yəni orta uşaqlıq dövründə hər hansısa bir peşəyə yönəldilməyi vacibdir. Vacib deyil ki, hamı ali təhsil alsın. Ancaq hamılıqla hər hansısa bir peşəyə yiyələnmək vacibdir. Bu seçimin nəticəsi insanın yaşadığı ölkədən, ailə quruluşundan, ümumi toplumsal təfəkkürdən, ölkənin iş imkanlarından, şəxsin intellekt porensialından asılı olaraq dəyişir. Hər bir halda orta uşaqlıq dönəmində olan bir uşaq üçün azad seçim etmək çətin olur və burada valideyn məsləhəti işin əsas tərkib hissəsinə çevrilir. Bir çox hallarda bur məsələdə müəyyən yanlışlıqlar olur. Məsələn, valideynlər uşaqlarını yaxşı kəşf edə bilmir və uşağın zəka qabiliyyətinə uyğun olmayan sahəyə yönəldirlər. Həmin uşaq da valideynin təsiri ilə təhsil alır və sonra diplomu valideynə təqdim edib, başqa peşənin ardınca gedir. Bəzən də valideynlər peşəni sırf maddiyyata bağlayıb, övladlarını öz peşələrinə və ya pul qazandıran başqa peşələrə yönəldirlər ki, bu da uşaqlara gələcəkdə o peşədə çalışmaqda çətinlik yaradır. Məsələn, valideyn cərrahdır və yaxşı pul qazanır. Uşağını məcbur edir ki, sən də cərrah ol, yaxşı pul qazanacaqsan. Uşaq da valideynin təzyiqiylə cərrahlıq oxuyur. Ancaq ömür boyu o peşəyə qarşı ikrah hissilə yanaşır. Ya da təhsil alıb, təyinatı üzrə çalışmır. Valideynlərin bu məsələdə təklif və təzyiqindən daha çox övladlarını yaxşı kəşf edib, uşağın zəka potensialına, həvəs etdiyi sahələrə yönəldilmələri daha əhəmiyyətli və önəmlidir. Peşəkar olmağın düstrunda təhsildən və təcrübədən öndə gələn məsələfərdin öz peşəsinə olan sevgisidir…”

 melihe meherremli

Məlihə Əsədova (Bakı Slavyan Universitetinin müəllimi): “Bəli, peşəmdən razıyam. İşimi sevərək icra edirəm. Müəllim olmaq çox məsuliyyətli işdir. Cəmiyyət, Vətən qarşısında böyük məsuliyyəti üzərinə götürməkdir. Çünki sabahın mütəxəssisləri müəllimlərin zəhməti, sevgisiylə yetişirlər.

Valideynlər övladlarının potensialını nəzərə almalıdırlar. İstəmədən həkim, müəllim və ya digər ixtisasa yiyələnmək olmaz.  Belə məcburiyyət olduqda hardasa yarımçıq qalacaq həmin iş. Çünki öyrənməyə, icra etməyə öncə potensial, sonra da istək olmalıdır. Bunlar olmasa, davam etmək mümkün olmur.”

 klinik psixoloq Nuriyye Quliyeva

Klinik psixoloq Nuriyyə Quliyeva:”Peşəmdən çox razıyam və çox vacib bir ixtisasa sahib olduğumu düşünürəm, çünki dövrümüzdəki problemlər – istər pandemiya, istər müharibə stess yaratdığı üçün bu ixtisas öz əhəmiyyətini qoruyur. Xarici ölkələrdə artıq uzun illərdir ki, hər ailənin öz psixoloqu olur. Bizdə isə ailələr son dönəmlərdə psixoloqa müraciət etməyə başlayıblar. Əvvəlki ilə müqayisədə insanlarımız indi daha rahat şəkildə psixoloqa müraciət edirlər. İxtisasımdan həm də ona görə razıyam ki, insanın təkcə fiziki yox, həm də mənəvi və psixoloji sağlamlığı vacibdir. Bizi ruhun həkimləri adlandırırlar. Biz insanların ruhları, psixoloji problemləri ilə işləyirik, onların içlərinə, şüuraltına toxunuruq. Valideynlərin peşə seçimi məsələsinə gəlincə, valideynlər ixtisas seçimində təbii ki, fikir bildirə bilərlər, amma əsas odur ki, onların seçimi övladlarının qabiliyyətinə, bacarığına uyğun olsun. Amma əgər abituriyentin qabiliyyəti valideynin onu yönləndirmək istədiyi ixtisasa uyğun deyilsə, təkid etməyə lüzum yoxdur. Valideynlər ən yaxşı halda peşə seçimi ilə bağlı təklif edə bilərlər. İxtisas seçimini elə etmək lazımdır ki, o işdə işləməkdə maraqlı və cəmiyyətə faydalı olsun. Əgər insan özünü o ixtisasda görmürsə, maddiyyata görə hansısa işdə çalışa bilməz. Bir məsələ də var ki, bəzi abituriyentlər təsir altına düşə bilir və dominant valideynlərin təsiri ilə peşə seçdikdə gələcəkdə depressiyaya düşə bilirlər, çünki o ixtisası, o peşəni valideynin məcbur etməsi səbəbindən seçiblər.”

gunel azade

Günel Azadə (Jurnalist): “Açığı, indiki dövrdə peşə seçimi bir az qəliz məsələdir. Çünki həddən artıq yeni sahələr peyda olub və bilmirsən ki, hansı sahəni seçəsən. Digər tərəfdən də kodlaşdırma mərhələsi də işi çətinləşdirən nüanslardandır. 15 ixtisas yazırsan hansına qəbul olunacağını bilmirsən. Sən ilk yazdığın 3 ixtisası istəyərsən,amma gəlib 10-cu yazdığın ixtisasa qəbul olunarsan. Ona görə, məncə, gənclər seçim edərkən diqqətli olmalıdırlar, necə deyərlər “Yüz ölçüb, bir biçməlidirlər”. Təbii ki, bu məsələdə valideynlərin də rəyi alınmalıdır. Demirəm ki, sırf onlar deyən peşə seçilməlidir, yox. Sadəcə qarşılıqlı şəkildə müzakirələr aparıb bir qərar verilməlidir. Çünki bu seçimin nəticəsində 4 il universitet oxumaq var. O qədər tələbə tanıyıram ki, 4 il sevmədiyi ixtisas üzrə məcbur təhsil alıb. 4 ildən sonra isə harda, necə işləyəcəyini bilmir. Çünki oxuduğu peşəni sevmir, sevdiyi prşə üzrə isə heç bir bilik və təcrübəyə sahib deyil.  Ona görə bu gün seçim edərkən 4 il sonranı düşünüb addım atmalıdırlar. Abitruyentlər heç bir basqı altında olmadan istədikləri peşəni seçməlidirlər. Mənə gəlincə isə, 10 il əvvəl bu vaxtlar etdiyim seçimdən çox razıyam.  Mənim seçimlərimdə də valideynlərim dəstək oldular. Kodlaşdırmada ilk 5 yeri sırf mən istəyən ixtisasları yazdıq, digərlərini isə valideynlərimlə məsləhətləşdikdən sonra yazdım.  Elə bəxtimdən 2-ci sırada yazdığıma, yəni Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinə qəbul oldum. İxtisasımı sevərək oxudum və sevərək işlədim. Hazırda bir başa olaraq hansısa media orqanın əməkdaşı olmasam da işim jurnalistlərlədir və dəyişilməyən tək bir həqiqət var, o da mənim ixtisasca jurnalist olmağımdır.”

İxtisas seçimi başladı, hansı ixtisası seçməli? - Mütəxəssislər açıqlayır

Fikirlərdən də göründüyü kimi, respondentlərimiz peşə seçimində bir qədər sərbəstlik və müstəqilliyin tərəfdarıdırlar. Gənclərimizin peşə seçimi və sənətə bağlılığı ilə əlaqədar, xüsusi ilə də məcburən qazanılan ali təhsil diplomu tələb olunmayan adi peşələrin, sənətin, ələlxüsus, milli sənətlərimizin təbliği ilə bağlı görüləsi işlər çoxdur… Bu gün gənclər sənətçi dedikdə çığırtı və plçıltıları ilə zövqümüzü korlayan şou-biznes nümayəndələrini göz önünə gətirməməli, “sənətçi” sözünü “sənətkar” sözü ilə əvəz etməli, bu sözün arxasında duran məhfumu düzgün dərk etməlidirlər. Gəncləri informasiya ilə “qidalandıran” televiziya, elektron məlumat vasitələri mətbuat orqanları bu sahədə təbliğat işini gücləndirməlidirlər.

Unutmayaq ki, yalnız düzgün peşə seçimi etmiş gənc vətəndaş vətən təəssübkeşliyinin əsl daşıyıcısı ola bilər. Əks halda, istədiklərimizi və istedadımızı daş altında gizlətmiş olarıq.

 

Səbinə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir