KECEL

Keçəl dərman bilsəydi…

Baxış sayı: 495

Araşdırmalara görə, baş dərisində olan hər bir saçın ömrü orta hesabla 3-4 il olur. Buna görə də saçların daimi olaraq tökülməsi tam normal və təbii olan bir prosesdir.

Mütəxəssislər bildirirlər ki, əgər siz öz saçlarınızla kifayət qədər ehtiyatla davranırsınızsa, tökülən saçlar əsasən, qocalmış, ölmüş, tökülmək üçün nəzərdə tutulmuş saçlar olur. Hesab edilir ki, bir gün ərzində tökülən saçların sayı 50-100 sayda olur. Saçların tökülməsi, adətən, yaz və payız aylarında artır. Eyni zamanda, yeni tüklər də inkişaf etməyə başlayır. Onların bu dövrlərdə inkişaf etməsi qış və yay fəsillərinə nisbətən daha sürətli olur.

Əgər siz saçlarınızın get-gedə daha sürətlə tökülməsini müşahidə etsəniz, mütləq mütəxəssisə müraciət etməlisiniz.

Həkimlərin sözlərinə görə, saçların tökülməsinin ən əsas və çox təsadüf edilən səbəbləri irsi meyillilik, immunoloji və endokrin xəstəliklər, anemiya, baş dərisinin müxtəlif xəstəlikləri, sinir pozğunluqları, qeyri-sağlam həyat tərzi, vitamin çatışmazlıqları, müxtəlif dietalara aludə olmaq, qeyri-düzgün qidalanma və s. ola bilər. Ağır, xüsusən də infeksion xəstəliklərdən, zəhərlənmələrdən, psixi travmalardan, ağır həyəcanlardan, uzunmüddətli yorğunluqlardan sonra da saçların tökülməsi sürətlənə bilər.

Bir çox hallarda saçların tökülməsi klimaks zamanı, yeniyetmə dövründə, hamiləlik, hətta normal doğuşlardan sonra hormonal fonda olan dəyişikliklər səbəbindən də baş verə bilər.

Şübhəsiz ki, bir çox hallarda saçların tökülməsinin səbəbi hər hansı bir xəstəlik deyil, saçlara düzgün olmayan qulluq göstərilməsi olur. Saçların tez-tez yuyulması, rənglənməsi, kimyəvi burulması, isti fenlə tez-tez və uzun müddət ərzində qurudulması və s. səbəblərdəndir.

Saçların tökülməsi bəzi dərmanların  uzun müddət ərzində qəbul edilməsindən də ola bilər. Dərman qəbul edərkən əks göstərişlərə diqqət yetirin, əgər orada saçların tökülməsi də qeyd olunubsa, həkimlə məsləhətləşərək onu hansı dərmanla əvəz etməyin mümkün olduğunu öyrənin.

Saçların tökülməsi müvəqqəti və ya daimi  olur. Saçların müvəqqəti tökülməsi zamanı saçın kökü və soğanağı saxlanmış olur. Bir müddət keçdikdən sonra saç yenə də uzanmağa başlayır. Saçların davamlı tökülməsi zamanı saçın kökü və soğanağı tam şəkildə məhv olaraq çapıq toxuması ilə əvəz olunur. Bu halda saç artıq inkişaf edə bilmir və onun bərpa edilməsi də mümkün olmur. Saçların davamlı tökülməsi bir sıra ağır göbələk xəstəliklərindən, dərinin irinli və digər xəstəlikləri nəticəsində baş verir ki, bu zaman bütün saç aparatı iltihabi prosesə qoşulur. Bu xəstəliklər təcili və düzgün müalicə tələb edir. Baxış zamanı həkim  ilk növbədə saçların güclü şəkildə tökülməsinin əmələgəlmə səbəbini müəyyən etməyə çalışır. Bu zaman xüsusi laborator və digər mütəxəssislər tərəfindən  müayinələrin aparılması da lazım ola bilər.

Həkim tərəfindən yazılan dərman preparatlarının qəbul edilməsi ilə birlikdə başın dərisinə maska sürtülməsi, saçların dərman otlarından hazırlanmış dəmləmələrlə yaxalanması, baş dərisinin masaj edilməsi  də yaxşı effekt verir.

Əgər saçlar seyrəlməyə başlayarsa, həftədə 2-3 dəfə saçların möhkəmləndirilməsi üçün  nəzərdə tutlmuş maskalardan istifadə etmək olar.

Saçların tökülməsini gündəlik düzgün rejim ilə də dayandırmaq olar. Vaxtında yatmaq və oyanmaq, daha çox hərəkət etmək və açıq havada olmaq, düzgün qidalanmaq, yazda və payızda vitamin kompleksləri qəbul etmək, stresli vəziyyətlərdən uzaq olmaq, bu, mümkün olmadıqda isə gərgin dövrlərdə həkim məsləhəti ilə yazılmış xüsusi sakitləşdirici dərmanlar qəbul etmək effektiv üsullardandır.

 

Röya Rasimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir