efsane rustemova

“Keçəl Fatma” – “NATMAM”

Baxış sayı: 1. 633

“Seyrək saçlar üçün şampunları 15 yaşımdan araşdırmağa başlamışam mən. Çünki ona qədər fərqində deyildim saçımın günü-gündən nazikləşdiyinin. Sinif yoldaşlarımın taxdıqları ləqəbdən sonra gözüm açıldı sanki. Elə bil ona qədər heç güzgüyə baxmamışdım. Hə, indi də bizim məktəb məzunlarından danışanda məni işarə etmək üçün “Hansı? Keçəl Fatma?” deyə tamamlanır dialoqlar. Əminəm ki, elə ən yaxşı siz başa düşürsünüz, yeniyetməlik dönəmindəki bu xitabın mənim üçün hansı anlama gəldiyini… Hamının evdən gizlin gözünə sürmə, dodağına boya çəkib “böyük qızlar kimi” davrandığı dönəm mənim əksik tərəfimlə mübarizəyə başladığım dönəmə təsadüf etdi. Ona görə o yaşlarıma da, həmin yaşıdlarıma da nifrət edirəm. Məni anlamaq yerinə lağa qoyduqları üçün yox, onsuz da bu onların yaşına uyğun davranış deyildi deyə bunu onlardan gözləmirdim belə. Amma susmaq varkən danışmaq, danımaq varkən lağa qoymaq nə vacibdir axı? Bilirəm eeeee, kənardan çox qəddar görünürəm. Amma axı mən nə edim ki, keçəlləşmək mənim öz arzum olmayıb.” Belə başlamışdı Fatma öz seansına. Mən “tanış olaqmı” belə demədən. İçi dolub, toxunsam ağlayacaq həddinə gəlmiş gənc bir qadınla üz-üzə oturmuşam. Hisləri ilə üzləşməsi çətin ruhsal bunalıma sala bilər, üzləşməsə həmişə yaşıdlarına nifrət edəcək. Hər bir halda insan fərqində olmalıdır əksikliklərininş Amma saç azlığı bir əksiklikdirmi? Bilmirəm… İnsanlarda qüsur axtarıb onları lağa qoyan zehniyyəti tərbiyə edənlər görəsən harda səhvə yol verir axı?! Bizlər övladlarımızı tərbiyə edərkən bizim ailəmizdəkilərə bənzəməyənlər də “normal”dırmı deməliyik, ya onların NORMAL şkalasını mı genişləndirməliyik?! Bu qədər fındıq qabığını doldurmayacaq şeylərə zaman ayırmaq və onları TRAVMA olaraq görməyi anlaya bilirəm, amma qəbul edə bilmirəm. İnsan öz aliliyinin fərqinə varsa, boyu, çəkisi, saçı, gözü, qaşı ilə əlləşdiyi zamanın nə qədər özünə haqsızlıq olduğunu anlayar əslində, lakin biz həmin ibtidai mərhələdə ilişib qalan bir toplumun parçasıyıq. Qəbul etmək yerinə rədd etməyi, düzəltmək yerinə dağıtmağı, çabalamaq yerinə kəsib atmağı seçmək daha çox işimizə gəlir. Və işin ən pis tərəfi həyatın da MƏHZ bundan ibarət olduğunu düşünürük. Geniş üfiqlərə yelkən açmaq üçün lazım olan hər şeyə sahib İNSAN təkəbbür, eqo qapısından keçə bilmir deyə ona vəd olunan, sahib olduğu gerçək xəzinələri görə bilmir. Əlbəttə, bir seansa nə Fatmanın yanaşmasını, nə cəmiyyətin baxışını dəyişmək olmaz. Dəyər vahidi vizualdan təsirlənən cəmiyyətdə inanc-ideologiya axtarmaq da mənasız gəlir mənə, işin açığı… Ümumilikdə isə “Keçəl bir cəmiyyətdə Fatmanın saçlı olması” da bir şeyi dəyişməzdi onsuz da…

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir