ders

Kişi və qadın müəllim: pozulmuş balans

Baxış sayı: 384

1990-cı illərdən məktəblərimizdə kişi və qadın müəllimlərin balansı pozulmağa başladı. Bunun səbəblərindən biri həmin dövrdə ölkəmizə qarşı Ermənistan tərəfindən irəli sürülən torpaq iddiası nəticəsində baş verən Birinci Vətən müharibəsi idisə, digər səbəbi isə SSRİ dağıldıqdan sonra-müstəqilliyimizin ilk illərində ölkənin sosial-iqtisadi vəziyyəti idi. Yəni kişi müəllimlərdən müharibədə, torpaqlarımızdan soydaşlarımızın məcburi şəkildə çıxarılması zamanı həyatını itirənlər də oldu. Eləcə də ölkədəki iqtisadi vəziyyətlə əlaqədar pul qazanmaq məqsədilə müəllimlik peşəsini atıb xarici ölkələrə yollananlar da oldu. Çünki kişi müəllim ailə başçısıdır və aldığı əmək haqqı ailəsinin dolanışığı xaricində qaldığı hər an məktəbi tərk edə bilər. Bütün bunlar isə məktəblərdə zaman-zaman kişi və qadın müəllimlərin balansının pozulmasına yol açır.

Bu gün bizləri 90-cı illərdən bir qərinəyə qədər zaman fasiləsi ayırır. Ötən illər ərzində 90-cı illərin uçuq-sökük, şəraitsiz məktəblərindən əsər-əlamət qalmasa da, müəllimlərin əmək haqqı dəfələrlə artırılsa da, ötən illərdə sertifikasiya imtahanlarında yüksək bal toplayan müəllimlər daha artıq əmək haqqı alsalar da, ali məktəblərə qəbul imtahanlarında birinci müəllimlik peşəsini seçən tələbələr üçün ayrıca təqaüd verilsə də, müəllimlər üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılsa da, lakin bütün bunlar məktəblərdə kişi müəllimlərin sayının artmasına hələlik ciddi təsir göstərməməkdədir. Çünki kişi-qadın müəllim balansını qorumağı aid nazirlik həyata keçirməlidir ki, bu da hələlik müşahidə olunmur.

 

Kişi və qadın müəllim: nə fərqi var?

Hazırda sosial şəbəkələrdə məktəblərdə qadın, yoxsa kişi müəllimlərin çox olması ən çox müzakirə olunan məsələdir. Bununla bağlı müxtəlif fikirlərlə rastlaşırıq. İddia edənlər var ki, məktəblərdə qadın müəllimlərin çox olması daha yaxşıdır. Çünki qadın anadır, uşağı da ana tərbiyə edir. İddia edənlər var ki, kişilərin məktəblərdə az olması daha yaxşıdır, çünki onlar arasında qız şagirdlərə qarşı “isti” münasibət göstərənlər olur. Başqa bir qrup insan isə iddia edir ki, qadın, ya kişi müəllim, fərqi yoxdur, müəllim müəllimdir, ta ki, dərsini keçsin.

Bu müxtəlif fikirdə olanlar təbii ki, hər biri məsələyə öz dünyagörüşü və ya kimlərinsə məsləhəti və yaxud tapşırığı ilə yanaşırlar. Lakin düzgün variant necə olmalıdır, bu barədə də danışmaq lazımdır ki, gələcəyimiz olan uşaqların taleyi ilə oynamağın onların gələcəyini məhv etmək kimi bir məsələ olduğunu da anlayaq.

Qadın müəllimlərin sayı, bəli, bütün dövrlərdə məktəblərdə çox olub. Zaman-zaman bunun bəhrəsini də görmüşük. Qadın müəllim özü də ana, ailə başçısı olduğu üçün hər bir şagirdi övladı kimi görüb və onun təhsili ilə yanaşı, təlim-tərbiyəsi ilə də ciddi məşğul olub. Hamımız öz məktəb çağımızdan qadın müəllimlərin fədakarlığını xatırlamamış deyilik. Bütün səhvlərini şagirdinə ana qayğısı ilə başa salan, bunun üçün saatlarla vaxt sərf edən müəllimlər olub. Dərsdən sonra qalıb qızlarla söhbət edən, onların hansısa bir səhvini izah etməklə doğrunun nə olduğunu anladan müəllimlərimiz olub. Qızların geyimindən tutmuş hərəkətinə, davranışınadək diqqət göstərən, təkrarlanan bir səhv üçün analarla əlaqə yaradan, yəni övladı bildiyi şagirdi üçün narahat olan müəllimlər olub. Eləcə də oğlan şagirdlərə ana qayğısı ilə yanaşıb onlar. İstənilən bir səhvini yumşaq şəkildə anlatmaqla, bir daha təkrar olunmamasına çalışıb. Bu gün də elədir. Qadın müəllimlər hər bir şagirdinin valideyni tərəfindən bir neçə saatlığa ona cavabdeh şəxs rolundadır. Hansı ki, bəzi qaydalar var ki, bu heç də hər zaman belə deyil, lakin qadın müəllimlər bunu edirlər. Ona görə edirlər ki, onlar bir kiçik səhvin böyük səhvlərə, təhlükələrə yol açdığını yaxşı bilirlər.

Lakin bütün bu söylədiklərimizlə o qənaətə gəlmək olmaz ki, bəzi iddia edənlər kimi, məktəblərdə kişi müəllimlərə ehtiyac yoxdur. Qadın və kişi müəllimlərin bir yerdə çalışması, şagirdlərin həm qadın, həm kişi müəllimlərdən təhsil, təlim-tərbiyə alması bir təbiət hadisəsi qədər təbiidir, vacibdir və lazımdır.

 

Balansın pozulması yalnız zərər verər

Biz insanlar adətən bütün təbii proseslərin qarsısın alır, daha sonra zərərini görürük. Məsələn, hündürmərtəbəli binalar tikib günəşin gün ərzində fəaliyyətinə qarşı çıxırıq. O, şüalarını yaxınlıqda yüzlərlə insanın yaşadığı binaya da salmalı olduğu halda bunun qarşısını öz əllərimizlə kəsirik. Bayırda azad şəkildə yaşamalı olan heyvanları evlərə dustaq edirik. Meyvə-tərəvəzin, canlıların genini dəyişib məhsuldarlığını artırmaq iddiası ilə yaşayırıq. Lakin bunların hər biri kimə ziyan vurar, zərər gətirir? Təbii ki, insana. Lakin bu, heç də bizə dərs olmur ki, olmur. Məsələn, biz iki baharın, iki qışın ard-arda gəlməsini düşünsək, bunun nəticəsinin necə olacağı çoxlarımızı qorxudar. Çünki fəsillərin yerdəyişməsi təbii prosesdir və bu, olduğu kimi davam etməzsə, təbii ki, insana ziyan verə bilər.

Bəs məktəblərdə kişi-qadın müəllim balansının pozulması necə, zərər gətirmirmi? Bütün yükü qadınların çiyinlərinə qoymaq, onları gələcəyimiz olan uşaqların tərbiyəsində tək buraxmaq necə, balansı pozmaq deyilmi?

Statistikaya görə Azərbaycanın ümumtəhsil sektorunda işləyənlərin 83%-i qadın müəllimlərdir. Ekspertlər qadın müəllimlərin sayına görə ölkəmizin dünyada birinci yerə çıxdığını söyləyir. Bunu pedaqoji sahədə təhsil alan tələbələrin sayında, hər il müəllimlərin işə qəbulu üzrə müraciətlərdə də gördüklərini vurğulayırlar. Təkcə Bakı şəhəri üzrə məktəblərdə qadınların sayı 90-95% təşkil etdiyi halda, kişi müəllimlərin sayı 7%-dən çox deyil.

 

Kişi və qadın müəllim: fərqi çoxdur…

Bəli, qadın müəllimlərin üstünlük təşkil etməsini yaxşı bir hal kimi qiymətləndirənlər var. Müəllim müəllimdir, nə qadın-kişi, deyənlər var. Lakin bir qədər dərindən düşünsək, onda görəcəyik ki, bu balansın pozulması heç də yaxşı hal deyil və zaman-zaman bunun zərərlərini görəcəyik.

Azərbaycan Şərq ölkəsidir, burada ailələrdə birinci başçı kişi, yəni ata, daha sonra qadın, anadır. Yəni bizim ailələrdə patriarxal münasibət hökm sürür. Deməli, ailələrimizdə uşaqlar da bu münasibətin varlığını görür. Lakin məktəbdə kişi müəllim görməyəndə, təbii ki, bu, onun davranışlarına da təsir edəcək. Digər tərəfdən yanaşaq. Bəli, ana əsas tərbiyəverəndir. Lakin onu da unutmayaq ki, ananın yumşaqlığını ata sərtliyi tamamlayır. Uşaq anadan çox atadan çəkinir. Məsələn, biz evdə dərs oxumayanda, anam deyərdi ki, atanız gələndə deyəcəyəm. Biz də bu sözə bənd kimi dərhal oxumağa başlardıq. Bu, o demək deyildi ki, ata bizi asıb-kəsəcəkdi, xeyr. Bu, sadəcə bir çəkingənlik idi ki, bunu anadan çox atadan hiss edirdik.

Digər bir məsləyə diqqət edək. Elə ki, evdə oğlan uşaq ilk olaraq dünyaya gəlirdi, sonra qız, həmin ailələrdə qız daha çox oğlan xarakterli böyüyürdü, əksinə olanda isə oğlan qızların təsiri altında yumşaq xarakterli böyüyürdü. Elə bu faktın özü onu göstərir ki, insanda mühitə uyğunlaşma prosesi gedir. Belə isə tamamilə qadın müəllimlərin əhatəsində oğlanların düzgün yetişməsindən söhbət gedə bilərmi?

Beləliklə, qadın müəllimlərin məktəblərdə üstünlük təşkil etməsini normal hal kimi dəyərləndirənlər bir daha düşünsələr, daha yaxşı olar.

 

Kişi müəllimin gördükləri, qadın müəllimin gördükləri…

Gəlin etiraf edək ki, şagirdlərdə kişi müəllimin gördüyünü qadın, qadın müəllimin gördüyünü kişi müəllim görə bilməz. Hər birimiz orta məktəb şagirdi olmuşuq. Həmin günlərə qayıdarkən bunu açıq şəkildə görmək olur. Məsələn, qadın müəllim qızların yetkinlik yaşındakı hallarını yaxşı bilir. Onlardakı dəyişikliyi, bu vəziyyətdən yaranan və əhval-ruhiyyəyə təsir edən halları yaxşı bilirlər. Və yeri gələndə qızlarla söhbətlər apararaq onları düşdüyü vəziyyətdən çıxarır, kömək etmiş olurlar. Axı bunu kişi müəllim nə görə, də bilə bilməz.

Oğlanlarda yaranan problemləri-fikir dağınıqlığı, aqressivliyi, anən dəyişən vəziyyəti, hətta onlardan gələn hansısa bir qoxunu isə təbii ki, qadın müəllim kişi müəllim qədər görə, duya bilməz. Odur ki, kişi müəllim lazımdır ki, bu hallara nəzarət edə və vaxtında qarşısına ala bilə.

Deməli, müəllim müəllimdir, deyənlərin iddiası əsassızdır. Biz necə ki, ailələrimizin atasız olmasını istəmiriksə, həm qız, həm oğlan övladımızın olmasını istəyiriksə, eləcə də məktəblərdə həm kişi, həm də qadın müəllimlərin balansını da pozmamalıyıq. Bu balansın pozulması sanki bir ailənin kişi başçısının, bir ananın oğlan övladının olmaması kimidir ki, bunun da özünəməxsus çətinlikləri var.

 

Kişi müəllimləri məktəblərdən qaçıran səbəb

Hər kəs kişi və qadın müəllimlərin azlığından, çoxluğundan danışır. Lakin kişi müəllimləri məktəblərdən qaçıran səbəblərdən danışan azdır. Bəlkə danışan olarsa, bu səbəblər aid qurumlar tərəfindən aradan qaldırılar, məktəblərimizdə bu balans pozulmaz.

Kişi müəllimin məktəbdən uzaq düşməsi səbəblərindən ən birincisi onun ailə başçısı olması və aldığı məvacibin yetərli olmamasıdır. Əgər kişi müəllim aldığı maaşla ailəsinin bir çox problemlərini həll etməyi bacarmırsa, təbii ki, o, özünə yeni bir iş tapmağa çalışacaq.

Son illər əmək haqlarının artması kişi müəllimləri məktəblərə cəlb edə bilər. Lakin hər il keçirilən imtahanlar, məktəblərdə yaşlı müəllimlərin də bu imtahanlara cəlb edilməsi, yüksək bal toplamadığı təqdirdə gənc müəllimlərin (hansı ki, onlara dərs deyiblər) yanında utandırılması müəllimin zəhmətinin yerə vurulmasıdır ki, təhsil müasirliyi deyil.

Belə isə bunların qarşısı alınmalıdır təhsil sistemində. Yəni elə bir sistem düşünülüb hazırlanmalıdır ki, orada kişi müəllimlərlə qadın müəllimlərin balansı qorunsun, yaşlı müəllimlərlə gənc müəllimlərin ayrı-ayrılıqda yeri bilinsin, onlara hörmət edilsin. Əmək haqları isə elə nizamlanmalıdır ki, kişi müəllimi qane etsin ki, o məktəbdən qaçmasın.

Kimlərinsə öyrədilib ortaya salınması ilə deyil ki, qadın müəllimlərin üstünlüyündə heç bir problem yoxdur, desinlər. Problem əslində çoxdur. Belə davam edərsə, yaxın gələcəkdə bunu hər birimiz görə biləcəyik. Buna şübhəmiz belə olmasın.

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir