uzuk

Nişan üzüyü nəyi simvolizə edir?

Baxış sayı: 544

Dünyada bütün millətlərin  toy adətləri bir-birindən fərqlidir. Lakin  bir məsələdə fikirlər üst-üstə düşür. Belə ki, demək olar bütün ölkələrdə evlənən cütlüklər nişan üzüyü taxır. Bəs ümumiyyətlə, nişan üzüklər haqqında  nələri bilirik?

Evlənən zaman üzük taxmaq adəti qədim Misir və Roma dövründən qalıb. Qədim Romada üzük taxmaq mənsubluq və bağlılıq mənasını daşıyırdı. Taxılan üzüklərin dəmirdən olması evliliyin güclü və möhkəm olmasının rəmzi idi.

Tarixə düşən ilk nişan üzüyü 1417-ci ilə aiddir. Bu brilyant daşlı üzüyü avstriyalı hersoq nişanlısına  hədiyyə etmişdi. Bundan sonra brilyant tək qaş üzük  evlənmə təkliflərində bir vasitə olaraq istifadə edilmişdir.

XV əsrin sonlarında zəngin venesiyalılar arasında brilyantlarla bəzədilmiş üzüklər dəbə düşdü.

Çox maraqlıdır ki, İngiltərədə Viktoriya dövründə  ilan formasında  olan nikah üzükləri xüsusilə məşhur idi. Qıvrılmış ilan  forması  sonsuzluq əlaməti daşıyırdı.

Heç bilirdinizmi ki,  qədim zamanlardan bəri üzərində mirvari olan nişan üzüyü göz yaşını simvollaşdırdığı üçün bir çox gəlinlər bu tip üzükləri seçməkdən çəkinirdilər.

Ən kiçik gəlin VII Henrinin qızı olmuşdur.  O, artıq iki yaşında evlilik təklifi almışdı. Bu cür siyasi evliliklər o zamanlar çox məşhurlaşmışdı.

MDB ölkələrində nişan  üzükləri sağ, Avropa və Amerikada sol ələ taxılır.  Əksər hallarda belə seçim cütlüyün  etiqad etdikləri dindən asılıdır.

uzuk 18

99% hallarda nişan  üzüyü adsız barmağa taxılır. Bu adət qədim bir inancdan qaynaqlanır.  Deyilənlərə görə,  məhz bu barmaq qan damarları ilə ürəyə birbaşa bağlıdır.

Sən demə, Böyük Britaniyada həkimlərə və tibb bacılarına iş vaxtı barmaqlarında nişan üzüklərini taxmaq  qadağan edilib.  Çünki  üzük barmağın bir hissəsini dezinfeksiya etməyə qoymur və bu, xəstələrin həyatı üçün risk təşkil edir.

Dünya zərgərlik tarixində ən bahalı nişan üzüyü “Bulgari” brendinin hazırladığı “Blue Diamond Ring” sayılır. Bu üzük Londondakı “Bonham’s Fine Jewelry” hərracında 9,5 milyon dollara satılıb. Üzüyün qaşı 5,3 karatlıq mavi brilyantdır.

Tarixə düşən ən bahalı nişan üzüklərindən birini  Riçard Burtonun Elizabet Teylorun barmağına taxmışdı. Həmin üzük 33,19 karat ikinci A sertifikatlı “Asscher” kəsimli almaz ilə bəzədilmişdir. Elizabet Teylorun üzüyü ölümündən sonra bir tenderdə satılmışdı. Üzüyü asiyalı bir kolleksiyaçı almışdı.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir