deniz

Pediatrdan uşaqları dənizə aparan valideynlərə xəbərdarlıq

Baxış sayı: 654

Hazırda isti yay mövsümünü yaşayırıq. Hər mövsümdə olduğu kimi, bu mövsümün də özünəməxsus xəstəlikləri, virusları var, hansı ki, daha çox uşaqlar onlara qarşı həssas olur. Adətən qızmar yay günlərində, xüsusən də dəniz mövsümü zamanı uşaqlarda mədə-bağırsaq pozulması, virus mənşəli narahatlıqlar, hərarətin artması, dəri problemləri müşahidə olunur. Bəs valideynlər hansı vacib məqamlara diqqət etməlidir?

Mövzu ilə bağlı danışan tanınmış pediatr Günay Rəsulova aşağıdakıları dedi: “Mövsümlə əlaqədar olaraq, gündəlik uşaqlarda qusma, ishal, qızdırma bağlı şikayətləri çox görürük. Bu, xüsusən də dənizə gedən uşaqlarda müşahidə olunur. Çünki dəniz suyunun çirklilik dərəcəsi çox yüksəkdir və təəssüf ki, uşaqların əksəriyyəti dənizdə çiməndə su udur ki, bu da ciddi infeksiyalara yol aça bilir. Səbəb isə odur ki, uşaqların immun sistemi tam formalaşmayıb,  nəticədə infeksiyalara həssas olurlar”.

Pediatr qeyd edir ki, əksər uşaqların zəruri olan peyvəndləri almaması bir çox problemlərə gətirib çıxarır: “Təəssüf ki, uşaqların əksəriyyəti peyvəndsizdir, nəticədə onların qoruyuculuq sistemi zəif olur. Ona görə də dəniz suyundan uşağın orqanizminə infeksiya keçəndə ciddi mədə-bağırsaq xəstəlikləri, infeksiyalar ortaya çıxır.

Nə etməli? İlk növbədə qeyd edim ki, 6 ayına qədər körpələri dəniz suyuna salmaq qadağandır. 2 yaşa qədər olan körpələri isə dəniz suyuna salarkən diqqət etmək lazımdır ki, suyun çirkliliyi nə dərəcədədir. Daha bir vacib məsələ, uşaqları dənizə apararkən uyğun saat seçmək lazımdır ki, onları gün vurmasın. Çalışmaq lazımdır ki, səhər saat 11-17 radələrinə qədər uşaqlar günəş altında saxlanılmasın. Həmçinin diqqət etmək lazımdır ki, dənizə girən uşaqların dəniz paltarları əynində qurumasın.  Dənizdən çıxan kimi mütləq uşağın bədəni təmiz su ilə yuyulmalıdır. Çünki dəniz suyu ilə dəriyə infeksion xəstəliklər , infeksiyalar keçə bilər. Mütləq başda qoruyucu papaq, gözdə qoruyucu gözlük olmalıdır. İnfeksiyanın ola biləcəyini nəzərə alaraq, uşağın sidiyə getməsinə diqqət etməli, hər hansı problem görülərsə, mütləq şəkildə həkimə müraciət etmək lazımdır”.

Pediatr yay mövsümündə uşaqların düzgün  qidalanmasına da diqqət çəkdi: “Yayda uşaqların düzgün qidalanmasına xüsusi diqqət edilməlidir. Hazırlanma müddəti çox uzun olan, günəş şüalarının təsirinə məruz qalan, bu, xüsusən də açıq havada günəş şüaları üzərinə düşən plastik qablarda olan sulara aiddir, onlardan qətiyyən istifadə olunmamalıdır. Yalnız şüşədə və soyuducuda saxlanılan sulardan istifadə olunmalıdır. Paketli, şokoladlı qidalardan da çəkinmək lazımdır.

Məlum olduğu kimi, yay mövsümündə uşaqların ən vazkeçilməz qidalarından biri də dondurmalardır. Dondurma alarkən onun tərkibinə və istehsal tarixinə diqqət etmək lazımdır. Daha bir məsələ, bildiyimiz kimi, dondurma yüksək şəkərli bir qidadır. Ona görə də bu cür qidalardan uşaqlara daha az verilməlidir. Həmçinin balıq, zəhərlənmə riski yüksək olan qidalardan uşaqlara verərkən çox diqqətli və ehtiyatlı olmaq lazımdır. Çalışmaq lazımdır ki, uşaqlara verilən yeməklər yeni bişirilən olsun. Yəni iki gün əvvəldən hazırlanmış və saxlanılmış qidaları uşaqlara vermək yolverilməzdir”.

Pediatr uşaqlar üçün də təhlükəli olduğu deyilən “Delta” ştammından danışıb:  “Koronavirisun bütün ştammları kimi ”Delta” ştammı da uşaqlarda görünə bilər. Təəssüflər olsun ki, uşaqlarda aşkarlanan koronavirusun hansı ştammı olduğunu müəyyən etmək mümkün deyil. Ümumi əlamətlər isə bunlardır: qızdırma, qusma, ishal, öskürmə, halsızlıq, yeməkdən imtina etmək. Və yaxud da bəzən əlamətləri özünü göstərmir. Uşaqları koronavirusdan qorumaq üçün ilk növbədə xəstə uşaqlardan uzaq tutmaq, bağçaya gedən uşaqların peyvəndlərinin hamısını almasına diqqət etmək lazımdır.

Xəstə uşağı bağçaya aparmaq olmaz. Baxçada uşaqların xəstə olub-olmamasına bağçanın kollektiv müəllimləri daim nəzarət etməlidir. Həmçinin uşaqların D vitamini ilə zəngin qidalardan istifadə etməsinə,  immun sisteminin güclənməsinə diqqət etmək lazımdır. Yay mövsümündə kondisionerlərdən çox istifadə olunur. Diqqət etmək lazımdır ki, kondisionerlədən düzgün istifadə olunsun. Uşağın olduğu otaqda kondisionerin temperatur dərəcəsi 22-23 dərəcədən aşağı olmamalıdır. Yəni kondisionerin temperaturunu uşağı üşüdəcək dərəcəyə qoymaq yolverilməzdir. Həmçinin evin rütubətinə, havalandırılmasına diqqət etmək lazımdır”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir