POS-terminallar

POS-terminalları azaldan səbəblər

Baxış sayı: 389

Son bir ayda Azərbaycanda POS-terminalların sayı kəskin azalıb. 2023-cü ilin sentyabr ayının 1-nə Azərbaycanda quraşdırılmış POS-terminalların ümumi sayı 81 219 ədəd təşkil edib. Mərkəzi Bank xəbər verir ki, bu göstəricinin həcmi ötən ayla müqayisədə 2.2 faiz və ya 1861 ədəd azdır. Cari ilin sentyabr 1-nə ölkədə mövcud olan POS-terminalların 78 473 ədədi pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Bu da aylıq müqayisədə bu POS-terminalların sayında 2 121 ədəd və ya 2.6 faiz azalma deməkdir. Bəs görəsən rəqəmsallaşan dünyada, nağdsız ödənişlərin artması lazım olan bir zamanda POS-terminalların azalması nə ilə əlaqədardır?

Card image cap

Azalma yaxşı hal deyil

İqtisadçı Eldəniz Əmirov düşünür ki, POS-terminalları azaldan səbəblərdən biri rəqabət və paxıllığın olmasıdır: “Düşünürəm ki, bunun səbəbi müəyyən subyektiv amillərlə əlaqəlidir. Azalmanın mənfi təsirləri çox böyükdür. Bir təsərrüfat subyekti görəndə ki, qonşusu və ya rəqibi POS-terminallardan istifadə etmir, artıq o da istifadə etməyəcək. POS-terminalların sayının azalması rəqəmsallaşma, nağdsız ödənişlər, iqtisadiyyatın şəffaflaşdırılması, ödənişlərin ağarması kimi prinsiplərə zidd göstəricidir”.

İqtisadçının sözlərinə görə, azalmanın qarşısının alınması üçün inzibati nəzarət gücləndirilməli, qaydalar sərtləşdirilməli, heç bir halda güzəştə gedilməməlidir.

Sahibkar pulu həmin gün hesabdan çəkə bilmir

İqtisadçı ekspert Günay Hüseynova bildirir ki, POS-terminal bəzi sahibkarlara sərf etmədiyi üçün ondan istifadə etmirlər: “Düzdür, müəyyən sahibkarlar var ki, post-terminal istifadə etmir. Bəziləri yalandan müştəriyə deyir ki, aparat yoxdur və ya çalışmır. POS-terminalların azalmasının əsas səbəblərindən biri də banklar tərəfindən müəyyən faizin tutulmasıdır. Sahibkar bir məhsulun üzərinə nə qədər pul qoya bilər ki, hələ bir banka da faiz ödəsin? Bundan əlavə, həmin vəsaitdən yeni məhsul da almalıdır. Digər tərəfdən, POS-terminalla olan ödənişlərdə sahibkar pulu həmin gün hesabdan çəkə bilmir. Bu da təbii ki, onlara sərf etmir. Digər tərəfdən, sahibkar nağd satış edir, alıcıya kassa çeki vermir, vergidən yayınır”.

 

Bu sahədə dövlət nəzarəti olmalıdır

G.Hüseynovanın fikrincə, sahibkarlara nağd ödənişdənsə, kartla ödəniş daha sərfəli edilməlidir: “Əslində bütün şərtlər sərfəli olsa, sahibkarlara da maraqlı olardı. Çünki obyektdə pulun saxlanması, daşınması və digər hallar çətindir. Misal üçün, Türkiyədə kartla ödəniş əksər mağazalarda nağd ödənişlərə nisbətən daha sərfəlidir. POS-terminalın olması pul vəsaitlərinin tədavülü, çəkilən xərcin azalmasına, bununla yanaşı, dövr surətinin artmasına səbəb olan faktorlardandır”.

Ekspert qeyd etdi ki, sahibkarlara müəyyən güzəştlər tətbiq edilməlidir: “Bəzən iqtisadçılar deyir ki, bu sahə artıq dövlətin nəzarətindən çıxsın, tamamilə özəlləşsin. Amma mütləq, cüzi də olsa, dövlət nəzarəti olmalıdır. Çünki dövlət büdcəsinin əsasını vergilər təşkil edir. Sahibkarın qazancı olmadıqdan sonra vergini nə ilə ödəməlidir? Dövlət əslində sahibkarın vergi verməsində maraqlı olmalıdır. Ona görə də bu sahəyə ciddi nəzarət lazımdır”.

Eyni obyektdə bir neçə POS-terminal

Millət vəkili Azər Badamov isə fərqli düşünür. Onun fikrincə, artıq sahibkarlar obyektdə bir aparat saxlamaqla kifayətlənirlər: “Ticarət müəssisələrində və xidmət sahələrində POS- terminalların quraşdırılması şəffaflığın təmin olunmasına və vətəndaşların nağdsız ödəmələri rahat şəkildə həyata keçirməsinə imkan verir. Vaxtilə sayda baş verən artım obyektlərdə kütləvi POS-terminalların quraşdırılması ilə bağlı olub. Bu gün demək olar ki, bütün obyektlər POS-terminallarla təchiz olunub. POS-terminalların azalmasında əsas səbəb isə ticarət obyektləri və xidmət sahələrində bir neçə terminal quraşdırılması ilə bağlıdır. Sahibkarlar POS-terminalla əməliyyatlar aparmağa başlayandan sonra gördülər ki, eyni obyektdə bir neçə bankın POS-terminalının saxlanılması məntiqsizdir. Çünki bu, əlavə xərc deməkdir. Ona görə də sahibkarlar hər kassa aparatının yanında bir POS-terminal saxlamaqla kifayətlənirlər. Proses nəticəsində əvvəl alınmış bir çox POS-terminallar ixtisar edilir. Alıcıların ödəniş formasının seçimi azaddır. Nağdsız ödəniş etmək istəyən alıcıya POS-terminalın təqdim olunmaması qanun pozuntusudur. Əgər vətəndaşlar belə hallarla qarşılaşarsa, ilk növbədə müvafiq orqanın qaynar xəttinə müraciət etməlidirlər”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir